Bu günlərə qələbələrlə gəlmişik və inanıram ki, bundan sonra qələbələrimiz daha da artacaq

 

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun yap.org.az-a müsahibəsi

 

- Siyavuş müəllim, istərdik ilk olaraq, müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən mühüm ictimai-siyasi hadisələri, siyasi şəraiti və bunların fonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasını şərtləndirən amilləri qısaca təhlil edək...

- Biz həmişə qeyd etmişik ki, YAP digər partiyalardan fərqli olaraq zərurətdən yaranıb. Ümumiyyətlə, 20 il öncəki dövrə nəzər yetirsək görərik ki, Azərbaycan çox çətin vəziyyətdə idi. Ölkə ərazisində gedən müharibə, idarəçiliyin olmaması, səriştəsiz insanların rəhbərlikdə olması, o cümlədən, ölkə daxilində vətəndaş qarşıdurması Azərbaycanı parçalanma, vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuşdu. Həmçinin, bəhs edilən dövrdə ölkəmizə xarici müdaxilə də vardı. Vəziyyət o qədər kritik idi ki, hətta Azərbaycan yer üzündən silinmək təhlükəsi ilə baş-başa qalmışdı. Ayrı-ayrı siyasi partiyaların hər birinin özünün silahlı dəstələri var idi, hər biri müxtəlif yönümlü siyasət aparırdı. Yəni, xalqla bağlılıq, onun iradəsini ifadə etmək, xalqın maraqlarını qorumaq kimi məsələlər həmin vaxt hakimiyyətdə təmsil olunanları qətiyyən düşündürmürdü. Bəziyyəti belə görən Azərbaycanın tanınmış insanları, görkəmli adamları müəyyən məsləhətləşmələrdən sonra Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdilər. Ulu öndər həmin vaxt Naxçıvanın Ali Məclisinin sədri idi. Açığı ona qədər də - 1990-cı ildə Ümummilli liderimizin Moskvadan Azərbaycana qayıdışından sonra da insanlarda artıq bir fikir formalaşdı - Heydər Əliyev Azərbaycana yenidən rəhbərliyə gəlməlidi ki, Azərbaycanın problemlərini həll etsin. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədilər. O da məcburiyyət qarşısında qalıb Naxçıvan Muxtar Respublikasına getdi. Lakin bu da müəyyən qüvvələri sakitləşdirmədi və Heydər Əliyevə qarşı güclü təzyiqlər davam edirdi. Eyni zamanda, istər Bakıda, istərsə də Naxçıvanda Heydər Əliyev tərəfdarlarına qarşı güclü qısqanclıq və onların təqib olunması prosesi başladı. Onların bəziləri işdən çıxarıldılar. Naxçıvanda da bəzi qruplar, bəzi dairələr Ulu öndər Heydər Əliyev əleyhinə iş aparırdı. Bunlar azmış kimi, 1992-ci ildə Azərbaycan Konstitusiyasına belə bir əlavə olundu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməz. Bu düzəliş də birbaşa Ulu öndərimizə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Ümummilli liderimiz Heydər Əliyev tərəfdarları 18 gün Ali Sovetin qarşısında mitinq keçirdilər. Etiraz aksiyaları təşkil etdilər. Ümummilli lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü. Çünki o dövrdə hələ siyasi partiyalar formalaşdırılmamışdı. Qanuna görə müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Həmin vaxt namizədliyi ən çox irəli sürülən şəxs də Heydər Əliyev idi. Lakin o zaman Mərkəzi Seçki Komissiyası Heydər Əliyevin namizədliyini qeydə almadı. Çünki Konstitusiyada dediyim həmin əlavə düzəlişlər var idi. Seçkilərdən dərhal sonra isə Heydər Əliyevin namizədliyini müdafiə edən, yaş senzinə qarşı çıxan adamlara qarşı yeni təzyiqlər dalğası başladı. Onların üzərinə silahlı dəstələr göndərdilər, atışmalar oldu, evlərinə hücumlar çəkildi və s. Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. Təxminən 1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyətinin sədr müavini Əli Nağıyev cəmiyyətin genişləndirilmiş toplantısında Ümummilli Liderimizin rəhbərliyi altında siyasi partiyanın yaranması təklifini irəli sürdü. Toplantıda iştirak edənlər yekdilliklə bu təklifə səs verdilər.

- Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının yaranması prosesi də asan keçmədi, böyük təqiblər, təzyiqlər uzun müddət davam etdi. Siz o hadisələri necə xatırlayırsınız?

- Bəhs edilən dövrdə 28 may 1992-ci il Naxçıvanda Ümid körpüsünün açılışı ilə əlaqədar “Əlincə” xeyriyyə cəmiyyətindən nümayəndələr dəvət olunmuşdur. İlk qrupda rəhmətlik Murtuz Ələsgərov, mən, Ziyafət Əsgərov və Munis Bayramov var idi. Mayın 28-də Ümümmilli Lider ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi aparıldı. Ondan sonra Əli Nağıyev, Murtuz Ələsgərov, Fərəməz Maqsudov, Hacıbala Abutalıbov, Ağabəy Əsgərov, Məzdək Hüseynov, Rizvan Vahabov və Munis Bayramov iyul ayının 13-də Naxçıvan MR-ə səfər etdilər. Demək olar ki, Əlincə Xeyriyyə Cəmiyyətinin xətti ilə dəstə-dəstə insanlar Naxçıvana gedirdilər. Təklif olunurdu ki, Heydər Əliyevin rəhbərliyi ilə partiya yaradılsın. Amma Ümummilli liderimiz Heydər Əliyev əvvəllər razılıq vermirdi. Deyirdi ki, bir partiyada olmuşam bundan sonra heç bir partiyaya rəhbərlik etmək istəmirəm. Lakin ölkəmizdə baş verən hadisələrdən sonra Azərbaycanı sevən insan kimi Heydər Əliyev də gördü ki, artıq buna zərurət var. Bu ərəfədə 91-lərin Ümummilli liderimiz Heydər Əliyevə müraciəti oldu ki, Azərbaycan sizin sözünüzü gözləyir. Ümummilli liderimiz Heydər Əliyevin 91-lərə cavabı da kifayət qədər təsirli və dövrün mənzərəsini dolğun şəkildə təsvir edirdi. Həmin cavabda Ulu öndər belə bir partiyanın yaranmasına razılıq vermişdi. Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat rəhbərliyi Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədiyi üçün 50 nəfər adam burdan Naxçıvan Muxtar Respublikasına getmişdi.

Beləliklə, 21 noyabr 1992-ci ildə 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. Baxmayaraq ki, ona qədər də partiyanın yaradıcılarına qarşı iki böyük hadisə olmuşdu. Muxtar respublikada oktyabrın 24-də Daxili İşlər Nazirliyini və televiziyanı tutdular. Ali Məclisə silahlı basqın gözlənilirdi. Lakin xalq ayağa qalxaraq tamamilə onları uzaqlaşdırdı və bundan artıq təxribatlara imkan vermədi. Həmçinin, Bakıda artıq partiya yaradıcılarını, iştirakçıları, 91-ləri, təsisdə fəal olan şəxsləri prokurorluğa çağırıb hədələyirdilər. O vaxt insanları Bakı şəhər Prokurorluğuna çağırırdılar ki, niyə bura imza atmısız. O cümlədən, imza atanlar fiziki təqiblərə məruz qalırdılar. Məsələn, partiyamızın Sədr müavini, rəhmətlik Murtuz Ələsgərovu həmin ərəfədə döymüşdülər. Yəni bu, partiyanın yaradıcısı olan insanların hər birinə qarşı belə təqiblər başlandı. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra Azərbaycanın hər yerində artıq təsis konfransları keçirilməyə başlandı. Bunu görən AXC-Müsavat hakimiyyəti bütün Azərbaycan üzrə fövqəladə vəziyyət elan etdi. Çünki fövqəladə vəziyyətdə toplantı və yığıncaqlar qadağan olunur. Adətən, fövqəladə vəziyyət şəhərlərdə olur, lakin həmin vaxt ən kiçik bölgədə belə fövqəladə vəziyyət elan olundu. Yadımdadır, Zərdab rayonunda təsis konfransı olmalı idi. Səhər məkana çatanda məlum oldu ki, axşam fövqəladə vəziyyət elan olunması barədə qərar qəbul edilib. Ona görə iclası keçirtmək mümkün olmadı. Həmin vaxt bu cür hallar çox olurdu.

- 1992-ci il, noyabrın 21-də Yeni Azərbaycan Partiyası yarandı və 1993-cü ilin iyun ayında de-fakto hakim partiyaya çevrildi. Bəlkə də Yeni Azərbaycan Partiyası dünyada yeganə partiyadır ki, yarandığı tarixdən 6-7 ay sonra hakimiyyətə gəlib...

- Qeyd etdiyim kimi, partiya yarandı və artıq iyun ayında hakimiyyətə gəldi. Buna partiyamızın bütün strukturları tam şəkildə hazır idi. O vaxt elan etmişdilər ki, parlament seçkiləri keçirmək istəyirlər. Əslində, bunun keçirilməsini uzadırdılar. Hətta seçkilər keçirilsəydi, YAP parlamentdəki yerlərin əksəriyyətini götürəcəkdi və parlamentdə çoxluğu əldə edəcəkdi. O dövrün tanınmış insanlarının hamısı YAP-a toplaşmışdı. Bilirsiniz ki, o vaxt Azərbaycan Milli İstiqlal Partiyası da var idi. YAP yaranan kimi Milli İstiqlal Partiyası tamamilə dağıldı. Orada olanların böyük əksəriyyəti YAP-a qoşuldu. Xalq cəbhəsindən çoxlu insanlar YAP-a gəldi. Hansı ki o insanların bir hissəsi siyasi fəaliyyətlə məşğul olurdu. Onlar YAP-ın tutduğu düz xətti, yolu istiqaməti gördükdən sonra bura qatıldı. Yeni Azərbaycan Partiyasının Nizamnaməsini Ümummilli liderimiz yazıb. Bu Nizamnamə partiyamız üçün proqram xarakteri daşıyır və indiyə qədər qüvvədədir. Bu, təkcə partiyamızın deyil, Azərbaycanın da 20-30 il sonrakı inkişafını əks etdirən proqram idi. Oradakı əsas prinsiplər - azərbaycançılıq, dövlətçilik, sosial ədalət və digərləri bu gün ölkəmizdə ali prinsiplər kimi həyata keçirilir. Bu, təbii ki, Ulu öndərimizin uzaqgörənliyinin nəticəsidir və partiya idarəçilik sistemi, partiyada aparılan islahatlar, partiyanın yerli təşkilatlarında, mərkəzdə gedən işlərin hamısı demək olar ki, Yeni Azərbaycan Partiyasının gücünü və qüdrətini artırır. Bu yaxınlarda möhtərəm Prezidentimiz də qeyd etdi ki, Yeni Azərbaycan Partiyası regionda analoqu olmayan bir partiyadır. Bu gün nəinki bizi əhatə edən dövlətlərdə, başqa dövlətlərdə də Yeni Azərbaycan Partiyası qədər qüdrətli olan, xalqa, dövlətə xidmət edən ikinci bir partiya yoxdur. Ona görə də, Yeni Azərbaycan Partiyasına ümumxalq partiyası deyirlər. Burada milliyyətindən, dinindən, sosial mənşəyindən asılı olmayaraq, xalqın bütün nümayəndələri Yeni Azərbaycan Partiyasının üzvləridir.

- Siyavuş müəllim, Nizamnamədən söz düşmüşkən, Yeni Azərbaycan Partiyasının rəhbər tutduğu prinsiplər, siyasi, ideoloji istiqamətlər o dövr üçün bir yenilik idi. O dövrə qədər Azərbaycanda həm ənənələrə sadiq, həm də inteqrasiyanı mənimsəyən bir baxış mövcud deyildi. Yeni Azərbaycan Partiyasının məhz sağ mərkəzçi baxışlar sistemini qəbul etməsi, öz fəaliyyətini bu dəyərlərə uyğun qurması hansı səbəblərlə bağlı idi?

- O vaxt bilirsiniz ki, Azərbaycan siyasi palitrasında millətçi yanaşma çox populyar idi. Keçmiş kommunistləri və sosial demokratları çıxsaq, demək olar ki, bütün siyasi təşkilatlar fəaliyyətini daha çox milliyyətçilik üzərində qururdular. Sonradan gördünüz ki, hamısı nizamnamələrini dəyişdilər. Yeni Azərbaycan Partiyası yaradılarkən çox adam da fikirləşirdi ki, bunu millətçi bir partiya kimi yaradaq, adını elə bu istiqamətdə qoyaq. Amma Yeni Azərbaycan Partiyası sağ mərkəzçi istiqaməti götürərək bu günə qədər də fəaliyyətini bu prinsiplər əsasında davam etdirir. Biz düşünürük ki, millətə, xalqa xidmət etmək üçün vacib deyil ki, partiyanın adını millətçilik qoyasan. Əslində, millətçilik bir dəyər kimi, bizim partiyamızın siyasi - ideoloji fəaliyyətində öz yerini alıb, amma biz bunun sivil formasını üstün tuturuq. Hesab edirəm ki, bizim mənimsədiyimiz dəyərlər, bu baxışlar sistemi 30 il sonra da aktual olacaq. Bu da yenə də Ümummilli liderimizin qərarının nə qədər doğru olduğunu, Onun uzaqgörən bir siyasi lider olduğunu ortaya qoyur.

- Yeni Azərbaycan Partiyasının fəaliyyəti bir çox cəhətdən nümunə ola bilər. YAP-ın yenilikçi, dəyişiklikləri dəstəkləyən, təşviq edən addımlarını biz hər bir istiqamətdə görürük. Məsələn, bu gün Yeni Azərbaycan Partiyasının opponentləri 20 il bundan öncə də partiya rəhbərliyində təmsil olunan siyasi qüvvələrlə yoluna davam etdiyi halda, Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarında təmsil olunanların demək olar ki, 70 faizə qədəri müxtəlif dövrlərdə dəyişib, onların yerini yeni simalar, qüvvələr alıb...

- Bəli, çox düzgün qeyd edirsiniz, Yeni Azərbaycan Partiyasının istər rayon təşkilatlarında, istər Siyasi Şurasında, istərsə də İdarə Heyətində təmsil olunan insanların əksəriyyəti yeniləri ilə əvəz olunub. Məsələn, partiyanın rayon təşkilatlarının sədrlərindən cəmi 3 nəfəri dəyişməyib. Qalanları müxtəlif dövrlərdə öz yerini başqalarına təhvil verib. Olub ki, hansısa sədr müxtəlif səbəblərdən öz vəzifəsini icra edə bilməyib və o özü sivil şəkildə geri çəkilərək başqa bir namizədə postunu təhvil verib. Hər il partiyanın sıraları genişlənir. Orta hesabla hər il 40 min nəfərə qədər yeni üzv partiya sıralarına qoşulur. O cümlədən, rayon təşkilatlarının da sıraları genişlənir. Hər konfransda rayon təşkilatları şuralarının, İdarə heyətlərinin tərkibinin təxminən 30 faizi dəyişir, bəzən sədrlər, bəzən onların müavinləri yeniləri ilə əvəz olunur. Kim yaxşı işləyirsə, o təbii ki, qalır, işinin öhdəsindən gələ bilməyənlər yerini başqa bir şəxsə verir. Eyni şəkildə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində də, Qadınlar Şurasında da islahatlar həyata keçirilir.

Mən özüm partiyanın Gənclər Birliyinin ilk sədri olmuşam. 10 il sədr olduqdan sonra düşündüm ki, həm yaş baxımından, həm düşüncə baxımından, onlara yeni sədr lazımdır və biz hamımız, sədr və müavinlər istefa verdik. Bundan sonra Gənclər Birliyinin rəhbərliyinə yeni heyət seçildi. Çünki bu partiya heç kəsin deyil, ümumxalq partiyasıdır. Bu baxımdan da partiyamızda mütəmadi olaraq islahatlar gedir. Opponentlərimizdə isə bu istiqamətdə heç bir iş görülmür, 20 il bundan öncə necə idisə, elə də qalır. Yaranandan bir neçə nəfər partiya rəhbərliyini ələ keçiriblər, partiyanı da inkişafa qoymurlar. Ona görə də, tənəzzülə uğrayıblar. Tutaq ki, götürək Azərbaycan Xalq Cəbhəsi Partiyasını. Tərkibindən 8 dənə partiya yaranıb. Elçibəyin müavinlərinin hərəsi özünə bir partiya yaradıb. O cümlədən, Müsavat Partiyası. İsa Qəmbərin müavinləri başqa partiyalara qoşulurlar. Çünki onlar görürlər ki, bu adamlar partiyalarını qabağa apara bilmirlər, əksinə geri gedirlər. Bu partiyalara niyə yeni üzvlər qəbul olunmurlar? Çünki bu partiyaların liderləri hər şeyi mənimsəyiblər. Gənclərə meydan verilmir, insanlara fəaliyyət şəraiti yaradılmır. Parlament seçkilərində, bələdiyyə seçkilərində biz bunu dəfələrlə müşahidə etmişik. Bələdiyyə seçkilərində bizim irəli sürdüyümüz namizədlərin təxminən 30 faizi gənclər idi, 20 faizdən çoxu qadınlar idi. O cümlədən, parlament seçkilərində də, həmçinin, bu insanlara şans verməyə çalışırıq. Amma müxalifət partiyalarının fəaliyyətində biz bunu müşahidə etmirik. Neçə illərdir namizədliyini irəli sürüb, məğlub olan adamlar iddialarından əl çəkmirlər. Halbuki, onlar kənara çəkilib yeni nəslə şans verməlidir ki, inkişaf olsun.

- Yeni Azərbaycan Partiyası iqtidar partiyası olduqdan sonra onun ideoloji baxışları, monolitliyi, milli birliyə xidmət edən addımları, islahatlara sadiqliyi Azərbaycanda dövlət idarəçiliyinin əsas dəyərinə çevrildi. Bu kontekstdə, YAP-ın iqtidara gəldikdən sonra Azərbaycan xalqının, dövlətçiliyimizin inkişafına verdiyi töhfələri necə qiymətləndirirsiniz?

- Yeni Azərbaycan Partiyasının proqramı sonradan dövlətin inkişaf proqramına çevrildi və dövlətin sütunları bu proqram əsasında qurulmağa başladı. Azərbaycanın ən çətin və ağır vaxtında Yeni Azərbaycan Partiyası bütün məsuliyyəti öz üzərinə götürərək dövlətçiliyimizi qorudu. İdarəçiliyin 10 qızıl şərtindən birincisi ictimai sabitlikdir. İctimai sabitlik olmayan yerdə hər hansı bir iqtisadi inkişafdan, vətəndaş həmrəyliyindən danışmaq olmaz. Ona görə də, ilk olaraq, Azərbaycanda ictimai sabitlik yaradıldı, ölkəmizdəki qanunsuz silahlı qruplar ləğv olundu. Yadımdadır, o vaxt ABŞ prezidenti Bill Klinton 1995-ci ilin mart qiyamından sonra Ümummilli liderimiz Heydər Əliyevə məktub göndərmişdi və həmin məktubda belə bir fikir öz əksini tapmışdı ki, “Azərbaycanda dövlət çevrilişi kimi bir vəba xəstəliyinə Siz son qoydunuz”. O vaxta qədər Azərbaycanda dövlət çevrilişi vəba xəstəliyi kimi yayılmışdı. Bir adam hakimiyyətə gələn kimi digərləri silahlı dəstə yaradırdı ki, onu hakimiyyətdən salsın, hakimiyyəti mənimsəsin. İlk olaraq, Azərbaycanda bu çox təhlükəli və mənfi ənənəyə son qoyuldu, dövlət idarəçiliyinə demokratik ab-hava gətirildi. Bundan sonra iqtisadi islahatlara start verildi. Bu sahədə də xeyli iş görüldü. Bildiyimiz kimi, bütün müəssisələr dağıdılmışdı, həmin müəssisələrdəki bütün texnikalar, avadanlıqlar İrana satılmışdı, ölkədə bir dənə də olsun, müəssisə fəaliyyət göstərmirdi. Ondan sonra bu müəssisələrin bərpası, yeni müəssisələrin, yeni iş yerlərinin açılması, bütün sahələrdə islahatların aparılması yönündə geniş fəaliyyət proqramları qəbul olundu və onların icrasına başlanıldı. Ölkəmizdə tənzimlənən bazar iqtisadiyyatı qurulmağa başlandı. Bu çox geniş bir mənanı ifadə edir. Azərbaycan postsovet ölkələri sırasında torpaq islahatları həyata keçirən ilk dövlət idi. Bundan qabaq 1992-ci ildə Ulu öndər Naxçıvanda bu islahatları həyata keçirmişdi. Digər sahələrdə də yeni proqramlar qəbul olundu və ölkə iqtisadiyyatı yenidən qurulmağa başlandı. 1993-cü ildə Azərbaycanın dövlət büdcəsi təxminən 200-300 milyon dollar idisə, bu gün 22 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi 10 dəfələrlə artıb. Təbii ki, bütün bunlar Azərbaycanda həyata keçirilən islahatların uğurlarıdır və Ümummilli liderimizin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının iqtidara gəlməsinin sayəsində baş vermişdir.

- Siyavuş müəllim, həm Azərbaycan dövlətçiliyi tarixində, həm də Yeni Azərbaycan Partiyasının 20 illik fəaliyyətində partiya qurultaylarının çox böyük əhəmiyyəti olmuşdur. İstərdik, bu məsələni həm də sizin nöqteyi-nəzərinizcə təhlil edək. Yeni Azərbaycan Partiyasının qurultaylarının əhəmiyyətini, onların həm partiyamıza, həm də dövlətçiliyimə verdiyi töhfələri necə qiymətləndirirsiniz?

- Yeni Azərbaycan Partiyasının ilk qurultayı 1999-cu ildə keçirilmişdir. Bu qurultayda partiya həyatında çox böyük dəyişikliklər baş verdi. Həm Siyasi Şurasının, həm İdarə Heyətinin tərkibi yeniləndi, Partiya sədr müavinliyinin və İcra Katibliyi kimi yeni strukturun yaranması istiqamətində yeniliklər edildi. Bunun özünün çox böyük əhəmiyyəti vardı. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyev o qurultayda partiyanın Sədr müavini seçilmişdi. Bundan başqa partiyanın operativ idarə edilməsi üçün İcra Katibliyi yaradıldı. Buna qədər partiyanın Sədri və sədr müavinləri partiya idarəçiliyinə də məsul idilər. Onlar dövlət idarəçiliyində də təmsil olunduqları üçün partiyanın operativ idarəçiliyinə hər zaman diqqət ayıra bilmirdilər. Çünki paralel olaraq onlar hər biri dövlət vəzifəsi daşıyırdılar. Artıq partiyanın İcra Katibliyi Aparatı genişləndiriləndən sonra yerlərdə də partiya aparatlarının yaradılması prosesi başlandı. Bəlkə də dünyada ən işlək sistem elə Yeni Azərbaycan Partiyasının sistemidir. Dünya siyasi partiyalarının toplantısında da Yeni Azərbaycan Partiyasının sistemi haqqında bir məruzə oxundu. Həmin məruzədə də xüsusilə qeyd olundu ki, biz üstünlüyü mərkəzə yox, yerlərə yönəltmişik. Elə partiyalar var ki, bütün işçilərini mərkəzi qərargahda toplayıb, yerlərdə isə heç bir fəaliyyəti yoxdur. Ona görə də, seçki prosesində əhali ilə iş qurmaq prosesində problemləri böyük olur. Amma bizdə artıq bu məsələ həll olunub və əsas güc mərkəzləri yerlərdədir, çevik idarəçilik sistemi ilə mərkəzdə bunların hamısı həyata keçirilir. Bu baxımdan, heç bir seçkidə Yeni Azərbaycan Partiyasının problemi olmur. İmzaların toplanmasında, müşahidəçilərin təyin olunmasında, seçicilərlə görüşlərin, müxtəlif tədbirlərin təşkil olunmasında müvafiq işlər görülür.

Yeni Azərbaycan Partiyasının II qurultayı da bir sıra yeniliklərlə və həmin qurultayda qəbul olunmuş mühüm qərarlarla böyük əhəmiyyət kəsb edir. 2001-ci ildə keçirilən II qurultayda cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini seçildi. Bu, partiyanın fəaliyyətinin genişləndirilməsinə çox böyük stimul oldu. Partiyanın boy artımı prosesini təhlil edərkən görürük ki, cənab Prezidentimiz İlham Əliyevin YAP Sədrinin birinci müavini seçilməsindən sonra Yeni Azərbaycan Partiyasının sıraları sürətlə genişlənməyə başladı. Xüsusilə, gənclər və orta nəslin nümayəndələrinin YAP-a üzv olması geniş hal aldı. Hətta biz məcburiyyət qarşısında qalıb üzvlük prosedurunu bir az çətinləşdirirdik. Yeni Azərbaycan Partiyasının III qurultayında cənab Prezident İlham Əliyev partiyanın Sədri seçildi. Bu, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı idi. İstər partiyanın idarəetmə sistemində, istər partiyanın beynəlxalq əlaqələrinin genişlənməsində, maddi-texniki bazasının möhkəmlənməsində və partiya həyatının digər sahələrində çox ciddi dəyişikliklər baş verdi.

Partiyanın IV qurultayı isə 2008-ci ildə keçirildi və bu qurultayda bilirsiniz ki, biz cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin prezident seçkilərində namizədliyini irəli sürdük. Yəqin ki, növbəti qurultayımız da gələn il olacaq ki, biz bu addımı yenidən təkrarlayacağıq.

- Siyavuş müəllim, şübhəsiz ki, ictimai dəstək, xalqın iradəsi bütün seçkilərdə çox mühüm rol oynayır. Amma bu ictimai dəstəyi seçkilər marafonunun sonunda real nəticəyə çevirmək üçün mütərəqqi seçki texnologiyalarının tətbiqi olduqca vacib əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə keçirilən bütün seçkiləri qələbə ilə başa vurub, onda hesab edirik ki, partiyanın tətbiq etdiyi seçki texnologiyasının özəlliklərini diqqət yetirmək doğru olardı...

- Yeni Azərbaycan Partiyası seçkilərə 1 il qalmış bütün fəaliyyətini tamamilə seçkiyə yönəldir. Məsələn, biz seçkilərə bir il qalmış yerlərdə bütün rayon təşkilatlarının konfransları keçirilir, hesabatlar qəbul olunur, rayon təşkilatlarının fəaliyyəti sərf-nəzər olunur. Harada görürük ki, sədrlər Yeni Azərbaycan Partiyasının seçkilərdə aparacağı işə cavab vermir, orada dəyişilməlidir, bəziləri isə artıq müəyyən yaşa çatdığından öz istəyi ilə sədrlik vəzifəsindən istefa verir, həmin təşkilatlarda yeni heyət seçilir. O cümlədən, İdarə Heyətində, Şurada bu işlər aparılır. Hər məntəqə ətrafında bizim ərazi ilk partiya təşkilatımız var. Ümumilikdə 8 minə yaxın bizim ərazi ilk partiya təşkilatımız fəaliyyət göstərir. Elə məntəqələr var ki, onun ərazisində 2 ərazi ilk partiya təşkilatımız var. Seçkilər qurtaran kimi biz dərhal bir ay ərzində ilkin hesabat hazırlayırıq, hansı məntəqədə vəziyyətimiz necə olub, harada çatışmazlıqlar olub, bunun səbəbləri nədir, harada işlər daha keyfiyyətli qurulub. Bütün bunları biz əhatəli təhlil edirik ki, artıq növbəti seçkilərə biz daha güclü hazırlaşaq. Növbəti seçkilərə qədər isə biz seçkilərdə əhali qrupları ilə işləyəcək partiya fəallarına treninqlər keçiririk. Məsələn, deyə bilərəm ki, biz indidən seçkilərdə imza toplayacaq şəxslərin siyahısını hazırlayırıq. Biz onlar üçün kurslar təşkil edirik. Eyni zamanda, kimlər bizim müşahidəçilərimiz olacaq bununla bağlı təhlillərimizi aparırıq. Yəni, bizim üçün seçkilərə hazırlıq 2 ayı əhatə etmir. Biz bir seçkilər başa çatan kimi artıq növbəti seçkilərə hazırlığa start veririk. Təbii ki, bir il qalmış işlərimizi daha da fəallaşdırır və fəaliyyətimizi tamamilə bu yöndə qururuq. Amma təəssüflər olsun ki, bəzi müxalifət partiyaları seçkilər başlayana qədər heç namizədlərini də müəyyənləşdirə bilmirlər. Namizədini müəyyənləşdirə bilmirsə, onun təbliğatını hansı proqram əsasında qura bilər? Bunları qarşılıqlı müqayisə edəndə əslində, seçkilərdə uğur gətirən səbəblərin nə olduğu daha aydın anlaşılır. Təbii ki, birinci şərt namizədin özüdür. Bu gün Azərbaycan xalqı Prezidentini sevir, əminəmm ki, seçkilərdə də yekdilliklə Ona səs verəcək. İkinci şərt, namizədlərə təşkil olunan proqramdır. Bu mənada da bizim namizədimizin kifayət qədər resursları var. Bu resurslar ölkədə gedən inkişafdır, yoxsulluğun aradan qaldırılması, regionların inkişafı, müasirləşməsi, Azərbaycan vətəndaşının həyat şəraitinin gündən-günə yaxşılaşması istiqamətində görülən işlər, ölkəmizdə bütün sahələrdə əldə olunan böyük nailiyyətlərdir. Azərbaycanda 3000-dən artıq məktəb tikilib, səhiyyə ocaqları, diaqnostik mərkəzlər tikilib, yeni yollar salınıb, körpülər inşa olunub, müasir standartlara cavab verən yeni müəssisələr istifadəyə verilib ki, orada da çalışanların böyük əksəriyyəti azərbaycanlılardır. Vətəndaşlar bunları görür və təbii ki, istəyir ki, bu işlər gələcəkdə davam etdirilsin.

- Siyavuş müəllim, bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası yarandığı gündən partiyanın böyüməsində, inkişafında, hər prosesdə siz də olmusunuz. Sizin gözünüzdə, Yeni Azərbaycan Partiyası bu illərdə nə qədər dəyişib və böyüyüb?

- Bunu ifadə etmək həqiqətən çox çətindir. Ötən 20 ildə Yeni Azərbaycan Partiyası həqiqətən çox böyük inkişaf yolu keçib, addım-addım böyüyüb, mərhələ-mərhələ inkişaf edərək bu günümüzə qədər gəlib çatıb. Hesab edirəm ki, bu çox böyük bir hadisədir. Dünya ölkələrinin partiyaları tarixində də bu cür sürətlə inkişaf edən partiya yoxdur. Görürsən ki, hansısa partiya bir seçkidə qələbə çalır, sonrakı seçkilərdə məğlub olur. Yeni Azərbaycan Partiyası 1992-ci ildən bu günə qədər keçirilən bütün seçkilərdə qalib gəlib. Hətta bələdiyyə seçkilərində bizdən xahiş ediblər ki, siz partiya şəklində iştirak etməyin. Çünki onların namizədləri yoxdur. Bizdə isə namizədlər çoxdur. Bu bəzi hallarda müəyyən çətinliklər yaradır. Məsələn, parlament seçkilərində biz namizədlərlə bağlı bəzən çox sərt tədbirlər həyata keçirməyə məcbur olurduq. Çünki namizədlər çoxdur, onların əksəriyyəti layiqlidir amma biz səslərin parçalanmasının qarşısını almaq üçün bu tədbirləri görmək məcburiyyətində qalırıq. Çünki biz layiqlilər içərisindən də ən layiqlisini seçməliyik. Bax bu şəkildə diqqətlə fəaliyyət göstərərək, gərgin əmək sərf edərək bu günlərə qələbələrlə gəlmişik və inanıram ki, bundan sonra qələbələrimiz daha da artacaq.

- 20 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyasının bugünkü hədəfləri nədən ibarətdir?

- Yeni Azərbaycan Partiyasının dəyişməz hədəfləri Azərbaycanın daha da güclü olması, xalqımızın daha da yaxşı yaşaması, insanlarımızın xoşbəxt olması, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da güclü olması üçün var gücü ilə çalışmaqdır. Biz Azərbaycanda siyasi sistemin daha da təkmilləşməsi üçün müvafiq addımlar atırıq. Azərbaycan iqtisadiyyatının inkişafı, yeni sənaye müəssisələrinin yaranmasına öz töhfələrini verir. Ən əsas prioritetlərdən biri də budur ki, biz gələcək prezident seçkilərinə hazırlaşırıq. Tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdən də qələbə ilə çıxacaq.

- Sonda Yeni Azərbaycan Partiyasının yubileyi ilə bağlı keçirilən tədbirlər haqqında məlumat verməyinizi xahiş edərdik.

- Yeni Azərbaycan Partiyasının yubileyi ilə bağlı çoxlu sayda tədbirlər keçirilir. Demək olar ki, bütün rayon və şəhər təşkilatlarımızda artıq bu tədbirlər reallaşdırılıb. Hər bir rayonda ardıcıl bir neçə tədbirlər, o cümlədən, idman yarışları, bilik olimpiadaları, inşa müsabiqələri, musiqi festivalları keçirilir. Bu yarışlarda qələbə çalan komandalar respublika üzrə keçirəcəyimiz böyük yarışlarda iştirak etmək hüququ qazanırlar. Partiyamız qarşısında xidmətləri olan partiya üzvlərimiz mükafatlandırılır. Hər il olduğu kimi, bu il də böyük ağacəkmə kampaniyası təşkil edəcəyik. Sonda isə yubiley ərəfəsində böyük bir tədbirlə bu tədbirlərə yekun vuracağıq. Həmçinin, elə partiyamızın yubileyi ərəfəsində Bakıda Asiya Ölkələri Siyasi Partiyalarının Baş Assambleyasının toplantısı keçiriləcək və həmin tədbirdə 56 ölkədən 400-ə yaxın nümayəndə ölkəmizə gələcək ki, onların içərisində ayrı-ayrı ölkələrin rəsmi şəxsləri, deputatlar, tanınmış siyasətçilər də var.

 

 

Səs.- 2012.- 15 noyabr.- S.4-5.