Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yerirolu

 

Azərbaycan Xalq Cümhuriyyəti qısamüddətli fəaliyyətlə dövlətçilik tariximizdə xüsusi rol oynamışdır. Bəyannaməsində "Azərbaycan Demokratik Respublikası" adlandırılan Şərqdəki bu ilk demokratik dövlət qurumumuz milli tarixşünaslığımızda AXC adlanır. Zaqafqaziya Federasiyasının buraxılmasından sonra Azərbaycan Milli Şurası yaradıldı. 1918-ci il mayın 28-də AMŞ Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqqında qərar qəbul etdi: "İstiqlal Bəyannaməsində deyilirdi: "Böyük Rusiya inqilabı gedişində Rusiyada dövlət orqanizminin ayrı-ayrı hissələlərinin dağılması və rus ordusunun Zaqafqaziyanı tərk etməsi ilə burada yeni siyasi vəziyyət yarandı. Talelərin öz ixtiyarına buraxılmış Zaqafqaziya xalqları Zaqafqaziya Federativ Respublikasının tərkibindən çıxmağı və müstəqil Gürcüstan Demokratik Respublikası yaratmağı münasib bildi. Rusiya və Osmanlı imperaysı arasındakı müharibənin dayandırılması, eyni zamanda, ölkə daxilindəki görünməmiş anarxiyanın ləğvi ilə bağlı olan Azərbaycanın mövcud siyasi durumu Azərbaycan xalqlarının düşdükləri ağır vəziyyətdən çıxartmaq üçün Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın öz dövlət orqanizmini yaratmaq zərurətini qarşıya çıxarır.

Buna əsasən, xalq səsverməsi yolu ilə seçilmiş Azərbaycan Milli Şurası elan edir:

1. Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil dövlətdir.

2. Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır.

3. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə, qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.

4. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.

5. Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişaf üçün geniş imkanlar verir.

6. Müəssisələr Məclisi çağırılana kimi bütün Azərbaycanın idarəsi başında xalq səsverməsi yolu ilə seçilmiş Milli Şura və onun qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur".

Daha sonra Milli Şura Azərbaycan Demokratik Respublikasının ilk hökumətini təşkil etməyi F.X.Xoyskiyə tapşırdı. Milli Şura bir saatlıq fasilədən sonra F.X.Xoyskinin təqdim etdiyi hökumət kabinetinin tərkibini təsdiq etdi. Müstəqil Azərbaycanın birinci hökumətinin tərkibi elan edildi.

Azərbaycan Mərkəzi Dövlət Arxivində göstərilir ki, 1918-ci il iyunun 17-də toplanmış Milli Şura qızğın mübahisələrdən sonra iki qətnamə qəbul etdi:

1. "Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında" - "Müvəqqəti hökumət dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar islahat və digər mühüm məsələlər barəsində qanunları dəyişmək səlahiyyətinə malik deyildir və yaxın altı ay ərzində Ümumazərbaycan Müəssisələr Məclisinin çağırılmasını təmin etməlidir. İdarəetmənin digər məsələlərində hökumət tam sərbəstdir".

2. "Milli Şuranın buraxılması haqqında" - "Azərbaycanın ağır daxili və xarici vəziyyətini nəzərə alaraq bütün hakimiyyət Fətəli xan Xoyskinin başçılığı ilə yeni yaradılmış hökumətə verilir, sonuncu isə hakimiyyəti ən qısa müddətdə çağırılmalı olan Ümumazərbaycan Müəssisələr Məclisindən başqa heç kəsə təhvil verə bilməz".

Hökumət dairələrinin daxili ixtilaflarla məşğul olduqları bir vaxtda - 1918-ci il iyunun 12-də S.Q.Şaumyanın əmri ilə Bakı Soveti hərbi qüvvələrinin Gəncə üzərinə başlanmış hücumu nəticəsində gənc Azərbaycan Respublikasının başı üzərini ölüm təhlükəsi almış oldu. Yalnız 1918-ci il 4 iyun tarixli Azərbaycan-türk müqaviləsinin 4-cü bəndinə əsasən Türkiyənin təcili olaraq göstərdiyi hərbi yardım sayəsində bu təhlükənin qarşısını almaq mümkün oldu. Birləşmiş Azərbaycan-türk qüvvələri Göyçay ətrafında iyunun 27-dən iyulun 1-dək davam etmiş 4 günlük gərgin döyüşdə Bakı Sovetinin qoşunlarını ağır məğlubiyyətə uğradaraq, onların Gəncə üzərinə yürüşünün qarşısını ala bildilər.

Bu müvəffəqiyyətə baxmayaraq ölkənin paytaxtı Bakı Azərbaycan istiqlaliyyətinin düşmənlərinin əlində qalmaqda davam edirdi və 1918-ci ilin yayında Azərbaycan hökumətinin qarşısında duran başlıca vəzifə Bakını azad etmək idi.

Ordunun yaradılması işində böyük çətinliklər olmasına baxmayaraq, Azərbaycan silahlı qüvvələrinin yaradılmasına xüsusi fikir verilirdi. Belə ki, çarizm dövründə müsəlmanların hərbi xidmətə çağrılmaması üzündən azərbaycanlılar arasında hərbi səriştəsi olan adamları, xüsusilə də, zabit kadrlarını barmaqla saymaq olardı. Bu çətinliklərə baxmayaraq hökumət respublikanın müdafiə qabiliyyətini möhkəmləndirmək üçün müəyyən tədbirlər görürdü: iyunun 26-da keçmiş müsəlman korpusu "Əlahiddə Azərbaycan korpus"una çevrildi, avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağrıldılar. Sentyabrın 1-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir F.X.Xoyski həm də müdafiə naziri, general Mehmandarov isə onun müavini təyin olundu. Lakin bu tədbirlərə baxmayaraq, qısa bir müddətdə yüksək döyüş qabiliyyətinə malik ordu yaratmaq mümkün deyildi və Bakının azad olunmasında türk qoşunları Azərbaycan Respublikasına əvəzsiz kömək göstərmiş oldular.

İyulun 31-də Bakı XKS-nin istefasından sonra şəhərdə hakimiyyəti "Sentrokaspi diktaturası" ələ keçirilmişdi. Azərbaycan-türk qoşunları əsasən eser və daşnakdardan ibarət olun bu üzdəniraq qurumun hökmranlığına son qoyaraq sentyabrın 15-də Bakını azad etdilər.

Hərbi quruculuq məsələləri nə qədər mühüm əhəmiyyət kəsb etsə də, hökumətin fəaliyyəti təkcə bu sahə ilə məhdudlaşmırdı. Azərbaycan hökumətinin 1918-ci il 17 iyun tarixli intibahnaməsində göstərilirdi ki, hökumət əsas vəzifələrindən birini dövlət idarələri, məhkəmə və məktəb sisteminin milliləşdirilməsində görür. İyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi bu istiqamətdə atılmış ilk mühüm addım oldu. Ancaq Azərbaycandilli savadlı kadrların çatışmaması üzündən dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verilirdi.

Azərbaycan hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. N.Usubbəyov, Ə.Ağayev və M.Rəfiyevdən ibarət olan Azərbaycan nümayəndə heyətinin İrandakı ingilis qoşunlarının komandanı general Tomsonla Ənzəlidə apardığı danışıqların nəticələri Azərbaycan tərəfi üçün heç də ümidverici olmadı. Bu zaman Azərbaycan dövlətçiliyi ideyasının düşmənlərinin təsiri altında olan general Tomson bildirdi ki, "Azərbaycan Respublikası hökuməti türklərin intriqası nəticəsində yaranmış və xalq arasında heç bir dayağa malik deyildir". Azərbaycan nümayəndələrinin generalın bu fikrinə etirazından sonra o, əlavə etmişdi: "Bir halda ki, siz əksini iddia edirsiniz, onda gələrik, yerindəcə təhqiqat aparıb müvafiq qərar qəbul edərik".

General Tomson Ənzəlidən Bakıya yola düşməzdən əvvəl bəyannamə ilə çıxış etdi. Bəyannamədə deyilirdi:

"I. Noyabrın 17-si saat 10-na kimi Bakı həm türk, həm də Azərbaycan qoşunlarından təmizlənməlidir;

II. Bakı şəhəri neft mədənləri ilə birlikdə işğal olunacaq, ölkənin qalan hissəsi isə Azərbaycan hökuməti və qoşunlarının nəzarçti altında qalacaqdır;

III. Azərbaycan Respublikası rəsmi olaraq tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri Azərbaycan hökuməti ilə de-fakto əlaqələr yaradacaqlar:

IV. Aşağıdakı dəyişikliklər istisna olmaqla bütün müəssisə və təşkilatlar öz adi fəaliyyətlərini davam etdirirlər:

a) General Tomson Bakının general-qubernatoru təyin olunur;

b) şəhər polisinə ingilis komandanlığının nümayəndəsi başçılıq edir:

v) şəhər Dumasına yenidən əvvəlki fəaliyyət sərbəstliyi verilir;

q) Paris sülh konfransında millətlərin öz müqəddəratını təyinetmə prinsipi ətrafında gedən diskussiyalardan Azərbaycan kənarlaşdırılmayacaq;

d) L.Biçeraxov onun hissələri ingilis qoşunları ilə birlikdə Bakıya daxil olurlar;

e) silahlı ermənilər Bakıya buraxılmırlar".

Azərbaycan Milli Şurası Rus Milli Şurasının nümayəndələrini parlamentin işinə cəlb etmək məqsədilə çevik bir manevr edərək kompromis variant irəli sürdü. 1918-ci il noyabrın 24-də Azərbaycan Milli Şurası bildirdi ki, 28 may tarixli "İstiqlal bəyannaməsinin" mövcudluğuna baxmayaraq, o, Azərbaycanın müstəqilliyinin Rus Milli Şurası tərəfindən dərhal tanınmasını tələb etmir. Azərbaycan Milli Şurası belə hesab edir ki:

"1) Azərbaycanın dövlət quruluşu siyasi vəziyyəti məsələsi qəti olaraq Ümumdünya sülh konfransında həll edilməlidir.

2) Sülh konfransına kimi Azərbaycanın idarə sistemindəki mövcud faktiki vəziyyət dəyişməz olaraq qalır.

3) Əgər Ümumrusiya Müəssisələr Məclisi Rusiyanın bütün xalqlarının nümayəndələrinin iştirakı ilə Ümumdünya sülh konfransına kimi toplanarsa, Azərbaycan burada iştirak edib öz müqəddəratını təyin etmək hüququnu müdafiə edəcəkdir".

Lakin Azərbaycanı Rusiyanın mülkiyyəti hesab edən buna görə Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququnu inkar edən Rus Milli Şurası parlamentinə nümayəndələrini göndərməkdən imtina etdi. Rus Milli Şurası Azərbaycan hökumətindən tələb etdi ki, ağqvardiyaçıların təşkil etdikləri Ufa direktorsiyasının ali hakimiyyətini tanısın. Azərbaycan hökumətinə elə bir rəğbət bəsləməyən general Tomson belə Rus Milli Şurasının bu tələbinin əsassız olduğunu təsdiq etməyə məcbur oldu.

Azərbaycan parlamentinin açılması ətrafında baş verən hadisələr Tomsona göstərdi ki,  Bakıda konstruktiv dialoqa hazır olan yeganə ciddi siyasi qüvvə Azərbaycan hökumətidir. Bu hadisələr ingilis komandanlığı ilə Azərbaycan hökuməti arasında yaxınlaşma prosesinə təkan vermiş oldu. Beləliklə, Azərbaycan hökumətinin çeviklik realizmi ilə səciyyələnən siyasi xətti ilk baxışdan ümidsiz görünən bir vəziyyətdən çıxış yolu tapmağa imkan verdi.

Uzun məşvərətlərdən sonra yeni hökumət kabinetinin təşkili bu dəfə F.X.Xoyskiyə həvalə olundu. O, 1918-ci il dekabrın 26-da Azərbaycan Respublikasının yeni, sayca üçüncü hökumətinin tərkibinin parlamentə təqdim etdi. "İttihad" partiyasının nümayəndələri istisna olmaqla bütün parlament fraksiyaları yeni hökumətin yaradılmasına səs verdilər.

Yeni Azərbaycan hökumətinin təşkili ilə əlaqədar olaraq general Tomson dekabrın 28-də bəyanat verdi. Bəyanatda deyilirdi: "Xoyskinin sədrliyi ilə koalision hökumətin təşkili ilə bağlı olaraq bəyan edirəm ki, müttəfiq komandanlığı Azərbaycanın hüdudları daxilində yeganə qanuni hakimiyyət orqanı olan bu hökumətə hərtərəfli yardım göstərəcəkdir".

Xoyski hökumətinin general Tomson tərəfindən Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanınması "vahid bölünməz Rusiya" bayrağı altında çıxış edən qüvvələrə bir qədər ayıldıcı təsir göstərsə , onları Azərbaycan hökumətini devirmək fikrindən daşındırmadı. Bu qüvvələr Tomsonun bəyanatından sonra da Azərbaycan Respublikasına qarşı pozuculuq fəaliyyətini davam etdirirdilər. Azərbaycanda hakimiyyəti ələ keçirmək məqsədi ilə onlar 1919-cu il yanvar ayının əvvəllərində "Qafqaz-Kaspi hökuməti" deyilən oyuncaq bir qrup yaratdılar. Lakin ingilis komandanlığı nəinki bu "hökuməti" müdafiə etmədi, əksinə, 1919-cu il yanvarın 22-də Bakıya gəlmiş Zaqafqaziyadakı müttəfiq qoşunlarının baş komandanı general C.Milton Nazirlər Şurasının sədri F.X.Xoyski ilə görüşü zamanı bir daha bildirdi ki, ingilislər Azərbaycan hökumətini Azərbaycan Respublikası ərazisində yeganə leqal hakimiyyət kimi qəbul edir ona müttəfiq komandanlığı tərəfindən hərtərəfli yardım göstəriləcəkdir. General Milton onu da əlavə etməyi lazım bildi ki, müttəfiq komandanlığı yenicə yaradılmış Zaqafqaziya dövlətlərinin daxili işlərinə qarışmayacaqdır.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 15 noyabr.- S.15.