“Yeni
Azərbaycan Partiyası regionda ən
aparıcı partiyadır” Siyavuş Novruzov: “Bu gün
partiyamızın 600 mindən artıq üzvü
var”
- Siyavuş bəy, gücləndirilmiş
iş rejimində çalışmağınızın səbəbi
nədir?
- Yadında saxla, heyvandarlıqda və siyasətdə istirahət yoxdur.
- Yəqin, bu rejimdə çalışmağınız seçkilərlə bağlıdır?
- Yox. Bizim 20 illiyimizdir, tədbirlər keçirilir. 6 rayonda tədbirimiz keçirilib. Birinci gün də növbəti tədbirimiz olacaq, yekun tədbirimiz planlaşdırılır. Onunla əlaqədar bu saat hamı iş rejimindədir.
- Heç keçirilən yubiley tədbirlərində yada salırsınızmı ki, YAP 1992-ci ildə məhz rəhmətlik Elçibəyin hakimiyyəti dövründə yaradılıb və rəsmi dövlət qeydiyyatına alınıb?
- Bəli, yada salırıq ki, partiya həmin dövrdə - AXC-Müsavat hakimiyyəti dövründə yarandı və yeganə partiyadır ki, konfransını keçirməyə Bakıda yer vermədilər, məcburiyyət qarşısında konfrans Naxçıvanda keçirildi. Bakıdan, Azərbaycanın müxtəlif rayonlarından 50 nəfər Naxçıvana ancaq gedə bildi, orda iştirak etdi. Konfrans 550 nəfərin - onlardan da biri mənəm - iştirakı ilə Naxçıvanda, fövqəladə vəziyyətdə keçirildi.
- Fövqəladə vəziyyət Qarabağda müharibənin getməsi ilə əlaqədar idi, YAP-ın yaradılması ilə yox...
- Müharibəyə görə Zərdabda, Qəbələdə fövqəladə vəziyyət elan etməyin heç bir əsası yox idi. Fövqəladə vəziyyət ümumvətən naminə deyildi, sırf YAP-ın yaranmamasından ötrü idi. Məlumat aldılar ki, sabah YAP-ın hansı rayonda konfransı keçiriləcək, dərhal həmin rayonda fövqəladə vəziyyət elan etdilər. Mənim yadımdadır, konfrans keçirmək üçün Zərdaba gedirdik, rayona çatanda dedilər ki, dünən axşam artıq burda fövqəladə vəziyyət elan ediblər.
- Bu da var ki, əgər Elçibəy hakimiyyəti YAP-ın yaradılmasına mane olmaq istəsəydi, heç dövlət qeydiyyatına almazdı.
- Qeydiyyat məsələsi
elə idi ki, bu prosesdə iştirak edən
insanlar elə şəxslər idi ki, artıq orda bir dənə
girişməyə və ilişməyə yer
yox idi. 3-4 gün bundan qabaq sizin qəzetdə bir cavan jurnalist
“91-lər”lə bağlı bir şey yazmışdı ki,
“91-lər” lüt
gəlmişdi, indi hamısı
milyarderdirlər. Mən sadalayıram, “91-lər” Ziya Bünyadov, Fərəməz
Maqsudov, Xəlil Rza Ulutürk , Zeynəb Xanlarova,
Səfiyar Musayev, Murtuz
Ələsgərov idi. Bunlar hələ o dövrdə
professor, kafedra müdiri,
akademik, institut direktorları idilər. Bunu yazan
bir bunu öyrənsin, siyahını
oxusun. Orda ən kiçik adam elmlər
namizədi idi. Təbii ki, zəhmətkeş də vardı. Adamları alçaltmaq olmaz.
- Həmin yazıdan xəbərim yoxdur, amma “Yeni Müsavat”
olaraq biz son illərdə
“91-lər”ə əvvəlki diqqətin olmadığını,
Heydər Əliyev dövründən fərqli
münasibətin olduğunu
yazmışıq.
- Siz onun bir
təhlilini aparın.
“91-lər”in ən azı 50 nəfəri Milli Məclisin deputatı olub. Siz bilmirsiniz, amma biz bu statistikanı aparırıq. “91-lər”dən
iki nəfəri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub.
“91-lər”dən nazirlər,
komitə sədrləri,
digər müxtəlif
vəzifələrdə çalışan
insanlar olub.
- Amma icra başçısı
olan Rəfael Allahverdiyevin sonrakı vaqeəsi, digərlərinin
taleyi də göz qabağındadır...
- Bu artıq onun sonrakı fəaliyyəti
ilə bağlıdır.
“91” olması, xidmət göstərməsi
ilə əlaqədar
ən böyük vəzifələrdən biri
buna etibar edildi. Tutaq ki, səhiyyə
naziri olan Əli İnsanov “91” olmasına görə bir xəstəxana rəhbərliyindən nazir
postuna gətirildi və 10 ildən artıq bu vəzifədə
çalışdı. Sonradan özünün səhvləri nəticəsində
nə baş verdi, bunun
məsələyə aidiyyəti
yoxdur. Amma “91-lər”in hamısına xüsusi diqqət və qayğı göstərilib.
- Amma bu yaxınlarda
birisi mətbuat vasitəsilə müraciət
etmişdi ki, imkansızlıqdan dişlərini
satır...
- O, “91” deyil, siz onu
yanlış vermişdiniz.
O, Tofiq Vəliyevdir, partiyaçıdır, bu
gün də partiya sıralarındadır,
bütün tədbirlərə
də dəvət olunur və iştirak edir. Bəzən Səyyad Aran və digər insanlara da “91” deyirlər, amma belə deyil. Onlar müraciətə imza atmayıblar.
- Sirus Təbrizli
isə həm “91”dir, həm “YAP-ın Dədə Qorqudu”dur. Bəs, ona
münasibəti necə
izah edirsiniz?
- Ona siz Dədə
Qorqud deyirsiniz, qəti şəkildə belə deyil. Sirus Təbrizli partiyanın yaradıcılığında xidmətləri olan insanlardandır. İndi sizə
sərf edir deyə, ona Dədə Qorqud da deyə bilərsiniz,
Atatürk də.
Amma elə deyil.
- Özü də dəfələrlə bildirib
ki, YAP-ın adını mən qoymuşam, hətta təəssüf edir ki, yaratdığı təşkilat bu vəziyyətə düşüb.
- Partiya çox yaxşı vəziyyətdədir.
Kiminsə arzu-istəkləri, özünün şəxsi
maraqları həyata keçməyibsə, bu,
o demək deyil ki, partiyanın vəziyyəti tamam başqa cürdür.
Bu gün YAP-ın 600
mindən artıq üzvü var, təkcə ölkədə
yox, regionda
ən aparıcı partiyadır. Kimin xidməti nə
qədərdirsə, hamısı
qiymətləndirilir. Kimsə özünün xidmətlərini şişirdir,
ölülərin adından
istifadə edir, kimsə “filankəs mənə belə dedi, filan dedi”
deyir. Onların içərisində canlı olan mənəm. Biri gəlsin
mənimlə söhbət
eləsin, çünki
birinci gündən burdayam.
- Bu da faktdır ki, Sirus Təbrizli
20 il öncə
“Heydər Əliyevi
biz çağırmalıyıq” yazmışdı...
- O olub sentyabr ayında.
Sentyabr ayına qədər dörd dəfə Heydər Əliyevin yanına nümayəndə
heyəti gedib. 28 mayda Naxçıvanda
“Ümid” körpüsünün
açılışında ümummilli liderin yanında rəhmətlik Murtuz Ələsgərov, Ziyafət Əsgərov, mən, Munis Bayramov olmuşuq. Orda söhbət olub. Daha sonra Əli Nağıyevin rəhbərliyi
ilə nümayəndə
heyəti gedib. Ondan sonra iyul ayında
bir başqa nümayəndə heyəti
gedib. Ondan sonra Sirus Təbrizli Heydər Əliyevin yanına gedib.
- Deyirsiniz yəni ona qədər məsələlər həll
olunmuşdu?
- Təbii. Sonra bir dəfə nümayəndə heyəti
gedəndə ümummilli
lider dedi ki, Sirus da
gəlmişdi, o da nəsə istəyirdi, onu da bu
işə cəlb eləyin. Biz bu
işin içindəyik,
hamımız orda olmuşuq, yaşamışıq.
Kimsə
özündən dastan
qoşur, hekayə yazır, Dədə Qorqudluq etmək istəyirsə, partiya tarixi elə deyil.
- Bəs Sirus Təbrizlinin Heydər Əliyevin yanında 45 gün Naxçıvanda qalması barədə dediklərinə nə sözünüz?
- Çünki İsgəndər
Həmidov onu burda tutmaq istəyirdi,
Sirus Təbrizli də gedib 34 gün Naxçıvanda qaldı.
- 2007-ci ilin martında hakimiyyətə islahatlarla
bağlı çağırış
etdi, əvəzində
YAP-dan çıxarıldı.
Bu, ədalətliydimi?
- Hər bir adamın
partiyada vəzifəsi
var və öz vəzifəsini yerinə yetirməlidir. Söhbət çıxışdan, filandan yox,
partiya münasibətlərindən, partiya işindən gedir.
Bu gün rayonlarda tədbir keçirilir.
YAP-ın İdarə Heyətinin bütün üzvləri,
Siyasi Şuranın üzvləri, “91-lər” hamısı səfərbər
olunub, iştirak edir, partiya tarixindən danışırlar. Partiyanın hər kəsin qarşısına
qoyduğu vəzifə də var. O demək deyil ki, mən
partiyadan bəhrələnməliyəm, qarşıya qoyulan
vəzifə yerinə yetirilməlidir. Təbii
ki, Sirus Təbrizli bu vəzifələri yerinə yetirmədi.
Partiya ilə əlaqələri kəsdi, bununla
bağlı da YAP-dan xaric olundu.
- 20 illik
yubiley tədbirlərinə YAP-ın quruculuğunda iştirak
etmiş şəxslər, o cümlədən Sirus Təbrizli
dəvət oluna bilərmi?
- Sirus Təbrizli partiya sıralarından xaric olunub. Partiyanın
“91-lər”i bütün partiyanın tədbirlərində
iştirak edəcəklər və dəvətlidirlər.
Amma bəzi adamlar var ki, - məsələn, həbs
olunanlar, o cümlədən YAP sıralarından xaric olunanlar
var - onlar partiya tədbirində iştirak edə bilməz.
- Amma Sirus Təbrizlinin sonuncu videoqalmaqal məsələsindən
sonra YAP-ın taleyi sarıdan narahatçılığı
daha da artıb. Ondan əvvəl də dəfələrlə
deyib ki, mən YAP-ın bu vəziyyətə düşməməsi
üçün xəbərdarlıqlar edirdim.
-
Partiyanın durumu çox yaxşıdır. Ola
bilər ki, bu durum kiməsə sərf eləmir. Ona görə də, yəqin, kimsə narahat olur.
- Rusiyada
yaradılan “Milyarderlər ittifaqı” ilə bağlı
müəmmalara aydınlıq gətirə bildinizmi?
- O təşkilatın
yaranması və ya yaranmamasının mənası yoxdur. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır
və hakimiyyəti Azərbaycan xalqı müəyyənləşdirir.
Kimlər nə təşkilat yaradır, hansı
məqsədləri var, nə etmək istəyirlərsə,
artıq özləri bilər. Mən o
adamların əksəriyyətini tanımıram, heç
tanımaq da istəmirəm. Yerdə
qalanlarını isə tanıyırıq,
görmüşük, burda işləyiblər, fəaliyyət
göstəriblər, vəssalam.
- Ən azı Abbas Abbasovu yaxşı
tanıyırsınız. Dedilər bu arada iki dəfə
Bakıda olub...
-
Yaxşı tanıyıram. Amma mən onun səfərlərini
izləmirəm, məlumatım yoxdur.
- Hakimiyyət
partiyası bu layihədən nə dərəcədə
narahatdır?
- Qəti
şəkildə narahatçılıq yoxdur. Heç
nədən narahat deyilik. Çünki biz
xalqla birik, həmrəyik.
- Amma
xarici amillər də öz sözünü deyir. Elə
müasir dünyada bunun şahidiyik...
- O
baxır hansı ölkədə. Azərbaycanda
hakimiyyətlə xalq bir yerdədir.
- 2013
seçkisində Rusiyanın burada dəstəkləyəcəyi
başqa bir adam ola bilərmi?
- Kim
olur-olsun, o adamın özünə yazığı gəlsin.
-
YAP-ın seçki ilə bağlı planlarında ciddi dəyişiklik
gözləniləndirmi?
-
Heç bir dəyişiklik yoxdur. Bizim namizədimiz
bəllidir.
- 2013
seçkilərini necə görürsünüz?
-
Çox gözəl görürəm. Azərbaycanda
azad, ədalətli, demokratik seçkilər keçiriləcək.
YAP-ın da namizədi qalib gələcək və Azərbaycan
iqtisadi cəhətdən daha da çiçəklənəcək.
- Bəs
normal seçki mühiti yaratmaq baxımından ölkə
müxalifəti ilə müzakirələr gözləniləndirmi?
-
Müxalifət yavaş-yavaş öz tərkibində islahat
aparmalıdır, uyğunlaşmalı, normal bir vəziyyətə
gəlməlidir. Biz öz tərəfimizdən
də çalışırıq, səylər göstəririk.
- Səy
dedikdə nəyi nəzərdə tutursunuz?
-
Çalışırıq ki, Azərbaycanda doğrudan da
normal bir müxalifət mühiti formalaşsın. Düzdür, bir hissəsi belədir, digər hissəsi
də normal vəziyyətə gəlsin.
- Yəni YAP-ın
qəlibinə düşsün?
- YAP-ın qəlibinə yox. Ümumiyyətlə, müxalifətçilik anlayışını dərk
eləsin və o anlayışın nədən
ibarət olduğunu ortaya qoysun.
- Sentyabrda müxalifətlə
ən azı milli məsələ ilə bağlı yaxınlaşma olsa da, sonrakı mərhələdə yenə
“mövqe döyüşləri”
başladı. Seçkiyə bu münasibətlər sistemi ilə getmək nə dərəcədə normaldır?
- Görürsən bir adam girir
ortaya bir söz deyir. Məsələn, elə sizin
dostunuz AXCP ilə bağlı elə məsələlər var
ki, oxuyanda görürsən ki, dostluqdan üfüqdə də əlamət görünmür. Ona görə
də olur da. Amma ümummilli məsələlərdə
biz hər zaman müzakirələrə hazırıq.
- 101 yaşlı Müsavatın
öz qurultayını
Azərbaycanda keçirməyə
icazə verilmirsə,
buna nə ad vermək olar?
- O, şoudur. Birincisi, 101 yaşlı partiyanın
indiki Müsavata heç bir aidiyyəti yoxdur. Biri Cavid adını götürürsə, o, Hüseyn
Cavid olmur ki.
- Deyirsiniz yəni Müsavatın qurucuları
bu günədək yaşamalı idilər ki, sizə sübut
eləsinlər?
- Yox. Onlar dirilsəydi, bunların
hamısını partiyadan
qovardılar. Vaxtilə Atatürk
CHP-ni yaratmışdı,
iqtidar partiyası idi, indi parlamentdə
ən azlıqda olan partiyadır.
- Müsavat ideyaları yaşadılırsa, nizamnamə,
məramnamə, proqramda
sapma yoxdursa, siz çağdaş müsavatçılardan başqa
nə gözləyirsiniz?
- Müsavat adını götürməklə o Müsavatı
kimsə özəlləşdirə
bilməz. O Müsavatla
bu Müsavat tamam başqa şeylərdir.
- Qurultaya problem yaradılması
bununla bağlıdır?
- Qurultay üçün yer ayrılıb, ayrılmış yerlərdə
qurultaylarını keçirtsinlər.
Gürcüstanda, Ərəbistanda, Ərdəbildə qurultay
keçirmək məsələsi
şoudur.
- Niyə YAP 20 illiyini
Müsavata təklif olunan həmin yerlərdə keçirmir?
- Biz hər yerlə müqavilə bağlayırıq,
pulumuzu köçürürük,
tədbirimizi keçiririk.
Özü də çox
vaxt dövlət yerlərini yox, özəl yerləri götürürük. Yaxşı
şadlıq evləri, restoranlar var. Bir çox tədbirlər
də YAP qərargahlarında keçirilir.
-
Aparıcı müxalifət partiyasının dövlət
maliyyələşməsindən kənarda qoyulması nə
qədər məntiqlidir?
-
Müsavat Partiyası, digərləri hazırlaşsınlar,
növbəti seçkilərdə uğur qazansınlar, həm
deputatların sayına, həm aldıqları səsə
görə maliyyə dəstəyi verilər. Biz
isə üzvlük haqları hesabına partiyamızı
saxlayırıq. Həmişə də xərclərimizi
açıqlayırıq. Başqa
partiyalar isə deyirlər əmək haqqı da
almırıq, hava ilə dolanırıq.
- Hava demişkən, cərimələrin
artmasından sonra xalq arasında belə söhbətlər gəzir
ki, belə getsə, hökumət havaya da sayğac qoyacaq...
- Ola bilər.
Məsələn, Azərbaycanda elə adamlar
var ki, mən onlarla eyni atmosferdən hava udduğuma görə
xəcalət çəkirəm.
- 25 deputatın məhkəməyə
müraciət etməsi doğrudanmı yeganə
çıxış yolu idi?
-
Birincisi, 25 deyil, çoxdur. Milli Məclisin
yarısından çoxu bu məsələyə qoşulub və
hər biri zəng edib xahiş edir ki, adı qeyd olunsun. Digər tərəfdən, neçə illərdir
siyasətdəyəm, bir dəfə kiminsə şəxsi həyatına,
özünə qarşı təhqiramiz ifadə işlətməmişəm.
Hər insanın şəxsiyyəti var. Parlamentdə
İlqar Məmmədovun valideynlərindən yaşlı
insanlar oturub, akademiki, rektoru, həkimi, müəllimi,
professoru, bəlkə ona dərs deyən insan var. Başa
düşürəm, bu, özünə siyasi
sığınacaq axtarır, gündəmə gəlmək
istəyir. Biz də qanunun aliliyindən istifadə
edib məhkəməyə müraciət etdik. Digər iki nəfər də cəlb olunacaq. İddia ərizəsi hazırlanıb, ayın
14-ü sənədlər məhkəməyə təqdim
olunacaq, qoy cavab versinlər.
- Bəs
bunun yaradacağı beynəlxalq rezonans sizi narahat etmir?
- Qəti
şəkildə. Beynəlxalq aləmdən gəlsinlər,
deyərəm sənə “meymun” deyirəm, xoşuna gəlir?...
Səs.- 2012.- 14 noyabr.- S.4.