Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Dövlətçilik və Azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və bu ideologiyanın uğurla həyata keçirilməsi YAP-ın Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir

 

Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdən olub. Daxilən güclü, vətənpərvər və mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyil. Hansısa mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq ucalığına qovuşurlar. Eyni zamanda, tarixi təcrübə sübuta yetirir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması da məhz belə bir tarixi zərurətdən irəli gəlirdi.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmadı. Həmçinin, Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər:“Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ziyalıların müraciətinə cavabında isə Ulu öndərimiz vurğulayırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu.

Xalqın Ulu öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.

III qurultayda Prezident İlham Əliyevin YAP-a Sədr seçilməsi partiyanın inkişafında yeni mərhələnin əsasını qoydu.

1993-cü ildən indiyədək YAP bütün seçkilərdə böyük qələbələr qazanıb. Partiya Sədrinin dediyi kimi, YAP-la heç bir qüvvə rəqabət aparmaq iqtidarında deyil: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcək”.

Ötən müddət ərzində partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib. Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir. Bütün bu amillər, şübhəsiz ki, partiya sıralarına insan axınını da sürətləndirir.

Belə ki, ötən dövr ərzində partiyanın sıraları kəmiyyətcə artıb, keyfiyyətcə yüksəlib. Partiya sıralarının inkişaf dinamikasına baxsaq, bunu aydın şəkildə görərik. Əgər partiya I qurultaya (1999, dekabr) 170 min, II qurultaya (2001, noyabr) 230 min, III qurultaya 360 min nəfərlə getmişdisə, IV qurultay ərəfəsində üzvlərin sayı 450 min nəfərə çatmışdı. 1 iyul 2012-ci il tarixinə olan məlumata görə, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 575.591 nəfər olub. Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı ideyasını əsas götürməsi, təbliğ etməsi cəmiyyətimizin hər bir üzvündə bu ideyanın daşıyıcısı olmaq arzusu yaradıb. Elə bunun nəticəsidir ki, cari ilin ilk altı ayı ərzində Yeni Azərbaycan Partiyasına üzv olanların sayı 20.559 nəfər olub. Bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Bu statistika onu sübut edir ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyət arasındakı nüfuzu günü-gündən artmaqdadır. Yeni Azərbaycan Partiyasının, ideyalarını fəaliyyət proqramı kimi qəbul etdiyi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirməsi, həmçinin, partiyanın Sədri, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsi, Azərbaycanı modern dövlətə çevirməsi insanların bu partiyaya olan inamını daha da möhkəmləndirib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, sosiumun aparıcı kreativ və intellektual kəsimi olan gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi, onun tərəfdarlarının sayının dəfələrlə artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, müvafiq dövrdə partiya sıralarına qəbul olunanların 11 mindən çoxu (ötən ilin müvafiq dövründə bu rəqəm 9924 təşkil edib), yəni 53,5 faizi gənclər olub. Bu cür artım bir daha insanların Yeni Azərbaycan Partiyasına, onun Sədrinə inandığını və Onu dəstəklədiyini sübut edir. Şübhə yoxdur ki, partiyanın sıraları dövlətçiliklə bağlı olan insanların hesabına bundan sonra daha da genişlənəcək və cəmiyyətimiz ölkəmizin inkişafı prosesində YAP-la birgə addımlayacaq.

Bu gün Azərbaycan demokratik inkişaf yolunda uğurla addımlayır və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasi-hüquqi islahatların nəticəsi kimi Azərbaycan demokratik inkişaf baxımından Qərb dövlətlərilə eyni sırada durur. Yəni, Azərbaycan bu gün dünyada insan hüquqlarının qorunduğu və qanunun aliliyinin təmin edildiyi demokratik ölkələrdən biri kimi qəbul edilir.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası nəticəsində ölkəmiz demokratik tərəqqi baxımından inkişaf etmiş ölkələrin sırasında duracaq. Azərbaycanın hakim partiya YAP da Azərbaycanın perspektiv inkişafına öz töhfələrini verəcək və hər zaman olduğu kimi, bundan sonra da ölkə həyatında mühüm rol oynacaq.

 

 

Vaqif Abdullayev,

YAP Siyasi Şurasının üzvü,

Beyləqan RİH-nin başçısı

 

yap.org.az

 

Səs.- 2012.- 7 noyabr.- S.7.