YAP hakimiyyətə gələndən sonra Azərbaycan dönməz tərəqqi yoluna çıxdı və onun müstəqilliyi əbədiləşdi

 

Müsahibimiz Milli Məclisin vitse-spikeri, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradovadır 

 

- Bahar xanım, artıq Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünü qeyd edirik. Amma bu partiyanın təşəkkül tapma dövrü istənilən aspektdən maraq kəsb edir. Bu mənada istərdik ki, gənclik illərində həmin dövrü gözlərilə görmüş bir şəxs kimi YAP-ın təsis ərəfəsindəki ictimai-siyasi prosesləri təhlil edəsiniz…

- Əlbəttə ki, 1990-cı illərin Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən dövr kimi hələ uzun müddət araşdırmaçıların və tədqiqatçıların diqqət mərkəzində olacaq, müraciət olunan mövzu kimi aktuallığını saxlayacaq. Çünki, hər bir xalqın müstəqilliyə gedən yolda qarşılaşdığı problemlər, onun ayaqda durması üçün göstədiyi cəhdlər, verdiyi tarixi qərarlar və təbii ki, əldə etdiyi nailiyyətlər hər zaman maraq kəsb edib, ona ən müxtəlif rakurslardan yanaşmalar ortaya qoyulub və əminəm ki, bundan sonra da belə olacaq.

Məhz, 1990-cı illərin əvvəlləri də Azərbaycan xalqı və dövləti üçün bu mənada əhəmiyyətlidir.

Bir xüsusi məqamı nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı tarixin istənilən dövründə özünün layiq olduğu dövlətini qurmağı və bu keyfiyyətinə görə, bir çox sosiumlardan fərqlənməyi bacarıb. 1991-ci ildə yenidən müstəqilliyini və özünü 1918-ci ilin ADR-nin varisi elan edən müasir Azərbaycan Respublikası müstəqillik arzusu ilə yaşayan milli ideya mənsublarının xəyallarının real ifadəçisinə çevrilib. Lakin nəzərə almaq lazımdır ki, hər iki müstəqillik dövrünün ilk illərində dövlətimiz ciddi daxili və xarici problemlərlə qarşılaşıb. Bu səbəbdən də, mütləq idi ki, 1991-ci ildə yenidən müstəqilliyini elan etmiş Azərbaycanda təzə-təzə yaranan siyasi institutlar, siyasi partiyalar və digər strukturlar ölkənin inkişafı üçün koordinasiyalı fəaliyyət sərgiləməli və perspektiv inkişaf strategiyasını müəyyənləşdirməli idilər. Amma təssüflər olsun ki, hər bir siyasi qüvvə bu ümummilli işə özünün fərdi fəaliyyəti və şəxsi maraqları prizmasından yanaşırdı. Bu da sonda hakimiyyətin səbatsız adamlar tərəfindən qeyri-qanuni yollarla ələ keçirilməsinə, istismarına səbəb oldu və ölkədəki ictimai-siyasi vəziyyət nəzarətdən çıxdı. Nəticədə isə ölkənin xaosa sürüklənməsi başladı. Mənim gənclik dövrüm də məhz, belə bir ictimai-siyasi atmosferə təsadüf edib.

Doğrudur, həmin illərdə əldə olunan nailiyyətlər bizi sevindirirdisə, digər tərəfdən qarşılaşdığımız problemlər bir çoxlarını ruhdan salırdı. Məhz, belə bir dönəmdə xalq öz sözünü deməli idi, cəmiyyətin düşünən kəsimi, ziyalıları artıq ortaya konkret mövqe qoymalıydılar. Belə bir hadisə isə baş verdi, Azərbaycan ziyalıları Ulu öndər Heydər Əliyevə müraciət etdi…

- Bu məqamda bir sual vermək istəyirəm. «91»lərlə aparılan söhbətlərdən bəllidir ki, hələ YAP-ın yaranmasından xeyli əvvəl Azərbaycanın bütün bölgələrində Ümummilli lider Heydər Əliyevə dəstək mənasında hərəkatla başlamışdı. Həmin insanlar Ulu öndərimizə olan inamını ifadə etməyin yollarını arayırdılar. Sizcə, Ümummilli liderimizə olan bu sevgi və etimad nədən irəli gəlirdi?

- Doğrudur. O zaman siyasi baxış bucağı üst-üstə düşən insanlar bir yerdə hərəkət etməklə, ölkənin və xalqın gələcəyi baxımından ən optimal yolun tapılması üçün çalışırdılar. Bir məqamı da nəzərə almaq lazımdır ki, həmin dövrdə insanlar çox aydın şəkildə kimin nəyə qadir olduğunu görürdü, bilirdi. «Azərbaycanı belə bir çətin vəziyyətdən kim xilas edə bilər?» sualı ətrafında axtarışlar aparılırdı. Ortaq fikir Ümummilli liderimiz Heydər Əliyev haqqında oldu. Lakin bu hansısa intitutiv qərar deyildi. Çünki, sosiumda Ulu öndərimizə olan münasibət və sevgi çoxdan formalaşmışdı. Hətta, mən şəxsi həyatəmdan bir tarixçəni sizə xatırlatmaq istəyirəm.

Hələ 1987-ci ildə Ulu öndər Heydər Əliyev vəzifəsindən uzaqlaşdırılarkən, keçmiş İttiffaq mətbuatında Ona qarşı çirkin kampaniya aparılırdı. Təbii ki, Azərbaycanda da bu işə dəstək verənlər də var idi. «Kitab» cəmiyyətinin Yasamal (keçmiş Oktyabr) rayon təşkilatının məsul katibi idim. Həmin zaman mənimlə bərabər iki nəfərdə qərar gəlmişdik ki, Heydər Əliyevin hüquqlarının Müdafiə Komitəsi yaradaq. Azərgeologiya İnstitutu ilk partiya təşkilatının sədri Akif müəllim və Yasamal rayon partiya komitəsinin təşkilat şöbəsinin təlimatçısı Məmməd Qazıyev ilə birgə həmin Komitənin nizamnaməsini də hazırlamışdıq. Lakin müxtəlif yollarla bizim bu ideyamızın reallaşmasına imkan verməmişdilər. Keçmiş imperiya daxilində başlanmış məlum hadisələr və Azərbaycandakı milli xalq hərəkatı isə bu işlərimizin həyata vəsiqə almasına mane oldu…

Məhz, çəkdiyim misal əsasında demək istəyirəm ki, cəmiyyətdə Ulu öndər Heydər Əliyevə böyük inam var idi. Buna görə də, YAP-ın yaradılması və Ümummilli lider Heydər Əliyevin mühüm siyasi faktor kimi önə çıxması göstərilən amillə əlaqəli idi. Elə bu səbəbdən idi ki, Heydər Əliyevə böyük inam bəsləyən bütün insanlar özünü DAHİ ŞƏXSİYYƏTİN dəstəkçisi, tərəfdarı hesab edirdi.

- Bahar xanım, məlumdur ki, sizin YAP-ın ərazi ilk partiya təşkilatlarının yaradılması işinə də töhfələriniz olub…

- Əlbəttə ki, mən partiyanın yaradılması üçün 91 ziyalının Ulu öndərə ünvanladığı müraciətin hazırlanmasında iştirak etməmişəm. Lakin partiya yaranandan mən onun fəal üzvünə çevrilmişəm, YAP-ın təsisindən bir neçə ay sonra üzvlüyə ərizə vermişəm. Həmçinin, həmin ərəfədə Yasamal rayon İcra Hakimiyyətinin təlimatçısı kimi orada YAP-ın ərazi ilk partiya təşkilatını da yaratmaq istəmişəm. Amma İcra Hakimiyyətində heç kimdən dəstək ala bilməmişdim. Orada ilk partiya təşkilatının yaradılması mümkün olmadığından 574 saylı məhəllədə təsis olunmuş ərazi ilk partiya təşkilatı çərçivəsində fəaliyyət göstərməyə başladım. Sevinirəm ki, YAP-ın təşkilatlanmasında hansısa fəaliyyətim olub. Elə o gündən fəxr edirəm ki, YAP-ın üzvüyəm və bu mənim şüurlu seçimimdir.

- Məhz, bu konteksdə sizin xüsusi bir faktora toxunmanızı istəyirdik. Bəllidir ki, bu gün respublikamızda 50-dən artıq siyasi partiya var. Lakin partiyaların böyük əksəriyyətinin yaranması məsələsində müəyyən qaranlıq məqamlar var. Məsələn, AXCP, Müsavat, ADP və digərləri milli xalq hərəkatından sui-istifadə nəticəsində meydana çıxıblar. YAP isə xalqın istəyilə yaradılıb. Məhz, sosial sifarişin nəicəsi olan YAP-ın təsisindən 6 ay sonra hakimiyyətə gəlməsinin əsas səbəbləri hansılardır?

- Ümumiyyətlə, YAP-ın təsis olunmasından sonra gedən təşkilati məsələlərin qurulması, ərazi təşkilatların yaradılması prosesi zamanı heç kəs bilməzdi ki, çox qısa müddət ərzində partiyamız hakimiyyətə gələcək. Çünki, o zamanki hakimiyyətin repressiv siyasəti səbəbindən YAP-ın təsis konfransının Bakı şəhərində keçirilməsi mümkün olmadı. Həmçinin, baş vermiş hadisələrə nəzərən çoxları inanmırdı ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın paytaxtına gələ və yenidən hakimiyyət kürsüsünə əyləşə bilər. Bütövlükdə isə götürdükdə AXC-Müsavat hakimiyyəti Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini Naxçıvan MR ilə məhdudlaşdırmışdı və düşünürdülər ki, YAP-ın da təsir dairəsi bu bölgədən kənara çıxa bilməyəcək. Lakin proses tamamilə əksinə getdi. Yeni Azərbaycan Partiyasının yaranmasından qısa müddət sonra rayon və şəhər təşkilatları formaşalaşdırıldı, beləliklə də, YAP respublika səviyyəsində güclü sosial dəstəyə malik partiyaya çevrildi. Bunun da səbəbi qeyd etdiyim kimi, insanların yalnız Heydər Əliyev ŞƏXSİYYƏTİNDƏ ümid mənbəyini görməsi idi.

Həmin dönəmdə siyasi hakimiyyətin daxili ictimai-siyasi sabitliyi təmin edə bilməməsi, ölkənin vətəndaş müharibəsi astanasında durması, demək olar ki, dövlətçiliyimizin real dağılma təhlükəsilə üzləşməsi bir daha nəzərləri Ümummilli lider Heydər Əliyevə – XİLASKARA yönəltdi. Hətta, vurğulanmalıdır ki, ölkəni bu vəziyyətə salmış və Ulu öndərin Bakıya gəlməsinin qarşısını müxtəlif inzibati-kriminal vasitələrlə almış iqtidar da Ümummilli lider Heydər Əliyevin gəlib vəziyyəti düzəltməsini istəyirdilər. Xüsusi olaraq da, bildirməliyəm ki, Heydər Əliyevə qarşı qatı radikal mövqe tutmuş insanlar da belə Onun hakimiyyətə gəlməsinin vacib olduğunu dilə gətirirdilər. Məhz, bu cür səbəblər bir daha sübut edirdi ki, YAP hakimiyyətə gəlməli və onun Sədri Heydər Əliyev ölkəni düşdüyü vəziyyətdən çıxarmalıdır. Ona görə də, YAP yaranandan cəmi 6 ay sonra xalqın dəstəyi ilə hakim partiyaya çevrildi və nəinki, Azərbaycanı düşdüyü vəziyyətdən, hətta, ölkəmizi yeni inkişaf yoluna çıxardı. Məhz, ötən hər bir gündə insanlar 1993-cü ilin iyun ayında atdıqları addımın nə qədər doğru olduğunu anlayırlar. Çünki, YAP hakimiyyətə gələndən sonra Azərbaycan dönməz tərəqqi yoluna çıxdı və onun müstəqilliyi əbədiləşdi.

Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra YAP-ın da dövlət quruculuğu prosesinə cəlb edilməsi nəticəsində Azərbaycan naminə atılan və atılması planlaşdırılan addımlar ətrafında bütün ölkə əhalisi səfərbər edildi. Bütün Heydər Əliyev tərəfdarları Azərbaycan adlı sərvətin qorunması naminə Ümummilli lider Heydər Əliyev-YAP ətrafında birləşdi. Bəli, Yeni Azərbaycan Partiyası da üzərinə düşən vəzifənin məsuliyyətini aydın şəkildə dərk edərək, insanların ümidlərini doğrultdu.

- Bahar xanım, aydındır ki, Azərbaycanda sivil siyasi mübarizə metodlarından ilk istifadəni YAP tətbiq edib və ölkədə siyasi şüurun, siyasi mədəniyyətin inkişafına böyük təkan verib. Bəs, ümumilikdə, YAP Azərbaycanın siyasi sisteminin təşəkkülü və demokratik tərəqqisinə hansı töhfələri verə bilib?

- Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, elə əvvəl gündən sivil siyasi mübarizə yolunu seçmişdi. Hətta, YAP həmin ağır dönəmdə hakimiyyət haqqında düşünmədən milli həmrəylik çatırışları edirdi. Xatırlayırsınızsa, Ümummilli lider Heydər Əliyev gərgin zamanda öz tərəfdarlarına müraciət edərək, hakimiyyətə dəstək verməyə və ölkəni düşdüyü vəziyyətdən çıxarmağa çağırmışdı. O zaman Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinin real təhlükəli nəticələri üz-üzə olduğu üçün Heydər Əliyev insanları birliyə səsləmişdi. Amma YAP-dan fərqli olaraq, digər bütün partiyalar Dağlıq Qarabağ münaqişəsindən korporativ maraqları naminə istifadə etməyə çalışırdı. İstəyirdilər ki, ölkədəki vəziyyəti daha da gərginləşdirməklə, siyasi hakimiyyətə yiyələnsinlər. Onları torpaqların işğal edilməsi, vətəndaşlarımızın soyqırımına məruz qoyulması və qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi maraqlandırmırdı. Məhz, belə bir şəraitdə Heydər Əliyev bir daha siyasi davranış nümunəsi ortaya qoyaraq, göstərdi ki, siyasi hakimiyyətə qarşı müxalifətdə olmaq olar. Amma dövlətin və xalqın maraqlarına müxalifətdə olmaq olmaz.

Hətta, 1990-cı illərin əvvəllərində belə bir presedent də formalaşmışdı ki, ətrafına bir neçə silahlı şəxs yığmış birisi hay-küy salmaqla siyasi hakimiyyəti ələ keçirə və istimar edə bilər. Bu onun nəticəsi idi ki, həmin vaxt hakimiyyətə gəlmiş AXC-Müsavat hakimiyyətinin özünün daxilində hərbi müxalifət yaranmışdı. Lakin Heydər Əliyevin Sədri olduğu YAP bu cür halların qəbuledilməzliyini nümayiş etdirdi və siyasi hakimiyyət uğrunda mübarizənin sivil qaydalarını, siyasi mübarizə mədəniyyətini ortaya qoydu.

Digər tərəfdən, hakimiyyətdə olan insanların şəxsi maraqlarını milli mənafedən üstün tutması və fərdi qısqanclıq hisləri dövlətin düşdüyü xaos vəziyyətini daha da ağırlaşdırırdı. Hər birimizin gözü qabağında olan hadisələr bir daha bu fikirləri sübut etmişdi. Xatırlayırsınızsa, səlahiyyətli şəxslər fəaliyyətlərini dondurdular, Dağlıq Qarabağda vuruşan hərbçiləri geri çağırdılar və Ali Sovetin ətrafına topladılar. Bütün bunlar şəxsi eqoizmdən irəli gələn və dövlətə, xalqa qarşı yönəlmiş sabotaj idi. Amma Heydər Əliyev xarici qüvvələrin direktivlərilə hakimiyyətə qarşı silahlı üsyan çıxarmışlara qarşı əliyalın mübarizəyə başladı və sübut etdi ki, dövlətin başında duran şəxs hər şeydən əvvəl milli maraqları təmin etməlidir. Bu mənada Ulu öndərimiz ilk olaraq, ölkədəki separatizm meyllərinin, Ermənistanın təcavüzünün genişlənməsinin qarşısını aldı, ictimai-siyasi sabitliyi təmin etdi. Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra yüzlərlə insan ordu sıralarına yazıldı və DAHİ ŞƏXSİYYƏTİN rəhbərliyilə 1994-cü ilin fevral ayına qədər həyata keçirilən hərbi əməliyyatlar nəticəsində düşmən Ağdam və Beyləqan istiqamətində geri oturduldu, Füzulinin 22 kəndi işğaldan azad olundu. Bunun nəticəsində də, Ermənistan hərbi təcavüzünü dayandıraraq, «Atəşkəs» imzalamağa məcbur edildi. Qısa müddət ərzində görülmüş bu işlər Azərbaycanın sonrakı dayanıqlı inkişafının təməl daşına çevrildi.

Heydər Əliyev siyasi mədəniyyətin daha bir nümunəsini ölkədəki siyasi partiyaların rəhbərlərilə görüş keçirməsilə də nümayiş etdirdi. Ümummilli lider Dağlıq Qarabağ, eləcə də ölkədəki ictimai-siyasi durumla bağlı məsələlərin həlli yollarının araşdırılması üçün ölkədəki siyasi partiyaların rəhbərlərilə görüşdü və onların fikirlərini dinlədi. Yəni, xalqla məshələtləşmə Ulu öndərin fəaliyyətinin əsas amilini təşkil edirdi.

- Qeyd etdiyiniz kimi, Ümummilli lider Heydər Əliyev Azərbaycanın bir dövlət kimi ayaqda durmasını və inkişaf yoluna çıxmasını təmin etmiş LİDERDİR. Bu ŞƏXSİYYƏTLƏ görüşmüş insanların Onun haqqında çox maraqlı fikirləri olur. Elə bu mənada istərdik sizdən Ulu öndərlə bağlı ilk xatirənizi soruşaq…

- Ulu öndər Heydər Əliyevlə bağlı mənim ilk xatirəm 5-ci sinifdə oxuduğum zamana təsadüf edirdi. 1974-cü ilin avqust ayında Füzuli rayonuna səfərə gələn Heydər Əliyev yeni inşa olunmuş mədəniyyət evinin açılışında iştirak etməli idi. Biz məktəbliləri isə həmin vaxt Heydər Əliyevi qarşılamaq üçün səfər proqramına cəlb etmişdilər. Əlbəttə ki, Heydər Əliyev 1969-cu ildən Azərbaycanda rəhbərliyə gəldiyi vaxtdan sanki ölkədə böyük canlanma müşahidə olunduğundan insanların da Ona qarşı dərin məhəbbəti formalaşmışdı. Ona görə də, bütün rayon əhalisi demək olar ki, Heydər Əliyevi qarşılamaq üçün həmin yerə gəlmişdilər. Bi məktəblilər də əllərimizdə çiçək qonaqların gəlməsini gözləyirdik. Bizə demişdilər ki, gələn qonaqların hər birinə çiçək dəstələri təqdim edilməli idi, lakin mən istəyirdim ki, gülləri ancaq Heydər Əliyevə verim. Amma vəziyyət elə alındı ki, mən Heydər Əliyevə yaxın düşə bilmədim və bu səbəbdən də çiçəkləri heç kəsə vermədən əlimdə saxladım. Lakin Ümummilli liderimiz bunu gördü və insanların arasından çıxaraq mənə tərəf gəldi və mən də dərhal çiçəkləri Ona təqdim etdim. O, «Nə gözəl çiçəklərin var sənin. Bunu mənə vermək istəyirdin?» dedi. Təsəvvür edin ki, həmin gün biz məktəblilər o mədəniyyət evində gələn qonaqlara təbrik şeirləri söyləməli idik. Amma Heydər Əliyevin həmin sözləri məni o qədər təsirləndirmişdi ki, tez evə qaçıb sevincimi valideynlərimlə bölüşmüşdüm. Məhz, Ulu öndərimizlə bağlı ilk xatirəm bu cür olmuşdu. Həmin görüşdən sonra Heydər Əliyevi televizorda izləyirdim, radioda dinləyirdim. Elə Heydər Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin yaradılması ideyası da Onunla bağlı xatirələrimin, fikirlərimin əyani təcəssümü idi.

Heydər Əliyevlə ikinci görüşüm isə 1995-ci ildə baş tutmuşdu.

O zaman hələ də Yasamal rayon İcra Hakimiyyətində ərazi idarətetmə şöbəsində təlimatçı işləyirdim. Mənim üçün çox sevindiricidir ki, Heydər Əliyev fəaliyyətimlə bağlı məlumatlara malik idi. Və 1995-ci ilin oktyabrın 30-da Prezident Aparatına çağırıldım. O zaman mən Əli Həsənovla birlikdə Aparata gəldik, lakin biz bilmirdik ki, Ulu öndər Heydər Əliyevlə görüşə gedirik. Bir qədər gözlədikdən sonra bizə dedilər ki, sizinlə Heydər Əliyev görüşəcək. Mən o zaman anladım ki, Ulu öndərimizlə görüşmək imkanı əldə etmişəm. Əli Həsənovdan sonra məni qəbul edən Heydər Əliyev ondan sonrakı siyasi düşüncəmdə əhəmiyyətli şəkildə dəyişikliyin olmasına güclü təsir göstərdi.

Məndəki həyacan isə Onunla salamlaşanadək davam etdi, amma sonra həyacandan əsər-əlamət qalmadı. O, mənə qarşıdakı kreslonu göstərərək əyləş «danış görüm kimsən», dedi.

Heydər Əliyev özümlə bağlı bütün məlumatları səbrlə və diqqətlə dinlədikdən sonra öz münasibətini bildirdi. Dedi ki, «yeni ictimai-siyasi şöbə yaradılıb və səni də burada məsul işə təyin edirəm». Yeni işimlə bağlı təbriklərini çatdırdı və məsləhətlər verdi.

Həmçinin YAP sıralarındakı fəaliyyətin çox əhəmiyyətli olduğunu qeyd etməklə o sahədə də işimi davam etdirməyimin vacib olduğunu vurğuladı. Sonralar YAP İcra Katibliyində və İdarə Heyətində işlərlə əlaqədar ulu öndərlə dəfələrlə görüşlərim oldu, həmçinin Prezidentin İcra aparatında işləyərkən də onu yaxından müşahidə etmək və fikir mübadiləsi aparmaq imkanlarım oldu. Mən bütün bu anları özüm, tərcümeyi-halım və siyasi proseslərdə iştirakım baxımından çox vacib və bütövlükdə həyatım üçün ən yaddaqalan və əziz günlər kimi xatırlayıram.

Taleyimə və tanrıma minnətdaram ki, bu dahi şəxsiyyətlə ünsiyyətdə olmuşam, onun tapşırıqlarını yerinə yetirmiş, tövsiyələrini dinləmişəm.

Bu gün mən çox şadam ki, böyük dövlətçilik təcrübəsi olan, siyasi xadim Heydər Əliyevin xeyir-duasını almışam və Onun əsasını qoyduğu siyasi məktəbin də tələbəsiyəm.

- Heydər Əliyev məktəbindən söz düşmüşkən, sizdən sonuncu sualımızı cavablandırmağı xahiş edirik. Məlumdur ki, adı çəkilən məktəbin ən böyük məzunu cənab Prezident İlham Əliyevdir və Azərbaycan da artıq 10 ildir ki, Onun rəhbərliyi altında inkişaf edir. Prezident İlham Əliyev həm də YAP-ın Sədridir. Bu mənada həm Azərbaycanın, həm də YAP-ın əldə etdiyi nailiyyətləri necə qiymətləndirirsiniz?

- Öncə qeyd edim ki, bizim üçün ən qiymətli olan dövlət müstəqilliyimiz qorunub saxlanılıb və möhkəmləndirilib. Eyni zamanda, inkarolunmaz faktdır ki, bu müqəddəs işdə YAP-ın rolu çox böyük olub. Həmçinin, bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən, müstəqil daxili və xarici siyasət yürüdən dövləti kimi, beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür. Bütün bunlar isə çox qısa müddət ərzində əldə olunmuş uğurlardır. 1993-cü ildən bu günə qədər ötən müddət ərzində ölkəmizin qazandığı nailiyyətlər isə Azərbaycan tarixinin fenomenal inkişaf akkordlarıdır.

Heydər Əliyev məktəbinin ən böyük məzunu olan Prezident İlham Əliyev həm də YAP-ın Sədri kimi Azərbaycanın daha da qüdrətlənməsini təmin edib. Bu gün dövlətimiz beynəlxalq tədbirlərə ev sahibliyi edir, regional inkişafı öz töhfəsini verir və qlobal təhlükəsizlik problemlərinin həllində aktiv iştirak sərgiləyir. Bütün bunlar təbii ki, Prezident İlham Əliyevin rəhbərliyilə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.

Düşünürəm ki, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək, əhəmiyyətli nailiyyətlər qazanacaq, həmçinin, malik olduğu qlobal statusu daha da möhkəmləndirəcək.

 

yap.org.az

 

 

Səs.- 2012.- 14 noyabr.- S.8-9.