Keyfiyyət
göstəricilərinə görə Yeni
Azərbaycan Partiyası Azərbaycanda və bölgədə
ən güclü təşkilat hesab olunur
Müsahibimiz Yeni Azərbaycan
Partiyası İcra katibinin
müavini, Milli Məclisin
üzvü Mübariz
Qurbanlıdır
-
Mübariz müəllim, bildiyimiz kimi, Ümummilli lider Heydər
Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının
yaranmasından 20 il ötür. İstərdik, ilk olaraq, bu
tarixə qısa bir nəzər salaq və Yeni Azərbaycan
Partiyasının keçdiyi yolu sizin nöqteyi-nəzərinizdən
təhlil edək…
-
Tarix baxımından bu müddət böyük olmasa da,
ötən illər ərzində Yeni Azərbaycan Partiyası
çox mühüm nailiyyətlərə imza qoymuşdur.Məlumdur
ki, Azərbaycanın dövlət müstəqilliyinin bərqərar
olması, geniş və çoxşaxəli islahatların həyata
keçirilməsi, Ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi siyasi xəttin ardıcıl olaraq davam etdirilməsi
yolunda YAP-ın özünəməxsus rolu və yeri
vardır. Yarandığı vaxtdan YAP dövlətçilik
mövqeyində dayanmış və bu gün partiyanın Sədri,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında bu istiqamətdə fəaliyyətini
qətiyyətlə davam etdirir.
Yeni
Azərbaycan Partiyası yarandığı vaxtdan ölkənin
ictimai-siyasi həyatına həlledici təsir göstərmişdir.
Əlbəttə, bu təsadüfi deyildi. YAP-ın qurucusunun
dünya miqyaslı tanınmış böyük siyasətçi,
Azərbaycan xalqının inandığı və sevdiyi dahi
bir şəxsiyyətin olması bu prosesdə mühüm və
əhəmiyyətli rol oynamışdır. Qısa zaman
içərisində minlərlə Azərbaycan vətəndaşının
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya
üzv olması bunu bir daha bariz şəkildə təsdiq
edir. YAP sıralarına daxil olan və xalqın mütərəqqi
qüvvələrini təmsil edən vətəndaşlar
Heydər Əliyevin ətrafında birləşərək, dərin
böhrana düçar olmuş Azərbaycanı xilas etmək
yolunda öz töhfələrini verməyə
çalışırdılar. Yeni Azərbaycan
Partiyasının yarandığı tarixi zamana, həmin
vaxtlarda Azərbaycanda cərəyan edən hadisələrə
nəzər saldıqda YAP-ın cəmiyyətdə
oynadığı rol daha aydın şəkildə
özünü büruzə verir. Həmin dövrün
xarakterik xüsusiyyəti və YAP-ın yaranmasının zəruriliyi
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan
ziyalılarının müraciətinə verdiyi cavabda öz
əksini tapmışdır. Burada deyilirdi: "Belə partiya
Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edərək yeni, müstəqil Azərbaycan
dövlətinin möhkəmləndirilməsində və
inkişafında tarixi rol oynaya bilər".
Yeni
Azərbaycan Partiyası yarandığı vaxtdan cəmiyyətin
aparıcı siyasi qüvvəsinə çevrilmişdir.
Siyasi partiyanın elan edilməsi ilə həmin təşkilatın
az vaxt içərisində tanınması və hakimiyyətə
gəlməsi o qədər də asan məsələ deyildi.
Ancaq, təsis olunduğu vaxtdan keçən qısa zamanda YAP
Azərbaycan miqyasında tanınmış partiyaya
çevrildi. Qeyd etdiyimiz kimi, bunun başlıca səbəbi
partiyaya Heydər Əliyev kimi dahi şəxsiyyətin
başçılıq etməsi idi. Digər tərəfdən,
həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan dairələr,
demək olar ki, ölkəni məhvə doğru
aparırdılar. Xalq vəziyyətdən
çıxış yolu axtarırdı. Yenicə müstəqilliyini
bərpa etmiş Azərbaycan dövlətinin, Azərbaycan
xalqının qarşısında təxirəsalınmaz vəzifələr
dayanırdı. Bunlar hansılar idi? Birincisi və ən
başlıcası, Ermənistanın Azərbaycana
qarşı davam edən işğalçı siyasətini
dünya miqyasında ifşa etmək, ermənilər tərəfindən
zəbt olunmuş əraziləri geri qaytararaq, xalqda müstəqilliyə
inam yaratmaq, istiqlalımızın, dönməzliyimizi təmin
etmək, sosial-iqtisadi xarakterli islahatlar aparmaqla yeni iqtisadi
münasibətləri formalaşdırmaq, demokratik dövlət
quruculuğu istiqamətində zəruri addımlar atmaq, sosial
ədalət, qanunçuluq, vətəndaş həmrəyliyi
və s. fundamental prinsipləri həyata keçirmək və
digər bu kimi məsələləri həll etmək.
Məlumdur
ki, həmin dövrdə hakimiyyətdə bir-birini əvəz
edən dairələr ümummilli baxımdan qarşıda
dayanan vəzifələri nəinki həll etmədilər, hətta
özlərinin səriştəsiz və xəyanətkar əməlləri
ilə ölkədə vəziyyəti daha da
ağırlaşdırdılar. Məhz belə bir
ağır və mürəkkəb zamanda siyasi arenaya daxil
olan Yeni Azərbaycan Partiyasının lideri, xalqın
xilaskarı Heydər Əliyev çıxış yolunu
göstərdi. Onun müəyyən etdiyi bu yol milyonların
yolu – müstəqil Azərbaycanın xilas və tərəqqi
yolu oldu.
-
Yeni Azərbaycan Partiyası yarandığı gündən
qısa bir zaman sonra ölkənin siyasi həyatının
lokomotivinə çevrilə bildi. Sizcə,bunu şərtləndirən
amillər nələr idi?
-
Politoloji təhlillər və araşdırmalar göstərir
ki, müxtəlif cəlbedici adlar, vədedici proqramlar,
şüarlar irəli sürən, ölkəni irəli
aparacağını vəd edən siyasi təşkilatlar və
siyasətçilər bəzən çox qısa vaxt
içərisində siyasi səhnədən silinib gedirlər.
Siyasi partiyaların tarixinin tədqiqi göstərir ki, cəmiyyətdə
aparıcı mövqeyə yalnız o partiyalar yüksəlir
ki, həmin təşkilatın lideri elan etdiyi proqram və
praktik fəaliyyəti əhalinin əksər hissəsi tərəfindən
müdafiə olunur. Cəmiyyətin müəyyən bir
qrupunun və ya zümrəsinin maraqlarını qoruyan partiya
heç vaxt aparıcı rola malik ola bilmir. Siyasi partiya,
ümumilikdə, cəmiyyəti düşündürən,
xalqın mənafeyini ifadə edən proqrama malik olmaqla
bütün zümrələrinarzu və istəklərini
qorumağı bacarmalıdır. Yalnız xalqın
bütün təbəqələrinin istək və
arzularını ifadə edərək, əsaslandırılmış
ideoloji prinsiplərə, güclü liderə, yüksək səviyyəli
və geniş potensiala malik siyasi elitaya və səmərəli
təşkilati struktura malik olan partiya aparıcı siyasi
qüvvə kimi uzun müddət fəaliyyət göstərə
bilər. Yuxarıda göstərilən keyfiyyət göstəricilərinə
görə Yeni Azərbaycan Partiyası Azərbaycanda və
bölgədə ən güclü təşkilat hesab olunur.
YAP Sədri, Prezident İlham Əliyevin bu məsələ ilə
bağlı söylədiyi fikirlər çox
maraqlıdır. Dövlətimizin başçısı
demişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın
müasir tarixində böyük bir fenomendir. Çətin
şəraitdə, təzyiqlərlə, hədə-qorxularla
üzləşərək, bütün məhrumiyyətlərlə
üzləşərək, həm partiya üçün, həm
partiya fəalları, həm də ölkə
üçün demək olar, ən ağır dönəmdə
yaranan bu partiya möhkəmləndi, gücləndi və bu
gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda,
qonşu ölkələrdə də Yeni Azərbaycan
Partiyası kimi güclü, mütəşəkkil qüvvə
yoxdur.
-
Mübariz müəllim, 90-cı illərinin əvvəllərində
Azəbaycanda bir çox siyasi təşkilatlar var idi. Amma Yeni
Azərbaycan Partiyası yarandıqdan sonra söykəndiyi
ideoloji prinsiplər baxımından da digərlərindən fərqlənirdi.
Bu prinsiplər nədən ibarət idi və onlar Yeni Azərbaycan
Partiyasının fəaliyyətinə necə istiqamət
verirdi?
- Yeni Azərbaycan Partiyasının söykəndiyi siyasi-ideoloji prinsiplər bu gün Azərbaycan cəmiyyəti tərəfindən müdafiə olunmaqla, ümumdövlət maraqlarını özündə əks etdirir. Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün irəli sürdüyü prinsiplər – müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, varislik, konstruktiv əməkdaşlıq, sosial ədalət – bu gün Azərbaycan vətəndaşları tərəfindən qəbul edilən və milli maraqları özündə əks etdirən prinsiplərdir. Bu prinsiplər əslində müstəqil Azərbaycan dövlətinin söykəndiyi və güvəndiyi dəyərlərdir. Partiyanın elan etdiyi azərbaycançılıq prinsipi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları vahid amallar ətrafında birləşdirən bir ideya olaraq özünü doğrultmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı, daha sonra Prezident İlham Əliyevin dəstəyi ilə bu forumun II qurultayının keçirilməsi azərbaycançılığın təbliği, dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsi baxımından mühüm rol oynamışdır. Yeni Azərbaycan Partiyasının söykəndiyi dəyərlər, ideoloji-siyasi prinsiplər, bəşəri xarakter daşımaqla müstəqil döalətimizin gələcək inkişaf yollarını müəyyən edir. Bu prinsiplər Heydər Əliyev tərəfindən müəyyən edilən prinsiplər olaraq inkişafımızı istiqamətləndirir.
- Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycan siyasi həyatında yeni bir dövr başlanır. Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi həyatına gətirdiyi yeniliklər nədən ibarət idi?
- YAP, bir taşkilat olaraq Azərbaycan siyasətinə özü ilə birlikdə bir sıra yeniliklər gətiribdir. YAP-ın müxalifətdə olduğu dövrdə birmənalı olaraq dövlətçilik mövqeyində dayanmış, hakimiyyətdə olan dairələrin əməllərini, onların xalqa zidd siyasətini tənqid etməklə yanaşı, Azərbaycanın maraqlarına ziyan vuracaq hər hansı hərəkətə yol verməmişdir. Təəssüf ki, bu halı indiki müxalifət partiyalarında müşahidə etmək mümkün deyildir. YAP-ın siyasətinə müxalif olan bəzi partiyalar tənqidlə təhqiri eyniləşdirməklə bərabər, ölkədaxili məsələləri yerli-yersiz beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmağa çalışır və bir növ öz ölkəsindən xarici təşkilatlara şikayətçi rolunu oynayır. Müxalifət partiyalarının bu əməlləri onların ölkə daxilində sosial dayaqlarının zəifliyinə dəlalət edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, müxalifət nümayəndələrinin yerli-yersiz "şikayətləri"nin heç bir əsası olmur. Onlar uydurduqları yalan məlumatları müxtəlif xarici təşkilatlara göndərməklə, əslində düşmən Ermənistanın anti-Azərbaycan təbliğat maşınına yardım etmiş olurlar. Bu cür hərəkətlər müxalifətçilik deyildir, Vətənin maraqlarına zərbə vurmaqdır.
- Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətində beynəlxalq əlaqələrinin inkişafı da mühüm yer tutur. Siz, YAP-ın bu istiqamətdə atdığı addımlar haqqında nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət doktrinasının strateji hədəfləri balanslaşdırılmış siyasət həyata keçirirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ölkəmizinin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq aləqələrinin inkişafı ilə dünyada tərəfdaşlarını artırmaq, iqtisadi qüdrətini artırmaqdan ibarətdir. Ulu öndərin xarici siyasətdə müəyyənləşdirdiyi bu məqsədlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin də başlıca məqsədləridir. Təbii ki, Yeni Azərbaycan Partiyasının da fəaliyyətinin əsas məqsədlərindən biri budur. Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin genişlənməsi və güclənməsi, partiyamızın təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da artıq tanınması və ona hörmət bəslənilməsi, bütövlükdə Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsi ilə əlaqədardır. Azərbaycanın dünyada nüfuzunun yüksəlməsi ilə əlaqədardır. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri və nüfuzu öz növbəsində Azərbaycanın təbliğ olunmasına, Azərbaycanın reallıqlarını və həqiqətlərinin dünyaya çatdırılmasına əhəmiyyətli töfhələr verir.
Yeni Azərbaycan Partiyası Avropa, Asiya, Amerika qitəsində yerləşən onlarla ölkələrin siyasi partiyaları ilə yüksək əlaqələr qurmuşdur. Yeni Azərbaycan Partiyası həmçinin, siyasi partiyaların beynəlxalq birlikləri ilə də fəal müstəvidə əməkdaşlıq qurmuşdur. Avropa Xalqlar Partiyası ilə sıx əməkdaşlıq edir. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı tərkibində kifayət qədər geniş fəaliyyət göstərir, qurumun idarə heyətinin 20 üzvündən biridir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının yenicə yaradılan Gənclər Birliyinin vitse-prezidenti seçilib. Bu əlaqələr çərçivəsində müxtəlif layihələr həyata keçirilir, qarşılıqlı səfərlər reallaşdırılır. Eyni zamanda, YAP təmsilçiləri beynəlxalq konfranslarda iştirak edir, paytaxtımızda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə mühüm beynəlxalq tədbirlər keçirilir. Yeri gəlmişkən, qeyd edim ki, noyabr ayının 22-23-də Bakı şəhərində Asiya siyasi partiyalarının beynəlxalq konfransının VII Baş Assambleyası keçiriləcək. Asiya qitəsindəki bütün ölkələrdə fəaliyyət göstərən siyasi təşkilatların və partiyaların nümayəndələri Bakıda bir araya gələrək sülh, barış və əməkdaşlıq mövzusunda müzakirələr aparacaq, sənədlər qəbul ediləcək. Hesab edirəm ki, bu, bütövlükdə nəinki Yeni Azərbaycan Partiyasının, o cümlədən Azərbaycanın siyasi həyatında ən əlamətdar hadisələrdən biri olacaq.
- Artıq 20 il geridə qalır və Yeni Azərbaycan Partiyasının bundan sonra qarşısında duran prioritetlər nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası gələcəyə çox böyük nikbinliklə baxır. Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verərək partiyanın rayon (şəhər) təşkilatlarının gündəlik fəaliyyətlərində əsas yer tutur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirmiş, respublikamız iqtisadi inkişafa görə lider ölkəyə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır. Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir. Əldə edilən uğurlar qətiyyətlə belə bir fikir söyləməyə əsas verir ki, 2008-ci il prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev çox böyük uğurla qələbə qazanacaqdır.
Partiya fəalları qarşısında YAP-ın Sədri,
Prezident İlham Əliyev
"Mən partiyanın inkişafı üçün,
partiya quruculuğu üçün məsuliyyəti dərk edirəmö
Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir" demiş və partiya
üzvlərinə xitabən – "Yeni Azərbaycan
Partiyasının bayrağını uca
tutun!" söyləmişdir. Yaranmasının 20-ci ildönümünü
qeyd edən Yeni Azərbaycan
Partiyasının çoxminli üzvləri
bu çağırışa həmişə
əməl edəcəklər. Əminliklə demək olar ki, Heydər Əliyev yoluna sadiq olan
Yeni Azərbaycan Partiyası dövlətçilik
naminə, Azərbaycanın maraqları naminə fəaliyyətini
daha da gücləndirəcəkdir.
yap.org.az
Səs.- 2012.- 6 noyabr.- S.5.