Yeni Azərbaycan Partiyası bütün səviyyələrdə qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılmasında ciddi fəaliyyət sərgiləyir

 

Müsahibimiz Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucovdur

 

- Ayaz müəllim, məlum olduğu kimi, bu il YAP-ın yaranmasının 20-ci ildönümü tamam olur. Ötən müddət ərzində YAP ölkəmizin həyatında mühüm rol oynayıb və əhəmiyyətli işlər görüb. Bu konteksdə partiyamızın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Doğru qeyd edirsiniz ki, YAP Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında vacib rol oynayıb, əhəmiyyətli uğurların əldə olunmasına səbəb olub. Əlbəttə, YAP-ın inkişaf tarixinə nəzər saldıqda, bir daha görürük ki, partiyamız heç də hamar yol keçməyib, əksinə, keşməkeşli təşəkkül prosesi keçib, Azərbaycan xalqının partiyası kimi dövlətçiliyin və müstəqilliyin qorunmasında, inkişaf etdirilməsində təqdirəlayiq rol oynayıb. YAP-ın xalqın partiyası kimi yaranmasını sübut edən fakt ondan ibarətdir ki, o, formalaşmasından cəmi 6 ay sonra hakimiyyətə gəldi. Məhz, bu cür keyfiyyət onu digər partiyalardan fərqləndirir. YAP-ın yaranmış başqa siyasi partiyalardan fərqləndirən daha bir cəhət onunla bağlıdır ki, o, Azərbaycan dövlətinin inkişafı naminə cəmiyyətin enerjisini səfərbər etdi, onu dağıdıcılığa deyil, quruculuğa yönəltdi. Bu səbəbdəndir ki, YAP-ın sıraları günü-gündən genişlənir, xalqın daha böyük əksəriyyətinin dəstəyini qazanır.

Ümumiyyətlə, YAP ölkəmizin müasir tarixinin elə bir dövründə yaranıb ki, həmin zamanı təhlil etmədən, YAP-ın bu günkü işlərinin lazımi qiymətini vermək olmur. Yəni, müstəqilliyin əldə olunmasına baxmayaraq, siyasi hakimiyyətin səriştəsiz insanlar tərəfindən mənimsənilməsi, ayrı-ayrı qrupların maraqları naminə istifadə edilməsi Azərbaycanı xaosa sürükləmişdi.

Ölkənin ciddi şəkildə dərinləşən hərtərəfli böhrana düşməsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, həmçinin, siyasi hakimiyyətin ölkəni etnik və dini faktorlara əsasən, bölməsi, insanları vahid ideologiya ətrafında birləşdirməməsi və s. Azərbaycanı daha da çətin duruma salırdı. Artıq vəziyyət o həddə çatmışdı ki, ölkədə vətəndaş müharibəsinin başlanması təhlükəsi də yaranmışdı. Bu cür vəziyyət isə xalqı tamamilə ümidsizləşdirmişdi. İnsanlar yalnız Ümummilli lider Heydər Əliyevə inanırdı və Onun hakimiyyətə gəlməsini tələb edirdi. Bu mənada Ulu öndər Heydər Əliyevin ətrafında birləşmiş insanlar siyasi partiyanın yaranmasını istəyirdilər ki, hətta, bununla əlaqəli olaraq, Ümummilli lider Heydər Əliyevə müraciət də edilmişdi. Nəhayət, 1992-ci ilin noyabr ayının 21-də YAP-ın təsis qurultayı keçirilmişdi. Məhz, YAP o gündən bu günə qədər xalqın partiyası kimi fəaliyyət göstərib və yalnız xalqın maraqlarından çıxış edib. 

- YAP-ın yarandığı ərəfədə ölkədə ağır ictimai-siyasi durum hökm sürməkdə idi. Lakin Azərbaycan xalqı qəti qərar qəbul edərək Ulu öndəri hakimiyyətə gətirdi və ölkə qarşılaşa biləcəyi daha dəhşətli hadisələrdən yan keçdi. Bu barədə sizin fikirləri bilmək maraqlı olardı…

- Bir məqamı xüsusi olaraq, vurğulamaq istəyirəm ki, həmin AXC-Müsavat hakimiyyəti dönəmində Azərbaycanın parçalanması ssenarisi də artıq hazır idi. Elə torpaqlarımızın işğalı da bu ssenari üzrə həyata keçirilirdi. Lakin Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsilə sözügedən parçalanma ssenarisi pozuldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu mənada demək olar ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi, zəmanəmizin fenomenal qabiliyyətə malik bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər görüb. Ulu öndərimizin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyildir. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib.

Heydər Əliyevin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, dönmədən həyata keçirilməsini təmin edib. Xalqımız Heydər Əliyev kimi Ümummilli liderimizlə fəxr edir, qürur duyur, əməlləri ilə Onun ideyalarını həyata keçirməyə çalışır. 

- Sevindirici haldır ki, Ulu öndərin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən 10 il ərzində görülmüş işlər bir daha insanların seçimlərində yanılmadığını nümayiş etdirdi... 

- Biz sevinirik ki, Ulu öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, cənab İlham Əliyev dövlət sükanı arxasına keçdikdən sonra Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib. Xalq İlham Əliyevə səs verməklə, əslində, Heydər Əliyev kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, Azərbaycanın Cənubi Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına, güclü və müasir ordu quruculuğuna, bütövlükdə Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qaldırılmasına, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Ona görə də, Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı – müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, xalqına olan qədərsiz sevgisi ilə! Bir Lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri – sözünün sahibi olmasıdır. Azərbaycan xalqı qəti əmindir: onun Prezidenti vəd veribsə, sözsüz yerinə yetirəcək. "Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik" – vədini də Prezident İlham Əliyev şərəflə yerinə yetirməkdədir. 

- Ümummilli lider Heydər Əliyevin, istərsə də, Prezident İlham Əliyevin Sədrliyi zamanında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəti mövqe ortaya qoyulub, qaçqın və məcburi köçkünlərə xüsusi diqqət ayrılıb. 

- Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımızın bütün qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin, YAP-ın, Ulu öndərimiz Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi. Ümummilli lider dövlət başcıları ilə keçirilən çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq bir hal kimi bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırırdı. Məhz, əsası Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan ilk vəsait də bu sahəyə - qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, onların sosial müdafiəsi ilə bağlı geniş tədbirlər həyata keçirilməyə başlanıldı.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzində olub, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilib.

Ulu öndərin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən «Ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq» bəyan etmişdi.

Bu mənada "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması" məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı" hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş "Dövlət Proqramı"na əlavələr üzrə Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən bir çox işlər görülüb və görülməkdədir.

2001-2011-ci illər ərzində bu sahəyə Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən ümumilikdə 820 milyon manat vəsait xərclənib. Ayrılmış ümumi vəsait hesabına Azərbaycanın müxtəlif bölgələrində enerji, qaz, su təchizatı, digər zəruri sosial-mədəni və texniki infrastruktur sistemləri ilə təmin edilən 54 yeni yaşayış məntəqəsi inşa olunub. O cümlədən, 9830 yerlik 47 orta məktəb, 5 musiqi məktəbi, 1434 yerlik 35 uşaq bağçası, 34 tibb müəssisəsi, 32 rabitə evi, 37 klub-icma mərkəzi, 43 inzibati bina, 11 yanğınsöndürmə deposu, 109 su anbarı tikilib, 548,266 km. yol, 540,303 km. su, 1007,93 km. elektrik hava, 151,989 km. qaz, 32,21 km. kanalizasiya, 130,75 km. drenaj və 4,522 km. istilik şəbəkəsi xətləri çəkilib, 24 elektrik yarımstansiyası və 526 ədəd müxtəlif gücə malik elektrik transformatorları quraşdırılıb.

Ümumiyyətlə, bu yaşayış məntəqələrinə 17601 ailə, 80 min nəfərə qədər məcburi köçkün köçürülüb, onların bir sıra sosial problemləri həll olunub, həmçinin, məşğulluğu qismən təmin edilib.

Ölkə Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə Təsdiq edilmiş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı həyata keçirmək üçün Dövlət Neft Fondundan ayrılan 93,46 mln. manat vəsait hesabına Ağdam və Ağcabədi rayonları ərazisində 3860 yaşayış evindən ibarət bütün sosial-texniki infrastruktura malik 13 qəsəbə salınaraq məcburi köçkün ailələrinə təhvil verilib və nəticədə 4 çadır düşərgəsi (Bərdə rayonunda 3 və Abcabədi rayonunda 1) ləğv olunub.

Dövlət Proqramının 1.2-ci bəndinə əsasən, Saatlı və Sabirabad rayonlarındakı 3 çadır düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində 1858 evdən ibarət 5 qəsəbə tikilərək 2007-ci ildə istismara təhvil veriliğ. Beləliklə, məcburi köçkünlərin ağır şəraitdə yaşadıqları çadır düşərgələri tamamilə ləğv olunub.

Həmçinin, Saatlı və Sabirabad rayonlarındakı çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün Füzuli rayonu ərazisində 2104 evdən ibarət 5 qəsəbə tikilərək, məcburi köçkünlərin istifadəsinə verilib. Ağdam rayonunda Quzanlı Olimpiya İdman kompleksi tikilərək 2008-ci ildə təhvil verilib.

İstismar müddəti başa çatmış 16 fin tipli qəsəbədən 7-si (Yevlax şəhəri, Goranboy, Ağcabədi, Ağdam və Şabran rayonlarında yerləşən fin tipli qəsəbələr) ləğv edilib və orada müvəqqəti məskunlaşmış 2562 məcburi köçkün ailəsi yeni salınmış qəsəbə və məhəllələrə köçürülüblər.

Yevlax şəhəri ərazisində 612 məcburi köçkün ailəsi üçün 10 ha. ərazidə sosial texniki infrastrukturla birlikdə 10 ədəd 5 mərtəbəli (binalardan 9-u 60 mənzilli, biri isə 75 mənzillidir) yaşayış binalarından ibarət yeni yaşayış məhəlləsi salınıb.

Bakı şəhəri, Binəqədi rayonu 2 saylı Ev Tikmə Kombinatı (ETK-2) ərazisində (3 ha.) bütün sosial texniki infrastrukturla birlikdə 6 ədəd 9 mərtəbəli yaşayış binasından ibarət 369 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi salınıb.

Ağcabədi rayonunun "Taxta körpü" adlanan ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial texniki infrastrukturu olan yeni qəsəbə salınıb. Şəki şəhəri ərazisində (84 ha.) 423 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsində müasir tipli 360 yerlik 15 sinif otağından ibarət orta məktəb (isitmə sistemi üçün qazanxana ilə birlikdə), 50 yerlik uşaq bağçası, həmçinin, inzibati bina, poçt, klub-icma mərkəzi tikilib, ümumi uzunluğu 27,025 km. qaz xətti, 15,026 km. uzunluğunda yüksək gərginlikli elektrik xətti, 10.000 KVA-lıq 2 ədəd transformator və 110/10 KVA elektrik yarımstansiyası, 13,21 km. yol şəbəkəsi və ümumi uzunluğu 23,791 km. olan su xətti çəkilib. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il sentyabr ayının 9-da yeni salınmış qəsəbənin açılışında iştirak edib.

Bununla yanaşı, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbədən qalan 9 fin tipli qəsəbələrində və ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin qəsəbələrin yerləşdiyi ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan qəsəbələrin salınması və çoxmərtəbəli binaların tikilməsi üzrə işlər davam etdirilir.

Hazırda Bərdə rayonunda 195 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan qəsəbənin, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün yeni hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin, İmişli rayonu ərazisində 325 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan qəsəbənin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış 1410 məcburi köçkün ailəsi üçün Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaxınlığında hündürmərtəbəli yaşayış binalarından ibarət yeni məhəllənin, Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsi üçün Masazır bələdiyyəsinin ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan yeni məhəllənin tikintisi yekunlaşmaq üzrədir.

2013-2015-ci illərdə isə Gəncə şəhəri ərazisində 1500 məcburi köçkün ailəsi üçün yeni hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin, Bərdə rayonu ərazisində 866 məcburi köçkün ailəsi üçün yeni hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin, Beyləqan rayonu ərazisində 320 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin, Saatlı rayonu ərazisində 230 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin, Balakən rayonu ərazisində 43 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub. 

- Ayaz müəllim, bəllidir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun da böyük rolu var. Ümumiyyətlə, Fondun bu işdə hansı tədbirləri reallaşdırır? 

- Məcburi köçkünlərin Sosial İnkişaf Fondu Ulu öndər Heydər Əliyevin 6 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılıb. MKSİF öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, ölkə başçısının Fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və Sərəncamlarını, Nizamnaməni və Əməliyyat üzrə Rəhbərliyi əsas tutur. Fondun başlıca məqsəd və vəzifələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarına, əhaliyə Fondun fəaliyyəti haqqında məlumat vermək, məcburi köçkünlər arasında sorğu keçirmək, tədqiqat aparmaq, təkliflər hazırlamaq, mikrolayihələrin hazırlanmasına kömək etmək, Fonda təqdim edilmiş mikrolayihələrin təkmilləşdirilməsini, qiymətləndirilməsini və qəbul edilməsini təşkil etmək, infrastrukturun bərpası məqsədilə hazırlanmış mikrolayihələrin icrası üçün ayrılmış vəsaitdən şəffaf şəkildə, məcburi köçkün icmalarının təklif və ehtiyaclarını nəzərə almaqla, səmərəli istifadə olunmasını təmin etmək, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, yeni iş yerlərinin açılmasına nail olmaq, əhalinin məşğulluğunun artmasını təmin edən tədbirləri həyata keçirmək və gəlirgətirən fəaliyyət sahələrini inkişaf etdirməkdən ibarətdir.

Göstərilən məqsəd və vəzifələrə çatmaq üçün Fondun müxtəlif lahiyələr reallaşdırması isə bir sıra maliyyə mənbələri, kredit sazişləri hesabına baş tutur. Belə ki, Azərbaycan Hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında 9 noyabr 1999-cu il tarixində bağlanmış Kredit Sazişinə əsasən, "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi" 2001-2005-ci illərdə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən həyata keçirilib. "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi" üzrə Dünya Bankı tərəfindən birinci tranşla Azərbaycan Hökumətinə 10 mln. ABŞ dolları, Azərbaycan Hökuməti isə MKSİF-in fəaliyyəti üçün bu Kredit Sazişində öz payı kimi dövlət büdcəsindən 0,7 mln. ABŞ dolları vəsait ayrılıb.

"Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi" uğurla başa çatdırılıb, ölkənin 26 rayonu və 4 şəhərini əhatə etməklə, 192 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilib, 1670 hüquqi və 10687 fiziki şəxsə kredit verilib. Həyata keçirilmiş mikrolayihələrdən 170 min nəfər faydalanan olub ki, bunların 93 faizini məcburi köçkünlər təşkil edib.

2005-ci il noyabr ayında Dünya Bankı və Azərbaycan Hökuməti arasında "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi"nin həyata keçirilməsi məqsədilə yeni Kredit Sazişi imzalanıb. Bu layihə 2006-2008-ci illərdə MKSİF tərəfindən həyata keçirilib. Layihənin ümumi həcmi 12,6 mln. ABŞ dolları təşkil edib. Bu məbləğin 11,5 mln. ABŞ dolları Dünya Bankı tərəfindən, 1,1 mln. ABŞ dolları isə Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilib. Dünya Bankı və Azərbaycan hökumətinin birgə layihələşdirdiyi bu layihə iki əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olub. Kredit Sazişi çərçivəsində 168 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilib və bu mikrolayihələrdən 110 minə yaxın adam faydalanıb (faydalananların 80 faizi məcburi köçkünlər olub).

Həmçinin, bu Kredit Sazişi çərçivəsində Bakı, Sumqayıt şəhərləri Abşeron rayonu ərazisində qeydiyyata düşmüş 4235 nəfər məcburi köçkünə mikrokreditlər verilib. Mikrokredit proqramından 17 minə yaxın faydalanan olub.

15 may 2008-ci il tarixində isə Dünya Bankı və Azərbaycan Hökuməti arasında "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə Layihəsi"ni həyata keçirilməsi məqsədilə növbəti Kredit Sazişi imzalanıb. Layihə 2009-2011-ci illərdə həyata keçirilib.

Dünya Bankı və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi bu layihənin ümumi dəyəri 24,19 milyon ABŞ dolları təşkil edib. Bu Kredit Sazişi çərçivəsində isə 243 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilib. Bu mikrolayihələrdən 135 mindən çox adam faydalanıb (faydalananların 72 faizi məcburi köçkünlərdir).

Layihədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsilə məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində mövcud olan sosial problemlərin həlli, infrastrukturun yaxşılaşdırılması (məcburi köçkünlərin məskunlaşdığı ictimai binaların yataqxanaların təmiri, içməli su və elektrik enerjisi təchizatı, daxili yolların bərpası və yaxud tikintisi və s.) ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Bu layihə çərçivəsində 34 yataqxana, 30 məktəb, 2 uşaq bağçasında, 1 səhiyyə obyektində, 9 icma mərkəzində təmir bərpa işləri aparılıb, su təchizatı şəbəkələri üzrə 19, yollar üzrə 74, elektrik xətləri üzrə 10 mikrolayihə həyata keçirilib, 52 icma yığma mağarlarla təchiz olunub, kanalizasiya xətti çəkilib, drenaj sistemi quraşdırılıb.

Azərbaycan Hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında 16 noyabr 2011-ci iltarixində bağlanmış Kredit Sazişi çərçivəsində 2012-2015-ci illəri əhatə edən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi" həyata keçirilməkdədir. Bu kreditin həcmi isə 78.42 mln. ABŞ dolları təşkil edir. Bu layihənin reallaşdırılmasında əsas məqsəd isə kiçik həcmli sosial və iqtisadi infrastrukturların bərpası üçün tələb olunan maliyyələşdirməni təmin etməklə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırmaq, müxtəlif icma mikrolayihələrini və mikro-kredit proqramlarını maliyyələşdirməklə iş yerlərinin yaradılmasını, əhalinin məşğulluğunun və gəlir gətirən işlərdə iştirak etmə səviyyəsinin artırılmasını təmin etməkdən ibarətdir.

Layihənin həyata keçirilməsi isə icma mikrolayihələrinin, gəlir gətirən fəaliyyətlərin və gənclərin dəstəklənməsi üzrə proqramların və mikromaliyyə proqramlarının reallaşdırılması, həmçinin, ictimai yaşayış binalarının bərpası istiqamətində həyata keçiriləcək.

Qeyd edim ki, Yaponiya Sosial İnkişaf Fondunun, İslam İnkişaf Bankının, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaitləri hesabına da müxtəlif layihələr reallaşdırılıb.

 

yap.org.az

 

 

Səs.- 2012.- 7 noyabr.- S.10-11