Yeni Azərbaycan Partiyasının
20 il ərzində keçdiyi
yol əslində, çağdaş
dövlətimizin yaşadığı tarixdir
Müsahibimiz Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin
deputatı Məlahət İbrahimqızıdır
- Məlahət
xanım, hazırda ölkəmizin bütün guşələrində
Yeni Azərbaycan Partiyasının yaradılmasının 20
illik yubileyi qeyd olunur. İstərdik ki, belə bir əlamətdar
tarixlə bağlı, partiyamızın ötən illər ərzində
keçdiyi yol barədə fikirlərinizi bildirəsiniz...
-
İlk olaraq, mən 20 illik yubiley münasibətilə
partiyamızın bütün üzvlərini ürəkdən
təbrik edirəm, onlara siyasi fəaliyyətlərində
yeni-yeni uğurlar arzulayıram. Ümumiyyətlə, 600 min nəfərə
yaxın üzvü olan Yeni Azərbaycan Partiyası ötən
20 ildə heç də asan yol keçməyib, çətin
və şərəfli tarix yaşayıb. Bu gün ölkəmizin
hansı səmtinə baxsaq, partiyamızın nailiyyətlərini
görə bilərik. Hazırda iqtidarda olan YAP vaxtilə
müxalifətdə də olub. Ötən il xalqımız
Azərbaycanın müstəqilliyinin 20 illiyini, bu il isə
YAP-ın yaranmasının 20 illiyini qeyd edir. Bu isə o deməkdir
ki, partiyamızın keçdiyi yol əslində,
çağdaş dövlətimizin keçdiyi yoldur. Bu yollar
paralel şəkildə inkişaf edib və başqa cür də
ola bilməz. Partiyamızın yaradıcısı, eyni zamanda
çağdaş Azərbaycanın memarı Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyası öz bəhrəsini verir və bu
strategiya nəticəsində dövlətimizin üçrəngli
bayrağı dünyanın ən ali beynəlxalq qurumunun -
BMT Təhlükəsizlik Şurasının üzvü kimi
dalğalanır. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyev dünyanın ən
uca kürsülərindən çıxış edərək
ölkəmizin maraqları müdafiə edir. Əlbəttə
ki, bu uğura nail olunması üçün böyük
işlər görülüb, dövlətimiz böyük
yollar keçib. Qeyd etmək lazımdır ki, Azərbaycan BMT
TŞ-da təmsil olunan qeyri-daimi dövlətlər
arasında az sayda ölkələrdəndir ki, böyük səs
çoxluğu ilə quruma üzv seçilib. Bu, Azərbaycan
dövlətinin apardığı uğurlu siyasətin bəhrəsidir.
Eyni zamanda, bu, ölkəmizin siyasətinin qiymətləndirilməsinin
göstəricisidir.
-
Yeni Azərbaycan Partiyasının yaradılmasını
hansı amillər zəruri edirdi?
- Təbii
ki, ötən 20 il ərzində qazanılan uğurları
qiymətləndirmək üçün 1992-1993-cü illərdəki
Azərbaycanı göz önünə gətirmək
lazımdır. Dövlət büdcəsi boş idi, siyasi
xaos baş alıb gedirdi, vətəndaş müharibəsi təhlükəsi
başlayırdı, ölkədə seperatizm meylləri
yaranmışdı. Bütün sahələrdə isə
böhran nəticəsində ölkə iflic vəziyyətinə
düşmüşdü. Belə olan təqdirdə
insanların sabaha ümidi itmişdi, Ermənistan tərəfindən
isə torpaqlarımızın işğalı davam edirdi.
YAP-ın yaranması məhz belə bir dövrdə baş
verdi. Xalqın və dövlətin gələcəyini
düşünən ziyalılar Ulu öndər Heydər Əliyevə
bu partiyanın yaradılması ilə bağlı müraciət
etdilər və 21 noyabr 1992-ci ildə YAP-ın təsis
konfransı keçirildi. Partiya yaranandan bir neçə ay
sonra Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi
ilə hakimiyyətə gəldi. Dövləti bu böhrandan
çıxarmaq isə hər kəsin işi deyildi.
Böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyev
isə özünün qətiyyəti və müdrikliyi,
siyasi uzaqgörənliyi ilə Azərbaycanı ağır
böhrandan xilas etdi.
Ümumiyyətlə,
dünyada böhranların aradan qaldırılması ilə
bağlı müəyyən modellər var və mən əminəm
ki, gələcəkdə politologiya elmində böhranlardan
çıxmaq üçün Heydər Əliyev modeli
araşdırılacaq və bundan beynəlxalq səviyyədə
istifadə olunacaq. Azərbaycan tarixən strateji regionda yerləşib
və tarixin hər zamanında bu region super güclərin
maraqlarının toqquşduğu məkan olub. Bu müasir
tariximizdə də belədir. Xüsusən də, Azərbaycanın
mühüm karbohidrogen ehtiyatlarına malik olması, İpək
Yolunun məhz bu regiondan keçməsi supergüclərin
maraqlarının toqquşması üçün əsas səbəblərdəndir.
Belə bir strateji regionda o cür çətin vəziyyətlərdən
çıxmağı yalnız Ulu öndər Heydər Əliyev
kimi dahi siyasətçi bacarardı. Ulu öndərimiz Azərbaycanı
ağır böhrandan çıxardı və ən
qısa zamanda dünyanın investisiya maraqlarını ölkəmizə
yönəltməyi bacardı. 1994-cü ilin may ayında atəşkəs
imzalanandan sonra həmin ilin sentyabr ayında «Əsrin
müqaviləsi» bağlandı. Bu isə xalqımızda gələcəyə
baxışları nikbinləşdirdi. Həqiqətən də,
bugünkü inkişafımızın təməli məhz
o zamandan qoyuldu. Məhz, bu müqavilədən sonra bir
sıra mühüm layihələr dünyanın
aparıcı dövlətlərinin maraqlarını Azərbaycanla
uzlaşdırdı və ölkəmizə yatırılan
investisiyalar artdı. Bu isə o demək idi ki, Azərbaycan
sabit ölkə kimi böyük dövətlərin diqqətini
cəlb etdi və böyük şirkətlər
iqtisadiyyatımıza kapital qoymağa başladılar. Məhz,
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursu müasir Azərbaycanın
təməli oldu. Bu kurs nəticəsində ard-arda
böyük layihələr həyata keçirildi,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri
reallaşdırıldı və hazırda Bakı-Tbilisi-Qars
layihəsi icra olunur. Azərbaycanın ən böyük layihələrindən
biri də TANAP layihəsidir ki, bir müddət öncə
Türkiyə ilə imzalandı. Yəni bütün bu layihələr
çağdaş dövlətimizin daha da möhkəmlənməsi
üçün bir zəmanətə çevrilməklə
yanaşı, Azərbaycanı dünyaya tanıtdı,
dövlətimizin güclənməsinə, vətəndaşlarımızın
rifahının yaxşılaşmasına şərait
yaratdı. Bunun nəticəsidir ki, dünya maliyyə
böhranının çətinliklərini
yaşadığı halda, Azərbaycan bütün layihələrin
reallaşdırılması üçün tədbirlər
görür.
Bildiyiniz
kimi Azərbaycan Ermənistanın işğalı nəticəsində
öz torpaqlarını itirib, bir milyon vətəndaşımız
qaçqın və məcburi köçkün durumuna
düşüb. Vaxtilə bu vətəndaşlar çox pis
vəziyyətdə, çadır şəhərciklərində,
vaqonlarda yaşamağa məcbur idi, dövlətimiz onları
saxlamaq üçün xarici donorlara ehtiyac duyurdu. Eyni zamanda,
Azərbaycan informasiya blokadasına alınmışdı. Ulu
öndər Heydər Əliyev Azərbaycanı informasiya
blokadasından xilas etdi, həqiqətləri dünyaya
çatdırdı. Dünya ictimaiyyəti Azərbaycanın
işğala qaldığını eşitdi, bildi. Heydər Əliyev
dünyanın bir sıra nöqtələrindən
donorları ölkəmizə cəlb edə bildi. Bu
donorların, sərmayələrin köməyi ilə ölkəmizdə
iqtisad durum tədricən yaxşılaşdı. Amma bu
gün artıq Azərbaycan özü donor ölkəyə
çevrilib. Ölkəmiz dünyanın bir sıra yerlərində
humanitar aksiyalar keçirir, insanlara kömək göstərir.
Bu gün aclıq çəkən, çətinlikdə olan
ölkələrə Azərbaycan dövləti, Heydər Əliyev
Fondu köməkliklər edir, insanlara yardım göstərir.
Hətta Qərbi Avropada, İtaliyada humanitar layihələr
reallaşdırılır. Azərbaycan sərmayə qoyulan
ölkədən sərmayə yatıran ölkəyə
çevrilib. Ölkəmizin hər yerində böyük
infrastrukturlar yaradılır, layihələr, proqramlar həyata
keçirilir. Əlbəttə ki, bütün bunlar
böyük nailiyyətdir. Bu nailiyyətlərin
qazanılması eyni zamanda 20 illik yubileyini qeyd edən
partiyamızın uğurlarıdır.
-
Yeni Azərbaycan Partiyasının Nizamnaməsində və
prinsiplərində bir çox önəmli məqamlar var.
Sizcə, partiyamızın ideya və prinsipləri həyatda
öz əksini necə tapır?
-
Bütün qeyd olunanlar - inkişafımız, dövlətimizin
güclənməsi məsələsi partiyamızın
Nizamnamə və Məramnaməsində nəzərdə
tutulan prinsiplərdir. Azərbaycançılıq ideyası
dövlətimizin birliyinə, güclənməsinə ən
böyük dayaqdır. Məhz bu ideya Azərbaycanı
separatizmdən qorudu, parçalanmadan xilas etdi. Ulu öndərimiz
tərəfindən əsası qoyulan və Prezidentimiz
İlham Əliyev tərəfindən davam etdirilən siyasət
nəticəsində, 1995-ci ildə qəbul olunan
Konstitusiyamızın müddəaları, azərbaycançılıq
ideyaları, qanunçuluq, sosial ədalət və digər
partiyamızın digər prinsipləri uğurla həyata
keçirilir. Təbii ki, bu gün də Azərbaycana
qarşı olan, bizim uğurlarımıza sevinməyən
qüvvələr var. Biz həmin qüvvələrə
qarşı monolit bir güc kimi sipər olmalıyıq. Azərbaycan
xalqının və dövlətinin bir daha sınağa
çəkilməsinə imkan verməməliyik.
Qeyd
etdiyim kimi YAP ötən illər ərzində böyük və
şərəfli bir yol keçibdir. Partiyamızın
müstəqil Azərbaycanın qurulmasında,
inkişafında mühüm xidmətləri var. Gələcəkdə
bu, tariximizə belə də yazılacaq. YAP-ın ən
böyük qələbəsi Azərbaycanın üçrəngli
bayrağının Xankəndidə, Şuşada
dalğalandırılması olacaq. Biz buna inanırıq və
əminik. İnanırıq ki, bizlər Ali Baş Komandanımızın
fəaliyyəti, qətiyyəti nəticəsində buna nail
olacağıq və gələcək
inkişafımızı, daha böyük fəaliyyətimizi
Dağlıq Qarabağ ərazisində həyata keçirəcəyik.
-
Yeni Azərbaycan Partiyasının yüksək nüfuzu şərtləndirən
mühüm amillərdən biri də onun geniş beynəlxalq
əlaqələrə malik olmasıdır. Bu amil
partiyanın daha da güclənməsində nə dərəcədə
rol oynayır?
-
Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP həmçinin,
geniş beynəlxalq əlaqələrə malikdir. Deyə
bilərəm ki, bu baxımdan da partiyamız böyük
nailiyyətlər əldə edib. Partiyamızın beynəlxalq
əlaqələri günü-gündən möhkəmlənir,
dünya miqyasında ən tanınan partiyalar sırasına
daxil olur. YAP bölgənin ən böyük, güclü
partiyasıdır. Eyni zamanda, Avropanın ən böyük
qrup partiyası olan Avropa Xalqları Partiyası ilə fəal
əməkdaşlıq edirik. YAP bu siyasi təşkilatın
tədbirlərində fəal şəkildə iştirak
edir. Eyni zamanda, Avropa Xalqları Partiyasının nümayəndələri
də partiyamızın tədbirlərinə
qatılırlar.
YAP
Asiya qitəsində ən böyük siyasi təşkilat
olan Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konfransının (İCAPP) və bu təşkilatın rəhbər
orqanı olan Daimi Komitənin üzvüdür. 300-dən
çox siyasi partiyanın təmsil olunduğu bu təşkilatda
YAP öz fəallığı ilə seçilir. Elə
bunun nəticəsidir ki, Bakı şəhərində 22-23
noyabr tarixlərində İCAPP-ın böyük
toplantıları keçiriləcək. YAP Gənclər
Birliynin sədr müavini İCAPP-ın yeni
yaradılmış gənclər təşkilatının
vitse-prezidenti seçilib. Partiyamız eyni zamanda bir sıra
beynəlxalq tədbirələrə də ev sahibliyi edib. Dəfələrlə,
istər Gənclər Birliyi, istərsə də Qadınlar
Şurasının xətti ilə partiyamız mühüm tədbirlər
reallaşdırıb. Təbii ki, bütün bunlar YAP-ın
artıq beynəlxalq miqyasda nüfuzundan xəbər verir. Bu
amil partiyamızın böyük nailiyyətidir.
- Digər
mühüm məqamlardan biri ölkə gənclərinin Yeni
Azərbaycan Partiyasına olan böyük marağı və
bu marağın ifadəsi olaraq partiyamızın
sıralarına qoşulmasıdır. Gənclərin
YAP-ın sıralarına axınının perspektiv
baxımından əhəmiyyəti nədər ibarətdir?
- Bəli,
partiyamızın sıralarında gənclərin
böyük qüvvə kimi çıxış etməsi
çox vacib bir göstəricidir. Sevindirici haldır ki,
yüksək intellektli, bilik və bacarıqlı gənclər
Yeni Azərbaycan Partiyasının sıralarına
qoşulurlar. Bu gün partiya üzvlərinin 40 faizə qədərinin
gənclərdən ibarət olması gələcək
nailiyyətlərimizdən də xəbər verir. İstər
partiyamızın yaradıcısı, Ulu öndər Heydər
Əliyevin zamanında, istərsə də Prezident İlham Əliyev
fəaliyyətində partiyamızda gənclərlə iş
əsas vəzifələrdən biri olub. Bu prioritetin,
Prezidentimizin gənclər siyasətinə verdiyi önəmin
nəticəsidir ki, partiyamıza gənclərin kütləvi
axını müşahidə olunur.
Bu
gün sosial şəbəkələr vasitəsilə də
gənclər partiyamıza daxil olmaq istəklərini ifadə
edirlər. Nəzərə almaq lazımdır ki, bu gün
dünyada gedən ictimai-siyasi proseslərdə gənclərin
rolu artıb. Azərbaycan da dünyanın bir
parçasıdır. Azərbaycan gəncliyi də qaranı
ağdan seçməyi gözəl bacarır. Gənclərimiz
yeni informasiya texnolorgiyalarını gözəl mənimsəyirlər.
Bunu etiraf etmək lazımdır ki, gənclər bu
günü, gələcəyi dəyərləndirməyi
daha yaxşı bacarırlar. Bu mənada gənclər
YAP-ın, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata
keçirdiyi siyasəti görürlər, bəyənirlər.
Bu səbəbdən də həmin gənclər Prezidentimizin
Sədri olduğu YAP-ın üzvü olmaq arzularını
bildirirlər. Onlar həm də bu partiyada özlərinin
intellektlərini, resurslarını, bacarıqlarını
reallaşdırmaq imkanı görürlər. Bu mənada
partiyamızda gənclərə gözəl şərait
yaradılıb. Partiyamızın həyata keçirdiyi layihələr
çərçivəsində gənclər özlərini
təsdiq edirlər, daha da inkişaf edirlər. Bu bizim
üçün də bir qürürdur. Bu günlərdə
«Azərbaycan 2013:QƏLƏBƏ» «facebook» səhifəsi
oxunaqlığına, üzvlərinin sayına görə
birinci yerə çıxıb. Bu qrupda təmsil olunan
insanların əksəriyyəti gənclərdir və bunun
özü vacib bir göstəricidir. Bütün bunlar həm
Prezident, həm də partiyamızın Sədri kimi cənab
İlham Əliyevin apardığı siyasətə gənclərimizin
verdiyi dəyər, qiymətdir. Gənclər öz gələcəklərini
bu partiyada görürlər və dövlətimizə bu
partiyanın xətti ilə xidmət etmək istəyirlər.
- Məlahət
xanım, siz həmçinin, YAP Nəsimi rayon təşkilatının
sədrisiniz. Rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti
haqqında da məlumat vermənizi istərdik...
- YAP
Nəsimi rayon təşkilatı 600 min nəfərlik partiya
ailəsinin bir parçasıdır. 112 ərazi ilk partiya təşkilatında
təxminən 23 min nəfər birləşib. Təşkilatımızda
gənclərin sayı 50 faizə çatmaq üzrədir.
Biz bu gənclərin gücünə, intellektinə güvənirik.
Qeyd
etmək istəyirəm ki, bizim rayon təşkilatımız
Bakı şəhərinin böyük bir hissəsini
özündə cəmləşdirir. Partyamızın
üzvləri bütün ictimai-siyasi proseslərdə aktivlik
nümayiş etdirirlər, bütün seçkilərdə
fəal şəkildə iştirak edirlər. Təşkilatımızın
sıraları daim genişlənməkdədir və bu proses
uğurla davam edir. Biz bundan sonra da qarşımızda duran vəzifələri
layiqincə yerinə yetirməyə səylə
çalışacağıq.
yap.org.az
Səs.- 2012.- 21 noyabr.- S.19.