Rabitə və
informasiya texnologiyaları müstəqillik illərində:
nailiyyətlər və perspektivlər
Azərbaycan
xalqının çoxəsrlik tarixində uğurları,
nailiyyətləri çox olub. Ancaq ən böyük nailiyyətimiz
dövlət müstəqilliyinin əldə
olunmasıdır. Xalqın qanı bahasına başa gəlmiş
bu uğur əbədi olaraq yaddaşlara həkk olundu.
Çünki Azərbaycan dünya birliyinə müstəqil
dövlət kimi daxil oldu. Lakin qarşıda çox
mühüm bir vəzifə dururdu. Azərbaycan xalqı bu
müstəqilliyi qoruyub saxlamalı, xalqın milli
azadlığını əbədi, daimi etməli idi.
Çox çətin, lakin şərəfli bir vəzifə
idi. Bu çətin imtahandan alnıaçıq,
üzüağ çıxmaq üçün xalqı
öz arxasınca apara biləcək liderə böyük
ehtiyac yaranmışdı. Belə bir şəxsiyyət məhz
Ümummilli lider Heydər Əliyev idi. Ona görə də
xalq böyük ümid və inamla ulu öndərə üz
tutdu və onu təkidlə müstəqil Azərbaycana rəhbərliyə
dəvət etdi.
1993-cü
ilin iyun ayında xalqın və həmin vaxt hakimiyyətdə
olanların bir çoxlarının inadlı xahişindən
sonra yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli
lider Heydər Əliyevin ölkəni düşdüyü
ağır böhrandan çıxarmaq üçün
planlaşdırdığı təxirəsalınmaz tədbirlər
sırasında Azərbaycanın müstəqilliyini qoruyub
saxlamaq əsas hədəf kimi seçilmişdi.
Hakimiyyətə
qayıdışından sonra Azərbaycan dövlətinin
banisi, Ümummilli liderimizin “mən ömrümün qalan hissəsini
xalqıma bağışlayıram” sözləri tam mənada
reallığa çevrildi. Onun fədakar əməyi,
müdrik siyasəti, zəngin həyat təcrübəsi nəticəsində
Azərbaycanda özbaşınalıqlara son qoyularaq
daxili-siyasi sabitlik təmin edildi, dövlətimizin
parçalanmasının qarşısı alındı, Azərbaycanla
Ermənistan arasında atəşkəsə nail olundu. Bundan
sonra Azərbaycan dövlətində anarxiya, siyasi hərc-mərclik
dövrü başa çatdı, daxili-siyasi sabitliyin təmin
edilməsi ilə yeni, demokratiyanın inkişafı, dövlətçilik
siyasətinin güclənməsi, hüquqi dövlət
quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşması dövrünə qədəm qoyuldu. Azərbaycan
vətəndaşları sabit şəraitdə öz gələcək
vəziyyətlərini müəyyənləşdirmək
üçün imkanlar əldə etdilər.
Ölkəmizdə
bir çox sahələr kimi, informasiya və kommunikasiya
texnolo¬giyaları sektorunun formalaşması və
inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə
bağlı olmuşdur. Hələ Sovet İttifaqının
tərkibində olarkən Azərbaycanın inkişaf
perspektivlərinin respublikanın sənaye potensialının
gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin
genişləndirilməsi ilə birbaşa bağlı
olduğunu görən Heydər Əliyev artıq ötən
əsrin 70-ci illərində bu sahəyə diqqət
yetirmiş və İKT sektorunun bugünkü
inkişafının təməlini qoymuşdur. 130 illik tarixi
inkişaf yolu keçən ölkə rabitəsi son illərdə
sürətlə inkişaf edərək, bütün sahələrdə,
eləcə də, insan fəaliyyətinin, sosial-iqtisadi
münasibətlərin tərkib hissəsinə
çevrilmişdir.
Ulu
öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyinin
1-ci mərhələsini əhatə edən dövrdə
rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul
edilmişdir. İKT ixtisasları üzrə mütəxəssislər
hazırlanması üçün respublikanın ali təhsil
ocaqlarında müvafiq fakültələr və kafedralar təşkil
edildi. Elmlər Akademiyasında, universitetlərdə və sahə
institutlarında elektronika, avtomatika və hesablama texnikası
üzrə istedadlı alimlər və təcrübəli
mütəxəssislər yetişdirildi, elektron avadanlıq
istehsal edən zavodlar tikildi. Kosmik Tədqiqatlar Mərkəzi,
“Neftqazavtomatika” və s. kimi elmi-tədqiqat müəssisələri
yaradıldı. Heydər Əliyevin birbaşa köməyi ilə
Azərbaycana ilk böyük elektron hesablama maşını -
“BESM-6” gətirildi. Respublika avtomatlaşdırılmış
idarəetmə sistemləri - RASU - “Azərbaycan”, respublika
kompyuter şəbəkəsi, bütün SSRİ-də
tanınan və istifadə olunan
avtomatlaşdırılmış neftçıxarma idarəetmə
sistemləri və kompleksləri işlənib
hazırlandı. “AZON”, “NORD” elm-istehsalat birlikləri,
Radiozavod, Elektron hesablama maşınları zavodu, “Peyk”, “Ulduz”
kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə
verildi.
Azərbaycanda
rabitənin, elektron avadanlıqları və telekommunikasiya
texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər
Əliyevin 2-ci dəfə respublikaya rəhbərliyi
dövründə vüsət almışdır. Qeyd
olunanların məntiqi nəticəsidir ki, bu gün regionun ən
dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan
informasiya və kommunikasiya texnolo¬giyaları sektorunun
inkişafı üçün böyük imkanlara malikdir.
Müstəqilliyin ilk illərində ölkəmizin
düçar olduğu gərgin vəziyyətdə xalqın
təkidi və xahişi ilə hakimiyyətə qayıdan
Ümummilli lider Heydər Əliyev, hətta bu şəraitdə
də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
xüsusi diqqət yetirməyə imkan tapır və bu sahədə
inkişafa nail olmaq üçün daim səylər göstərirdi.
1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika
qitəsi arasında birbaşa rabitənin yaradılmasına
imkan verən peyk-rabitə sisteminin
açılışını etdi. Onun bu diqqəti nəticəsində
ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz
telekommunikasiya sahəsinə qoyuldu.
Bu fəaliyyətin
məntiqi nəticəsi olaraq ölkəmiz bir çox beynəlxalq
təşkilatlara, o cümlədən, 1992-ci və 93-cü
ildə uyğun olaraq Beynəlxalq Telekommunikasiya
İttifaqına və Ümumdünya Poçt
İttifaqına üzv qəbul edildi.
1994-cü
ildə “Bakcell” və 1996-cı ildə “Azərcell” birgə müəssisələri
yaradıldı və bununla da Azərbaycanda mobil rabitənin
inkişafının əsası qoyuldu.
Azərbaycanda
İnternetin tətbiqi təşəkkül tapdı.
1994-cü ildə Azərbaycan Elmlər Akademiyasının
(AEA) Avtomatlaşdırılmış İdarəetmə
Sistemləri (AİS) şöbəsində İnternetin ilk
qovşağı yaradıldı və “Türksat” süni
peyki vasitəsilə Türkiyənin Orta Doğu Texniki
Universitetinin İnternet mərkəzi ilə əlaqə
kanalı qurularaq Azərbaycanın İnternetə
çıxışı təmin olundu. 1993-cü ilin
avqustunda “.az” domeni rəsmi olaraq Azərbaycanın yüksək
domen adı kimi İCANN-da (İnternetdə domen adların və
ünvanların verilməsi üzrə Təşkilat)
qeydiyyata alındı, 1995-ci ildə isə Azərbaycanda ilk
veb sayt – AEA-nın www.ab.az saytı yaradıldı.
1996-cı
ildən başlayaraq “AzEvroTel” və “Ultel” birgə müəssisələri
lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət
göstərməyə başladı. 1995-ci il dekabrın 9-da
Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq
telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası
Telefon Stansiyasının açılışı oldu. Azərbaycanda
yeni texnologiyaların tətbiqinə, telekommunikasiya
infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk
elektron ATS-lər quruldu.
1994-cü ildən başlayaraq Azərbaycanda informasiya texnologiyaları şirkətlərinin yaradılması geniş vüsət aldı. Hal-hazırda informasiya texnologiyaları sənayesində xüsusi çəkiyə malik olan “AZEL”, “Azerin”, “Sinam”, “R.İ.S.K.”, “Ultra”, “BestComp” və s. şirkətlərin yaradılması həmin dövrlərə təsadüf edir.
Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu informasiya texnologiyaları sahəsində ilk qanunvericilik aktı oldu. Bu qanunda informasiya və onun işlənilməsi, informasiya ehtiyatlarının formalaşdırılması, informasiya təminat vasitələrinin yaradılması və informasiyanın mühafizəsi ilə əlaqədar münasibətlər tənzimlənərək hüquqi məsələlər müəyyənləşdirildi.
Bütün bunlar Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində rabitənin inkişafına göstərdiyi diqqətin əyani təzahürüdür.
Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sahəsində dövlətin siyasəti, məqsəd və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd əsas sənəd oldu. Azərbaycan 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında oldu, Cənubi Qafqazda isə birinci oldu. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi.
2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. İqtisadiyyatımızın davamlı və dayanıqlı inkişafı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, yeni iş yerlərinin açılması, əmək haqlarının və pensiyaların dəfələrlə artırılması, ünvanlı sosial yardımların tətbiqi, yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni müasirtipli məktəblərin tikilməsi, beynəlxalq qurumlarla sıx əməkdaşlıq münasibətlərinin qurulması və digər bu kimi nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatların uğurlarındandır.
Hal-hazırda Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, tərəqqi və çiçəklənmə dövrünü yaşayır. Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınsa da, aparılan dövlət siyasəti və iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru da inkişaf etdirilməkdədir.
Bu inkişaf kontekstində bu gün Azərbaycanda gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Bu siyasətin tərkib hissəsi kimi, son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət almışdır.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin ilk xarici səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən və bəşəriyyətin gələcək inkişafı baxımından mühüm hadisə olan İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə cənab Prezident ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi. Bu bəyanat Milli Strategiyada müəyyənləşdirilmiş strateji xəttin həyata keçirilməsinə yönələn İlham Əliyev siyasətinin ilk təzahürü oldu. Bunun ardınca dövlət başçısının 20 fevral 2004-cü il tarixli Sərəncamı ilə İKT sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı və onun qarşısına konkret vəzifələr qoyuldu. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 8 ilə yaxın fəaliyyəti dövründə ölkənin İKT sektoru sürətlə artaraq, dünya üzrə İKT sahəsindəki artım tempini bir neçə dəfə qabaqlamışdır.
Ümummilli lider Heydər Əliyevin imzaladığı Milli Strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nı (Elektron Azərbaycan)” təsdiq etdi. Bu Proqram rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi və texniki baxımından modernləşdirilməsini nəzərdə tutan, ölkədə İKT-nin inkişafı, geniş tətbiqi və cəmiyyətin onun imkanlarından faydalanmasının təmin edilməsinə yönəlmiş təkmil fəaliyyət konsepsiyası oldu. Dövlət Proqramına uyğun olaraq sahə üzrə normativ-hüquqi baza inkişaf etdirildi, mövcud telekommunikasiya infrastrukturu müasir texnologiyaların tətbiqi ilə yenidən quruldu və genişləndirildi, sahəyə cəlb olunan investisiyaların həcmi artdı, yeni iş yerləri açıldı, dövlət orqanları tərəfindən İKT-nin tətbiqi ilə göstərilən xidmətlərin keyfiyyəti və əhalinin onlardan istifadə səviyyəsi yüksəldildi. İnformasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, özəl sektorun inkişaf etdirilməsi, elektron avadanlıqların və proqram təminatı məhsullarının istehsalının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə geniş İKT layihələri həyata keçirildi və ilkin elektron xidmətlərin təqdim olunmasına başlanıldı.
Milli Strategiya ilə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsini davam etdirmək məqsədilə 2010-2012-ci illər üçün ikinci “Elektron” Dövlət Proqramı təsdiq edildi və bu, İKT-nin inkişafı və geniş tətbiqi istiqamətində növbəti uğurlu addım oldu. Hazırda “Elektron Azərbaycan” Dövlət Proqramı ilə yanaşı, İKT-nin müxtəlif sahələrdə geniş istifadəsini nəzərdə tutan 20-yə yaxın dövlət proqramı uğurla həyata keçirilməkdədir.
İKT sahəsinin hüquqi baxımdan modernləşdirilməsi istiqamətində davamlı islahatlar həyata keçirildi və dünya standartlarına cavab verən güclü qanunvericilik bazası formalaşdırıldı., “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haq¬qında”, “Poçt haqqında”, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş və onlardan irəli gələn bir çox qaydalar və digər normativ sənədlər hazırlanaraq təsdiq edildi.
Həyata keçirilən işlərin vacib tərkib hissəsi kimi, yuxarıda qeyd olunan dövlət proqramlarına, həmçinin “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na əsasən, dövlət orqanlarının informasiyalaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, o cümlədən geniş elektron hökumət layihələri həyata keçirilmişdir.
2008-ci ildə yerli “Silverkey” şirkəti tərəfindən Azərbaycanda ilk onlayn ödəmə sistemi -“GoldenPay” yaradılaraq istifadəyə verilmiş və bu, ölkədə “elektron ticarətin təşkili istiqamətində mühüm addım olmuşdur.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elektron imzadan istifadə üzrə hüquqi bazanın və milli infrastrukturun formalaşdırılması işləri aparılmışdır. 2011-ci ilin sentyabrında dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə elektron imza xidmətləri göstərmək üçün Milli Sertifikat Xidmətləri Mərkəzi istifadəyə verilmiş və Azərbaycanda elektron imzanın tətbiqinə başlanılmışdır.
Elektron imzanın tətbiqi əhalinin dövlət orqanlarının elektron xidmətlərindən istifadə imkanlarını genişləndirəcək, onlara daha təkmil, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edəcək, elektron ticarətin və bütövlükdə informasiya texnologiyalarının inkişafını yeni mərhələyə çıxaracaqdır.
Bu gün təhsil, səhiyyə, ədliyyə, daxili işlər, gömrük, vergilər, sosial müdafiə və digər sahələrdə tətbiq edilən informasiya sistemləri, reyestrlər və s. informasiya resursları dövlət orqanlarının vətəndaş və təşkilatlarla münasibətlərini sadələşdirmiş, onlara müasir xidmətlərin göstərilməsinə şərait yaratmışdır. “Elektron hökumət”in mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri”nin formalaş¬dırılması, elektron bəyannamələrin, elektron hesab fakturaların, ali təhsil məktəblərinə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu, statistik məlumatların elektron formada təqdim olunması və s. deyilənlərə əyani misaldır. Artıq, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və bəzi digər qurumlar mərkəzlə bölgələrdəki struktur bölmələri arasında informasiya mübadiləsi şəbəkələrinə malikdirlər. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara “elektron sağlamlıq kartları” verilir, müxtəlif xəstəliklər üzrə tibbi elektron reyestrlər yaradılır. Dövlət Sosial Müdafiə Fondu sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində müasir İKT həllərini müvəffəqiyyətlə tətbiq edir. Təqdirəlayiqdir ki, ölkəmiz seçki prosesini internet vasitəsi ilə birbaşa yayımlayan ilk ölkələrdəndir. 2008-ci ilin 15 oktyabr Prezident seçkiləri demokratik dəyərlərə cavab verməklə yanaşı texnoloji yeniliklərlə də yadda qalmışdır. İlk dəfə olaraq seçki prosesi seçki məntəqələrində quraşdırılan veb-kameralarla internet vasitəsi ilə birbaşa yayımlanmışdır.
Xüsusi ilə təhsil sistemində İKT infrastrukturunun və təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının inkişaf etdirilməsi prioritet məsələyə çevrilmişdir. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın (2005-2007-ci illər)” həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərində 40000 ədədə yaxın kompüterlər və şəbəkə avadanlıqları quraşdırılmışdır. Əgər 2004-cü ildə 1062 şagirdə 1 kompüter düşürdüsə hazırda hər 20 şagirdə 1 kompüter nisbəti təmin edilmişdir. Sevindirici haldır ki, Azərbaycanda elektron avadanlıqların istehsalı ilə məşğul olan yerli “Kür” MMC şirkəti bu işlərdə fəal iştirak etmişdir. Bu sahədə mühüm addımlardan biri kimi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın qəbulunu qeyd etmək lazımdır. Bu proqram çərşivəsində Azərbaycan Təhsil Şəbəkəsi- AZEDUNET yaradılmışdır və hazırda 1100 ümumtəhsil müəssisəsi bu şəbəkə vasitəsilə yüksəksürətli internetlə təmin olunmuşdur. Təhsil sektorunun müasir texnoloji standartlara cavab verən İnformasiya və Resurs Mərkəzi formalaşdırılmışdır və 30 yaxın təhsil müəssisəsində elektron təhsil texnologiyalarının istifadəsini nəzərdə tutan “Elektron məktəb” layihəsi uğurla həyata keçirilməkdədir.
Ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı Azərbaycanda “elektron hökumət”in formalaşdırılması prosesinin daha da geniş vüsət almasına ciddi təkan vermişdir. Bu Fərman İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi ilə vətəndaş – dövlət münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması, korrupsiya və bürokratik əngəllərin aradan qaldırılmasında mühüm rol oynamışdır. Hazırda Avropa Birliyi ölkələrində vətəndaşlara və biznes sektoruna göstərilən 20 əsas elektron xidmətin 8-i (sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların elektron şəkildə təqdim olunması, dövlət qulluğuna və ali məktəblərə qəbul zamanı ərizə vermək və s.) artıq Azərbaycanda tətbiq edilir.
İKT sahəsində milli kadrların hazırlanması məsələsi daim diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmaq üçün RİTN-də “İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu” yaradılmışdır. Fond tərəfindən dünyanın nüfuzlu informasiya texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmış və “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, xaricdə təhsil almaq üçün 150-dən çox tələbəyə dəstək verilmişdir.
Əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təmin olunmuş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü, “HP”, “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliklərinin və “BestComp” şirkətinin iştirakı ilə “Xalq Kompüteri” layihəsinin həyata keçirilməsinə başlanılmışdır. İlkin olaraq ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdlərinə ilk ödəniş olmadan, faizsiz kreditlə və bazar qiymətlərindən 25-30% aşağı qiymətlərlə təxminən 15000 ədəd kompüter verilmişdir. Layihənin digər sosial qrupları əhatə etməsi üçün tədbirlər görülür. İndi ölkədə əhalinin hər 100 nəfərinə 15 ədəd kompüter düşür.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan-ingilis və İngilis-Azərbaycan versiyalı “Dilmanc” maşın tərcüməsi sistemi yaradılmışdır. Həmçinin, “Dilmanc” layihəsinə əsasən telefon-tərcüməçi sistemi və gözdən əlillər üçün İnternetdə işləmək məqsədi ilə xüsusi kompüter yaradılmışdır.
İlk dəfə olaraq Microsoft şirkətinin Windows XP və Vista proqram təminatlarının Azərbaycan dilinə tərcümələri həyata keçirilmişdir. Azərbaycan dilində Microsoft Windows XP məhsulu “Microsoft”-un baş vitse-prezidenti Kreyq Mandi ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edilmişdir.
Əhalinin məhdud fiziki imkanlı qruplarının İKT-dən istifadə imkanlarını artırmaq, onların rabitə və informasiya texnologiyaları şəbəkələrinə, resurslarına, elektron xidmətlərə çıxışını genişləndirmək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Heydər Əliyev Fondu ilə birlikdə Bakıda, Naxçıvan Muxtar Respublikasında və Gəncə şəhərində gözdən qüsurlu insanlar üçün regional informasiya mərkəzləri yaradılmışdır.
Dövlət siyasətinin tərkib hissəsi kimi artıq İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulmuş, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edilir. Qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlər region bazarında özlərini tanıda bilmişlər.
Ümumilikdə, telekommunikasiya infrastrukturu üzrə bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. İnkişaf dinamikası göstərir ki, 1991-2011-ci illər ərzində İKT sektorunun gəlirlərinin həcmi 140 dəfədən çox artaraq 1,2 milyard manatı ötmüş, və orta illik artım tempi 30-32 % təşkil edir. Bu müddətdə sektora 1, 8 mlrd. ABŞ dollarına yaxın investisiya qoyulmuşdur. 2004-2010-cu illərdə informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə genişlənmiş və məhsul ixracı isə 5 dəfə artmışdır.
Ölkədə özəl İKT sektorunun inkişafının dəstəklənməsi istiqamətində yürüdülən siyasət nəticəsində bu sektora yeni sabit və mobil şəbəkə operatorları, İKT məhsulları istehsalçıları və yayım şirkətləri daxil olmuş, inkişaf üçün sağlam rəqabət mühiti yaradılmışdır. Liberallaşma tədbirləri nəticəsində 10 telekomminikasiya operatoru özəlləşdirilmiş, telekommunikasiya və poçt xidmətləri üzrə 146 ədəd lisenziya verilmiş, internet xidmətləri üçün lisenziya ləğv olunmuş və məhdud nömrə və tezlik resurslarının ədalətli bölgüsü təmin edilmişdir. Bunun təzahürüdür ki, 1991-2011-ci illər ərzində İKT bazarında özəl sektroun xüsusi çəkisi 80%-ə çatmışdır.
2007-ci ildən Azərbaycanda GSM standartında üçüncü mobil operator - “Azərfon” MMC fəaliyyət göstərməkdədir. Hal-hazırda simsiz rabitə dinamik inkişaf edir və “3G”, “WiMax” kimi mütərəqqi texnologiyaların tətbiqi genişlənir. 2009-cu ildə mobil şəbəkədə “Azərfon” MMC tərəfindən ilk dəfə olaraq “3G” xidmətlərinin tətbiqinə başlanılmışdır. Ölkədə “3G” xidmətinin tətbiqi təkcə görüntülü danışıq yox, radio- televiziya yayımları üçün yeni mühit, online video, müşahidələr və s. yeni xidmətlərin verilməsini təmin etmişdir.
İndi ölkədə 9 629 000 mobil abunəçi vardır ki, bu da əhalinin hər 100 nəfərinə 105 mobil abunəçinin düşməsi deməkdir və müvafiq ümumdünya orta göstəricisindən təxminən 30% yüksək olmaqla inkişaf etmiş ölkələr səviyyəsindədir.
2005-ci ildə ölkənin telefon şəbəkəsinin elektronlaşmasına başlanılması və 2010-cu ilin sonu elektronlaşmanın tam başa çatdırılması müstəqillik dövründə həyata keçirilən mühüm tədbirlərdən biridir. Qeyd olunan vaxtda həyata keçirilən önəmli işlərdən biri də, 2008-ci ilin sonuna ölkənin bütün yaşayış məntəqələrinin tam telefonlaşdırılmasının başa çatdırılması oldu. 2011-ci ilin avqustundan yeni zona kodları tətbiq edilərək vahid yeddirəqəmli nömrələmə sisteminə keçildi.
İnternet milli seqmentinin inkişaf etdirilməsi, istifadə qiymətlərinin dəfələrlə azaldılması, internetə müasir qoşulmaların, o cümlədən genişzolaqlı, simsiz və mobil vasitələrlə qoşulmaların tətbiqi, internet servis provayderinin və internet-klubların fəaliyyətinə əlverişli şəraitin yaradılması nəticəsində hazırda Azərbaycan əhalisinin 55-60 %-i İnternet istifadəçisidir. İnternet istifadəçilərin təxminən yarısı isə, genişzolaqlı İnternet xidmətlərindən istifadə edir. Bu isə Ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.
Ölkənin bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələr qurulmuşdur. Bunlara misal olaraq “AzDataCom”, “Deltatelekom” “Azərtelekom” və s. göstərmək olar. “AzDATACOM” şəbəkəsi milli informasiya və kommunikasiya infrastrukturunun potensialının gücləndirilməsi və paytaxtla bölgələr arasında “rəqəmli geriliyin” aradan qaldırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birlikdə həyata keçirilən “Milli E-idarəçilik təşəbbüsü” layihəsi çərçivəsində yaradılaraq istifadəyə verilmişdir. Bu şəbəkə Bakı ilə bölgələr arasında yüksək sürətli əlaqənin təmin olunması, regionlarda internetin inkişaf etdirilməsi, əhalinin İKT-dən istifadə imkanlarının artırılması, habelə elektron ticarət, distant-təhsil və digər müasir fəaliyyət formalarının inkişafına xidmət etmişdir.
Beynəlxalq internet kanallarının ümumi tutumunun 44,5 Gb/s-ə çatdırılması ölkədə internetin inkişaf konsepsiyası çərçivəsində ələdə edilən vacib nailiyyətlərdən biri olmuşdur. Qeyd olunmalıdır ki, həyata keçirilən tədbirlər sayəsində bu gün Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir.
Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi və müasir texnologiyaların ən yeni nailiyyətlərinə əsaslanmaqla elmin inkişaf etdirilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Milli Grid Seqmenti (AzGRİD) yaradılmışdır. AzGRİD-in Avropanın milli tədqiqat və təhsil şəbəkələrini birləşdirən GEANT2 şəbəkəsi vasitəsilə Avropa Nüvə Tədqiqatları Mərkəzinə (CERN, Cenevrə) çıxışının təmin olunması üçün yüksək sürətli internet kanalı təşkil edilmişdir. AzGRİD infrastrukturu AMEA ilə CERN arasında birgə layihələrin həyata keçirilməsinə və elmtutumlu mürəkkəb məsələlərin həllinə xidmət etmişdir.
Ölkədə 1999-cu ildə Milli Poçt operatoru kimi “Azərpoçt” DM yaradılması ölkədə poçt sektorunun inkişafına rəvac verdi. 1995-2010-cu illərdə poçt sektorunun illik gəlirləri 17 dəfə artdı.
Bu gün isə müəssisənin fəaliyyət dairəsi daha da genişlənmişdir. İndi “Azərpoçt” ənənəvi xidmətlərlə yanaşı, bank maliyyə xidmətləri də göstərir. Dünya Bankının maliyyə dəstəyi ilə 2005-ci ildə “Maliyyə xidmətlərinin inkişafı” layihəsi həyata keçirilməyə başlanılmış, 2010-cu ilin sonunda layihə uğurla başa çatdırılmışdır. Artıq bütün poçt şöbələri tərəfindən poçt-maliyyə xidmətləri göstərilir və “Azərpoçt” MMC bank sektorunun əsas iştirakçılarından birinə çevrilmişdir.
Son illər informasiya və biliklərə əsaslanan rəqabətə davamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə çıxışının təmin olunması, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, elektron hökumətin formalaşdırılması qarşıda duran prioritet vəzifələrdir və onların həlli üçün məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Ölkədə informasiya texnologiyaları məhsulları istehsalının və ixrac potensialının artırılması və bu sahədə sahibkarlığın inkişafının sürətləndirilməsi, yeni texnologiyaların tətbiqi və xarici investisiyaların cəlb olunmasının təşviqi, informasiya kommunikasiya texnologiyaları sahəsində dinamik və sürətli inkişafın təmin edilməsi məqsədilə kompleks tədbirlərin yerinə yetirilməsi üzrə təkliflər paketi hazırlanımş və hazırda müvafiq icra hakimiyyəti strukturlarında baxılır. Təkliflər paketində İKT sahəsi üzrə ixtisaslaşmış investisiya fondunun yaradılması, vergi-gömrük güzəştlərinin tətbiqi və bir sıra digər mühüm tədbirlər nəzərdə tutulmuşdur.
Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcəkdir. Bunun üçün bir neçə perspektiv layihələr üzrə iş görülür. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verərək, ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yarada bilər. Möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli sərəncamına uyğun olaraq 2009-cu ilin avqustunda “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nı da təsdiq etmişdir. Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək ilk telekommunikasiya peykimizin buraxılması 2012-ci ilin sonuna planlaşdırılır. Hazırda Yerüstü peyk idarəetmə mərkəzinin, eləcə də Naxçıvan MR ərazisində alternativ peyk idarəetmə mərkəzinin yaradılması istiqamətində iş aparılır.
Avrasiya regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri ilə müqayisədə insanların keyfiyyətli və səmərəli qiymətlərlə internetə qoşulma imkanlarının məhdud olması, istehlakçıların qoşulma üçün həddən artıq yüksək haqq ödəməsi və bu regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində dün¬yada mövcud olan “rəqəmli fərqliliyi” nəzərə alaraq, Azərbaycanın “Trans-Avrasiya Super İnfor¬masiya Magistralının” (TASİM) yaradılması təşəb¬büsü ilə çıxış etməsi regional əhəmiyyətə malikdir. Bu layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək, magistral üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Hazırda layihənin reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür. Avrasiya regionunda “rəqəmli fərqliliyi” aradan qaldır¬maq və ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərələrindən bəhrə¬lən¬məsi məqsədilə Azərbaycan hökuməti sözü¬gedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə və Assambleyanın 64-cü sessiyasında bu barədə 21.12.2009-cu il tarixli 64/186 nömrəli qətnamənin yekdilliklə qəbul edilməsinə nail olmuşdur. Qətnamədə bu layihənin regionda nəinki İKT-nin, həmçinin Minilliyin məqsədlərinə - yoxsulluğun və savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə də Azərbaycanın layihənin həyata keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanmışdır. Hazırda, layihənin reallaşdırılması üzrə işlər davam etdirilir.
Azərbaycan regionda rəqəmsal efir televiziya yayımının tətbiqinə başlayan ilk ölkələrdən biridir və hazırda rəqəmsal yayım ölkə əhalisinin 60%-dən çoxunun yaşadığı əraziləri əhatə edir. “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”na uyğun olaraq, 2013-cü ilə qədər ölkəmizdə rəqəmsal yayıma keçidin tam təmin edilməsi nəzərdə tutulur.
Bu gün ölkədə dövlət proqramlarının əhali üzrə əhatə dairəsi 100%-ə, özəl TV və radio yayımlarının əhatə faizi isə təxminən 75-80%-ə çatmışdır.
Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir ki , Qlobal Rəqabət qabiliyyətlilik İndeksi üzrə Azərbaycan dünyanın 142 ölkəsi arasında 55-ci yeri tutmuşdur. Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan 57-ci yerdəki mövqeyindən 2 pillə irəliləyərək yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir.
Dünya İqtisadi Forumunun “The Global İnformation Technology Report 2010-2011” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness İndex) dünyanın 138 ölkəsi arasında 70-ci yerdə olmuşdur. 2004-cü ildən etibarən İKT sektorunda beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətində yeni yanaşmalar və metodlar tətbiq edilmiş, RİTN və tabe qurumların ikitərəfli, həmçinin regional və beynəlxalq səviyyələrdə - çoxtərəfli platformalarda əlaqələri qurulmuş, sahə üzrə nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeləri möhkəmləndirilmişdir. RİTN və dünya ölkələrinin aidiyyəti qurumları ilə 70-dən çox beynəlxalq səviyyəli sənəd imzalanmışdır.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabladığı “İKT qiymət səbəti” göstəricisi üzrə Azərbaycan 2009-cu ildəki 99-cu yerdən 2010-cu ildə 46 pillə irəliləyərək 53-cü yerə yüksəlmişdir. BTİ-nin hesabatında 2006-2010-ci illərdə İKT-nin inkişaf dinamikasına görə Azərbaycan dünyanın ilk 10 ölkəsi sırasında olmuşdur. BTİ-nin “Measuring the İnformation Society - 2011” adlı hesabatında isə Azərbaycan “İKT inkişaf indeksi” üzrə əvvəlki hesabatla müqayisədə 9 pillə irəliləyərək 2010-cu ildə 152 ölkə arasında 74-cü yeri tutmuşdur. Göründüyü kimi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız təbii ehtiyatlar məkanı kimi deyil, eyni zamanda, yüksək texnologiyalara və biliyə əsaslanan iqtisadiyyata keçid yolunda inamla irəliləyən bir ölkə kimi də dəyərləndirilir. Bu məqsədlə xarici ölkə rəsmiləri və investorlarının ölkəmizin İKT sektoruna marağı hər il artmaqdadır. Bu baxımdan, respublikamızda 15 ildən artıqdır ki, keçirilən “Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı müstəsna rol oynamaqdadır. “Bakutel”in son illər Prezident İlham Əliyevin himayəsi altında və şəxsi iştirakı ilə keçirilməsi tədbiri həcm və nüfuz dairəsinə görə Qafqaz və Xəzəryanı regionda ən yüksək səviyyəyə çıxarmış, respublikamızın geosiyasi və iqtisadi maraqlarının qlobal miqyasda təmin olunması üçün platforma kimi formalaşdırmışdır.
RİTN-in başçılığı ilə geniştərkibli Azərbaycan nümayəndə heyəti dəfələrlə beynəlxalq “CeBİT”, “İTU Telecom World”, “SvyazExpoComm”, “CeBİT Bilişim” kimi beynəlxalq sərgilərdə iştirak etmişlər. Azərbaycan nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, Regional Rabitə Birliyinin və digər bu kimi beynəlxalq təşkilatların tədbirlərində mütəmadi iştirak edirlər.
Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyduğumuz vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir. Məlum olduğu kimi, son bir neçə ildə ölkə iqtisadiyyatı neftdən əldə olunan gəlirlər hesabına dünyada analoqu olmayan səviyyədə artım tempi ilə inkişaf edir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təbii ehtiyatların yaratdığı imkanlardan istifadə edərək yüksək texnologiyalara əsaslanan cəmiyyətin qurulması təşkil edir. Ölkə prezidentinin İKT sektorunu enerji sektorundan sonra ikinci prioritet sahə elan etməsini heç də təsadüfi qiymət¬lən¬dirməyən yerli və xarici ekspertlər sürətli inkişaf tempinə görə bu sahəni ölkə iqtisa¬diyyatının əsas lokomativi hesab edir və beləliklə, bu sektorun gəlirlərinin 2025-ci ildən başlayaraq ölkənin neft gəlirlərini üstə¬ləyəcəyi haqqında fikirlər bildirirlər.
Bu gün İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam həllini tapacaq və Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaqdır.
Əli Abbasov,
Rabitə və informasiya
texnologiyaları naziri
Səs.- 2012.- 15
noyabr.- S.10.