XX əsrin əvvəllərində Azərbaycanda siyasi proseslər

 

  XX əsrin əvvəllərində islahatlar nəticəsində Rusiyada olduğu kimi, Azərbaycanda da siyasi proseslər baş verdi. M.İsmayılov göstərir ki, XX əsrin əvvəllərində milli burjuaziya bir sıra tələblər, o cümlədən, Zemstvo idarələrinin yaradılması, məhkəmə iclasçıları hüququnun Azərbaycana tətbiq edilməsi, azərbaycanlıların bütün qulluq işlərinə qəbul edilməsi, uşaqlara məktəblərdə ana dilində təhsil almasına icazə verilməsini, kəndlilərin torpaqla təmin olunmasını və s. irəli sürdülər. Oktyabrın 17-də çarın bəyannaməsi elan edildi. Bəyannamədə qanunverici və əhalinin bütün təbəqələrinin iştirakı ilə seçiləcək Dövlət Dumasını çağırmaq vəd olundu.

  İnqilabi çıxışların gedişində Moskva, Peterburq kimi şəhərlərdə fəhlə deputatları Sovetləri yarandı. Noyabr ayında Bakıda da belə sovetlər meydana çıxdı. Sovetlər silahlı inqilabi çıxışların təşkili qərargahı rolunu oynayırdı. Bakı Soveti noyabrın 27-də fəaliyyətə başladı və dekabrın 16-da onun "Bakı şəhəri fəhlə deputatları Sovetinin xəbərləri" adlı orqanı çapdan çıxdı. Sovetdə çoxluğu menşeviklər ələ aldılar. 1905-ci il dekabrın 11-də çar Dumaya seçkilər barəsində qanun verdi. Bu qanuna görə fəhlələrə də seçkilərdə iştirak etmək hüququ verilirdi. Lakin bu hüquq müxtəlif şərtlərlə heçə endirilirdi. Azərbaycanda Duma seçkilərinə əhalinin çox az hissəsi buraxılmışdı. Məsələn, 200 mindən çox əhalisi olan Bakıda seçki siyahısına cəmi 14 min nəfər daxil edilmişdi. I Dövlət Dumasına Əlimərdan bəy Topçubaşov, Abdulla bəy Muradxanov, Məmmədtağı Əliyev, İsmayıl xan Ziyadxanov, yazıçı Əbdürrəhim bəy Haqverdiyev və həkim X.İ.Bahadurov seçildilər. 1907-ci il yanvarın 14-də keçirilmiş seçkilərdə Bakı fəhlələri özlərinin 116 sosial-demokrat vəkillərini seçdilər. Fəhlələr Dumaya hümmətçi Z.Zeynalovu seçdilər. Ondan başqa Yelizavetpol quberniyasından Dumaya Xəlil bəy Xasməmmədov və Fətəli xan Xoyski, Naxçıvandan "Şərqi-Rus" qəzetinin redaktoru Məmmədağa Şaxtaxtinski seçildilər.

   1900-1903-cü illər böhranından sonra neft sənayesi böhran vəziyyətindən çıxsa da, daha onun inkişafında əhəmiyyətli dəyişiklik əmələ gəlmədi. İstər neft istehsalı, istərsə də, neft emalı sahəsində durğunluq nəzərə çarpırdı. Lakin neft sənayesi sosial-iqtisadi inkişaf nöqteyi-nəzərincə kapitalist inkişaf səviyyəsinin ən yüksək pilləsində durur və demək olar ki, bütövlüklə səhmdar şirkətlərin ixtiyarında idi.

Xəzər dənizində üzən gəmilərin təmiri ilə məşğul olan tərsanələr də iri və xırda kapitalist müəssisələri idi. Bakıda 1800-2200 fəhləsi olan 10-12 belə muəssisə fəaliyyət göstərir və onların illik istehsal gücü 2-3 milyon manata bərabər idi. Bakıda 1500-2400 fəhləsi olan 12-14 buxar qazanları istehsal edən, 800-000 fəhləsi olan 27-30 tökmə emalatxanaları, kanat istehsal edən, müxtəlif təmir işləri ilə məşğul olan emalatxanalar var idi. Bütün adları çəkilən mexaniki istehsal sahələrmndə 17-20 min fəhlə çalışırdı. Şəhərdə tikinti işlərində 2000-dən çox fəhlə işləyirdi.

1900-1903-cü böhran illərindən sonra Azərbaycan qəzalarında bir sıra sənaye sahələri xeyli inkişaf etdi. Bu sənaye sahələrinin ən mühümlərindən biri əvvəlki illərdə olduğu kimi, dağ-mədən sənayesi, xüsusən mis külçəsi istehsalı və miss əridilməsi idi. Yüngül sənaye sahələrindən ən balacaları pambıqtəmizləmə, ipək emalı idi.

Azərbaycan qəzalarından olan sənaye və sənətkarlıq sahələrində 130 mindən çox fəhlə çalışır və onların istehsal etdiyi illik məhsulun məbləği 140 milyon manatdan çox idi.

Çar hökuməti 1907-ci il iyunun 3-də II Dövlət Dumasını qovaraq dövlət çevrilişi etdi. Rusiyada irtica dövrü başlandı, Yeni qanunla Rusiyanın bir çox şəhərləri, o cümlədən, Bakı Dumaya müstəqil nümayəndə seçmək hüququndan məhrum edildi. Əgər Bakı şəhərinin, Bakı və Yelizavetpol quberniyalarının üç deputat seçmək hüququ var idisə, yeni qanuna görə hər iki quberniya İrəvan quberniyası ilə birləşdirilib bir seçki dairəsi yaradıldı və bu dairədən iki deputat - biri azərbaycanlı, digəri isə başqa millətlərin nümayəndəsi seçilə bilərdi. Zaqafqaziyada yaşayan rus əhalisinin özünə ayrıca deputat seçmək hüququ verilmişdi. Oktyabrın 14-də keçirilmiş seçkilərdə müsəlman əhalisindən Xəlil bəy Xasməmmədov Dumaya deputat seçildi. İrtica bütün cəbhə boyu hücuma keçdi. Bolşevik rəhbərlərinin çoxu həbs olundu və Bakıdan sürgün edildilər. Bakı, Yelizavetpol və başqa şəhərlərdə fəal fəhlələr, tətili təşkil edənlər məhkəməyə verildilər. Fəhlə-həmkarlar təşkilatlarının, mədən-zavod komissiyalarının, mədəni-maarif idarələrinin üzərinə hücum başlandı. Bolşeviklərin orqanı olan "Bakinski raboçi" qəzetinin nəşri 1908-ci ilin oktyabrında qadağan edildi, millətlər üzərində milli müstəmləkə zülmü daha da gücləndi. İş o yerə çatdı ki, bir çox çar idarələrində çalışan azərbaycanlılar işdən qovuldular. Məktəblərdə ana dilinin tədrisi qadağan olundu.

  İrtica illərində Azərbaycanda partiya işini leqal təşkilatların, həmkarlar təşkilatlarının, xeyriyyə cəmiyyətlərinin işilə uzlaşdırmaq taktikasından istifadə edirdilər. Həmkarlar təşkilatları, xüsusən neft sənaye fəhlələrinin həmkarlar ittifaqı, fəhlələrin yaşayışını, mənznl-məpşət şəraitini yaxşılaşdırmaq uğrunda əzmlə mübarizə aparırdı. RSDFP Bakı komitəsi mədəni-maarif idarələrində də geniş fəaliyyət göstərir, onların işini təşkil edirdi. Bolşeviklər Azərbaycan maarif cəmiyyəti "Nicat"dan da istifadə edirdilər. N.Nərimanov, M.Əzizbəyov və başqaları bu cəmiyyətdə mühüm rol oynayırdılar.

  İrtica illərində Azərbaycan kəndlərində çıxışlar baş verirdi, silahlı qaçaq dəstələri təşkil etmiş kəndlilər mülkədar, qolçomaq malikanələrinə basqınlar edirdilər. Yelizavetpol qəzasında bu hərəkat daha güclü idi. Burada Qatır Məmmədin silahlı qaçaq dəstəsi fəaliyyət göstərirdi. O, 1909-cu ildə Goranboy-Əhmədli kəndlilərinin çıxışına başçılıq edirdi. Bu çıxış tezliklə silah gücünə yatırıldı.

  1910-cu ildə Rusiyada, o cümlədən, Azərbaycanda fəhlə hərəkatı yeni mərhələyə qədəm qoydu.

  Azərbaycan qəzalarının da fəhlələri hərəkətə gəlmişdilər. Şəki ipək fabriki fəhlələri, Şollar su kəməri fəhlələri, Gədəbəy misəridənləri tətil etmişdilər.

Yeni inqilabi yüksəliş Azərbaycan kəndinə də təsirsiz qalmadı. Kəndli çıxışları genişləndi. 1910-cu ildə Yelizavetpol quberniyasında kəndli çıxışlarından birinə Kərbəlayi Əskər başçılıq edirdi. Onun silahlı dəstəsi çar hakimiyyət orqanları və mülkədarlara qarşı amansız idi. Digər qaçaq dəstəsinə Məşədi Yolçu başçılıq edirdi. Bu dövrdə İrkutsk sürgunündən qaçmağa müvəffəq olmuş Qatır Məmmədin də dəstəsi ciddi fəaliyyət göstərirdi.

1912-ci ilin payızında, ölkədə inqilabi yüksəliş dövründə IV Dövlət Dumasına seçkilər keçirildi. Gərgin mübarizədən sonra azərbaycanlı əhali üçün ayrılmış yeganə kadet partiyasının üzvü, hüquqşünas M.Y.Cəfərov deputat seçildi.

1913-cü ilin iyulunda Bakıda tətil hərəkatı xeyli genişlənərək, iyulun 25-də ümumi tətilə çevrildi. Bakı tətilləri Azərbaycan qəzalarına da öz təsirini göstərdi. Nuxa ipəkçiləri tətil etdilər.

   1914-cü ilin başlanğıcında bütün Rusiyada, o cümlədən, Azərbaycanda, xüsusilə Bakıda tətil hərəkatı yenidən gücləndi. Fəhlələr yenə ümumi tətilə hazırlaşmağa başladılar. 1913-cü ilin ümumbakı tətilinin irəli sürdüyü tələblər ortaya atıldı. 1914-cü il iyunun əvvəlində artıq 40 min fəhlə tətilə qoşulmuşdu.

Yeni inqilabi yüksəliş illərində Azərbaycanda milli azadlıq hərəkatı da xeyli genişlənmişdi. Rusiya imperiyası. Ərazisinin 76,3 faizi onun müstəmləkələrinin ərazisi idi. Çarizmin bu yerlərdə siyasəti müstəmləkə xalqlarını ruslaşdırma, milli mədəniyyətin, dilin təqib olunması, milli münasibətlərin qızışdırılmasına yönəldilmişdi. Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin meydana çıxması, doğma dildə qəzet və jurnalların nəşri və s. xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclənməsinə, milli azadlıq hərəkatının genişləiməsinə səbəb olurdu. Bu milli azadlıq hərəkatı çox vaxt əsarət altında olan fəhlə və kəndli hərəkatı ilə çulğalaşırdı. Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə bərabər hüquqlar, müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində ibtidai təhsilin hər yerdə həyata keçirilməsini, Zemstvo sistemi yaradılması və şəhər özünüidarəsində islahat keçirilməsi qanunu verilməsini və s. tələb edirdi. İri torpaq sahibləri-bəylər də öz sinfi hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq ideyaları "Yeni füyuzat", "Şəlalə" jurnallarında, "İqbal", "Günəş", "Yeni həyat" və başqa qəzetlərdə geniş təbliğ olunurdu. Q.R.Şərifzadənin, A.K.Kazımzadənin və başqalarının 1911-ci ilin sonunda təsis etdiyi müsəlman demokrat partiyası "Müsavat" yaranandan sonra burjuaziyanı öz ətrafında cəmləşdirmiş bu partiyanın başçılığı altında milli azadlıq hərəkatını istiqamətləndirməyə səy göstərirdi. Bu partiya bütün müsəlman xalqlarını birləşdirməyə, "dünya jandarmı", islamın düşməni rus istibdadına, çar üsuli-idarəsinə qarşı çıxmağa çağırırdı. 1917-ci il fevral inqilabına qədər bu partiya zəif, üzvlərinin sayı çox az idi.

  Azərbaycanın digər demokratik ziyalıları da milli zülmə qarşı çıxış edirdilər. Bu istiqamətdə "Molla Nəsrəddin" jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, Ə.Haqverdiyev, Ə.Rəhimzadə, F.Köçərli, həmçinin, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqaları, mühüm rol oynayırdılar. Sosial ədalətsizliyə, milli müstəmləkə zülmünə qarşı mübarizə işində demokratik ziyalı nümayəndələrindən Q.Minasazovu, Ə.Sultanovu, R.Məlikovu və başqalarını da qeyd etmək lazımdır. Q.Minasazov yazırdı ki, "Rus bürokratiyası həmişə müsəlman kütlələrinin əsarətdə olmasını rus dövlətinin məqsədləri üçun sərfəli hesab etmişdir".

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 8 noyabr.- S.14.