XX əsrin əvvəllərində
Azərbaycanda mədəniyyət
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti sahəsində böyük uğurlar əldə etdi. M.İsmayılovun yazılarına görə, XX yüzilliyin əvvəllərində Azərbaycanın demokratik ictimaiyyəti "rus-tatar" məktəbləri şəbəkəsini genişləndirmək uğrunda mübarizə aparırdı. Onlar, eyni zamanda, çarizmin bu məktəbləri ruslaşdırma siyasətinə qarşı da qəti çıxış edirdilər. Azərbaycanda mədəniyyətin, o cümlədən, təhsilin yayılmasında müsəlman maarif cəmiyyəti "Nicat" və Bakı quberniyası əhalisi arasında savad yayan Bakı cəmiyyəti - "Nəşr maarif", daha sonra Azərbaycanın Nuxa və başqa şəhər və qəzalarında yaranmış bu tipli cəmiyyətlər mühüm rol oynadılar.
Azərbaycan qadınlarının dini xurafatın hakim olduğu bir şəraitdə savadlandırılması çox mühüm hadisə idi. Azərbaycan demokratik ziyalıları bu istiqamətdə mübarizə aparırdılar. 1901-ci ildə Bakıda Azərbaycan xalqının görkəmli oğlu H.Z.Tağıyevin bu sahədə atdığı addım, onun öz hesabına "Bakı rus-müsəlman qadın məktəbini" açması tarixi hadisə sayılmalı və yüksək qiymətləndirilməlidir. Birsinifli olan bu məktəb 1913-cü ildə ikisinifli, 1916-cı ildə isə ibtidai-ali məktəb oldu. 1916-cı il yanvarın 1-də bu məktəbdə 104 qız təhsil alırdı ki, onların 95-i azərbaycanlı idi. 1902-ci Gəncədə ilk qadın məktəbi açıldı. Bir qədər sonra Ağdaşda, Qazax qəzasının Salahlı kəndində, Göyçay qəzasının Zəyəlu kəndində, Şuşada, Şamaxıda, Karyagin qəzasında və başqa yerlərdə də bu cür məktəblər fəaliyyət göstərməyə başladı. Qız məktəblərində işləmiş müəllimlərdən Hənifə xanım Məlikovanın, Xədicə xanım Ağayevanın, Rəhilə xanım Hacıbəyovanın, Sara xanım Vəzirovanın, Şəfiqə xanım Əfəndiyevanın, Ayna Sultanovanın adları xüsusilə qeyd edilməlidir.
Azərbaycan müəlliflərinin qarşısında duran ən mühüm vəzifələrdən biri tədris-metodik vəsait hazırlayıb nəşr etmək idi. Bu yolda Rəşid bəy Əfəndiyevin, S.S.Axundovun, F.Ağazadənin, Abdulla Şaiqin, M.Mahmudbəyovun, A.Səhhətin, A.Əfəndiyevin, Q.N.Nərimanbəyovun, M.Qəmərlinskinin, Ü.Hacıbəyovun, Q.R. Mirzəzadənin, F.Köçərlinin rolu xüsusi qeyd olunmalıdır.
Əsrin əvvəllərində Azərbaycanda orta məktəblər, professional-texniki məktəblər də açılmağa başlamışdı. Bakı və başqa şəhərlərdə yaşlıların da təhsil alması üçün müəyyən işlər görülürdü. Bu məktəblər əsasən bazar günləri fəaliyyət göstərdiyindən bazar məktəbləri adlandırılırdı.
Bütün qeyd edilənlərə baxmayaraq azərbaycanlı əhali arasında təhsilin yayılması çox aşağı səviyyədə idi. 1916-ci ilin əvvəlinə dair məlumata görə Bakı və Yelizavetpol quberniyalarında yaşayan 1.623.543 azərbaycanlı üçün cəmi 373 məktəb var idi, yəni hər 4085 nəfər əhaliyə bir məktəb düşürdü. Məktəb yaşlıların cəmi 10,3 faizi məktəblərə cəlb olunmuşdu.
XX yüzilliyin əvvəlində Azərbaycanda xeyli mədəni-maarif idarələri fəaliyyət göstərirdi. Bunlar kitabxana, xalq evləri, klublar və s.-dən ibarət idi. Bu dövrdə Bakıda 4 kitabxana var idi. Digər Azərbaycan şəhərlərində-Şuşada, Nuxada, Gəncədə, Qubada da kitabxanalar açılmışdı. Həmin illərdə Bakıda xalq evləri meydana çıxdı. 1902-ci ildə Qara şəhərdə və 1906-cı ildə Bayılda açılmış xalq evləri əsil mədəni-maarif ocaqları idi. Burada görkəmli mədəniyyət xadimləri mühazirələr oxuyurdular. Birinci rus inqilabı illərində Bakıda "Nicat" və "Nəşr maarif" cəmiyyətləri yarandı. Onlar azərbaycanlı fəhlələr arasında mədəni-kütləvi iş görürdulər. "Nicat"ın ətrafında inqilabi-demokratik ziyalılar toplaşmışdı. "Nəşr maarif" cəmiyyətinin başlıca vəzifəsi əhali arasında savadsızlığı ləğv etmək idi. Cəmiyyətə sənaye və ticarət burjuaznyası maddi yardım göstərirdi. H.Z.Tağıyev və M.Muxtarov bu cəmiyyətin fəxri üzvləri idilər. Birinci dünya müharibəsi illərində Quba, Ağdam, Şuşa və Gəncədə cəmiyyətin filialları açılmışdı. 1907-ci ildə Bakıda müsəlman mədəni-maarif cəmiyyəti - "Səadət" fəaliyyətə başladı. Bu cəmiyyət qarşısına savad yaymağı qoymuşdu. Bu cəmiyyəti ruhanilər yaratmışdı. 1910-cu ildə yeni müsəlman mədəni-maarif cəmiyyəti - "Sofa" yarandı. Onun başlıca vəzifəsi kişi və qadın peşə məktəbləri açmaq idi.
XX yüzilliyin əvvəllərində, xüsusən, birinci rus inqilabı illərində mətbuat işi xeyli genişlənmişdi. Həmin dövrdə Bakıda müxtəlif vaxtlarda 13 gizli partiya mətbəəsi fəaliyyət göstərirdi. Gəncə və Şuşada da belə mətbəələr var idi. Bu dövrdə azərbaycanca "Hümmət", "Təkamül", ermənicə "Banvori dzayn" («Fəhlə səsi»- 1906) və "Orer" («Günlər»- 1907), rusca "Bakinski raboçi" (1906) və "Prizıv" («Çağırış»- 1906) və başqa qəzetlər nəşr edilirdi. İnqilabdan sonra "Bakinskiy proletariy" (1907-1909), "Yoldaş" (1907), "Qudok" (1907- 1908), "Naşa jizn" (1914), "Bakı həyatı" (1912) qəzetləri, "Volna" (1909), "Sovremennaya jizn" (1911), "Nor Xosk" ("Yeni söz"- 1911 -1912) jurnalları və s. nəşr olunurdu.
Qeyd olunan bolşevik nəşriyyat orqanları ilə yanaşı inqilabi-demokratik mətbuat orqanları da çap olunurdu. Bunlardan ən görkəmlisi "Molla Nəsrəddin" jurnalı idi. Cəlil Məmmədquluzadənin redaktoru olduğu bu jurnalın ətrafında M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Nəzmi və başqaları kimi Azərbaycanın qabaqcıl domokratik ziyalıları toplaşmışdı. Bu jurnalın ardınca "Bəhlul" (1907), "Zənbur" (1909-1910) jurnalları nəşr olunmuşdu. Bakıda uşaqlar üçün "Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907), "Məktəb" (1911 -1917) jurnalları da çıxırdı.
Bakıda burjuaziyanın da geniş mətbuat şəbəkəsi var idi. Burada "İrşad" (1905-1908), "Tərəqqi" (1908-1909) və ona qədər başqa Azərbaycan, rus, erməni dillərində qəzet və jurnallar çıxırdı. Onlardan ən geniş yayılanları "Füyuzat" və "Yeni füyuzat" jurnalları, "Həyat" və "Tazə həyat" qəzetləri idi. Xırda burjua mətbuat orqanlarından isə "Raboçi listok", "Trud", "Raboçi qolos" və başqalarını göstərmək olar.
Azərbaycanda XX yüzilliyin əvvəllərində coğrafiya, həmçinin, digər təbii elmlərin inkişafında da müəyyən uğurlar qazanılmışdı. Coğrafi biliklərin ana dilində yayılmasında H.B.Zərdabi, M.H.Mollazadə, A.Səhhət, Qafur Rəşid Mirəzəzadə mühüm rol oynamışlar. Tarix elminin də bu dövrdə müəyyən nailiyyətləri olmuşdu. Azərbaycan tarix elminin bir sıra problemləri N.Nərimanovun, S.M.Əfəndiyevin, A.M.Stopaninin, A.Aşurbəyovun, M.Ə.Rəsulzadənin, Ə.Hüseynzadənin, Ə.Ağayevin, A.Topçubaşovun, Rəşid bəy İsmayılovun, Hacı Şeyx Həsən Mollazadə Şokovipin əsərlərində öz əksini tapmışdır.
Azərbaycan ədəbiyyatında da dövrün ictimai-siyasi və fəlsəfi fikri öz əksini tapırdı. XX əsr Azərbaycan ədəbiyyatı klassik ədəbiyyatın və şifahi xalq yaradıcılığının mütərəqqi ənənələrinə əsaslanaraq, Xaqani, Nizami, Füzuli, Vaqif, Axundov irsinə yiyələnərək, Şərqi Avropa və rus ədəbiyyatının nailiyyətlərindən bəhrələnərək yeni ideya-estetik keyfiyyətlərlə zənginləşmiş bir ədəbi mərhələ səviyyəsinə yüksəlmişdi.
1905-ci il inqilabının güclü təsiri ilə təşəkkül tapan Azərbaycan tənqidi realizmini inqilabi-demokratik ideyaların carçısı "Molla Nəsrəddin" (1906-1931) jurnalından ayrı düşünmək olmaz. Jurnalın naşiri və redaktoru C.Məmmədquluzadə (1866-1932) və onun ən fəal əməkdaşı M.Ə.Sabir (1862-1911) tənqidi realizmin ən böyük nümayəndələri olmaqla yanaşı, jurnalın da əsas ideya sükançıları idilər. Tənqidi realizm məktəbinin Ə.Haqverdiyev (1870-1933), Ə.Qəmküsar (1880-1919), Ə.Nəzmi (1882-1946), M.Ə.Möcüz (1873-1934), Y.V.Çəmənzəminli (1887-1943) kimi digər görkəmli nümayəndələri də var idi.
İnqilabi-demokratik publisistikanın fəal nümayəndələrindən biri Üzeyir Hacıbəyov (1885-1948) idi. İctimai-siyasi və elmi-nəzəri məsələlərin çoxunda yazıçı və jurnalistlərdən Əli bəy Hüseynzadə (1864-1940), Əhməd bəy Ağayev (1868-1939), Əlimərdan bəy Topçubaşov (1865-1931) iştirak edirdi. Dünya ədəbi irsinin və ədəbi fikrinin öyrənilməsində, müasir ədəbiyyatın qarşısında bəzi estetik tələblərin qoyulmasında burjua publisistləri faydalı iş görürdülər.
XX yüzilliyin əvvəlində
Azərbaycan incəsənəti - teatr, musiqi, təsviri incəsənət öz inkişafının yeni
mərhələsinə daxil oldu. Mədəni-maarif cəmiyyətlərinin,
o cümlədən, "Nicat"ın
yaradılması Azərbaycanın milli teatr sənətinin inkişafına təkan verdi. Azərbaycan teatrının böyük korifeyləri Hüseyn
Ərəblinskinin, C.Zeynalovun, Hüseynqulu Sarabskinin, M.A.Əliyevin,
Sidqi Ruhullanın incəsənətə
gəlmələri bu dövrə aiddir. Azərbaycan teatrı bu dövrdə həm daxildə, həm də
onun sərhədlərindən kənarlarda
özünü tanıtdı. 1916-cı
ildə yaradılmış, H.Ərəblinski və H.Sarabskinin başçılıq etdiyi "Müsəlman dram
cəmiyyəti" teatr sənətinin
inkişafına yeni təkan verdi. Azərbaycan opera
teatrının da yaranması həmin illərə
təsadüf edir.
XX əsrin
əvvəllərində Ü.Hacıbəyov, M.Maqomayev
(1885-1937), Z.Hacıbəyov (1884-1950), C. Qaryağdıoğlu
(1861-1943), H.Sarabski (1879-1945), Q.Pirimov (1881-1965) və bir
çox başqaları Azərbaycan musiqisinin
inkişafında, xalqın musiqi irsinin təbliğində,
xalq mahnı və muğamlarının yaradılmasında
xüsusilə böyük xidmət göstərirdilər.
1908-ci
il yanvarın 12-si Azərbaycan musiqisi tarixində unudulmaz
günlərdən biri oldu. Bu gün Bakı küçələrinə
vurulmuş afişalar qeyri-adi bir hadisəni, H.Z.Tağıyev
teatrının binasında "Leyli və Məcnun" operasının
ilk dəfə tamaşaya qoyulmasını xəbər verirdi.
1908-1915-ci
illərdə Üzeyir Hacıbəyov "Şeyx Sənan",
"Rüstəm və Zöhrab", "Əsli və Kərəm",
"Şah Abbas və Xurşid Banu", "Harun və
Leyla" kimi bir sıra yeni operalar yaratdı.
İlk
dəfə 1913-cü il oktyabrın 25-də milli musiqili teatr səhnəsində
göstərilən "Arşın mal alan" musiqili
komediyası böyük müvəffəqiyyət qazandı.
Azərbaycan
musiqi mədəniyyətinin inkişafında bəstəkar
Müslüm Maqomayevin də böyük rolu olmuşdur. O,
1916-cı ildə Azərbaycan opera sənətinin qızıl
fonduna daxil olmuş "Şah İsmayıl"
operasını yaratdı.
Mətbuatın və teatr sənətinin inkişafı Azərbaycan təsviri incəsənətinin tərəqqisinə xeyli şərait yaradırdı. Rəssam Əzim Əzimzadə (1880-1943) satirik qrafikanın inkişafında görkəmli rol oynayırdı. O zamanın görkəmli Azərbaycan rəssamlarından biri də Bəhruz Kəngərli idi (1898-1922). O, xüsusi rəssamlıq təhsili almış ilk peşəkar azərbaycanlı rəssam idi.
Xalq içərisindən çıxmış çoxlu bacarıqlı ustaların yaradıcılığı ilə təmsil olunan Azərbaycan tətbiqi incəsənəti də inkişaf etməkdə idi. Azərbaycan tətbiqi incəsənətinin ən mühüm və geniş yayılmış sahələrindən biri, əvvəllərdə olduğu kimi yenə də müxtəlif parlaq şəkil və naxışlarla bəzənmiş gözəl xalçalar toxunmasından ibarət idi.
XX əsrin əvvəllərində Azərbaycan memarlıq incəsənətinin inkişafı ölkənin qabaqcıl sənaye şəhərlərindən birinə çevrilmiş Bakının artıb inkişaf etməsi ilə sıx əlaqədar idi. O zaman salınmış ictimai binalar içərisində İsmailiyyə (1910) (indiki Azərbaycan Elmlər Akademiyasının binası), Mayılov qardaşları teatrı (1911) (indiki M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını" binası) xüsusilə seçilirdi.
Şəhər həyatının ümumi yüksəlişi ilə əlaqədar Azərbaycanın digər şəhərlərində də - Gəncədə, Nuxada, Qubada, Şamaxıda yeni binalar salınması işi xeyli genişləndi. Bu isə həmin şəhərlərin memarlıq görkəmini bir qədər dəyişdirirdi.
Vahid Ömərov,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2012.- 7 noyabr.- S.14.