Azərbaycan
Birinci Dünya müharibəsi illərində
Birinci
Dünya Müharibəsi Azərbaycana da ciddi zərbi vurdu. M.İsmayılov
yazır ki, Birinci Dünya müharibəsinə
qoşulmuş ölkələrin Azərbaycana münasibətdə
də planları var idi. Alman
imperializmi Qafqaza can atır, Bakı neftini ələ
keçirmək istəyirdi. Oktyabrın 31-də
Rusiya Türkiyəyə müharibə elan etdi. Müharibənin Qafqaz cəbhəsi yarandı.
Türkiyə bu cəbhəyə böyük
qoşun hissələri yerləşdirdi. Qafqaz
cəbhəsi Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə
qədər uzanırdı. Türk
qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin,
Cənubi Azərbaycana soxuldular, müvəffəqiyyət də
qazandılar. Lakin 1916-cı ildə
çar qoşunları onları sıxışdırdı.
Dünya müharibəsi çar
Rusiyasının bütün xalq təsərrüfatını
yenidən qurmağı, təsərrüfatın
bütün ağırlıq mərkəzini müdafiə sənayesinə
keçirməyi tələb edirdi: Azərbaycanda bu sahədə
neft sənayesi mühüm rol oynamalı idi. Neft
sənayesi bu dövrdə böyük çətinliklərlə
qarşılaşdı. Bu, neft sənayesinə
tələb olunan avadanlığın vaxtında
çatdırılmaması, nəqliyyatın işində
xeyli pozğunluq yaranması və s.-lə bağlı idi.
Bununla əlaqədar olaraq, neft buruqları
qazılması işi xeyli ləngiyir, neft hasilatı
aşağı düşürdü. Müharibə
illərində çıxarılan neftin hamısını
hökumət alırdı. Neft emalı sənaye
sahəsinin lazımi avadanlıqla təmin olunmasının
pisləşməsi, beləliklə, bu sənaye sahəsinin
texniki geriliyə məruz qalması çıxarılan neftin
hamısını emal etməyə imkan vermirdi. 1917-ci ildə çıxarılmış neftin
yalnız yarıdan bir qədər çoxunu emal etmək
mümkün olmuşdu.
Ümumi təsərrüfat
düşkünlüyü xalq təsərrüfatının
digər sahələrinə də təsirsiz
qalmamışdı. Dağ-mədən,
ipəkçilik və başqa sənaye sahələrində
də geriləmə əmələ gəlmişdi. Gədəbəydə
mis çıxarılması 1913-cü ildə 1,8 milyon puddan 1915-ci ildə 103 min puda, mis emalı
isə 49,7 min puddan 2,5 min puda endi. Şuşa və
Nuxada olan ipək emalı fabriklərinin yarıdan çoxu
işləmirdi. Müharibə yeyinti,
tikinti və başqa sənaye sahələrinə də təsir
etmişdi.
Müharibənin başlanması ərəfəsində
Azərbaycan fəhlələri ciddi ictimai-siyasi qüvvə
idi. Bakı şəhərində 1897-ci ildə fəhlələrin
sayı 100 mindən çox idi. Müharibə
ərəfəsində isə bütün Azərbaycanda
onların sayı 242 minə çatırdı. Kənd təsərrüfatı fəhlələri
(istər daimi, istərsə də mövsümi) də nəzərə
alınsa, onların ümumi sayı yarım milyona
çatırdı.
Müharibə illərində kənd təsərrüfatında
da gerilik əmələ gəldi. İstər əkinçilik,
istərsə də maldarlıq xeyli ixtisara düşdü,
pambıq əkini sahələri əsaslı surətdə
azaldı, bağçılıq və
üzümçülük tənəzzülə
uğradı. Məlumdur ki, çar
hökuməti müsəlman və türk xalqları
nümayəndələrini orduya
çağırmırdı. Lakin müharibə
zamanı, 1915-ci il iyunun 25-də "Özgə xalqlardan"
olan 18 yaşından 43 yaşına kimi şəxslərin
müharibə ilə əlaqədar işlərə səfərbərliyə
alınması haqqında fərman verildi. Bu tədbir
həyata keçirilərkən Qafqazın müsəlman əhalisinin
güclü müqavimətinə rast gəldi. Ümümi narazılıqdan ehtiyat edən Qafqaz
hökumət orqanları II Nikolaydan "25 iyun" fərmanının
ləğv edilməsini xahiş etməyə məcbur oldular.
Çar arxa cəbhə işlərinə məcburi səfərbərliyi
"könüllü" səfərbərliklə əvəz
etməyə razılıq verdi. "Könüllü" səfərbərlik, əslində,
ümumi səfərbərlikdən heç bir şeylə fərqlənmirdi.
"Könüllü" səfərbərlik nəticəsində
Azərbaycanın əmək qabiliyyətli kənd əhalisinin
kişilərinin xeyli hissəsi təsərrüfatdan ayrılaraq
cəbhə arxasında, xüsusən, cəbhə və cəbhəyə
yaxın yerlərdə istehkas tikmək, yol düzəltmək,
körpülər salmaq və s. işlərdə işlədilirdi.
İmperialist
müharibəsi dövründə kəndin xeyli dərəcədə
işçi qüvvəsindən, qoşqu heyvanlarından, əmək
alətlərindən, toxumdan, ərzaqdan məhrum edilməsi,
Rusiya və xarici bazarlarla əlaqənin kəsilməsi, milli
müstəmləkə zülmünün daha da şiddətlənməsi,
bütün bunlar - Azərbaycan kəndini təsərrüfat
pozğunluğu və iqtisadi fəlakət həddinə
çatdırmışdı.
Fəhlələrin
iş, məişət şəraiti daha
da pisləşmişdi. Bu isə fəhlə
çıxışlarına, tətillərə səbəb
olurdu. Bakı ilə yanaşı, Azərbaycan
qəzalarındakı sənaye müəssisələrinin fəhlələri
də tətil etdilər. Bu tətillər
1916-cı ildə xeyli genişləndi. 1916-cı
ilin payızında bu tətillər geniş inqilabi vüsət
aldı. Fevral inqilabı ərəfəsində
isə 1917-ci ilin yanvar tətilləri daha da genişləndi.
"Proqressiv blok" bütün gücünü
mütləqiyyətin müdafiəsinə yönəltmişdisə,
liberal burjua nümayəndələri çarizmdən güzəştlər
gözləyir, ölkənin siyasi həyatında öz
mövqelərini möhkəmlətməyə
çalışırdılar. Onlar yenə ana dilində məktəblər
açmaq və s. kimi qabaqlar irəli sürdükləri tələbləri
təkrar edirdilər.
1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində
Rusiyada inqilabi şərait yetişdi. Bütün ölkədə tətillər
"Rədd olsun mütləqiyyət!..",
"Yaşasın demokratik respublika!" şüarları
altında keçən kütləvi siyasi nümayişlərlə
müşayiət olunurdu. Burjuaziyanın
çar II Nikolayla uzun-uzadı danışıqları nəticə
vermədi. Bolşeviklər zəhmətkeşləri
çarizmə qarşı silahlı üsyana
çağırdılar. Petroqrad fəhlələrinin
paytaxtın qarnizonu tərəfindən müdafiə olunan
üsyanı fevralın 27-də qələbə
çaldı, çar hökuməti devrildi.
Çarizmin yıxılması xəbəri Bakıya
martın 2-də çatdı, şəhərdə, mədən
rayonlarında çoxminli mitinqlər keçirildi. Martın 12-də
çarizmin devrilməsi münasibətilə Bakıda bayram
oldu, qoşunların rəsmi keçidi, nümayiş təşkil
edildi. Azərbaycan qəzaları və
şəhərlərində də yığıncaqlar
keçirildi. Mitinqlərdə fəhlələr
Bakı fəhlə deputatları Sovetini yaratmağı qərara
aldılar. Seçkilər keçirildi.
Martın 7-də 52 nəfərdən ibarət
Bakı Soveti yaradıldı. Sovetlərdə
çoxluğu menşeviklər və eserlər təşkil
edirdilər.
Sovetlər yaranmamışdan qabaq şəhər
Duması ictimai təşkilatları icraiyyə komitəsini
yaratdı. Martın 17-də isə müvəqqəti hökumətin
orqanı olan ictimai təşkilatların Soveti təşkil
edildi. Onun tərkibi, əsasən,
burjuaziya nümayəndələrindən ibarət idi. Bu orqan 1917-ci ilin martında müvəqqəti
hökumətin yaratdığı xüsusi Zaqafqaziya Komitəsinə
tabe edildi. Beləliklə, Bakıda iki hakimiyyət
orqanı yaradıldı: bir tərəfdən fəhlə
deputatları Soveti, digər tərəfdən isə, ictimai təşkilatların
icraiyyə Komitəsi. Azərbaycanın qəza
və şəhərlərinin bir çoxunda da ikihakimiyyətlilik
meydana çıxdı. Lakin onların bəzisində
əks qüvvələrin müqavimətini qırıb fəhlə
və əsgər deputatları Sovetlərini yaratdılar.
1917-ci il martın 10-da RSDFP-nin 5 nəfərdən
ibarət birləşmiş Bakı Komitəsi (2 bolşevik və
3 menşevik) və "Hümmət"in müvəqqəti
Komitəsi seçildi. Martın 27-də müsəlman
ictimai təşkilatlarının
yığıncağında Bakı müsəlman ictimai təşkilatları
Sovetinin müvəqqəti Komitəsi təşkil edildi.
Onun tərkibinə neft sənayeçisi Ş.Əsədullayev
və başqaları seçildilər.
ABŞ tarixçisi T.Svyatoçovski "Rusiya və Azərbaycan"
əsərində yazır ki, Qafqazda gedən müharibə
Rusiyanın xeyrinə döndüyündən, Azərbaycan
elitası çarizmin Zaqafqaziya müsəlmanları ilə əlaqələri
möhkəmlətmək kimi təşəbbüsünü
razılıqla qarşıladı. Bu yeni münasibət
1915-ci ilin payızında antimüsəlman meyillərinə və
1915-ci ildəki açar qırğınına görə
tanınmış Vorontsov-Daşkovun istefası ilə
yarandı. Onun yerinə Böyük knyaz Nikolay
Nikolayeviç təyin olundu ki, o özünü yaxşı
cəhətdən göstərmək üçün bir
sıra tədbirlər həyata keçirdi, o cümlədən,
köhnə inqilabçı Rəsulzadəyə
"Açıq söz" gündəlik qəzetini nəşr
etmək icazəsini verdi. İlk dəfə
1915-ci ilin oktyabrında nəşr olunan "Açıq
söz" qəzeti özünü türk qəzeti
adlandırırdı ki, "tyurkski" kəlməsi
artıq Rusiyada bəraət qazanmış olduğundan, bu ad
hakim dairələrin heç bir narazılığına səbəb
olmadı. Rəsulzadə müəllifi olduğu qəzetin
1-ci sayının baş məqaləsində həmin vaxt azərbaycanlı
kimliyi haqqında təsəvvürlərini belə ifadə
edirdi:
Dil baxımından biz türkük,
türkçülük bizim milliyyətimizdir. Din baxımından biz
müsəlmanıq. Hər bir din öz
daşıyıcıları arasında xüsusi bir
sivilizasiya yaradır, bu sivilizasiya isə beynəlmiləlçiliyin
müəyyən bir formasını əmələ gətirir.
Bir müsəlman və türk kimi biz
islamın yaratmış olduğu beynəlmiləlçiliyin
tərkib hissəsiyik.
Başqa sözlə desək, "Açıq
söz" Rusiyanın müharibə cəhdini və
çarizmin maraqlarını dəstəkləyirdi.
Çarizm və Azərbaycan icması arasındakı əlaqələrdəki
irəliləyiş neftin satış qiymətlərinin təzələnməsi
ilə eyni vaxta düşdü. Bu, Bakı neft
istehsalçılarının ürəyindən olan bir tərəqqi
idi, onlar Qara dəniz gəmiçiliyi üçün təhlükə
yaranması ilə əlaqədar müharibənin əvvəlində
qiymətlərin kəskin düşməsinin şahidi
olmuşdular. Yaranmış təhlükə rusların
Qafqaz cəbhəsindəki uğurları ilə sovuşdu və
1916-cı il ruslar üçün
bir-birinin ardınca qazanılan böyük zəfərlər
ili oldu. Bakı sakinləri Nargin adası sahillərində
yerləşən əsir düşərgəsinə
aparılan və şəhərin içi ilə
addımlayan türk hərbi əsirlərinin uzun
sıralarına öyrəşmişdilər. Psixoloji
alışmanı nümayiş etdirərək, Azərbaycanın
din rəhbərləri rusların Ərzurumu ələ
keçirməsi münasibətilə şükranlıq duaları
oxudular. Aydın idi ki, Qafqaz cəbhəsində gedən
müharibə Türkiyənin əleyhinə yönəlirdi
və 1917-ci il rus inqilabı həm arxa, həm
də ön cəbhədə tamamilə yeni vəziyyət
yaradana qədər osmanlıların bəxti heç cür
gətirmədi. Bundan sonra da Türkiyənin təşəbbüsü
yenidən ələ alması 1917-ci ilin martında
çarizmin devrilməsi ilə başlanan rus siyasi
çevrilişinin birinci mərhələsində bir o qədər
də hiss olunmayacaqdı.
Türkiyə ordusunun komandanı Ənvər
Paşanın məqsədi Rusiya-Qafqaz cəbhəsinin Qars və
Sarıqamış arasındakı əsas ehtiyat qüvvələrini
məhv etməkdən ibarət idi. Bundan sonra
Zaqafqaziyanın işğalı nəzərdə tutulurdu.
İran Azərbaycanına, sonra Bakıya
keçmək üçün əməliyyata kömək məqsədilə
cinah yürüşündən istifadə olunacaqdı.
Üç yardımçı diviziyanın
xüsusi qrupu bu böyük məqsəd üçün nəzərdə
tutulmuş və Ənvər Paşanın gənc əmisi Xəlil
Paşanın komandanlığı altında yerləşdirilmişdi.
Baş hücum dekabrın 22-də
başlandı və türklərin hücumları əvvəlcə
uğurlu oldu. Cəbhənin Şimal xəttində
ruslar Ərdəhanı tərk etməli oldular. Rus məmurları tələsik şəkildə
Zaqafqaziyanı boşaltmağa
hazırlaşdıqlarından, çar hökuməti
hücuma başlamaq üçün öz Qərb müttəfiqlərinə
müraciət etdi və bu xahiş Qallipoli əməliyyatının
keçirilməsi üçün zəmin hazırladı.
Bununla belə, yaranmış böhranlı vəziyyət
yanvarın ortalarında Sarıqamışa əks-hücum nəticəsində
doqquzuncu qoşun korpusunun darmadağın edilməsilə
Rusiyanın xeyrinə həll olundu. Döyüşlərdə,
eləcə də soyuqdan, xəstəlikdən və
aclıqdan əldən-ayaqdan düşən
Üçüncü Türk Ordusu canlı qüvvəsinin
85 faizini - 90000-ə yaxın əsgərini itirdi. Sarıqamışda qazanılan nəticələr
Qafqaz cəbhəsindəki müharibənin gələcək
gediş xəttini müəyyənləşdirdi. Bu müharibədə Türkiyə strateji təşəbbüsü
itirdi və münaqişənin aradan
qaldırıldığı axır aylara qədər öz əvvəlki
vəziyyətinə qayıda bilmədi. 1915-ci
ilin yazında rus qüvvələri erməni
başıpozuqlarının köməyi ilə Şərqi
Anadoluya girdilər. Ermənilərin
düşmənçiliyi üzündən yaranan təhlükə
Türkiyə hökuməti tərəfindən məhəlli
döyüşlər və qətllərlə müşayiət
olunan kütləvi deportasiyalara dair sərəncam verilməsinə
səbəb oldu.
İki Azərbaycandan İrana aid olan hissə
öz-özlüyündə mühüm əhəmiyyətli
strateji məqsəd daşımasa da, hərbi
döyüşlər burada dərin işlər
buraxmışdı. Çünki İran Azərbaycanı
Bakı üzərinə tuşlanmış cinah və ya
diversiya yürüşləri üçün dəhliz
rolunu oynayırdı. 1915-ci ilin
baharında son məqamda ixtiyarında ekspedisiya qüvvəsi
olan Xəlil Paşa Mosuldan Təbrizə hərəkət
etdi, lakin Van rayonunda böyük erməni üsyanı
başlandığından, Anadoluya geri çəkilməyə
məcbur oldu. Baş vermiş digər iki hadisə
vaxtı Ömər Naci, sözsüz, dost kimi
qarşılanacaqları İran Azərbaycanında antirus
çıxışlarını yaymağa
çalışdı.
Vahid
ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 14
noyabr.- S.14.