"Qarabağ düyünü"

 

Azərbaycanda ötən əsrin son illərində baş verən məlum proseslər, ictimai-siyasi olaylar, Dağlıq Qarabağ problemi tarixin yaddaşına tarixçi alimlər, siyasətçilər, politolqlar, eləcə də bu proseslərin canlı şahidi olan, Azərbaycan həqiqətlərini tarixi nöqteyi-nəzərdən təhlil edən, ona obyektiv yanaşan ziyalılar tərəfindən faktlar əsasında qələmə alınır, yeni nümunələr nəşr etdirilir. Bu günlərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadənin "Azərbaycan" nəşriyyatında işıq üzü görən "Qarabağ düyünü" kitabında da ötən əsrin 90-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında yaşanılan olaylarondan sonrakı proseslərə diqqət yetirilir. Qeyd edim ki, bu kitab müəllifin sayca beşinci nəşridir.

Müəllif Azərbaycan tarixinə nəzər salaraq, araşdırmalar əsasında mövcud problemləri doğuran səbəblərə aydınlıq gətirməyə çalışmışdır. Kitabın müqəddimə hissəsində müəllif göstərir ki, Azərbaycan xalqının 20 illik tarixini əhatə edən Qarabağ problemi hələ də həllini  tapmamışdır. Erməni millətçi dairələrinin Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində torpaqların işğal edilməsi onların mənfur siyasətinin məntiqi olaraq diqqətə çatdırılır.

Kitab 11 fəsildən ibarətdir. Birinci fəsildə "Dağlıq Qarabağ bölgəsinin tarixi"ndə müəllif Qarabağın tarixi dönəmlərinə diqqət yetirərək, bu məkanın qədim dövrü əhatə etdiyi göstərir. O, qeyd edir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi vilayətlərindən biri, onun mühüm siyasi və mədəni-mənəvi mərkəzidir. Qarabağ probleminin əsas səbəbi ermənilərin Azərbaycan torpağına, Azərbaycan dövlətinə qarşı ərazi iddiasından yaranmışdır.

Xronoloji ardıcıllığa nəzər salan müəllif əsrlər boyu yaşanmış mövcud durumu diqqətdən keçirərək, son illərin ictimai proseslərini də diqqət mərkəzində saxlayır. Erməni əhalisinin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsinin təsadüfi olmadığını göstərən müəllif çar Rusiyasının himayəsi altında erməni dövlətinin yaradılmasının bu siyasətə yönəldiyini göstərir: "1804-1813-cü illər rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi"nə əsasən, erməni əhalisinin indiki Azərbaycan torpaqlarına köçürülməsi dövlət siyasətinə çevrildi". A.Mirzəzadə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, erməni millətçi dairələri ilə Azərbaycan arasında münaqişələrin başlanmasını və s. məqamları nəzərdən keçirməklə, faktlara söykənən tarixi oxucuların diqqətinə çatdırmağa, erməni siyasətinin iç üzünü açmağaonun siyasətinin arxasında duran planlarının məğzində "böyük ideya"ların dayandığını göstərməyə çalışmışdır.

Kitabda "Xocalı faciəsi - XX əsrdə dünyanın ağır qətliamlarında biridir", "Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri",  "Ermənistan məşhurlarının etirafları", "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair sənədləri" və s. başlıqlı bölmələrdə müəllif münaqişənin törədilməsi, onun nəticələri, işğalçı qüvvələrin təcavüzkar siyasətinin mahiyyətini açaraq, oxucuları maraq doğuran tarixi proseslərlə tanış edir. 

Kitabda "Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri" bölməsində müəllif Ermənistan tərəfindən işğal olunmuş rayonların xarakteristikasını vermişdir. Həmin dövrə nəzər salıb, hər bir Azərbaycan rayonunun işğal tarixini, təzavüz nəticəsində dağıdılan məkanları, şəhid olmuş azərbaycanlıların sayını, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin sayını verməklə, tariximiz üçün dəyərli ola biləcək məqamları kitaba köçürmüşdür.

A.Mirzəzadə işğal olunmuş ərazilərdə yaranmış ekoloji problemlərə də nəzər salıb. Belə ki, Bəsitçay Dövlət Qoruğu, Qaragöl Dövlət Qoruğu, Laçın Dövlət Yasaqlığı, Qubadlı Dövlət Yasaqlığı və s. məkanların adlarını qeyd edərək, onların ermənilər tərəfindən işğalını, eləcə də bir çox ərazilərin vəhşicəsinə məhv edildiyini göstərir.

Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini də birmənalı olaraq işıqlandıran müəllif ölkədə bu istiqamətdə aparılan siyasi xətti önə çəkərək, Azərbaycanın sülhsevər dövlət olduğunu göstərir. Çətin, ziddiyyətli bir situasiyada hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda aparılan düzgün siyasət ölkəmizin dövlət quruculuğunda dünyanın etiraf etdiyi kimi uğurların qazanılmasına səbəb olması da kitabda yer alıb. Müəllif Ermənistan və Azərbaycanın keçdiyi inkişaf yollarını nəzərdən keçirərkən, statistik rəqəmlərə əsaslanıb, Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı strateji xəttin əsasında əldə olunan nailiyyətləri işıqlandırır. Armenia.com saytının müxbiri Sara Xocayanının Paris jurnalında dərc etdirdiyi "Ermənistan: böyük ailələr dilənçilikdən əziyyət çəkirlər" adlı məqaləsində Ermənistanın düçar olduğu vəziyyətin erməni müxbiri tərəfindən qələmə alınması artıq hər şeyi aydın ifadə edir. Ölkədəki acınacaqlı vəziyyəti qeyd edən müxbir Ermənistanda hökm sürən səfalətli həyatın nə qədər davam edəcəyini kimsənin bilmədiyini göstərir.

A.Mirzəzadənin araşdırmaları əsasında təqdim olunan kitab maraqlı faktlarla zəngin bir nümunədir.

 

 

NƏZAKƏT

 

Səs.- 2012.- 8 noyabr.- S.12.