Siyasi sistemimizin dominant güc mərkəzi – Yeni Azərbaycan Partiyası

 

Xalqın sosial sifarişindən yaranan partiya

 

Bu gün ümumxalq partiyası kimi səciyyələndirilən Yeni Azərbaycan Partiyası Azərbaycan ictimai-siyasi həyatının olduqca mürəkkəb bir dövründə yaranmağa və təşkilatlanmağa başladı. YAP bir siyasi təşkilat kimi əslində, Azərbaycan cəmiyyətində, ölkə daxilində və xaricində baş verən qlobal ictimai-siyasi proseslərin nəticəsində formalaşmış özünəməxsus sistemin və Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır. Şübhəsiz ki, o dövrdə baş verən hadisələr ölkədə yeni siyasi sistemin formalaşmasını şərtləndirmişdi. Məlum olduğu kimi, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində başlayan proseslər elə bir mərhələyə qədəm qoymuşdu ki, artıq 1991-ci ildə nəhəng sovet imperiyası çökməyə məhkum edildi. Bu çöküş özü ilə bərabər 70 ildən çox bir dövrdə sovet cəmiyyəti kimi xarakterizə olunan bir cəmiyyətin əldə etdiyi dəyərləri də çökdürdü. Eyni zamanda, həmin sistemə xas olan özünəməxsus siyasi sistem dağıldı. Belə olan halda, sovet məkanında yeni aktorlar meydana çıxdı. Bu aktorlar əsas etibarilə milli aktorlar idi. İmperiyanın dağılmasından sonra post-sovet məkanında yaranacaq yeni siyasi mənzərənin keyfiyyətini də məhz milli aktorlar diktə edəcəkdi. Hər bir xalq öz siyasi keçmişinə söykənərək yeni siyasi gələcəyini inşa etməkdə idi. Əlbəttə ki, hadisələrin necə inkişaf edəcəyi, növbəti mərhələdə nələrin baş verəcəyi, hansı xalqın nə əldə edəcəyi, nələri itirəcəyi o dövrdə hələ tam aydın görünmürdü. Ancaq bununla bərabər, bəzi respublikalarda, o cümlədən, Azərbaycanda daha mürəkkəb hadisələr baş verirdi. Çünki əsas etibarilə post-sovet məkanında bir sıra milli-etnik zəmində konfliktlər baş versə də, onların heç biri Azərbaycan ərazisindəki Dağlıq Qarabağ münaqişəsi qədər mürəkkəb və genişmiqyaslı deyildi.Lakin təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin bir sıra xarici qüvvələr tərəfindən dəstəklənməsi və ardıcıl olaraq Cənubi Qafqazdakı bu konfliktin bir sıra ölkələrin xarici siyasətinin məhz bu təməl üzərində formalaşdırılması Azərbaycandakı daxili vəziyyəti bir qədər də mürəkkəbləşdirirdi. Prarlel olaraq, həmin dövrdə ölkə daxilində başqa proseslər də baş verirdi. Erməni separatçıları tərəfindən törədilən etnik separatçılıq hadisələri ölkədə yaşayan ayrı-ayrı təzyiq qrupları tərəfindən dəstəklənməklə geniş miqyasda Azərbaycanın bütün siyasi coğrafiyasına yayılması qarşıya məqsəd qoyulmuşdu. Belə bir şəraitdə o dövrdə ölkədaxili dinamiklərin siyasi təşkilatlanması şübhəsiz ki, vacib şərtlərdən biri idi. Əgər bu proseslərin qarşısı vaxtında alınmasa idi, Azərbaycanın etnik coğrafiyalara bölünməsi və mərkəzi dövlətin ləğv olunması, ümumiyyətlə, Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi xəritəsində mövcud olub-olmaması məsələləri doğrudan da şübhə altında idi.

 

Yeni dəyərlər formalaşdıran siyasi təşkilat

 

Belə bir şəraitdə ölkəni idarə edən o zamankı gücləri təsnifatlandırmağa çalışsaq, iki qrupda birləşdirə bilərik. Onlardan biri köhnə kommunistlər, partokratlar, digəri isə radikal milliyyətçi qruplar idi. Həmin dövrdə baş verən prosesləri izlədikdə görürük ki, özlərini milliyyətçi və demokrat kimi tanıdan qruplarda bu keyfiyətlərin heç biri, yəni nə milli maraqlara xidmət edən milliyyətçilik var idi, nə də həqiqi demokratiyanın təşəkkül tapmasına xidmət edəcək demokratik prinsiplərə riayət olunurdu. Amma təəssüf ki, o dövrdə partiyalaşma prosesinin başladığı ilk gündən, yəni ölkənin siyasi həyatına qədəm qoyan Azərbaycan Xalq cəbhəsi, Milli İstiqlal Partiyası, "Müsavat" Partiyası, Bozqurd Partiyası kimi partiyalar yaransa da, onların heç biri siyasi partiyaların ideoloji-siyasi təşkilatlanması prosesində konkret dəyərlərə söykənmirdi. Bu partiyalaşma ayrı-ayrı liderlərin şifahi şüarlarına və onların ətrafında olan qruplaşmaların məhdud siyasi dünyagörüşünə, hətta bəzi hallarda marginal maraqlarına söykənirdi. Beləliklə, siyasi sistemin təşkili və siyasi dəyərlərin mənimsənilməsi, intellektual platformada yeni siyasi əsaslarda, yeni siyasi dünyagörüşün və yeni siyasi dəyərlərin formalaşması müşahidə olunmurdu. Məsələ onda idi ki, bu siyasi qruplaşmaların heç biri Azərbaycan xalqı tərəfindən dəstəklənmir və xalqın maraqlarına cavab verən kütləvi təşkilata çevrilə bilmirdi. Çünki məhz həmin mürəkkəb dövrdə bir siyasi təşkilatın kütləviləşməsi və bütövlükdə Azərbaycan xalqı tərəfindən dəstəklənməsi Azərbaycanın gələcək inkişafını təmin edəcək, Azərbaycanın bir dövlət kimi gələcəyini həll edəcək başlıca siyasi faktorlardan biri idi. Məhz YAP belə bir mürəkkəb dövrdə yaranmağa başladı. O dövrdə ölkədə mürəkkəb və qaranlıq bir siyasi mənzərə var idi və siyasi üfüqlər olduqca dumanlı idi. Buna görə də hansı addımların atılması məsələsi də olduqca çətin idi. Məhz belə bir şəraitdə Ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabından sonra partiya yaratmaq fikrini bildirməsi Azərbaycanın siyasi üfüqlərində doğacaq günəşin ilkin şəfəqləri idi.

 

Anti-Azərbaycan mərkəzlərə qarşı yenilməz sipər

 

Çox keçmədən 1992-ci il noyabr ayının 21-də YAP ən müxtəlif təzyiqlər altında Naxçıvanda yaradıldı. Bu təzyiqlər həm ölkə daxilindəki ayrı-ayrı siyasi qrupların, həm də Azərbaycandan kənarda fəaliyyət göstərən anti-Azərbaycançı mərkəzlərin təzyiqləri idi. Onlar bilirdilər ki, əgər Heydər Əliyev partiya yaradırsa, yenidən Azərbaycanın geniş mənada siyasi həyatına qayıdırsa, artıq onların Dağlıq Qarabağla, ölkənin etnik-siyasi mənzərəsinin dəyişdirilməsi, Azərbaycan neftinin yenidən istismar olunması ilə bağlı planları baş tutmaya bilər. Əslində, həmin anti-azərbaycançı mərkəzlər öz mövqelərində haqlı idilər. Doğrudan da, zaman göstərdi ki, Heydər Əliyev hakimiyyətə gələr-gəlməz ölkənin bölünməsi ilə bağlı bütün xarici planların qarşısını aldı, Azərbaycanın vassal, yaxud formal müstəqil ölkə olmaq vəziyyətindən çıxara bildi. Çox maraqlıdır ki, həmin dövrdə YAP-ın qurucusu, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev dövrü xarakterizə edən çox lakonik tezislər, fikirlər irəli sürürdü. Bu fikirlərə, siyasi tezislərə xalqın tələbatı olduğu üçün dərhal mənimsənilirdi, bu fikirlər cəmiyyətdə bir növ siyasi kompas rolunu oynayırdı. YAP yarandıqdan sonra partiyanın proqram və nizamnaməsi məhz Ulu öndərin öz əli ilə yazıldı. Proqram və nizamnamənin ruhu əsas etibarilə ondan ibarətdir ki, milli-mənəvi, ümummilli dəyərlərə söykənməklə müasir Azərbaycan inşa etmək. Hesab edirik ki, "Yeni Azərbaycan" adının mahiyyəti də elə bundan ibarət idi.

 

Vətəndaş həmrəyliyini formalaşdıran siyasi mərkəz

 

Müstəqilliyimizin ilk illərində Azərbaycan xalqının bütün sosial zümrələrini, etnik, siyasi təbəqələrini birləşdirəcək ümumi bir formulaya ehtiyac var idi. O dövrdə dahi şəxsiyyət, mahir natiq Heydər Əliyev belə bir tezir irəli sürdü: Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.

Bu tezis dərhal Azərbaycanın bütün sosial və etnik zümrələri tərəfindən mənimsənildi. Müstəqil Azərbaycan dövləti Azərbaycanda yaşayan hər bir Azərbaycan vətəndaşının sərvəti kimi qiymətləndirildi, xarakterizə olundu. Azərbaycan xalqının mürəkkəb etnik-siyasi strukturunu təşkil edən hər bir fərd bunu mənimsədi və anladı. Cəmiyyət tərəfindən dərk olundu ki, müstəqil Azərbaycan dövləti varsa və o bir sərvətdirsə, o hər bir fərdin sərvətidir. Etnik kimliyindən, hansı sosial zümrəyə aid olmasından asılı olmayaraq, bu dövlət varsa, vətəndaşın təhlükəsizliyi, azadlığı, rifahı təmin olunacaqdır.

 

Radikal meyillərdən intellektual milliyyətçiliyə doğru

 

Həmin dövrdə siyasi zəmində baş verən proseslərə paralel olaraq intelektual zəmində də yeni keyfiyyət dəyişikliyi baş verirdi. Milliyyətçilik radikal platformadan intellektual platformaya transfer olunurdu. Hesab etmək olar ki, bu, Azərbaycanın siyasi sisteminin formalaşmasında yeni mərhələ idi. Ona görə də, Ulu öndər Heydər Əliyevin irəli sürdüyü tezislər xalq tərəfindən tərəddüdsüz qəbul olunur, mənimsənilirdi və artıq xalqın hər bir nümayəndəsi öz sərvəti hesab etdiyi milli dövlətinin müdafiəçisinə çevrilirdi. Əlbəttə ki, həmin dövrdə Azərbaycanda demokratik əsasda yeni intellektual cəmiyyət formalaşmağa başladı. Bu, uzun illər boyu ziyalıları repressiyalara məruz qalmış bir xalqın siyasi tarixində yeni mərhələ idi. Çünki hər bir fərdin, öz potensialını realizə edəcək yeni bir cəmiyyətin formalaşması, bütövlükdə xalqın inkişafını şərtləndirən amil idi. Baş verən yeni keyfiyyət dəyişikliklərindən narahat olan, daxili və xarici təzyiq qrupları artıq Heydər Əliyev faktı ilə üz-üzə qalmışdı, onların bütün planları pozulmuşdu. Çünki qısa müddətdə etnik separatçılığa son qoyulmuşdu. 1993-cü ilin iyun hadisələri zamanı Ulu öndər Heydər Əliyev hələ prezident seçilmədən öncə Milli Məclisin sədri kimi Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Anti-azərbaycançı mərkəzlərin əsas planlarından biri o idi ki, ölkənin cənubunda, şimalında, qərbində və s. daim intriqada olan ayrı-ayrı güc mərkəzləri yaratmaqla mərkəzi dövlətin formalaşmasına mane olsunlar, Bakı və Bakıətrafı region isə tamamilə istismarçı ölkələr arasında bölünsün, onun sərvəti mənimsənilsin. Bu, kökləri çox qədimə söykənən bir plan idi.

 

Formal müstəqillikdən həqiqi müstəqilliyə doğru

 

Belə bir mərhələdə, planlarının baş tutmadığını görən qruplar müxtəlif yollarla, qiyam, çevrilişlər yolu ilə Heydər Əliyevi Azərbaycanın mərkəzi hakimiyyətindən uzaqlaşdırmağa cəhd etdilər. Çox maraqlıdır ki, həmin dövrdə Heydər Əliyev tərəfindən başqa bir tezis irəli sürüldü. Bu siyasi tezis də o dövrdə Azərbaycanın ictimai-siyasi həyatını əks etdirən bir aynaya bənzəyirdi, onun bütün səciyyəvi xüsusiyyətlərini özündə əks etdirirdi. Bu tezis bir cümlədən ibarət olsa da, Azərbaycanın bütün siyasi reallığını özündə ehtiva etdirdi. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.

Doğrudan da, 1993-cü ildən 1995-ci ilə qədər baş verən prosesləri müşahidə etsək, bu illər çevriliş, qiyam illəri kimi Azərbaycanın siyasi tarixinə həkk oldu. 1993-cü ilin 4 iyun qiyamı, 1994-cü ilin 3-4 oktyabr, 1995-ci ilin 16-17 mart hadisələri və bunların kölgəsində qalan digər sui-qəsdə cəhdlər, generalların çevrilişi, ciddi ictimai rezonans doğuran digər hadisələr baş verdi. Bu dövrə nəzər saldıqda görürük ki, Azərbaycan 1991-ci ildə formal müstəqillik əldə etmişdi, ancaq müstəqilliyin qeyri-formal olması üçün, həqiqətən də müstəqil siyasət yeritməsi üçün olduqca ciddi problemlər var idi. Ona görə də, bu şüar tamamilə yerində səslənmiş siyasi tezis idi. Məhz bu proseslərdə Heydər Əliyevin arxasında duran və təşkilatlanmaqda olan qüvvətli bir siyasi güc var idi. Bu Yeni Azərbaycan Partiyası idi. Bu partiya ictimai-siyasi məsələlərdə, cəmiyyətdə baş verən proseslərin düzgün istiqamətləndirilməsində Ulu öndərin ən universal siyasi alətlərindən biri idi.

 

İctimai-siyasi sabitlikdən vətəndaş cəmiyyətinə qədər

 

YAP yaradılmasının ilkin mərhələsindən başlayaraq ümumxalq partiyası kimi qəbul edilmişdi. Çünki xalqın milli-etnik kimliyindən, sosial statusundan asılı olmayaraq bütün təbəqələri həvəslə bu partiyaya qoşulurdu. Getdikcə böyüyən bu siyasi təşkilat Azərbaycanda güc mərkəzinə çevrilirdi. Həmin mərhələdə isə xalqın təşkilatlanmasını sürətləndirmək üçün yeni bir universal ideologiyaya ehtiyac var idi. Hər nə qədər YAP-ın proqramında azərbaycançılıq ideologiyası öz əksini tapsa da, Ulu öndər sonrakı illərdə bu ideologiyanı yeni keyfiyyət mərhələsinə daşımaqla xalqın ideoloji birliyini və həmrəyliyini təmin edə biləcək addımlar atdı. O dövrdə Ulu öndər Heydər Əliyev daha bir məşhur siyasi tezis ilə çıxış etdi. Bu tezis Azərbaycan xalqı tərəfindən qısa müddətdə mənimsənildi. Tesiz belə idi: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Bu tezisin daxili məzmununu, mahiyyətini təşkil edən əsas siyasi qayə, məqsəd ondan ibarət idi ki, Azərbaycanda etnik kök və dini mənsubiyyət etibarilə ən müxtəlif insanlar yaşaya bilər, ancaq Azərbaycan siyasi coğrafiyasında onların hamısının ümumi adı azərbaycanlıdır, hər biri bərabərhüquqlu Azərbaycan vətəndaşıdır. Beləliklə, bu tezis həm ölkədə dini etnik bərabərliyi təmin etdi, həm də vahid millət formulasının yolunu açmış oldu. İstər dini-etnik, istərsə də, ideoloji platformada Azərbaycan xalqının birliyi təmin olundu, qısa müddətdə azərbaycançılıq ideyası ideologiyaya çevrildi. Bu ideologiyanın xalq tərəfindən mənimsənilməsi də qısa müddətdə təmin edildi və vahid azərbaycanlı milli kimliyi, vahid azərbaycanlı siyasi, mədəni kimliyi, sosial kriteriyalar baxımından isə azərbaycanlı identikliyi yarandı.

 

Qələbədən-qələbəyə

 

Sosial, siyasi, ideoloji baxımdan bu qədər çətin mənimsənilən belə bir prosesin qısa müddətdə başa çatması, Azərbaycan xalqının tarixi nailiyyəti idi. Lakin daha çox bu ideyanın müəllifinin, yəni Heydər Əliyevin azərbaycan xalqı qarşısında tarixi xidməti idi. Həmin dövrdə YAP ölkənin siyasi həyatında mühüm rol oynamağa başlamışdı. 1993-cü ildə keçirilən prezident seçkilərində 1995-ci il parlament seçkilərində YAP qalib oldu, müstəqli Azərbaycanın Konstitusiyasının formalaşmasında xüsusi xidmətlər göstərdi. Partiyanın proqramında əksini tapan prinsiplərin mühüm bir hissəsi hüquqi platformaya transfer olunmaqla, Azərbaycanın Konstitusiyasında öz əksini tapdı. Bu prinsiplər bərabərhüquqlu vətəndaşlıq, söz və mətbuat, fikir, vicdan azadlığı, tolerantlıq idi, Azərbaycanın hüquqi dövlət olması yolunda atılan addımlar idi, sosialyönümlü iqtisadiyyatla bağlı hüquqi-siyasi tezislər idi və s. Bütün bunlar gələcəkdə insşa olunacaq müstəqil Azərbaycan dövlətinin siyasi-hüquqi əsaslarını formalaşdırırdı.

Həmin dövrdə növbəti mərhələni təşkil edən faktorlardan biri müstəqil dövlətin qurulması üçün vacib olan iqtisadi faktor idi. 1994-cü ildə Azərbaycanda neft kontraktları imzalandı və bu da YAP-ın qurucusu, müstəqil Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinən biri idi. Həmin dövrdə tansmilli korporasiyaların tələb etdiyi, Xəzərin dibinin bölünməsi ilə bağlı, yaxud yaxud Azərbaycanda Xəzərin nə qədər hissəsinin kimə aid olmasını təsdiq edən heç bir hüquqi sənəd yox idi. Belə şəraitdə heç bir şirkət Azərbaycana investisiya yatırmaq istəmirdi. O dövrdə Bakı-Tbilisi-Ceyhan adlandırılan layihənin həyata keçirilməsi üçün külli miqdarda vəsait lazım idi. Bu, həmin dövr üçün o qədər ciddi məbləğ idi ki, ən böyük transmilli şirkətləri belə iqtisadi baxımdan qorxuya salırdı. Belə bir şəraitdə, neft mqavilələri imzalandı. Bu, müstəqil Azərbaycanın tarixində əlamətadr hadisə olmaqla bərabər, transmilli şirkətlərin də o zamana qədərki fəaliyyətlərində yeni səhifə idi.

Bütün bunlar paralel olaraq YAP-ın o zamankı sədri və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmizdə gənclər arasında baş verən mənəvi aşınmanın, düşkünlüyün, pis vərdişlərə yiyələnmənin gənclər arasında genişlənməsini müşahidə edirdi. Ona görə də 1994-cü ildə gənclərin təşkilatlanması, onların Azərbaycan dövlətçiliyinin bərpa edilməsinə cəlb olunması, enerjilərinin dövlətçiliyin müdafiəsinə yönləndirilməsi üçün Azərbaycanda xüsusi icra struktur olan Gənclər və İdman Nazirliyi yaradıldı. 1993-cü ilin oktyabr ayında Azərbaycan Respublikası gənclərinin I forumu keçirildi və Ulu öndər çıxışında gənclərə müraciət edərək onları Azərbaycan dövlətinin quruculuğu prosesində yaxından iştirak etməyə çağırdı. Beləliklə də artıq həmin dövrdə Heydər Əliyevin sosial-iqtisadi və ideoloji sistemimizi səciyyələndirən yeni bir tezisi ortaya çıxdı. Azərbaycanın müstəqilliyi dönməzdir, daimidir, əbədidir! Bu sözlər artıq müstəqil Azərbaycan dövlətinin qurulduğunun müjdəçisi idi.

 

Hüquqi dövlət quruculuğu prosesi

 

Beləliklə, həmin dövrü xarakterizə etsək görərik ki, cəmiyyətin bütün təbəqələri, Azərbaycan xalqının bütün şüurlu vətəndaşları ölkədəki dövlət quruculuğu prosesinə cəlb olundu. İqtisadi, siyasi, mədəni, sosial sahələrdə bu və ya digər səviyyədə tərəqqi baş verdi. Bundan sonrakı mərhələdə isə Azərbaycanın siyasi sistemi haqqında artıq müəyyən fikirlər irəli sürmək mümkün oldu. Bəlli oldu ki, YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrilməklə, cəmiyyətdə dominant qüvvəyə çevrildi və bu, bu gün də belədir. Gənclər haqqında danışarkən ilk növbədə 2001-ci ildə Milli Olimpiya Komitəsinin sədri, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin YAP sədrinin birinci müavini seçilməsi partiyanın həyatında ciddi hadisə idi. Bundan sonra gənclər YAP ətrafında daha sıx birləşməyə başladılar və partiya yeni keyfiyyət qazandı. YAP ümumxalq partiyası olmaqla bərabər, həm də gənclərin partiyası da hesab olunmağa başlandı. Bu, özlüyündə YAP-a yeni dinamizm, modernlik gətirdi, partiyanın beynəlxalq əlaqələrinin inkişafında yeni era açdı. 2005-ci ildə Yeni Azərbaycan Partiyasına cənab İlham Əliyevin Sədr seçilməsi bu partiyanın siyasi sistemimizdə yeri və rolunu yeni mərhələyə yüksəltdi.

 

Neokonservatizmin Azərbaycan modeli

 

YAP-ın keçdiyi dövrə qısa nəzər salsaq görərik ki, bu partiya ən mürəkkəb dövrdə yarandı, sonrakı mərhələlərdə ölkə daxilində sabitləşdirici faktora, bir növ siyasi stabilizatora çevrildi. Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi. YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə opponentləri, yəni müxalifət partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə münasibətlərini qarşılıqlı dialoq və sivil üsullarla qurmağa çalışdı. Azərbaycan cəmiyyətinə sadaladığımız dəyərləri gətirməklə, partiyanın 20 illik yubileyi ərəfəsində tərəddüd etmədən deyə bilərik ki, YAP özü də bir dəyərə çevrildi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir siyasi dəyərdir. Bu, bütövlükdə Azərbaycanın siyasi tarixində arzu edilən mərtəbələrdən biri idi. Ötən illər ərzində YAP-ın rəhbər tutduğu siyasi ideologiyanın istiqamətlərini təhlil etsək görərik ki, YAP neokonservativ partiya kimi fəaliyyət göstərir. Nəzərə alsaq ki, neokonservatizmin əsasında liberalizm və modernləşmə dayanır, o zaman görərik ki, partiyanın sədri, Prezident İlham Əliyevin qeyd etdiyi biz müasir siyasi dəyərlərə, milli mənəvi dəyərlərimizə söykənən və Avropaya inteqrasiya edən modern bir ölkəyik tezisi nə qədər önəmlidir və YAP-ın nizamnaməsində əksini tapan prinsiplərə söykənir. Beləliklə, bütün bunlar müasir Azərbaycan cəmiyyəti üçün yeni siyasi mühit formalaşdırdı. Bu elə bir mühitdir ki, Azərbaycanda yaşayan hər bir fərd və respublikada fəaliyyət göstərən hər bir siyasi təşkilat, eləcə də, müxalifət partiyaları özlərini rahat hiss edirlər.

 

Yeni qələbələrə doğru

 

Beləliklə, artıq 20 illiyini qeyd etdiyimiz YAP-ın siyasi fəaliyyəti haqqında ümumiləşdirilmiş fikir söyləməyə çalışsaq, ağlımıza gələn ilk fikir belə olar ki, YAP ümumxalq partiyasıdır. Bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət isə əlbəttə ola bilməz. Keçdiyi siyasi həyat yolunda əldə etdiyi qələblərlə sübuta yetirib ki, YAP həm də qələbələr partiyasıdır. Beləliklə, YAP-ın siyasi tərcümeyi-halına dünyanın ən nüfuzlu mühafizəkar partiyaları belə həsəd apara bilər. Çünki YAP Azərbaycan siyasi sistemində başqa bir əlahiddə yeniliyə imza atmağı bacardı. Bu yenilik ondan ibarətdir ki, ümumiyyətlə, siyasi partiyaların həyatı enişli-çıxışlı olur, xaricdə fəaliyyət göstərən bənzər siyasi partiyalar haqqında da bu dinamika, eniş və çıxış bir-birini əvəz edir. Hakimiyyətə gəldikdən sonra ən nüfuzlu partiyaların belə reytinqində geriləmələr olur. Lakin YAP iqtidarda ola-ola əsla tərəfdarlarını itirmir, əksinə tərəfadr qazanır, siyasi reytinqi aşağı düşmür, əksinə yüksəlir. Fikrimcə, bu, YAP-ın Ulu öndər tərəfindən müəyyənləşdirilən siyasi-ideoloji prinsiplərinin doğru-düzgün həyata keçirilməsi ilə bağlıdır. Siyasi varislik YAP-ın əsas prinsiplərindən biridir. YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaqdır. 2013-cü prezident seçkisində bir daha layiqli qələbə qazanmaqla xalqın partiyası olduğunu sübuta yetirəcəkdir.

 

 

Hikmət Babaoğlu,

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru

 

yap.org.az

 

Səs.- 2012.- 16 noyabr.- S.8-9.