Yeni Azərbaycan
Partiyası Heydər Əliyev ideyalarının
daşıyıcısı olaraq, ölkənin davamlı
inkişafının aparıcı qüvvəsi
missiyasını yerinə yetirir
Müsahibimiz Yeni Azərbaycan
Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovdur
- Əli
müəllim, 21 noyabr 1992-ci il Yeni Azərbaycan
Partiyasının (YAP) yaranması günüdür, bu tarix həm
də ən yeni siyasi tariximizdə yeni dövrün
başlanğıcı kimi qiymətləndirilir. Sizcə, bu
cür qiymətləndirmə doğrudurmu və həmin
dövrün səciyyəvi xüsusiyyətləri ilə bağlı
nə deyə bilərsiniz?
- Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir tarixində rolunu və missiyasını dərk etmək üçün onun yarandığı dövrə nəzər salmaq lazımdır. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında ciddi və taleyüklü vəzifələr dayanırdı. Amma bu vəzifələrin 90-cı illərin əvvəllərində yerinə yetirilməsi şansından danışmaq mümkün deyildi. Bilirsiniz ki, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmiz çox ciddi böhranlarla üz-üzə qalmışdı. Bir tərəfdən o zamankı rəhbərliyin taleyüklü məsələlərdə lazımi qətiyyət və səriştə nümayiş etdirə bilməməsi, digər tərəfdən, daxili və xarici səbəblərlə əlaqədar Azərbaycanda ictimai-siyasi sabitlik bütünlüklə pozulmuşdu, xaos və anarxiya hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında təcavüzü getdikcə artır, bir-birinin ardınca rayonlar itirilirdi. İqtisadi və sosial sahədə müşahidə olunan tənəzzülün qarşısının alınması yönündə heç bir tədbir görülməməsi, hiperinflyasiya insanların güzaranının gündən-günə pisləşməsinə gətirib çıxarırdı. Nəticə etibarilə Azərbaycan cəmiyyətində ağır mənəvi-psixoloji, iqtisadi-siyasi aşınma prosesi təhlükəli həddə çatmışdı. Üstəgəl, şimaldakı və cənubdakı separatizm hərəkətləri Azərbaycanın müstəqilliyini itirmək, hətta mövcudluğuna sağalmaz yara vurmaq təhlükəsi yaradırdı. Amma çox təəssüflər olsun ki, bu prosesin qarşısını almaq, olduqca təhlükəli şəkildə cərəyan edən hadisələri cilovlamaq gücünə malik liderin olmaması vəziyyətin sürətlə pisləşməsi ilə müşayiət olunurdu. Heç kim özünü təhlükəsiz hiss etmirdi. Vəziyyətin günü-gündən pisləşməsi vətəndaşların gələcəyə ümidlərini tamamilə yox etmişdi, cəmiyyətdə kütləvi pessimizm əhval-ruhiyyəsi hökm sürürdü. Dövlət özünün nəzarət funksiyasını demək olar ki, bütünlüklə itirmişdi. Əslində, bir siyasi-inzibati qurum kimi dövlət yox idi, demək daha doğru olardı.
Buna paralel olaraq, xarici siyasətdə də eyni acınacaqlı vəziyyət müşahidə olunurdu. Səriştəsiz və uğursuz xarici siyasət ölkəni təcrid vəziyyətinə salmışdı, nə qonşu ölkələrlə normal münasibətlər qurulmuşdu, nə də Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində hər hansı ciddi addımlar atılırdı. Nizami ordu formalaşmamışdı, müxtəlif siyasi qüvvələrin nəzarətində olan ordu qruplaşmaları milli-dövlət mənafeyindən çıxış etmir, konkret fərdlərin maraqlarına xidmət edirdi. Digər tərəfdən, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazilərinin işğal olunmasına qarşı hər hansı bir etirazını, yaxud kəskin ittihamlarını təşkil etmək mümkün olmamışdı. Beləliklə, istər daxili ictimai-siyasi, iqtisadi, istərsə də Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi baxımından ölkəmiz həddən artıq acınacaqlı duruma düşmüşdü. Qeyd etdiyim kimi, Azərbaycanın müstəqilliyi, dövlətin mövcudluğu təhlükə altında idi. Bu şəraitdə özünün, ailəsinin, ölkəsinin gələcəyi haqqında düşünən hər bir Azərbaycan vətəndaşı yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. İnsanlar Azərbaycanın gələcəyini, ölkənin böhrandan çıxarılmasını Ümummilli liderin adı ilə bağlayırdılar. Beləliklə, tarixi zərurət deyilən amil özünü qabarıq şəkildə büruzə verməyə başlayırdı.
İnsanların yeganə xilas yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görməsinin ciddi, belə demək mümkündürsə, tarixi əsasları var idi. Əvvəla, Heydər Əliyevin ötən əsrin 70 və 80-ci illərində Azərbaycana rəhbərliyi respublikanın sürətli inkişafı kimi tarixə düşüb. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın tamamilə yeniləşməsini, iqtisadiyyatının yüksəlməsini, simasının bütünlüklə dəyişməsini, rifahın yaxşılaşmasını insanlar yaxşı xatırlayırdı. Məhz Heydər Əliyevin bacarıqlı rəhbərliyi nəticəsində qısa vaxtda Azərbaycan geridə qalan respublikadan qabaqcıl respublikaya çevrildi, keçmiş sovetlər birliyində mövqeyi olduqca gücləndi. Bütün bunlar insanların həyatında da çox ciddi dəyişikliklərlə müşayiət olundu, xalqın maddi rifah halı yüksəldi. Bu mənada Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışına qədər onun insanların düşüncələrində Azərbaycanda inkişafın fundamental əsasını təmin edən şəxsiyyət obrazı mövcud idi.
Daha bir mühüm məqam ondan ibarət idi ki, 90-cı illərin əvvəllərində Azərbaycan böhran vəziyyətində olanda Naxçıvan bölgəsinə rəhbərlik edən Heydər Əliyev öz qətiyyəti və idarəçilik təcrübəsi ilə ölkəmizin başı üzərini almış təhlükələri dəf etməyə qadir yeganə şəxsiyyət olduğunu qətiyyətlə təsdiqləmişdi. Blokada vəziyyətində yaşamasına baxmayaraq, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi insanların Heydər Əliyevə inamını artırır, onun xilaskar obrazını əhəmiyyətli dərəcədə gücləndirirdi. İnsanların düşüncəsinə qəti olaraq belə bir ideya hakim kəsilmişdi ki, yalnız Ulu öndərin müdrikliyi, təcrübəsi, qətiyyəti ölkəni üzləşdiyi problemlərdən xilas edə bilərdi. Yalnız o, dövlətə uğurla rəhbərlik, xalqın sınmış ümidlərini bərpa edə bilər. Bununla da Ümummilli liderə bağlı olan ümidlər, böyük inam Heydər Əliyevin hakimiyyətə qayıdışı zərurətinin insanların iradəsi şəklində formalaşmasının əsasını təşkil edirdi. Sözügedən kontekstdə insanlar Heydər Əliyevin hakimiyyətə qayıdışı yollarını axtararaq onun rəhbərliyi altında yeni bir partiyanın yaranması ideyasına gəlib çıxdılar. Bu ideyanı Azərbaycanın 91 ziyalısı Heydər Əliyevə ünvanlanmış məşhur müraciətində ifadə etdi və bunun əsasında Ulu öndərin rəhbərliyi altında YAP yarandı. Partiyanın yaranması Heydər Əliyevə olan ümumxalq inamının daha da dərinləşməsinə və əslində, o dövrün ümummilli ideyasına çevrilməsinə gətirib çıxardı. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrilməsindən sonra isə bəslənən ümidlər ardıcıl surətdə doğrulmağa başladı. Belə ki, insanlar Heydər Əliyevin hakimiyyətə qayıdışının başlıca mənasını ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində görürdülər. Ulu öndərin hakimiyyətə gəlişi ilə respublikada ictimai-siyasi sabitlik, əmin-amanlıq təmin edildi. Lakin sonrakı mərhələdə digər vəzifələr meydana çıxdı. Buraya, ilk növbədə, iqtisadiyyatın bərpa edilməsi və tənəzzüldən çıxarılması, islahatların həyata keçirilməsi, əhalinin maddi rifah halının yüksəldilməsi və digər bu kimi məsələlər aid idi. Heydər Əliyevin rəhbərliyi altında bu vəzifələr də öz uğurlu həllini tapdı. Aqrar islahatlar aparıldı, kənd təsərrüfatı, sənaye özünün inkişaf dövrünə qədəm qoydu, iqtisadiyyatın digər sahələrində dinamik inkişaf başlandı, yeni neft strategiyası müəyyənləşdirildi. Beləliklə, Heydər Əliyevin hakimiyyətə qayıdışını insanlar ilk olaraq xilaskarlıq missiyası kimi təsəvvür edirdilərsə, sonrakı vacib missiya quruculuq, ölkənin tənəzzüldən çıxması, iqtisadiyyatın inkişaf etdirilməsi prosesini özündə ehtiva edirdi. Bu ümidlər də dahi rəhbərin fəaliyyətilə özünü doğrultdu. Uçurumun astanasından dönən Azərbaycan inkişaf edən bir ölkəyə çevrildi, insanlar təhlükəsizlik şəraitində, əmin-amanlıq mühitində yaşamağa başladılar. Dağlıq Qarabağ münaqişəsilə bağlı atəşkəs əldə edilməsi inkişaf prosesini bir qədər də sürətləndirdi. Ona görə də, tam məsuliyyətlə deyə bilərik ki, YAP Azərbaycanı müstəqil, azad bir dövlət kimi qurmaq, formalaşdırmaq istəyi kimi meydana çıxdı. Əgər biz bu gün müstəqil, qüdrətli, güclü, dünyada özünə layiqli yer tuta bilmiş bir Azərbaycan dövləti haqqında danışır və bununla qürur duyuruqsa, birmənalı şəkildə hər bir vətəndaş bütün bu proseslərin kökündə Heydər Əliyev şəxsiyyəti və bu şəxsiyyətin ətrafında formalaşan, birləşən YAP amilini göz önünə gətirir. Bu səbəbdən də, Yeni Azərbaycan Partiyasının yaranmasını ən yeni siyasi tariximizdə yeni dövrün başlanğıcı kimi qiymətləndirə bilərik.
- Mürəkkəb tarixi dövrün bütün çətinliklərinə baxmayaraq, Yeni Azərbaycan Partiyası yarandıqdan cəmi 6 ay sonra hakimiyyətə gəldi. Bu politologiya tarixində nadir hadisələrdən hesab edilir. Fikrinizcə, YAP-ı hakimiyyətə gətirən hansı şərtlər idi?
- Əslində, elə ilk zamanlardan YAP-ın yaranması ideyası Azərbaycanın düçar olduğu bəlalardan xilas edilməsi üçün Heydər Əliyevi hakimiyyətə dəvət etməyin demokratik forması kimi çıxış edirdi. Çünki bayaq qeyd etdiyimiz ağır siyasi, ictimai, iqtisadi şərtlər fonunda insanlar yalnız Heydər Əliyevin Azərbaycanı düçar olduğu bəlalardan xilas edəcək şəxsiyyət olduğunu birmənalı şəkildə etiraf edirdilər. Eyni zamanda, belə bir məsələnin ətrafında düşünürdülər ki, Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişinin hansı yolla, vasitələrlə təmin etmək mümkündür. Beləliklə, "Heydər Əliyev necə hakimiyyətə gəlsin" sualı ətrafında axtarışların nəticələrindən biri Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranması oldu. Bu partiyanın yaranması ideyası Heydər Əliyevin hakimiyyətə dəvət edilməsinin forması kimi nəzərdə tutulurdu və o dövr üçün ən düzgün addımlardan biri sayılmalıdır. Yəni, ilk növbədə, Azərbaycan xalqının mütləq əksəriyyətinin rəyi və düşüncəsi bu prosesdə olduqca mühüm rol oynamışdır.
Digər tərəfdən, Azərbaycanın gələcəyindən narahat olan, ölkənin taleyini düşünən, onun işıqlı sabahını arzulayan insanlar Heydər Əliyevin rəhbərliyi ilə yaranmış partiyanın sıralarında birləşdilər. Partiya qısa zaman ərzində Azərbaycanın siyasi arenasında ən güclü siyasi qüvvəyə çevrildi. Və ən önəmlisi, bu partiyaya zəngin dövlətçilik təcrübəsi, yüksək siyasi səriştəsi olan Ulu öndər Heydər Əliyevin rəhbərlik etməsi Yeni Azərbaycan Partiyasının qısa bir zamanda hakimiyyətə gəlməsini şərtləndirdi. Beləliklə, həm xalqın böyük dəstəyi, həm partiyanın qısa zaman ərzində çox güclü siyasi təşkilat olması, həm də Heydər Əliyevin siyasi nüfuzu bu prosesin məntiqini təşkil etmişdir.
- Maraqlı bir nüans isə odur ki, YAP artıq uzun müddətdir hakimiyyətdə ola-ola getdikcə daha da kütləviləşir və xalq tərəfindən dəstəklənir. Bu ənənəyə ən güclü və mühafizəkar partiyalar belə həsəd apara bilər. Partiyamız buna necə nail olur? Bunun sirri nədədir?
- Mən deyərdim ki, Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ümumxalq partiyasına çevrilmişdir və Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir.
Yeni Azərbaycan Partiyası özü yaranması və fəaliyyət göstərməsi ilə Heydər Əliyev ideyalarının real həyatda təcəssümünə əyani misaldır. Əvvəla, bu partiya dahi liderin ideyalarından qaynaqlanır və həmin ideyalar əsasında fəaliyyət göstərir. İkincisi, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ideyalarının həyata keçməsini özünün ən ümdə vəzifəsi hesab edir. Üçüncüsü, Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının, gerçəkliyə çevrilməsini təmin etməyə qadir olan qüdrətli siyasi qüvvə kimi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının, irsinin daşıyıcısı olaraq, əslində, ölkənin davamlı inkişafının aparıcı qüvvəsi missiyasını yerinə yetirir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2006-cı ildə Xaçmazda YAP fəalları ilə görüşdə partiyanın cəmiyyətimizin inkişafında aparıcı qüvvə olmasını xüsusi vurğulamışdır. Bu gün Heydər Əliyev ideyalarının Azərbaycanın müasir inkişafının mənbəyi olduğuna şübhə edilmədiyi kimi, Yeni Azərbaycan Partiyasının bu inkişafın aparıcı qüvvəsi olması faktı da birmənalı şəkildə etiraf olunur.
Heydər Əliyev partiyasının müasir inkişafın aparıcı qüvvəsi rolunda çıxış etməsi bir sıra mühüm amillərlə bağlıdır. Hər şeydən əvvəl bu partiya böyük potensialı (intellektual, insani, təşkilati və mənəvi) ilə Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi statusunu qazanmağa layiq olmuşdur. İkinci, hər bir təşkilat özünün lideri ilə güclü olduğundan, Yeni Azərbaycan Partiyasının ən mühüm güc mənbəyi olan Prezidenti İlham Əliyevin rəhbərlik etməsindədir. Söylənilən fikir və mülahizələri yekunlaşdıraraq onu da əminliklə bildirmək olar ki, xalqın Heydər Əliyev irsinə cəmiyyətin müasir inkişafının tükənməz mənbəyi, Yeni Azərbaycan Partiyasına isə bu inkişafın aparıcı qüvvəsi kimi etimad göstərməsi özünün əyani ifadəsini 2003-cü və 2008-ci illərin prezident seçkilərində bir daha nümayiş etdirdi. Məhz xalqın seçimi sayəsində Azərbaycan Prezidenti İlham Əliyevin təcəssümündə həm Heydər Əliyev irsi kimi qüdrətli inkişaf mənbəyi, həm də Yeni Azərbaycan Partiyası kimi aparıcı siyasi qüvvə həyatımızın indiki gerçəkliyini təmin etməkdədir. Artıq neçə ildir ki, dalbadal Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl mövqelərini əlində saxlayır. Qısa vaxt ərzində ecazkar inkişaf dinamikası nümayiş etdirən Azərbaycan regionun lider dövlətinə çevrilə bilmişdir. Onun nüfuzu dünya birliyində gündən-günə güclənməkdədir.
Azərbaycan xalqı dərindən inanır ki, Heydər Əliyevin müasir dinamik inkişafın mənbəyi olan zəngin irsi və bu inkişafın gerçəkliyə çevrilməsində aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi uzun illər ölkəmizin yüksəlişinin həlledici amilləri qismində tarixi missiyanı şərəflə yerinə yetirəcək.
- Əli müəllim, bütün bunları yuvarlaqlaşdırsaq, qısa tezislərlə ifadə etməyə çalışsaq, sizcə, Yeni Azərbaycan Partiyasını ümumxalq partiyası edən nədir?
- Bu gün YAP cəmiyyətimizdə özünün güclü mövqeyinə təkcə ona görə sahib deyil ki, 600 minə yaxın üzvü var. Həm də bu partiya rasional düşüncənin, müdrikliyin, mənəvi saflığın daşıyıcı kimi cəmiyyətimizdə özünə möhkəm yer tutub. Məhz bunların sayəsində, Heydər Əliyev siyasətinə istinad etməsi sayəsində YAP 20 il ərzində böyük nailiyyətlərə sahib ola bilmişdir.
Böyük şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir. Və təbiidir ki, Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər birmənalı şəkildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bilavasitə bağlıdır. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu bütün illər ərzində Azərbaycanın iqtisadiyyatı inkişaf edib, Azərbaycanın bütün həyatı əhəmiyyətli dəyişikliklərlə müşayiət olunub, hər bir vətəndaşımızın həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən ölkəyə, bölgəmizin ən güclü dövlətinə çevrilib. Təbii ki, Azərbaycanın nüfuzu, inkişafının bilavasitə nəticələri təkcə bölgənin ən güclü və qüdrətli dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Azərbaycan həm də dünya miqyasında, beynəlxalq siyasətdə öz rolunun əhəmiyyətini xeyli dərəcədə yüksəldib. Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir, yüksəlir, iqtisadiyyatın inkişafı ilə yanaşı, vətəndaşların sosial-rifah halında ciddi dəyişikliklər baş verir. Beləliklə də, Yeni Azərbaycan Partiyası yarandığı gündən tarixin onun üzərinə qoyduğu missiyanı ləyaqətlə yerinə yetirdiyini ardıcıl olaraq sübut edir. Bütün bunları isə Azərbaycan xalqı görür, qiymətləndirir, yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşib. Beləliklə, Yeni Azərbaycan Partiyasının xalqa xidmət missiyasını uğurla yerinə yetirməsi fonunda cəmiyyətin ciddi dəstəyini qazanması Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası statusunu daha da möhkəmləndirir.
- Yeni Azərbaycan Partiyası həm də cəmiyyətə yeni siyasi əxlaq, yeni siyasi dəyərlər gətirən, demokratik və hüquqi fəaliyyəti mənimsəyən, bu prinsiplərə daima sadiq qalan bir partiya hesab olunur. Bu keyfiyyətin əsasında nə durur?
- Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi sistemi yenidən formalaşmağa başladı və bu partiya ölkənin siyasi sisteminə yeni nəfəs, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizənin sivil ənənələrini, normalarını gətirdi. Partiya maraqlarını milli maraqlardan üstün tutmaq YAP-a həmişə yad olub. YAP müxalifətdə olanda da məhz bu dəyərlərə söykənib. Heydər Əliyevin tövsiyələri əsasında partiyamız dövlətçiliyə sədaqəti hər şeydən uca tutub. YAP müxalifətdə olarkən o vaxtki hakimiyyətin çatışmayan cəhətlərini, nöqsanlarını, qüsurlarını, yürütdüyü siyasətin mənfi tərəflərini açıq-aşkar, lakin konstruktiv şəkildə tənqid edirdi, düzgün yolu göstərirdi, milli birliyin yaradılması və vətəndaş qarşıdurmasından qaçmanın yollarından, daxili siyasətin qurulmasından, insanların potensialından dövlət quruculuğunda istifadənin metodlarından, Dağlıq Qarabağ probleminin həlli vasitələrindən, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən bəhs edirdi. Bir sözlə, hələ o zaman, Ulu öndər həqiqi mənada siyasi konseptual məsələləri ortaya qoyurdu.
İstər o zaman olsun, istərsə indi, digər siyasi partiyaların birləşdiyi düşərgədə isə siyasi müharibə və fəaliyyət fərqli dəyərlər üzərində qərar tuturdu. Şəxsi və partiya maraqları hər şeydən üstün tutulurdu, milli və dövlətçilik maraqları isə, əslində, mühüm əhəmiyyət kəsb etmirdi. Sözügedən düşərgədə vəziyyət bu gün də dəyişməyib.
Hesab edirəm ki, YAP-ın üzərinə götürdüyü tarixi missiyanın biri də yeni siyasi mədəniyyətin formalaşması ilə əlaqədardır. Bu mənada qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsilə Azərbaycanda yeni siyasi fəaliyyət ənənəsi ortaya qoyuldu. YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, öz fəaliyyətində siyasi mübarizənin sivil normalarını tətbiq etdi, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. Bir sözlə, Yeni Azərbaycan Partiyası xalq üçün fəaliyyət göstərmək nümunəsini ortaya qoydu.
- YAP
ölkəmizin həyatında dominant siyasi gücdür. Bu güc ətrafında cəmiyyətin
bütün təbəqələrini təmsil edən ən
müxtəlif zümrələr birləşib. Ancaq bunların içərisində gənclər
xüsusi çəkiyə malik olmaqla əhəmiyyətli
bir istiqaməti təşkil edir. Eyni
zamanda, YAP-ın Qadınlar Şurası da fəaliyyət
göstərir. Partiyanın həyatında
onların yeri və rolu haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Bu yolun hər bir uğrunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var. Yeni Azərbaycan Partiyasını bu partiyanın sıralarında fədakarlıqlar göstərən qadınlarsız təsəvvür etmək mümkün deyil. Bu, tamamilə təbiidir. Cəmiyyəti qadınlarsız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan cəmiyyətində özünə möhkəm yer tutmuş Yeni Azərbaycan Partiyasını da qadınlarsız təsəvvür etmək mümkün deyil. Qadınların təkcə kəmiyyət etibarı ilə deyil, öz fədakarlığı, fəallıqları ilə partiyamızın tarixinə şanlı səhifələr yazması hər şeydən əvvəl onların bütövlükdə ictimai-siyasi fəallığı ilə əlaqədardır. Bu fəallıq çoxlu sayda qadınların partiyamızın sıralarına gəlməsini şərtləndirir. Mən qadınların YAP-ın sıralarına qoşulmasının digər səbəbini Heydər Əliyevin onlara olan yüksək qayğısına olan minnətdarlığının ifadəsi və cavabı kimi qiymətləndirmək istəyirəm. Qadınlarımızın YAP sıralarında yüksək fəallğının bir səbəbi də onların Azərbaycanın inkişaf, quruculuq, abadlıq tarixinə öz töhfələrini vermək istəkləri ilə əlaqədardır. Və nəticə etibarilə, partiyamız qadınların timsalında təkcə say baxımından böyüməyib. Qadınlar təkcə say artırmırlar, keyfiyyəti artırırlar. Onlar partiyamıza gəlməklə, bütövlükdə Azərbaycan xalqına xas olan müdrikliyinin gətirilməsinə nail olublar. Qadınlar, həmçinin, partiyamızın sıralarında rasional düşüncəni əhəmiyyətli dərəcədə artırıblar.
Eyni zamanda, gənclərin də partiyamızın tərkibində fəaliyyətini çox yüksək qiymətləndirirəm. Biz gənclərimizə böyük ümidlərlə baxırıq. İnanırıq ki, gənclərimiz bu ümidləri doğrultmağa layiqdirlər. Hesab edirəm ki, gənclərimiz gələcəyin çox ciddi ümid verən liderləri olacaqlar. Azərbaycanın əhalisi sürətlə artır. 20 ildə Azərbaycanın əhalisinin 2 milyon artması o deməkdir ki, Azərbaycanda əhalinin tərkibində gənclər daha yüksək çəkiyə malikdir. Və statistikaya görə, Azərbaycan əhalisinin 60 faizini 35 yaşa qədər vətəndaşlar təşkil edirlər. Bu, çox böyük nemətdir və bundan lazımi nəticə çıxarıb səmərəli şəkildə faydalanmaq gərəkdir. Biz bunu elə bu cür də qəbul edərək, YAP-ın gənclərlə bağlı siyasətinin həyata keçirilməsində istifadə edirik. Bir halda ki, əhalinin tərkibində gənclər çox yüksək çəkiyə malikdirlər, demək, YAP-ın həyata keçirdiyi siyasətdə gənclərlə bağlı konsepsiya həlledici rol tutmalıdır. O cümlədən, gənclər bizim partiyamızın tərkibində də daha yüksək çəkiyə malik olmalıdır. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında gənclər 40 faiz təşkil edirlər. Nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyasına insanlar ölkə qanunvericiliyinə uyğun olaraq, 18 yaşından sonra daxil ola bilərlər, onda bunun nə qədər yüksək bir göstərici olduğunu daha yaxşı dərk etmiş ola bilərik. Hesab edirəm ki, belə bir yüksək göstəricinin əldə olunmasında həlledici səbəblərdən biri, təbii ki, Azərbaycan iqtidarının gənclərə yönəlmiş siyasəti, Prezidentimizin gənclərə münasibətidirsə, eyni zamanda, YAP-ın sıralarında gənclərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Gənclərimiz başa düşürlər ki, Yeni Azərbaycan Partiyası gənclərimizin ölkənin ictimai-siyasi həyatına qoşulması üçün çox gözəl platformadır və gənclərimiz də bundan faydalanmaq üçün çox məmnuniyyətlə Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Dərk edirlər ki, YAP-ın sıralarında onlar özlərinin potensialını aşkar etmək və ondan istifadə etmək imkanları qazanırlar. Digər tərəfdən, biz gənclərimizin YAP sıralarında fəaliyyətini stimullaşdırmaqla istedadlı gəncləri üzə çıxarırıq, onları cəmiyyətə təqdim edirik, gənc liderləri formalaşdırırıq. Təbii ki, Yeni Azərbaycan Partiyasının gəncləri, bütövlükdə Azərbaycan gəncləri bir neçə ildən sonra ictimai–siyasi həyatda həlledici mövqelər tutacaqlar. Azərbaycanın gələcək nazirləri, parlament üzvləri, tanınmış biznesmenləri məhz həmin gənclərin içərisindən çıxacaqlar. Demək, YAP həm də bu parametrlərə və bu potensiala malik gəncləri aşkar etmək funksiyasını öz üzərinə götürüb. Güman edirəm ki, bu funksiyanı layiqincə yerinə yetirir. Mən açıq demək istəyirəm ki, YAP GB-yə daxil olan bir çox istedadlı gənclər var ki, gələcəkdə onlar Azərbaycanın ictimai və siyasi həyatında tanınmış simalara çevriləcəklər. Bu gündən artıq onlar özlərini tanıda biliblər. Birincisi, kifayət qədər bacarıqlı və qabiliyyətlidirlər, böyük potensiala malikdirlər, ikincisi, Yeni Azərbaycan Partiyası kimi qüdrətli bir partiyanın içərisində onun yaratdığı imkanlardan faydalanaraq özlərini cəmiyyətə təqdim edirlər. YAP zamin olaraq, onları cəmiyyətə təqdim edir ki, bu da onlara etimadı daha da artırmış olur.
- Yeni Azərbaycan Partiyası ölkəmizin daxili ictimai-siyasi həyatında böyük nüfuza malik olduğu kimi, çoxsaylı nüfuzlu xarici siyasi partiyalarla da sıx əlaqələrə malikdir və onlarla əməkdaşlıq edir. Bu barədə nə deyə bilərsiniz?
- Bütövlükdə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinə biz Azərbaycanı dünyaya demokratik, sürətlə inkişaf etməkdə olan dövlət kimi tanıtmaq konsepsiyasının tərkib hissəsi kimi baxırıq. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası bu istiqamətdə kifayət qədər geniş fəaliyyət göstərir. Avropa istiqamətində Yeni Azərbaycan Partiyası Avropa Xalqları Partiyası ilə yüksək səviyyəli əlaqələrə malikdir. Bildiyiniz kimi, Avropa Xalqları Partiyası Avropa Parlamentində həlledici rola malikdir və aparıcı Avropa dövlətlərində hakimiyyətdə olan partiyalar bu qrupda birləşiblər. Bizim Avropa Xalqları Partiyası ilə çox yaxşı münasibətlərimizin qurulması bizim tərəfimizdən Azərbaycanın Avropaya inteqrasiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Hesab edirəm ki, biz bu fəaliyyətimizi genişləndirməklə ölkəmizin Avropa strukturlarına inteqrasiyasına öz töhfəmizi verə bilirik.
İkinci istiqamət Asiya Siyasi Partiyalarının Beynəlxalq Konqresidir ki, Yeni Azərbaycan Partiyası artıq bu qurumla da əməkdaşlığı qura bilibdir. YAP bu Konqresin İdarə Heyətinə daxil olan 20 partiyadan biridir. Məxsusi olaraq, onu qeyd etmək istəyirəm ki, Asiyanın bütün partiyalarını birləşdirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konqresinin VII Baş Assambleyası bir neçə gündən sonra Bakıda keçiriləcəkdir.
Bundan savayı, YAP-ın ayrı-ayrı ölkələrdə fəaliyyətdə olan böyük nüfuzlu partiyalarla ikitərəfli əlaqələri var. Bu ölkələrin sırası kifayət qədər genişdir. Bu sıraya Rusiya, Türkiyə, Ukrayna, Çini və digər başqa dövlətləri daxil edə bilərəm. Yeni Azərbaycan Partiyasının nümayəndələri ayrı-ayrı partiyaların dəvəti ilə çox tez-tez müxtəlif ölkələrdə səfərdə olurlar.
- Yeni Azərbaycan Partiyası özünün 20 illik yubileyinə hazırlaşır. Hər yubiley həm də bir hesabatdır fikrinə söykənsək, sizcə, YAP-ın hesabatını təşkil edən əsas işlər nədən, daha doğrusu, nələrdən ibarət olardı?
- YAP yaranmasından 6 ay sonra Heydər Əliyevin
hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyinin
başının üstünü almış bütün təhlükələrin
çox qısa zamanda sovuşdurulması kimi şərəfli
bir tarixə sahibdir. YAP Azərbaycan iqtisadiyyatının Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş
strategiya sayəsində tənəzzüldən xilas olaraq təkamül,
inkişaf mərhələsinə keçməsi kimi əzəmətli
bir tarix yazıb. YAP Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasət əsasında müstəqil Azərbaycan dövlətinin
qurulması, Azərbaycanın dövlət müstəqilliyinin
dönməzliyinin, əbədiliyinin və
sarsılmazlığının təsbit olunması ilə
müşayiət edilən şərəfli bir tarixə
malikdir. Təbii ki, bütün bunların
davamı olaraq Azərbaycanın beynəlxalq əhəmiyyətinin
artması, regionun lider dövlətinə, habelə
dünyanın enerji təhlükəsizliyində həlledici
rol oynayan dövlətə çevrilməsi kimi məqamlar da
birmənalı şəkildə qeyd edilməlidir. Azərbaycan
dövləti və xalqı üçün YAP bu həqiqətlərin
dərk edilməsidir. Bu həqiqətlərin
kökündə Heydər Əliyev şəxsiyyəti, Onun
ideyaları, müəyyənləşdirdiyi siyasət və
bu gün Ulu öndərin siyasi xəttinin uğurla həyata
keçirilməsini təmin edən Azərbaycan Prezidenti cənab
İlham Əliyev dayanır. Bütün
bunların hamısı ilə birlikdə Heydər Əliyevin
rəhbərliyi altında yaranan, ona sadiq olan insanların
toplaşdığı və Azərbaycan dövlətinə
və xalqına ləyaqətlə və sədaqətlə
xidmət edən YAP da istər-istəməz bütün
proseslərin mərkəzində olan çox ciddi siyasi
güc kimi qavranılır. YAP dövlətimiz
üçün bu həqiqətlər deməkdir.
yap.org.az
Səs.- 2012.- 16
noyabr.- S.4-5.