Yeni Azərbaycan
Partiyası Azərbaycanın idarəçiliyilə
bağlı bitkin konsepsiya formalaşdırmış yeganə
siyasi təşkilatdır
Müsahibimiz Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri, YAP
İdarə Heyətinin üzvü Əli Həsənovdur
- Əli
müəllim, bəlli olduğu kimi, noyabr ayının 21-də
Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci
ili tamam olacaq və bu tarixi hadisə artıq ölkənin
bütün bölgələrində ruh yüksəkliyilə
qeyd olunmaqdadır. İlkin olaraq, Sizdən Yeni Azərbaycan
Partiyasına olan ümummilli rəğbətin səbəbləri
haqqında danışmağınızı xahiş edirik…
- Əslində, bu, təbii bir haldır. Çünki,
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının
ehtiyaclarından yaranmış bir partiyadır. 1992-ci ildə
Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri,
sözün həqiqi mənasında, Azərbaycan
xalqının Ümummilli lideri olan Heydər Əliyev ölkənin
ictimai-siyasi, daxili ehtiyaclarından, insanların düçar
olduğu gündəlik qayğılardan, problemlərdən,
dövlətin rastlaşdığı gərgin vəziyyətdən
çıxış edərək, bir qrup qabaqcıl
ziyalıların müraciətinə cavab verdi və Yeni Azərbaycan
Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə
razılıq verdi. Bu partiya həqiqətən, Azərbaycanın
o dövrdəki siyasi çətinliklərindən irəli gələrək
yaradıldı və qısa müddət ərzində
ümummilli partiyaya çevrildi.Qeyd edim ki, həmin dövrdə
Azərbaycanda partiyaların təsnifatı
sağçılar, solçular, kommunistlər, müəyyən
qədər daha çox fərqli insan təbəqəsini,
qruplarını təmsil edən ideoloji postulatlar üzərində
qurulurdusa, Yeni Azərbaycan Partiyası birbaşa bütün
xalqın maraqlarının ifadəçisi formasında
meydana çıxdı və qısa müddət ərzində
təşkilatlanaraq, bütün xalqın partiyası statusunu
aldı. Təxminən, yarandığı noyabr ayından
iyun ayına qədər olan 6-7 ay ərzində fövqəladə
vəziyyətdə təşkilatlanma kursu keçdi,
bütün ölkə ərazisində partiyanın şəhər
və rayon təşkilatlarının yaradılması istəyilə
meydana çıxan ziyalılar onun təsis
konfranslarını keçirdilər.Baş verən hadisələrin
fonunda Heydər Əliyevin o dövrkü hakimiyyət tərəfindən
Bakıya dəvət olunmasına, xalqın tələbilə
yenidən parlamentə sədr, qısa vaxtdan sonra Prezident
seçilməsinə qədər artıq Yeni Azərbaycan
Partiyası çətin bir şəraitdə təşkilatlanmışdı,
formalaşmışdı və bitkin siyasi təşkilata
çevrilmişdi. Sonrakı hadisələr isə göstərdi
ki, YAP Azərbaycanın taleyini çiyinlərinə
götürməyə, onun idarəçiliyini əlinə
almağa və dövləti, xalqı həmin böhranlı
vəziyyətdən çıxarmağa qadir partiyaya
çevrilmişdi.Məhz, Yeni Azərbaycan Partiyasının
yubileyinin bütün şəhərlərdə, rayonlarda, hətta,
kənd və qəsəbələrdə, mərkəzi və
yerli təşkilatlarda, ayrı-ayrı kommersiya
qurumlarından tutmuş müxtəlif ictimai qurumlara qədər
bütün Azərbaycanı təmsil edən institutlarda qeyd
olunması, partiyanın 20 illik fəaliyyətinə nəzər
salınması, onun dövlətçiliyin qorunması və
inkişaf etdirilməsi baxımından işləri yüksək
dəyərləndirilməsi təbii haldır. Vurğuladığım kimi, YAP ümumxalq
partiyası kimi yaranıb və bu gün də həmin
statusda Azərbaycanı idarə edir, gələcəkdə də
xalıqımızın bütün ehtiyaclarına, istək
və arzularına cavab verə bilən partiya kimi qalacaq.
-
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının yaranma
dövrünə nəzər saldıqda,
gözümüzün önündə xaos,
ideologiyasızlaşmış bir mənzərə
canlanır. Həmin dövrün ictimai-siyasi
proseslərini təhlil etmiş olsaq, hansı nəticələrə
gələ bilərik?
- Əlbəttə ki, Yeni Azərbaycan Partiyası nəinki,
idarəolunmaz, hətta, Azərbaycanın idarəçiliyində
ciddi böhranın, anarxiyanın hökm sürdüyü bir
dövrdə yaranmışdı. Yeni Azərbaycan
Partiyası nə üçün yarandı sualına cavab
olaraq, bildirilməlidir ki, o zamanki hakimiyyət Azərbaycanı
idarə edə bilmirdi, ölkəmiz həm daxildən, həm
də xaricdən ciddi problemlərlə
qarşılaşırdı. Həmçinin,
Azərbaycan faktiki olaraq, parçalanma və vətəndaş
qarşıdurmasının başlanma ərəfəsində
idi. Eyni zamanda, vurğulanmalıdır ki,
həmin ərəfədə respublikada qanunlara riayət
olunmurdu, günahsız vətəndaşlar həbslərə
atılırdı, insanların evlərinə və əmlaklarına
quldur basqınları olurdu, bütövlükdə, cəmiyyətdə
bədbin ruhda yaşayırdı. Belə
bir vəziyyətdə isə insanlarda idarəçilikdəki
böhranla bağlı ciddi düşüncələr
formalaşırdı. Elə bu səbəbdən idi ki,
Azərbaycandakı qabaqcıl ziyalılar, Naxçıvanda fəaliyyət
göstərən Ulu öndər Heydər Əliyev vəziyyətdən
çıxış yolu axtarırdılar.Xatırlayıram
ki, həmin dövrdə Azərbaycan ziyalılarının
bir qrupu Ümummilli lider Heydər Əliyevə etdikləri və
gələcəyə çox bədbin notlarla köklənmiş
müraciətlərinə cavabında Ulu öndər o
zamanın ciddi siyasi-politoloji təhlilini vermişdi. Heydər Əliyev
cavabında deyirdi ki, hal-hazırda Azərbaycan dövləti
bir yana, xalqımız digər tərəfə
heç kəs ölkənin gələcəyilə
bağlı tələb olunan və görülməsi vacib
olan işlərin yerinə yetirilməsinə
çalışmır. Azərbaycanı idarə
edənlər isə nə edəcəklərini birmirlər,
dövlət strukturları da situasiyanı nəzərə
almadan əsassız bəyanatlarla çıxış edirlər,
bunun nəticəsində də ölkə daxilində vətəndaş
qarşıdurması yaranır. Həmçinin,
qanunsuz silahlı qruplar Azərbaycan xalqına divan tutur,
hakimiyyət uğrunda mübarizədə vətəndaşlarımız
qırılır, ayrı-ayrı düşərgələrə
cəlb olunmuş insanlar dövlətə qarşı istifadə
olunur və xarici anti-Azərbaycan dairələri ölkəni
tədricən parçalamağa doğru aparırlar. Belə bir vəziyyətdə isə
qarşısıalınmaz situasiya yarana və Azərbaycan
parçalana bilər. Əgər biz məsuliyyəti
öz üzərimizə götürürüksə, partiya
yaradırıqsa, əlbəttə ki, ilk növbədə
hakimiyyətə gəlməyi deyil, Azərbaycan
xalqını düşdüyü ağır vəziyyətdən
çıxarmaq missiyasını həyata keçirməliyik,
dağılmaq, məhv olmaq təhlükəsilə
üz-üzə olan dövlətimizin gələcək idarəçiliyini
qurmalıyıq.Xüsusilə vurğulamaq istəyirəm ki,
Heydər Əliyev həmin dövrdə YAP-ı müxalifət
partiyası kimi yaratmırdı. Ümummilli
lider Heydər Əliyev mərhum Əbülfəz Elçibəyə
qarşı çağırışlar etmirdi, əksinə,
insanlara səslənərək, onları prezidentin ətrafında
birləşərək, ölkəni vəziyyətdən
çıxarmağı tövsiyə edirdi. Lakin sonrakı proseslər göstərdi ki, o zamanki
hakimiyyət cəmiyyətin sağlam qüvvələrini
dövlətin ətrafında birləşdirərək, Azərbaycanı
düşdüyü vəziyyətdən çıxarmaq
iqtidarında deyil. Ona görə də,
xalq Yeni Azərbaycan Partiyasını hakimiyyətə gətirdi
və bu siyasi təşkilat dövlətin bütün
strukturlarında təmsil olunaraq, Azərbaycan həmin çətin
situsiyadan çıxartdı.
-
Aydındır ki, Yeni Azərbaycan Partiyasının
yaradılması bir tərəfdən xalqın siyarişi
idi. Digər tərəfdən nəzərə
almaq lazımdır ki, Azərbaycan xalqının Ulu öndər
Heydər Əliyevə olan böyük məhəbbəti də
bu işdə yüksək rol oynadı. Məsələyə
bu konteksdə yanaşıldıqda, hansı qiymətləndirməni
etmək olar?
- Bu
konteksdən yanaşdıqda, Yeni Azərbaycan
Partiyasının yaranma və inkişaf tarixini təxminən,
üç mərhələyə ayırmaq olar. Birincisi,
1993-cü ilin 15 iyun tarixinə – Azərbaycanın
xalqının qurtuluş gününə qədərki
dövrdə ziyalılar narahatlıqlarını və
çalışmalarını birləşdirərək,
Ümummilli lider Heydər Əliyevin ətrafında birləşərək,
qərara gəldilər ki, xalqın mütləq əksəriyyətini
təmsil edəcək, dövlətin gələcəyilə
ürəyi döyünəcək, bütün daxili
ictimai-siyasi və iqtisadi potensialı birləşdirərək,
sözün həqiqi mənasında bir ümumxalq hakimiyyəti
formalaşdıra biləcək partiyanın yaranmasına
ehtiyac var. Məhz, partiya yaranma ərəfəsindən, təxminən,
noyabr ayından iyunadək ciddi təşkilatlanma mərhələsi
keçdi. Yəni, bu mərhələdə
Yeni Azərbaycan Partiyası təşkilatlandı, Azərbaycanı
öyrəndi, onun gələcək idarəçiliyilə
bağlı bitkin konsepsiya ortaya qoydu. Həmçinin,
Yeni Azərbaycan Partiyası Azərbaycanın perspektiv
inkişafı ilə bağlı fikir və düşüncələrini
cəmiyyətə təqdim etdi.İkinci mərhələ
bilavasitə 1993-cü ilin iyun ayından başlanan YAP-ın
hakimiyyətdə təmsilçiliyilə bağlıdır.
Bu dövrdə Yeni Azərbaycan Partiyası Azərbaycanın
perspektiv inkişafı ilə bağlı
hazırladığı konsepsiyanı reallaşdırmağa
başladı. Bu partiya ölkədə
daxili və xarici idarəçiliyi, iqtisadi, siyasi, sosial və
quruculuq sahəsindəki işləri kortəbii şəkildə,
əvvəlki hakimiyyətlər dövründə bəlli məqsədi,
məramı, vahid xətti olmayan üsullarla deyil, mərkəzdən
idarə olunan bitkin bir konsepsiya ilə reallaşdırdı.
Üçüncü mərhələ isə
sonrakı inkişaf dövrü ilə əlaqəlidir.
Bu gün bəziləri deyirlər ki, Heydər Əliyev
Azərbaycanı nədən xilas etdi və Yeni Azərbaycan
Partiyasının ölkənin inkişafında rolu nədən
ibarətdir? Əlbəttə ki, ilk növbədə
onu qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan
dövlətini məhv olmaqdan xilas etdi, o cümlədən,
Yeni Azərbaycan Partiyası da Onunla birgə bu missiyanın həyata
keçirilməsində iştirak etdi. Bu gün isə
reallaşdırılmış bitkin dövlətçilik
konsepsiyası YAP-ın Sədri, cənab Prezident İlham Əliyev
tərəfindən həyata keçirilməkdədir.Həqiqətən,
Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev
başda olmaqla, hakimiyyətə gələnə qədər
o zamanki iqtidar nə edəcəyini, nədən
başlayacağını, hara gedəcəyini, hansı məqsəd
və resurslarla bunları edəcəyini bilmirdi. Heydər Əliyev hakimiyyətə gələndən
sonra, Yeni Azərbaycan Partiyasının rəhbərliyində
partiyanın bilavasitə iştirakı ilə dediyim işləri
həyata keçirdi. Ona görə də, YAP-ın bu
rakursda fəaliyyətinə və tarixinə
yanaşdıqda, bu partiya Azərbaycan dövlətini
parçalanmaqdan xilas edib, başda Heydər Əliyev olmaqla,
dövlət quruculuğunu həyata keçirib, Ondan sonra da
bu proses davam etdirilir.
- Əli
müəllim, məhz, bu konteksdə Sizin
dahi şəxsiyyət Heydər Əliyevlə bağlı
xatirələrinizi eşitmək istərdik…
- Ulu
öndərlə ilk tanışlığım 1990-cı
ilin yanvar ayında olub. Bilirsiniz ki, həmin zaman
sovet ordusu Azərbaycan xalqının qanını
axıtmışdı, Bakıda qırğınlar törədilmişdi
və faktiki olaraq, insanlarımız yas içərisində
idi. Həmin vaxt Ümummilli lider Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək,
bu hadisəyə qiymət və Azərbaycan xalqına
başsağlığı verdi. O
dövrki SSRİ hakimiyyətinin rəhbərliyində olan
Qorbaçov, Bokatin, Yazov və digərlərini ittiham edərək,
onların nə vaxtsa, Azərbaycan xalqı
qarşısında cavab verməli olacaqlarını bəyan
etdi.Həmin vaxtlarda mən Moskvada aspiranturada təhsil
alırdım və o zaman Ümummilli liderimizlə
yaxınlaşmamız baş verdi. Təxminən 1990-cı
ilin may ayının sonu iyunun əvvəllərində Azərbaycana
gələn Heydər Əliyevi müşayiət edən 3
adamdan biri mən oldum. Lakin Mütəllibov
hakimiyyəti Ulu öndərimizin qarşısına öyrədilmiş
xüsusi qrup çıxarmışdı və onlar da əsassız
olaraq, deyirdilər ki, Heydər Əliyev Azərbaycana
qayıtmasın. Lakin tarixi təcrübə
göstərdi ki, həmin insanların atdıqları
addımlar çox yalnış idi. Çünki,
həmin vaxtda Azərbaycan xalqının Ümummilli lider Heydər
Əliyev kimi dahi siyasətçiyə ehtiyacı vardı.
Amma Ona Bakıda yaşamağa imkan vermədilər,
bu səbəbdən də, Heydər Əliyev
Naxçıvana getməli oldu.Mən Naxçıvanda da
Ümummilli liderin yanında idim. O zaman Ulu öndərin
Naxçıvan fəaliyyətini işıqlandırmaq
üçün «Azadlıq» radiosu, Amerikanın səsi, Alman
dalğası və digər beynəlxalq KİV-lərə
müraciətlər edirdik. Beləliklə də,
Heydər Əliyevin fəaliyyətinin Naxçıvan
dövrü başlandı.Həmin vaxtda Onun deputatlığa
namizədliyi Naxçıvan əhalisi tərəfindən irəli
sürüldü. Heydər Əliyev
deputat seçiləndən sonra isə mən təhsilimi
davam etdirmək üçün yenidən Moskvaya
qayıtdım.Ulu öndərlə növbəti təmasımız
1992-ci ildə – mən təhsilimi başa vurub
Naxçıvana qayıtdıqdan sonra oldu. O vaxt mən
Naxçıvan Dövlət Universitetində işləyirdim
və Azərbaycanın gələcəyilə tarixi qərarın
verilməsi üçün ziyalıların Ulu öndərlə
görüşlərini, müraciətini yaxından izləyirdim.
Eyni zamanda, Yeni Azərbaycan Partiyasının təsis
konfransının keçirilməsində, onun
Naxçıvanda şəhər və rayon təşkilatlarının
yaradılması və təşkilatlanması prosesində də
iştirak etdirdim. 1993-cü ildən Yeni Azərbaycan
Partiyasının ideoloji şöbəsinin müdiri işləməyə
başladım, 1994-cü ilin sonu 1995-ci ilin əvvəllərindən
isə Prezident Aparatının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri kimi fəaliyyətimi davam
etdirdim.Əlbəttə ki, Onunla təmasda olduğum müddətdə
bir daha əmin oldum ki, Heydər Əliyev unikal bir ŞƏXSİYYƏT
idi. Azərbaycan dövlətini və
xalqını sevməyin əsil nümunəsini ortaya
qoymuş ən böyük AZƏRBAYCANLI idi. Onun ölkəyə rəhbərlik etməsi faktı
isə dövlət idarəçiliyinin fenomenal nümunəsini
ortaya qoydu. Heydər Əliyev elə bir
dahi siyasətçi idi ki, Onun düşüncələri
ölkə sərhədlərini aşaraq, qlobal səviyyəli
idarəçiliyin qurulması qüdrətində idi. Ümummilli lider xarizmatik bir siyasətçi idi və
Onun siyasi rəhbərlik nümunəsi nəinki, həmin
dövrün insanları, hətta, gələcək nəsillər
üçün də örnəyə çevrildi. Bu mənada demək istərdim ki, Ümummilli liderin
qurduğu dövlət və yaratdığı komanda hələ
çox illər Onun ideyaları ilə yaşayacaq. Onun formalaşdırdığı milli dövlət,
siyasət perspektivdə kimlərin hakimiyyətə gəlməsindən
asılı olmayaraq, Azərbaycan üçün yeganə
inkişaf yolu olacaq. Əminəm ki, gələcək
nəsillər və partiyalar da Heydər Əliyevin fəaliyyətini
özlərinə nümunə kimi götürəcəklər
və fikirlərini, düşüncələrini Ulu öndərin
təlimi üzərində əsaslandırmağa
çalışıcaqlar.
- Bu
gün isə sevindirici haldır ki, Ümummilli liderin əsasını
qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. YAP-ın III qurultayında partiyanın
Sədri seçilməsi, eyni zamanda, ölkə rəhbərliyinə
gəlməsi Azərbaycan üçün hansı dəyişiklikləri
şərtləndirdi?
- Faktiki
olaraq, Prezident İlham Əliyevin həm ölkə rəhbərliyinə
gəlməsi, həm də YAP-ın Sədri seçilməsi
Heydər Əliyev siyasi kursunun dönmədən
davamının qarantı idi. Təbii ki, o zaman
Heydər Əliyevin opponentləri var idi. İstənilən
zamanda, istənilən şəxsin opponenti olub. Amma siyasi varis kimi Prezident İlham Əliyevin həm
partiya, həm də hakimiyyət başına keçməsi
Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun dönmədən,
ardıcıl davam etdirilməsi demək idi. Sözün
həqiqi mənasında, Heydər Əliyev siyasi kursunun Azərbaycanda
alternativi yox idi və yaxın 10 il ərzində
bir daha gördük ki, ölkəmizin inkişafında yeni mərhələnin
başlanğıcı oldu. Prezident İlham Əliyev
hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin Azərbaycanın
keçid dövrü üçün müəyyənləşdirdiyi
siyasətə edilir dövlətin və xalqın
ehtiyaclarına uyğun olaraq, müəyyən korrektələr
də etdi. Bilirsiniz ki, Heydər Əliyevin
əsasını qoyduğu yeni neft strategiyası bütün
gücü ilə bu gün işləyir, Azərbaycanın
imkanları getdikcə artır və daxili, xarici çərçivəyə
sığmır, ölkəmiz bölgənin tək milli
dövləti yox, regional statuslu gücə çevrilir.
Həmçinin, Azərbaycanın iqtisadi-sosial, siyasi və
digər istiqamətli siyasəti artıq ölkə
miqyasını aşmaqla qlobal xarakter daşımağa
başlayır.Heydər Əliyev siyasətinə yalnız
müəyyən korrektələr edilir, lakin Azərbaycan
dövlətçiliyinin təməl prisiplərinin
qorunması, xalqının milli adət-ənənələrinin
saxlanması və inkişafı, ölkədə vətəndaş
cəmiyyəti quruculuğu prinsipləri və vətəndaşların
vahid düşüncə ətrafında birləşdirilməsi
ideyası nə qədər ölkəmiz var yaşayacaq.
- Prezident
İlham Əliyevin YAP-ın Sədri seçilməsi partiya
üçün hansı yenilikləri şərtləndirdi?
- Prezident
İlham Əliyevin YAP-a Sədr keçməsindən,
ölkə rəhbəri seçilməsindən sonra Azərbaycanın
gənclik mühitində ciddi bir canlanma müşahidə
olunmağa başladı. Əlbəttə ki,
Heydər Əliyev dövlətin xilası, qurulması və
inkişafı mərhələsində əvəzedilməz
siyasətçi idi. Azərbaycan dövlətçiliyinin
yeni dövründə isə, yəni, 2003-cü ildən
başlayaraq, Prezident İlham Əliyevin dövlət rəhbəri
kimi ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə
gətirdi. Həqiqətən də,
çəkinmədən demək olar ki, 2004-cü ildən
başlayaraq, Azərbaycanın inkişafında, YAP-ın fəaliyyətində
bütün parametrlər üzrə yeni mərhələ
başladı.
- Söylədiklərinizin
fonunda Yeni Azərbaycan Partiyasının Azərbaycanın
siyasi sisteminin formalaşdırılması, demokratik
ab-havanın yaradılması prosesindəki rolunu qiymətlənlirərdiniz?
- Bu bir
faktdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın
dövlətçiliyinin inkişafının bitkin
konsepsiyasını yaratdı, hakimiyyətə gəlmənin
sivil ənənələrini formalaşdırdı. Bu mənada
YAP 1995-ci ildə çoxpartiyalı sistem əsasında yeni
parlament formalaşdırdı, Konstitusiyanı qəbul etdi. Bu
Konstitusiyanın isə təməl prinsipləri Azərbaycan
demokratik inkişafını şərtləndirir,
insanların hüquq və azadlıqlarının
bütün spektrlərini təmin edir, ölkənin bazar
iqtisadiyyatı yolu ilə dünyanın qabaqcıl dövlətlərilə
inteqrasiya xəttini təlqin edir, dövlətimizi bölgənin
və dünyanın əsas inkişaf etmiş, sülhvevər
ölkələrilə birgəyaşayış
normalarına əsaslanan siyasətin həyata keçirilməsini
təşkil edir. Əlbəttə ki, YAP
bütün bu proseslərin əsasında dayanırdı.
Məhz, Ümummilli lider YAP-a söykənərək,
dövlətçiliyimizin qorunması və
inkişafını həyata keçirirdi. Bu gün isə
Prezident İlham Əliyev YAP-a söykənərək, real
siyasət həyata keçirməkdədir.
- Əli
müəllim, YAP-ın İdarə Heyətinin üzvü
kimi sonda yubileyini qeyd edən partiyamızın 600 minə qədər
üzvünə hansı sözləri çatdırmaq istərdiniz…
-
Sözün həqiqi mənasında, Yeni Azərbaycan
Partiyası 20 ildə ciddi inkişaf yolu keçib, təkmilləşib,
özünün bütün milli strukturunu
formalaşdırıb. Bu gün ölkəmizin
elə bir yaşayış məkanı yoxdur ki, orada
YAP-ın özək təşkilatları olmasın. Bu mənada YAP-ın 20 illik yubileyi münasibətilə
partiya üzvlərinə ilk növbədə yüksək fəallıq
arzu edirəm. YAP-ın qabaqcıl nümayəndələrinin
daha çox dövlət strukturlarında
çalışdığından partiya dövlət
quruculuğu işilə məşğuldur. Lakin
buna baxmayaraq, partiyanın xüsusilə də, gənclər
təşkilatları, ideoloji strukturları əsas
aparıcı tendensiyaların önündə dururlar.
Düşünürəm ki, elə gənclər cəmiyyətimizin
aparıcı qüvvəsi kimi proseslərin önündə
durmalıdır.Əlbəttə ki, bu gün 600 minə qədər
üzvü olan Yeni Azərbaycan Partiyası ölkənin həyatında
mühüm rol oynayır. Hazırda olduğu
kimi, gələcəkdə də dövlətin inkişaf
etdirilməsi prosesində əhəmiyyətli mövqe tutacaq.
Bu mənada bütün partiya üzvlərinə
uğurlar arzulayıram.
Səs.- 2012.- 13
noyabr.- S.4-5.