Yeni Azərbaycan Partiyası tarixi missiyanı reallaşdıran mütərəqqi siyasi təşkilatdır

 

Azərbaycanın bugünkü siyasi-ideoloji sistemi, sosial-iqtisadi vəziyyəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyi haqqında düşünərkən, görünən nəticələrin necə əldə olunması haqqında fikirləşməli oluruq. Ölkəmizin keçdiyi inkişaf yoluna nəzər saldıqda, orada çətin durumların olduğunu, xalqla hakimiyyətin mühüm məqamlarda birgə addımladığını və həyati qərarlar qəbul etdiyini, nəticədə isə modern Azərbaycanın qurulduğunu aydın şəkildə görə bilirik. Və hər zaman da nəzərə almaq lazımdır ki, Azərbaycanın qazandığı nailiyyətlər konkret fəaliyyətin bəhrəsidir və hansısa kənar direktivlərin diqtəsinin nəticəsi deyil. 

Xalqın milli enerjisi və dövlət quruculuğu. 

Tarixi təcrübədən də aydındır ki, hansı cəmiyyətdə nizam və səfərbərlk olub, həmin sosium digərlərindən daha çox inkişaf edib, möhtəşəm nailiyyətlər əldə edib. Doğrudur, Azərbaycan xalqı milli ideyanın transformasiyasının nəticəsi olaraq, vahid sosial-siyasi güc kimi hərəkət edərək, 1991-ci ildə tarix boyu arzuladığı müstəqilliyə nail oldu. Bu, məhz cəmiyyətimizin siyasi şuür və davranış birliyinin tarixi məhsulu olaraq, ortaya çıxdı. Lakin sonrakı mərhələdə mütləq idi ki, xalqın milli enerjisi dövlət quruculuğuna, ölkənin sosial-iqtisadi həyatının yüksəldilməsinə yönəldilsin. Lakin məlum olduğu kimi, hakimiyyəti qəsb etmiş marginal qruplar korporativ maraqları naminə onu istismar etdiklərindən, Azərbaycanın müstəqilliyini, daha doğrusu, əsrlər boyu insanların şüuraltında formalaşmış müstəqil ölkə haqqındakı arzularını təhlükə qarşısına qoydular. Əlbəttə ki, həmin dövrün hakimiyyətinin çoxsaylı səhvlərinin nəticəsində ölkədə yaranmış xaos eyni dərəcədə siyasi institutların fəaliyyətsizliyindən və azad mətbuatın olmamasından asılı idi.

Qeyd olunması əhəmiyyətlidir ki, bu dövrdə fəaliyyət göstərən mətbuat orqanlarının birbaşa hakimiyyət tərəfindən təzyiqlərə məruz qoyulması, azad sözün boğulması, fikir plüralizminin olmaması, milli ideologiyanın mənimsənilməməsi və siyasi partiyaların yalnız şəxsi maraqlar prizmasından fəaliyyət göstərməsi ölkədəki ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir vəziyyətdə siyasi sistemin quruluşuna, ölkədəki ictimai-siyasi atmosferə əhəmiyyətli şəkildə təsir edə və sosiumu dövlətçilik naminə hərəkətə gətirə biləcək təkanverici qüvvəyə ehtiyac var idi. Həmin rolu isə xalqın təklifilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə yaradılmış Yeni Azərbaycan Partiyası ifa etdi. 

Xalqın Ulu Öndər Heydər Əliyevi dahi kimi görməsi səbəbsiz deyildi... 

Yeni Azərbaycan Partiyası milli dövlətçiliyin qorunması, inkişaf etdirilməsi, insanların müstəqil yaşamaq arzusunun reallığa çevrilməsi kimi tarixi missiyanın həyata keçirilməsi üçün yaradılmış bir siyasi partiya idi. Ölkənin bütün regionlarından Naxçıvana sayı bilinməyən teleqramların vurulması, sonda isə ziyalıların «Səs» qəzeti vasitəsilə Ümummilli Lider Heydər Əliyevə müraciət göndərməsi bir daha həmin tarixi missiyanın Ulu Öndərimizin və yaradılacaq YAP-ın üzərinə düşməsini şərtləndirirdi. Bu, o demək idi ki, Yeni Azərbaycan Partiyasını hansısa korporativ maraqları reallaşdırmaq istəyən qruplar deyil, məhz xalqın özü yaradırdı, Ümummilli Lider Heydər Əliyevi də YAP-ın lideri kimi görürdü. Elə insanların Heydər Əliyev şəxsiyyəti ətrafında birləşməsi və Onu ölkənin gələcəyini müəyyənləşdirən DAHİ kimi görməsi də səbəbsiz deyildi. Yəni, 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbərliyə gəlmiş Heydər Əliyev ölkəni inkişafın aqrar səviyyəsindən sənaye mərhələsinə daşıdı, sosiumun isə industrial tərəqqisini təmin etdi.

Ulu Öndərimiz məhz 1969-1982-ci illərdə ziyalıları məhv edilmək üzrə olan cəmiyyətin kütləvi şüurunu yenidən oyatdı, onun milli ideyasının passiv mərhələdən aktiv fazaya keçməsini təmin etdi, bununla da, Azərbaycan adlı geosiyasi məkanın sahibinin azərbaycanlılar olduğunu yaddaşlarda bir daha alovlandırdı. 1990-cı ildə Naxçıvana gələndə isə Ümummilli Lider Heydər Əliyevin ilk işi hələ keçmiş SSRİ imperiyası dağılmamışdan əvvəl Naxçıvanı onun sərhədlərindən kənarlaşdırdı, bayrağını, gerbini və himnini ləğv etdirdi, Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Məhz xalq Azərbaycan dövlətçiliyi qarşısında bu cür tarixi addımlar atmış ŞƏXSİYYƏTİ dövlətinin başında durmasını istəyirdi və buna da nail oldu. Eyni prosesin nəticəsi idi ki, xalqın istəyilə yaradılmış Yeni Azərbaycan Partiyası 6-7 ay sonra elə cəmiyyətimizin dəstəyilə də hakimiyyətə gəldi...

Yeni Azərbaycan Partiyası insanların arzusunu reallaşdırmaq kimi tarixi missiyanı yerinə yetirməklə yanaşı, eyni zamanda, cəmiyyətimizin siyasi, sosial-iqtisadi həyatına yeni dəyərlər də gətirmiş oldu. Siyasi mübarizənin sivil qaydalarının, dövlətçilik maraqlarının qorunması nümunəsinin, milliliyin və tarixiliyin müdafiə edilməsinin ən optimal yollarını sosiuma təqdim etdi. 

YAP-ın siyasi ideoloji işinin təbliğ edilməsində onun mətbuat orqanlarının da xüsusi rolu var. 

YAP, həmçinin, siyasi-ideoloji işin düzgün istiqamətdə qurulması ilə Azərbaycanın dünya azərbaycanlılarının vahid dövlətinə çevrilməsini təmin etdi. 1999-cu ildə YAP-ın I Qurultayında qəbul edilmiş partiyanın Nizamnaməsində və Proqramında öz əksini tapmış siyasi-ideoloji müddəalar reallaşdırılmaqla, bu sahədə qarşıya qoyulmuş vəzifələr yerinə yetirildi.

Bu məqamda, qeyd edək ki, Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji işinin təbliğ edilməsi, onun mətbuat orqanlarının da xüsusi əməyi və rolu var. Partiyanın işini yüksək səviyyədə işıqlandıran «Səs», «İki sahil» və «Yeni Azərbaycan» qəzetləri bu gün də dövlətçiliyi müdafiə edən hər bir azərbaycanlının söz və fikir tribunası rolunda çıxış edir. Ümummilli Liderimiz Heydər Əliyev tədbirlərdə, partiyanın qurultaylarında dəfələrlə bu qəzetlərin fəaliyyətini yüksək qiymətləndirib. Amma o da vurğulanmalıdır ki, Ulu Öndərin mətbuata olan diqqət və qayğısı elə onun rəhbərlikdə olduğu ilk günlərdən sezilirdi.

Məhz DAHİ ŞƏXSİYYƏTİN tarixi Fərmanı ilə mətbuat senzuradan azad edildi, borclar donduruldu və medianın inkişafına keyfiyyətcə yeni təkan verildi. Bu, bir faktdır ki, Ümummilli Lider Heydər Əliyevin mətbuata ayırdığı xüsusi diqqət sayəsində bu sahədə maddi-texniki təchizat yüksək səviyyəyə çatdırıldı, vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsinə töhfələr verildi və vətəndaş-dövlət münasibətlər sisteminin gücləndirilməsinə yeni çalar qatıldı.

Çox sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ulu Öndərimizin 2003-cü ildə xalqa etdiyi müraciət zamanı söylədiyi fikirlər və verdiyi məsləhətlər artıq bu günün reallığına çevrilib. Yəni, Onun müraciətinə cavab olaraq, Heydər Əliyev siyasətinin Azərbaycanda davamlı həyata keçirilməsini istəyən xalq DAHİ ŞƏXSİYYƏTİN layiqli siyasi varisi cənab İlham Əliyevi 2003-cü ildə Prezident seçdi. İllər ötdükcə, Azərbaycanın inkişaf etdiyini, Bakı ilə bölgələr arasındakı tərəqqi fərqinin azaldığını, insanların sosial rifah halının yüksəldiyini görən xalqımız 2008-ci ildə də eyni seçimini etdi və bir daha Heydər Əliyev siyasətinin davamlılığını təmin etdi. 

Hər bir azərbaycanlı düşünürdü ki, ölkəmizin gələcəyini yalnız cənab İlham Əliyev uğurlu və nailiyyətli qura bilər. 

Prezident İlham Əliyevin partiyanın III Qurultayında YAP-ın Sədri seçilməsi faktoru da ümumilikdə ölkənin inkişafında əhəmiyyətli rol oynadı. 2005-ci ildən başlayaraq, Yeni Azərbaycan Partiyasının sıralarının gənclərin hesabına genişlənməsi də ölkədə aparılan siyasi-ideoloji işin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirdi. Artıq cəmiyyətdə Prezident İlham Əliyev haqqında və Yeni Azərbaycan Partiyası barədə vahid fikir formalaşmışdı. Hər bir azərbaycanlı düşünürdü ki, ölkəmizin gələcəyini yalnız cənab İlham Əliyev uğurlu və nailiyyətli qura bilər. Bu səbəbdəndir ki, 2009-cu ildə xalqın sifarişilə ölkə Konstitusiyasına əlavə və dəyişikliklər edildi. Beləliklə də, insanlar bir daha Yeni Azərbaycan Partiyasına və onun Sədrinə olan yüksək etimadlarını ifadə etmiş oldular. Cəmiyyətimizin Yeni Azərbaycan Partiyasına olan inamı, həmçinin, 2010-cu ildə keçirilmiş parlament seçkilərində də özünü nümayiş etdirdi.

Bir sözlə, bu gün, nəinki Azərbaycanda, hətta regional səviyyədə ən güclü siyasi təşkilat kimi tanınan Yeni Azərbaycan Partiyası Nizamnaməsinə və Proqramına yüksək dəqiqliklə riayət etməklə, xalqın arzularını reallığa çevirmək missiyasının öhdəsindən layiqincə gəlir. Ötən hər gündə Azərbaycanın simasının dəyişməsi, insanların rihaf halının yüksəlməsi, dövlətin azərbaycanlıların qürur mənbəyinə çevrilməsi Yeni Azərbaycan Partiyasına və onun Sədri, cənab Prezident İlham Əliyevə olan dəstəyi daha da artırır. Artıq bu gün əminliklə demək olar ki, bundan sonra keçiriləcək növbəti seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədləri yüksək etimadla qalib gələcək və dövlətin inkişafı uğrunda öz fəallıqlarını daha da artıracaqlar. Çünki Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi və Yeni Azərbaycan Partiyasının qarşısına çıxa biləcək hər hansı rəqib yoxdur.

 

 

Bəhruz Quliyev,

«Səs» qəzetinin Baş redaktoru

yap.org.az

 

Səs.- 2012.- 14 noyabr.- S.10.