Azərbaycan dövlətçilik tarixində sovet dövrü və milli tarix elmimiz

 

Azərbaycan dövlətçiliyinin sovet dövrünə münasibət birmənalı deyildir. Ulu Öndər Heydər Əliyev sovet dövründə Azərbaycan dövlətçilik tarixi haqqında yazılmış əsərlər haqqında demişdir: "Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideolojiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz". Professor Musa Qasımlı sovet dövrü dövlətçilik tarixini araşdıranlar haqqında yazır:

"Yeni sovet dövrü problemlərini araşdıranlardan dərin nəzəri-metodoloji hazırlıq, araşdırıcılıq qabiliyyəti, bacarıq və yüksək vətəndaşlıq tələb edir. Məlumdur ki, dövrün siyasi-ideoloji ab-havası itəsə də, istəməsə də, tarixçiyə müvafiq təsir edir. Xüsusən, dövlət müstəqilliyinin mövcud olmadığı bir şəraitdə rəsmi tarix doktrinasının əleyhinə kitab çap etdirmək mümkün deyildi. Tariximizin və tədqiqatlarımızın keçdiyi inkişaf yolunda varislik baxımından həmin dövrə və dövrün araşdırıcılarına qayğı ilə yanaşmaq tələb olunur. Həm də müstəqil dövlət quruculuğu şəraitində Azərbaycan tarix elminin bəzi araşdırıcıları ciddi mənbələrə əsaslanmadan və ya lazım bildiyi ayrı-ayrı seçmə faktları götürülüb bütün sovet dövrünü populist tənqid edərək belə təməllər üzərində inkişaf etmək istəyirlərsə, bu, nəinki elmi, həmçinin, dövlət və milli mənafelər baxımıdan ziyanlıdır. Belə yanaşma ilə tarix elmimizin ciddi uğurlar qazanacağı şübhəli görünür. Ona görə də bir neçə illər ötəndən sonra məsələnin mahiyyətinə dərindən varmadan həmin dövrü və tarixçiləri ittiham etmək tarixi hadisə və proseslərə metodoloji yanaşmanın tələbləri baxımından yanaşılır".

Azərbaycan SSR milli tariximizdə ikinci respublika hesab edilir. Bu baxımdan M.Qasımlının mövqeyi diqqəti cəlb edir: "Bəzən sovet dövrünü çarizmin müstəmləkəçilik siyasətinin başqa formalarla davamı kimi də dəyərləndirirlər. Azərbaycan xalqının dövlət müstəqilliyinə son qoymuş bolşevik işğalının həyata keçirilməsi prosesini və nəticələrini mahiyyətinə görə başqa cür qiymətləndirmək heç doğru da deyil. Lakin Cümhuriyyətin süqutuna baxmayaraq, işğaldan sonrakı dövrdə Azərbaycan formal olsa da, müttəfiq respublika sayılırdı, konstitusiya ilə müəyyən beynəlxalq əlaqələr saxlamaq hüququ var idi. Əslində, Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, bolşevik işğalından sonra qurulan Azərbaycan Sovet Sosialist Rcspublikası da olmayacaq, Azərbaycan Rusiyanın bir əyaləti kimi qalacaqdı. Azərbaycan SSR olmasaydı, SSRİ dağılanda bəlkə də indiki Azərbaycan Respublikası yaradılmayacaqdı. Deməli, sovet dövrü tariximizə Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə varislikdə, Azərbaycan SSR-ə isə ikinci respublika kimi baxmaq daha doğru olardı. Qeyd etmək lazımdır ki, sovet dövründə Azərbaycanda müstəqil dövlət olmasa da, dövlətçiliyin müəyyən atributları saxlanılmışdı. Bununla belə, anlaşılmalıdır ki, sovet dövrünün yersiz təriflənməsinin və şişirdilməsinin dövlət müstəqilliyini yenidən bərpa etmiş bir xalq üçün siyasi-ideoloji baxımdan ziyanı da ola bilər. O dövrü yaşamış adamlarda və gənclərdə sovet sistemi, marksist-leninçi ideologiya üçün qəribsəmək hissləri baş qaldıra bilər. Amma dünya artıq əvvəlki dünya deyil və geriyə qayıdış da imkansızdır. Ona görə də sovet dövrü tarixinin obyektiv və dərindən öyrənilməsinə nail olmaq lazımdır. Həm də bu zaman sovet tarixinin müxtəlif dövrlərini bir-birindən fərqləndirmək vacıbdir. Məsələn, hər ikisində sovet sisteminin mövcud olmasına baxmayaraq, Azərbaycan milli mədəniyyətinin, milli düşüncəli ziyalıların məhv edildiyi 20-40-cı illərlə müqayisədə ziyalılara xüsusi qayğının göstərildiyi, milli-mədəni intibahın baş verdiyi, gələcək müstəqilliyin təməllərinin yaradıldığı 60-ci illərin sonu, 80-ci illərin ortaları hec də eyni deyil. Ölkədə vahid sistem və ideologiya olmasına baxmayaraq, göstərilən illərdə Azərbaycanda bir-birindən fərqli siyasət həyata keçirilirdi. Birincidə milli köklərə dayanan mədəniyyət, mədəniyyət xadimləri məhv edilir, ikincidə isə bunlar böyük əzmlə, ciddi düşünülərək yaradılırdı.

Bəzi böyük ölkələrdə xalq tarixi və rəsmi (hökumət) tarix ayrı-ayrı öyrənilir və öyrədilir. Əlbəttə, bunların arasında ciddi sərhədi, suayrıcını müəyyənləşdirmək çox çətindir. Çünki xalq mövcud olmasa, rəsmi anlamı özündə daha çox ehtiva edən hökumətin mövcudluğu da mümkün deyil. Müstəmləkəçiliyin istənilən formasında mərkəzi hakimiyyətin siyasətinə bəraət qazandırmaq müstəqilliyin əsaslarına və bərpasına qarşı çıxmaqdır. Bununla belə, tarixi təcrübə göstərir ki, müstəmləkəçilik idarə üsulunun müəyyən müsbət tərəfləri də vardır. Məsələn, məktəblərin açılması, sənaye müəssisələrinin yaradılması və s. müstəmləkə siyasətinə xidmət etsə də, yerli xalqın həmin sahələrdə inkişafına kömək edir. Tikilən, qurulan xalq üçün qalır. Deməli, belə olduqda diqqətə daha çox alınması lazım gələn məsələlərdən biri sovet sistemi şəraitində Azərbaycana rəhbərlik etmiş şəxslərin fəaliyyətinə, respublikada həyata kcçirdikləri tədbirlərin təhlilinə geniş yer ayrılmasıdır. Tədqiqatçı belə bir suala da cavab axtarmalıdır ki, onların hansının hakimiyyəti illərində həyata keçirilən tədbirlər Azərbaycan xalqının maraqlarına, arzularına və müstəqillik ideallarına daha çox xidmət edib?

Müstəqil dövlətin mövcud olduğu bir şəraitdə rəsmi tarixin, dövlətçilik tarixinin daha geniş araşdırılmasına, öyrədilməsinə və təbliğinə xüsusi diqqət verilməsi vacibdir. Çünki xalqın iradəsini ifadə edən rəsmi tarixin öyrədilməsi xalqı bütövləşdirir, birləşdirir, dövləti möhkəmləndirir. Güclü dövlət, siyasi mövqeyi və mənsubiyyətindən asılı olmayaraq, güclü vətəndaş deməkdir. Məlumdur ki, xalqın müstəqil dövlətinin olmadığı şəraitdə mərkəzi hakimiyyətə qarşı xalqın mənafeləri naminə hər hansı formada yönəlmiş hərəkət xalq tarixi baxımından müsbət, rəsmi (İmperiya) tarix baxımından isə mənfi qiymətləndirilir. Milli dövlətçilik şəraitində isə hər hansı qeyri-qanuni hərəkət birbaşa hakimiyyətə, geniş mənada xalqa, dövlətin əsaslarına qarşı yönəldiyindən ümumdövlət, ümumxalq mənafeləri baxımından obyektiv araşdırılmalıdır. Çünki rəsmi, dövlətçilik tarixi elə xalqın tarixi deməkdir.

Məlum olduğu kimi, Azərbaycan bütün dünyaya səpələnmiş azərbaycanlıların ümumi vətənidir. Amma təəssüf olsun ki, bəzən "Azərbaycan tarixi" ifadəsindən imtina edib "Azərbaycan xalqının tarixi" yazılması barədə populist, elmi və siyasi baxımdan zərərli fikirlərə də rast gəlinir. "Azərbaycan tarixi" ifadəsi həm siyasi, həm coğrafi, həm də yaşadığı ərazidə dövlətini qurmuş xalqın tarixi anlamını kəsb etdiyindən, heç şübhəsiz, uğurlu və həmişəyaşardır. Bu ifadə xalqımızın zəngin dövlətçilik ənənələrini, qədim tarixini özündə ehtiva cdir. Bəzi xalqların tarixinin coğrafi-siyasi, dövlət anlamında yox, etnik anlamda verilməsi heç də əbəs deyildir. Çünki dünyada xalqlar çox olsa da, heç də onların hamısı dövlət qurucu deyillər. Ona görə də tariximizin "Azərbaycan tarixi" deyil, "Azərbaycan xalqının tarixi" adlandırması barədə ara-sıra rast gəlinən fikirlərin kifayət qədər elmi əsası yoxdur və həm elmi, həm də siyasi baxımdan ziyanlıdır".

Əlbəttə, bütün bunlar xalq tarixinin yazılmasıdan imtina etmək demək olmamalıdır. Azərbaycan xalqının tarixi həm Azərbaycan Respublikası ərazisində yaşayanların, cənubi azərbaycanlıların, taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin, mühacirətin tarixidir. Xalqımızın tarixinin bütöv, vahid, qarşılıqlı vəhdətdə, əlaqədə araşdırılması zəruridir. 1920-1991-ci illərdə xarici ölkələrdə fəaliyyət göstərmiş mühacirətin tarixi də ümumi tariximizin tərkib hissəsidir. Ona qara yaxılması və üstündən xətt çəkilməsi cəhdləri doğru deyildir. Məhz siyasi mühacirlər və onların varisləri xaricdəki Azərbaycan diasporunun nüvəsini təşkil edirlər. Böyük dövlət adamı Heydər Əliyev çox haqlı olaraq deyirdi ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Əgər sovet hakimiyyəti illərində ölkə sərhədlərindən kənarda yaşamağa məcbur olan mühacirət liderləri xaricdə istiqlal fikrini qoruyub saxlamışlarsa, müstəqil dövlətin qurulması üçün zəruri olan ilkin maddi amillər-ərazi, əhali və hökumət - Azərbaycan Sovet Sosialist Respublikasının hüdudlarında formalaşıb. Bu baxımdan, Azərbaycan tarixində 60-cı illərin sonu-80-ci illərin ortaları xüsusi yer tutur. Respublikanın kommunist rəhbəri olmasına baxmayaraq, Heydər Əliyev hakimiyyəti illərində xalqını düşündürən problemləri məharətlə həll edir, istiqlalın bərpası üçün lazım olan şərtləri ehtiyatla, məqsədyönlü şəkildə sovet Azərbaycanında hazırlayır, milli ziyalıları qoruyur, idealizmə uymadan dövrün şərtləri daxilində gözlərinin qarşısında olan xalqı üçün çalışırdı.

Qeyd etmək lazımdır ki, bəzi araşdırıcılar sovet dövrü xadimlərini ehtiyac olmadan, lüzumsuz yerə tərifləyir, digər bir qisim isə "gözlərini yumaraq" qaralayır, onların hamısının pis olduğunu deyir. Əslində, ciddi elmi araşdırma baxımından bu məsələyə yanaşmada elə bir mübahisə olmamalıdır. Çunki Azərbaycanın sovet dövrü dövlət xadimlərinin hər biri artıq tarixdə tutduqları yerlərini özləri müəyyənləşdiriblər, tarixlərini özləri yaradıblar. Dünya elmində qəbul olunmuş metodoloji yanaşmadan məlumdur ki, tarixi xidmətlərə qiymət verilərkən tarixi xadimlərin müasir tələblərə nisbətən vermədikləri şeylər deyil, onların öz sələflərinə görə verdikləri yeni şeylər əsas götürülür. Tədqiqatçının borcu həmin tarixi olduğu kimi araşdıraraq yazıb oxucuya çatdırmaq olmalıdır. Bir neçə on illər sonra şəxsiyyət probleminə siyasi baxışlar bucağından yanaşıb yersiz modernləşdirilmiş və siyasiləşdirilmiş, qiymət vermək tarix elmi üçün ciddi dəyər daşımasa da, müəyyən dolaşıqlıqlar yaradır. Məlumdur ki, marksist-leninçi ideologiya tarixdə xalq kütlələrinin aparıcı rolunu əsas götürsə də, şəxsiyyətlərin rolunu da qiymətləndirirdi. Bütün tarix boyu xalqın taleyində liderlərin misilsiz rol oynadıqları şəksizdir. Bu baxımdan, sovet dövrü tariximizdə olan bütün, xüsusən, xalqın mənafeləri naminə çalışmış dövlət adamlarımıza qayğı və hörmətlə yanaşılmalıdır. Həmin xadimləri Kommunist Partiyasının üzvü, rəhbəri olduqlarına görə ittiham etmək tarixi tədqiqatların metodologiyası baxımmdan doğru deyil. Çünki o dövrdə başqa bir siyasi partiya fəaliyyət göstərmirdi. Xalqa daha yaxşı xidmət etməyin başlıca yolu sovet təhsili almaqdan, Kommunist Partiyasına üzv olmaqdan keçirdi. Tarixçi üçün bu məsələdə istinad mərkəzi həmin şəxslərin nəyə görə Kommunist Partiyasının və respublikanın rəhbəri olmaları deyil, mövcud şəraitdə öz xalqına necə xidmət etmələri, xalqın arzu və istəklərini necə yerinə yetirmələri, Azərbaycanın istiqlalı ücün lazım olan şərtləri necə hazırlamaları olmalıdır. Tədqiqatçı, eyni zamanda, bu suallara cavab axtarmalıdır ki, Azərbaycanın sovet dövrü rəhbərlərinin hansının hakimiyyəti illərində respublika və Azərbaycan xalqı ölkə daxilində və xaricdə daha geniş tanınırdı, nüfuzlu idi? Hansının hakimiyyəti illərində Azərbaycan xalqının milli kimliyini özündə qoruyub saxlayan və inkişaf etdırən mədəniyyətə, ədəbiyyata, incəsənətə, elmə, təhsilə bu sahələrdə çalışan şəxslərə, milli ziyalılara, xaricdəki azərbaycanlılara münasibət daha yaxşı idi? Hansı rəhbər daha çox milli hərbçi və idarəetmə kadrları hazırlayaraq irəli çəkirdi? Hansı rəhbər erməni iddialarına qarşı daha səmərəli mübarizə aparırdı? Hansı rəhbər SSRİ-nin türk xalqlarının birliyinin inkişaf etdirlməsində, türk dünyası arasında əlaqələr qurulmasında daha çox maraqlı idi və bu istiqamətdə necə çalışırdı? Həqiqətdir ki, tarixdə dağıdan, zəif dövlət adamlarının deyil, xalq və dövlət naminə qurub-yaradan güclü rəhbərlərin adı daim uca tutulur. Dövlət qurucu və xalq üçün çalışan rəhbərlərin adı milləti və dövləti daim yaşayır, hörmətlə çəkilir.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 17 noyabr.- S.14.