Naxçıvanda Yeni
Azərbaycan Partiyasının 20 illiyi qeyd edilib
Noyabrın 14-də Naxçıvanda
Yeni Azərbaycan Partiyasının yaradılmasının 20
illiyi münasibətilə təntənəli tədbir
keçirilmişdir. Tədbir iştirakçıları
müstəqil Azərbaycan Respublikasının memarı və
qurucusu, Yeni Azərbaycan Partiyasının banisi ümummilli
lider Heydər Əliyevin Naxçıvan şəhərinin
baş meydanındakı abidəsini ziyarət etmiş,
önünə gül dəstələri qoymuşlar.
Tədbir 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının ilk təsis konfransının keçirildiyi
Cəlil Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili Dram Teatrında davam etdirilmişdir.
Yubiley tədbirində çıxış edən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni
Azərbaycan Partiyası muxtar respublika təşkilatının sədri Vasif Talıbov ölkəmizin yeni
tarixində və siyasi həyatında əhəmiyyətli
rol oynayan YAP-ın
yaradılmasının 20 illiyi münasibətilə
tədbir iştirakçılarını təbrik edərək demişdir:
“Yeni Azərbaycan Partiyası ölkəmizin
siyasi həyatında gərgin proseslərin
getdiyi bir dövrdə
yaranmışdır. Partiyamızın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev
həmin dövrdə mövcud vəziyyət,
ölkəmizin parçalanmasına yönəlmiş cəhdlər
barədə danışaraq bildirmişdir:
“Azərbaycan xalqı ölkəmiz üçün
həlledici məqamda bir yumruq
kimi Heydər Əliyevin ətrafında
birləşdi və Heydər Əliyevin ideyalarına, onun siyasətinə, onun
dünyabaxışlarına, onun fəlsəfəsinə
sadiqliyini bir daha göstərdi”.
Ali Məclisin sədri demişdir:
“Bu tarixi yubiley günündə partiyanın və
müstəqil Azərbaycan dövlətinin qurucusu,
ümummilli lider Heydər
Əliyevin əziz xatirəsini dərin ehtiramla
yad edirik. Qədim
Şərq filosofları deyirdilər ki,
“dövlətin inkişafı iki amildən
asılıdır: onlardan birincisi
xalqın dəstəyini qazanan müdrik şəxsiyyətin
olmasıdırsa, ikincisi xalqı
arxasınca aparan sağlam
ideologiyanın olmasıdır”. Xalqın dəstəyini
qazanan ümummilli liderimiz müstəqilliyimizi qorumaq
və daha da möhkəmlətmək,
ölkənin parçalanmasının
qarşısını almaq və düşdüyü ağır sosial-iqtisadi böhrandan xilas etmək üçün
möhkəm təmələ söykənən ideologiya əsasında Yeni
Azərbaycan Partiyasını siyasi fəaliyyət
müstəvisinə çıxardı. Partiyanın
qarşısına qoyduğu məqsədlərdən
danışan ulu öndərimiz həmin
dövrdə deyirdi: “Yeni Azərbaycan Partiyası mövcud
vəziyyətdə bütün Azərbaycan
xalqının mənafelərinə xidmət etmək və
xalqın ağır dövründə ölkəmizin
qarşısında duran məsələlərin
həll edilməsi üçün
zamanın tələblərinə uyğun
olaraq yaranmış bir
partiyadır”.
Partiyamızın
yaradılmasından ötən 20 il tam sübut etmişdir ki, müstəqil
Azərbaycanın inkişafı ulu
öndərimizin müəyyənləşdirdiyi siyasi-hüquqi konsepsiya və
sosial-iqtisadi tərəqqi modeli
əsasında mümkündür. Bu inkişaf modelinin əsası
ötən əsrin 70-ci illərindən qoyulmuşdur.
Ümummilli liderimiz o dövrdə yaranan imkanlardan istifadə etməklə Azərbaycanı
ittifaq dövlətinin aqrar
əlavəsindən sənaye kompleksinin, tikintinin, elmin, təhsilin,
səhiyyə və mədəniyyətin yüksək inkişaf həddinə
çatdığı qabaqcıl respublikaya
çevirmişdir.
Ulu öndərimizin Azərbaycanda hakimiyyətinin
birinci dövrünü
əhatə edən 14 il ərzində
300-ə yaxın zavod, fabrik,
istehsalat sahələri tikilib
istifadəyə verilmişdi. Kimya və neft maşınqayırma sənayesi müəssisələri
tamamilə yenidən qurulmuş, yeni mikrorayonlar, qəsəbə
və şəhərlər salınmışdı. Qısa
müddətdə elektronika, radiotexnika, kosmos, aviasiya, hesablama
texnikası müəssisələrinin yaradılması Azərbaycanın
gələcəyinə istiqamətlənmiş müdrik siyasətin nəticəsi
idi. Ümummilli liderimizin partiya və
dövlət rəhbəri kimi siyasi fəaliyyətinin ikinci
dövrü Yeni Azərbaycan
Partiyasının yaranması, hakim partiya statusu qazanması və
müstəqil dövlət quruculuğu məsələləri
ilə bağlıdır”.
“Yeni siyasi hərəkatın
yaradılmasını zəruri edən şərait, hər
şeydən əvvəl, ölkənin düşdüyü
ağır vəziyyətlə bağlı idi”,
- deyən Ali Məclisin sədri ulu öndərimizin “Vəziyyət elə təhlükəli
xarakter almışdı ki,
1991-ci ildə yaranmış müstəqil dövlətimiz qəsdən
və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə
üz-üzə qalmışdı” - fikrini
xatırladaraq demişdir: “Dövlət
müstəqilliyinin itirilməsi təhlükəsi Azərbaycanda
yeni siyasi hərəkatın
yaranmasına, yeni siyasi
gücə böyük ehtiyac
doğurmuşdu. Bu siyasi
gücü ortaya Azərbaycan
xalqının qətiyyəti qoymuşdu.
Ötən əsrin 90-cı illərində öz
liderinin ətrafında birləşən
xalqımızın siyasi iradəsi o vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri işləyən ulu öndərimizə
ünvanlanmış 1992-ci il 16 oktyabr tarixli “Azərbaycan
sizi
gözləyir” müraciətində öz
əksini tapmışdı. Tanınmış elm və mədəniyyət xadimləri,
ziyalılar tərəfindən imzalanmış həmin
müraciətdə deyilirdi: “İndiki vəziyyətdə bu
çətin, məsuliyyətli işi öz öhdəsinə götürməyə
qadir yeganə şəxs Sizsiniz!
Siz bu gün siyasi,
iqtisadi, hərbi və mənəvi blokadada olan
Naxçıvan Muxtar Respublikasını
məhz öz şəxsi nüfuzunuz
və uzaqgörən diplomatik səriştənizlə
qoruyub saxlayır və idarə edirsiniz... İstərdik ki,
bu işləri bütün
Azərbaycan üçün görəsiniz...
Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı
gözləyir”. Ümummilli lider müraciətə 8 gündən sonra “Yeni, müstəqil
Azərbaycan uğrunda”
çağırışı ilə başlayan
tarixi cavabını verdi.
1992-ci il oktyabrın 24-də mətbuatda dərc
olunmuş cavab məktubunda
dahi öndər yaranmış
vəziyyətdən çıxış yolunu
milli dövlətçiliyin, müstəqilliyin
bərqərar olunmasında, Azərbaycanın suverenliyinin,
təhlükəsizliyinin təmin edilməsində və vətəndaşlara
azad, xoşbəxt, firavan
həyat şəraitinin yaradılmasında görürdü.
Bununla yanaşı, müstəqil Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi
üçün qanunun
aliliyinin təmin olunması,
demokratiyanın ardıcıl inkişafı, insan
hüquqlarına hörmət qoyulması kimi
prinsipial məsələlərin bərqərar
olunması vacibliyinə diqqət çəkən ümummilli liderimiz cavab məktubunda qeyd edirdi: “Müstəqil Azərbaycan
dövlətinin gələcək həyatının və fəaliyyətinin
əsasını təşkil edən demokratiya
və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən
Yeni Azərbaycan Partiyasının
yaradılması obyektiv zərurətdən
doğur”.
Ali Məclisin sədri qeyd
etmişdir ki, bu tarixi cavabdan
sonra, 1992-ci il
noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olundu. Dağıdıcı təfəkkürün
daşıyıcıları olan Xalq Cəbhəsi-Müsavat cütlüyü
partiyanın Bakı şəhərində təşkilatlanmasına
imkan vermədiyindən, ölkəmizin
müxtəlif bölgələrindən gəlmiş 550-dən
artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada
vəziyyətinə görə kəskin enerji
çatışmazlığı şəraitində yaşayan Naxçıvanda Dövlət Musiqili Dram Teatrının
indiki zalında keçirildi.
Ulu öndərimiz həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin
şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan
Dövlət Teatrının binasında paltoda
və çoxları papaqda oturaraq ilk
konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə
sürtürdük. Amma
iradəmiz yüksək və güclü
idi. Gələcəyə çox
nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə
Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
Qeyd olunmuşdur ki,
20 il əvvəl - xalqımızın və
dövlətimizin taleyinin həll olunduğu bir dövrdə
meydana çıxan Yeni
Azərbaycan Partiyası milli dövlətçiliyimizin
inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi
mərhələnin əsasını qoydu. Güclü sosial bazası, praqmatik və
gerçəkliyə əsaslanan bitkin
proqramı, ulu öndər Heydər Əliyev
kimi lideri olan Yeni Azərbaycan
Partiyasının siyasi səhnəyə
çıxması iyirminci əsr Azərbaycan
tarixinin mühüm
hadisəsi idi. Yeni Azərbaycan
Partiyasının təsis edilməsindən 7 ay
sonra dahi liderin ali hakimiyyətə
ikinci qayıdışı ölkənin
düşdüyü ağır problemlərdən
xilasının başlanğıcı oldu.
Yeni Azərbaycan Partiyası
yarandığı gündən ölkəmizin müstəqilliyinin
qorunması, dövlətçiliyin möhkəmləndirilməsi,
iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar
olunması istiqamətində ardıcıl mübarizə
aparmışdır. Partiyamız qısa zamanda sabitliyi bərqərar
edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi,
demokratik, dünyəvi Azərbaycan
dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata
keçirən real siyasi
qüvvə kimi özünü
təsdiq etdirdi. Bu
yolla gedərək müxalifət
partiyasından hakim partiyaya,
siyasi partiyadan ümumxalq partiyasına çevrildi.
Ali Məclisin sədri bildirmişdir
ki, bu gün
ölkəmizdə Yeni Azərbaycan
Partiyası qədər geniş sosial bazaya malik
olan kütləvi və dayanıqlı, siyasi proseslərə həlledici təsir
imkanı olan ikinci bir partiya mövcud
deyildir. Yeni Azərbaycan
Partiyasının gücü nədədir?
Azərbaycan Prezidenti, partiyamızın Sədri
İlham Əliyev bu
barədə belə deyir: “Yeni Azərbaycan Partiyasının gücü, ilk növbədə,
onun əvəzsiz lideri
Heydər Əliyevdir. Yeni Azərbaycan
Partiyasının gücü bundadır ki, onun təməlində
duran prinsiplər əməli surətdə
həyata keçirilir. Yeni
Azərbaycan Partiyasının gücü
ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin
daxili və xarici siyasətini
xalq bəyənir və dəstəkləyir”.
Yeni Azərbaycan
Partiyasının gücü həm də
onun ideyalarının və cəmiyyət
həyatının ən müxtəlif məsələlərinə
dair konseptual
baxışlarının məhdud zaman
çərçivəsində deyil, uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır.
Məhz bu amili əsas
götürərək ümummilli liderimiz deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın
dünəninin, bu gününün
və gələcəyinin partiyasıdır”.
Qeyd olunmuşdur ki, ulu öndərimizin və
onun qurucusu olduğu partiyanın ən böyük
uğurlarından biri də siyasi varislik probleminin uğurla həll
edilməsi, Azərbaycanın işıqlı gələcəyinə
təminat yaradılmasıdır. Böyük
dövlət xadimi Heydər Əliyev
2003-cü il oktyabrın 1-də Azərbaycan
xalqına Müraciətində yazırdı: Mənim hələ
tamamlanmamış çox perspektivli planlarım var.
“İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa
çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan
sonra da
xalqımızın layiqli
övladlarını öz ətrafında
birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər
görəcəklər”.
“Yola saldığımız ötən illərin
nəticəsi göstərdi ki, Yeni Azərbaycan Partiyasının qüdrəti
öz əksini ulu
öndərimizin tarixi prosesləri qabaqlayan müdrikliyində və Azərbaycan Prezidenti İlham Əliyevin
liderlik keyfiyyətlərində
tapmışdır”, - deyən Ali Məclisin
sədri vurğulamışdır ki, dövlətimizin
başçısı və partiyamızın sədri tərəfindən
gerçəkləşdirilən böyük
iqtisadi layihələr, beynəlxalq aləmdə
qazanılan uğurlar, dünya
azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi,
həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik
siyasəti eyni zamanda Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir.
Məhz Heydər Əliyev yolunun,
böyük öndərin milli
dövlətçilik konsepsiyasının uğurla
davam etdirilməsi müstəqil Azərbaycanı
əsl tərəqqiyə qovuşdurmuş,
regionda lider dövlətə
çevirmişdir. 20 illik
tarixi ərzində Yeni
Azərbaycan Partiyasının əldə etdiyi
nailiyyətlər partiyanın Naxçıvan Muxtar Respublikası təşkilatının
fəaliyyətində də özünü
göstərməkdədir. Ötən dövr
ərzində ümummilli liderimiz
Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə
sadiq qalan Yeni Azərbaycan Partiyasının
Naxçıvan Muxtar Respublikası təşkilatı
yüksək inkişaf və təşkilatlanma
yolu keçmiş,
partiyamızın sıraları cəmiyyətin
bütün təbəqələrindən
olan üzvlər hesabına xeyli genişlənmişdir. Əgər 1992-ci
ildə partiyanın Naxçıvan Muxtar
Respublikasındakı təşkilatlarının
sırasında 1118 üzv vardısa,
hazırda onların sayı 49 minə yaxındır. Başqa sözlə, partiyanın muxtar respublika təşkilatı
üzvlərinin sayı 44 dəfə artmışdır. Bu, ilk növbədə, ulu
öndər Heydər Əliyevin zəngin dövlətçilik
irsinə, siyasi fəlsəfəsinə sədaqət
və ehtiramın, bu gün
Azərbaycan Prezidenti tərəfindən
həyata keçirilən siyasətə dərin inamın və
etibarın ifadəsidir”.
Ali Məclisin sədri demişdir ki, partiyanın yarandığı gündən
ötən 20 il ərzində əldə
olunan nailiyyətlər qəbul olunmuş siyasi xəttin düzgünlüyünün, Heydər Əliyev
quruculuq xəttinin xalqımızın
rifahına xidmət etdiyinin daha bir təsdiqidir. Bu dövrdə
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul
istehsalının həcmi 61 dəfə artmışdır. Həmçinin sənaye məhsulu
istehsalının həcmi 121 dəfə, kənd təsərrüfatı
məhsulunun həcmi 13 dəfə, əsas kapitala
investisiya qoyuluşu
367 dəfə, rabitə xidmətlərinin həcmi 156 dəfə,
xarici ticarət dövriyyəsi 78 dəfə
artmış, muxtar respublikanın enerji təhlükəsizliyi
təmin olunmuşdur. 20 il
ərzində muxtar respublikada
9 min 947 müxtəlif təyinatlı obyekt tikilərək və ya
əsaslı təmir olunaraq istifadəyə
verilmiş, sahibkarlığın
inkişafına diqqət artırılmış, 1130 yeni istehsal və xidmət
sahəsi yaradılmışdır. Bunlar bir
tərəfdən muxtar respublikada
304 növdə məhsula olan tələbatın
daxili imkanlar
hesabına ödənməsinə şərait
yaratmışsa, digər tərəfdən məşğulluq
səviyyəsinin yüksəlməsinə də öz təsirini göstərmişdir. Qeyd olunan dövrdə 77
mindən çox yeni
iş yeri
açılmışdır ki, onun da 50 mini,
yaxud 65 faizi daimi iş yerləridir. Partiyamızın yaranmasından ötən 20 il ərzində sosial sahənin
inkişafı da artan
xətt üzrə getmiş, 77 min 814 şagird yerlik 193 orta məktəb
binası, 191 səhiyyə müəssisəsi tikilərək
və ya yenidən qurularaq
istifadəyə verilmiş, infrastrukturun formalaşması sahəsində
görülən tədbirlər davam
etdirilmiş, 128 körpü
tikilmiş və ya əsaslı
təmir olunmuş, ən müasir
tələblərə cavab verən yeni yollar
salınmışdır.
Ali Məclisin sədri demişdir:
“Biz əldə olunanlarla
kifayətlənməməli, fəaliyyətimizi inkişaf edən həyatın
reallıqlarına uyğun qurmalı, Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev
Partiyasının üzvü kimi şərəfli adı öz
işimizlə doğrultmalıyıq. Yeniləşən cəmiyyətdə
partiya işi də
yeniləşməli və inkişaf etməlidir.
Təkcə son beş
ildə təşkilatımıza 4 mindən artıq gənc üzv qoşulmuşdur.
Hazırda partiya üzvlərinin 42 faizdən
çoxunu gənclər təşkil edir. Gənc və yaradıcı qüvvələrin
partiya sıralarına cəlb edilməsi davam etdirilməli, onlarla məqsədyönlü
iş aparılmalı və sağlam mühitdə gənc siyasətçilər
nəsli yetişdirilməlidir”.
Ali Məclisin sədri ulu öndər
Heydər Əliyevin “Yeni Azərbaycan
Partiyasına xidmət etmək Vətənə, millətə,
müstəqil Azərbaycan dövlətinə xidmət etmək
deməkdir” kəlamını xatırlatmış, bu yolda bütün
partiya üzvlərinə və fəallara
uğurlar arzulamışdır.
Sonra tədbir
iştirakçıları Naxçıvan Dövlət
Televiziyasının hazırladığı “Yeni
Azərbaycan Partiyası - 20: dünənin, bu
günün və gələcəyin
partiyası” adlı sənədli filmə baxmışlar.
Tədbir
Naxçıvan Dövlət Filarmoniyası kollektivinin
ifasında konsert proqramı ilə davam etmişdir.
Səs.- 2012.- 15 noyabr.-
S.3.