Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının nəticəsi olaraq yaranmış siyasi partiyadır

 

Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin, həmçinin, bu liderin rəhbərliyi ilə yaradılan güclü siyasi təşkilatın olması da mühüm şərtlərdəndir. Çünki daxilən güclü, xarizmatik, fövqəladə situasiyalarda çevik qərarlar qəbul etmək imkanına malik, vətənpərvər və mətin lideri olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyil.

Yəni, bu bir həqiqətdir ki, hansısa mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərinin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq ucalığına qovuşurlar. Eyni zamanda, tarixi təcrübə sübut edir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə, ölkənin problemlərinin həlli naminə ortaya çıxan bir siyasi təşkilatın yaranmasına nail olmadan qarşıda duran ümummilli problemləri həll etmək çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının (YAP) yaranması da məhz belə bir tarixi zərurətdən irəli gəlirdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız tamamilə yeni situasiya ilə baş-başa qaldı. Daha doğrusu, keçmiş SSRİ-nin süqut etməsi nəticəsində müttəfiq respublikalar kimi Azərbaycan da, özünün dövlət müstəqilliyinə qovuşdu və beləliklə, xalqımız müstəqilliyini bərpa etmək imkanı qazandı. Amma 1990-cı illərin məlum hadisələri, həmçinin, ortaya çıxan situasiyanın yetərincə dəyərləndirilməməsi nəticəsində Azərbaycanın müstəqil dövlətçilik ənənəsinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində addımların atılması mümkün olmadı.

Daha dəqiq desək, bəhs edilən dövrdə keçmiş imperiyanın süqutu nəticəsində yeni siyasi münasibətlər ortaya çıxdı. Belə ki, sovetlərin mövcud olduğu illərdə formalaşmış təkpartiyalı sistem tədricən öz yerini Qərbdə demokratiyanın əsas amillərindən sayılan çoxpartiyalı sistemə verməyə başladı. Lakin həmin vaxt siyasi səhnənin hər iki qütbünü təmsil edən qüvvələr yeni dövrün tələblərinə cavab vermək iqtidarında olmadı. Məsələn, o dövrün iqtidarı yeni dəyişikliklər küləyinin Azərbaycana da gətirdiyi "Qərb demokratiyası", "Avropa dəyərləri", "demokratik azadlıqlar" kimi ifadələri eşidəndə diksinir, imkan daxilində təkpartiyalı, təkhakimiyyətli idarəçilik formasını qoruyub-saxlamağa çalışırdı.

 

AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi Azərbaycanı fövqəladə dərəcədə təhlükəli situasiya ilə baş-başa qoymuşdu

 

İqtidarın bu yanaşması nə qədər uğursuz idisə, həmin dövrdə müxalifəti təmsil edənlərin sərgilədikləri mövqe də bir o qədər yanlış və qeyri-səlis idi. Belə ki, müxalifətçilər yeni siyasi sistemin formalaşmasını səs-küylü bəyanatlar vermək, yeri gəldi-gəlmədi etiraz aksiyaları keçirmək və sanki o zaman üçün xarakterik olan "istefa" şüarları səsləndirməkdə görürdülər. "Köhnə sistemdən nə qalıbsa hamısını dağıtmaq lazımdır" formasında yanlış yanaşma tərzi sərgiləyən müxalifətçilər hakimiyyəti ələ keçirdikdən sonra sərgilədikləri davranış tərzi ilə yeni dövr üçün hər hansı bir təklif, yaxud da ideyanı ortaya qoymaq imkanına malik olmadıqlarını sübut etdilər.         

Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Sovet imperiyasının dağılması və Azərbaycanın müstəqillik əldə etməsi təkcə siyasi arenada dəyişikliklərə səbəb olmadı. Bu, eyni zamanda, sosial münasibətlər sistemində də köklü dəyişikliklərin baş verməsinə gətirib çıxardı. Bütün bunlar isə itkisiz ötüşmədi və nəticədə respublikamız bir sıra faciələrə tuş gəldi.

Əksər siyasi müşahidəçilərin də qeyd etdikləri kimi, 1990-cı illərin əvvəlində Azərbaycanın faciələrinin başlamasının kökündə dayanan səbəblərdən biri məhz o zaman hakimiyyətdə bu məsuliyyəti dərk etməyən insanların olması idi. Xüsusilə, başının üzərini real təhlükələrin aldığı bir ölkədə ciddi islahatların keçirilməsinə ehtiyac duyulduğu bir zamanda, dövlətçilik və siyasi təcrübəsi, siyasi iradəsi, bütün bunlarla yanaşı, yetərli digər siyasi keyfiyyətləri olmayan insanların və onların birləşdiyi qrupların hakimiyyətə gəlməsi təhlükələrin meydana çıxmasını qaçılmaz edirdi. Daha dəqiq desək, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə çox önəmli və böyük təcrübə, məsuliyyət tələb edən vəzifələrin reallaşması üçün bu vəzifələrin həyata keçirilməsini mümkün edə biləcək keyfiyyətlərə malik olan insanlar yox, tamamilə səriştəsiz, naşı, təcrübəsi olmayan və eyni zamanda, milli maraqları özlərinin maraqları kimi qəbul etməyə adət etmiş insanlar hakimiyyət başında oldular. Nəticədə də Azərbaycan böyük uğursuzluqlara düçar oldu.

Bir sözlə, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyətdə olan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmadı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoydu. Yuxarıda da qeyd etdiyimiz kimi, 90-cı illərin əvvəllərində hakimiyyətdə olanların sovetlər eşqi ilə yaşaması, hegemoniyanın bərqərar olmasına çalışması fonunda, sonra da hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması Azərbaycanı gərgin, fövqəladə dərəcədə təhlükəli bir situasiya ilə baş-başa qoymuşdu.

Məhz belə bir şəraitdə Azərbaycanın yalnız fövqəladə qabiliyyəti, böyük idarəçilik təcrübəsi olan, regionda və dünyada baş verən hadisələri dəqiq analiz etmək qabiliyyətinə malik, insanları öz arxasınca apara bilən xarizmatik liderə ehtiyac vardı. O lider isə Ulu Öndər Heydər Əliyev idi.

Daha dəqiq desək, Azərbaycan xalqı tezliklə yaşadığı məhrumiyyətlərin və üzləşdiyi faciələrin səbəblərini dərk edərək gördü ki, artıq o zaman üçün böyük səhvə yol verilib və hakimiyyət naşı insanlar tərəfindən mənimsənilib. Ölkəni fəlakətdən xilas etməyin yeganə yolu isə bu səhvi düzəltməkdən keçirdi. Və xalq bu səhvi düzəltdi.

 

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edərkən, ilk növbədə, dövlətimizin xilasını nəzərdə tuturdu

 

Yeri gəlmişkən, həmin dövrlə bağlı fikirlərini bölüşən əksər siyasi müşahidəçilərin də qənaətinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın başının üstünü almış təhlükələrin qarşısını silahlı qüvvələri, hakimiyyət rıçaqları tam olmadığı halda, ala bilməsinin bir səbəbi yalnız Ümummilli Liderə məxsus siyasətçi və insani keyfiyyətlərlə bağlı idi. Buraya Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi müdrikliyi və qətiyyəti, həmçinin, insanların Heydər Əliyevə inamı daxildir. Eyni zamanda, insanlar ölkəni parçalanmadan xilas edəcək gücün hakimiyyətə gəlməsini və real proseslərə rəhbərlik etməsini, Azərbaycanın parçalanmadan xilas olmasını arzulayırdılar. Bu arzunun reallaşması isə yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə mümkünləşə bilərdi.

Bir sözlə, ötən əsrin 90-cı illərinin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlər və tarixi şərtlər ortaya bir sıra nüansları çıxarmışdı. Yəni, Azərbaycanın milli və dövlət müstəqilliyinin başının üstünü almış təhlükədən xilas etmək, Azərbaycanda milli dövlət quruculuğu istiqamətində səmərəli və sistemli şəkildə addımlar atmaq, layihələr həyata keçirmək, bu yöndə müvafiq siyasət reallaşdırmaq, ölkəmizin iqtisadiyyatını və həyatın digər sahələrini möhkəmləndirmək zəminində dövlətçilik ənənələrini formalaşdırıb inkişaf etdirmək üçün güclü liderə və həmin liderin rəhbərlik etdiyi güclü siyasi təşkilata ehtiyac vardı. Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə dəvət edilməsi də məhz bu məntiqə və gözləntilərə istinad edirdi. Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət edərkən, ilk növbədə, dövlətimizin xilasını nəzərdə tuturdu. Çünki bu vəzifələrin yerinə yetirilmədiyi halda, Azərbaycanda müstəqillik, dövlətçilik ideyasının həyata keçirilməsi, sadəcə, mümkün deyildi. Yəni, bu ideyaların həyata keçirilməsindən öncə Azərbaycanı məhv olmaqdan xilas etmək kimi həmin dövr üçün həddindən artıq həm aktual, həm də çətin vəzifələri yerinə yetirmək lazım idi. Ona görə də, insanlar Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsini həm arzulayarkən, həm də bu çağırışları Ümummilli Liderə ünvanlayarkən, ilk növbədə, Azərbaycanın xilasını nəzərdə tuturdular.

Həmin dövrdə ölkədə baş alıb gedən hərtərəfli xaosun qarşısını ala biləcək şəxsiyyətə-Ulu Öndər Heydər Əliyevə olan inam 91 ziyalının müraciətində növbəti dəfə özünün təsdiqini tapdı. Daha doğrusu, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini nəzərə alan bir qrup görkəmli ziyalı bütövlükdə Azərbaycan xalqınıən ümumi rəyini özünqdə ehtiva edən fikirlərlə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ziyalılar həmin müraciətlərində xalqın Heydər Əliyevə nə qədər ehtiyacı olduğunu bildirirdilər: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".

Ölkəmizin iflasa və məhvə sürüklənməsi təhlükəsini, xalqın çağırışlarını, həmçinin, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını nəzərə alan Ümummilli Liderimiz Heydər Əliyev ziyalılara gÖndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalıların müraciətinə cavabında Ulu Öndərimiz vurğulayırdı: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

 

Yeni Azərbaycan Partiyasının yaranmasına göstərilən maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi

 

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.

Yəni, YAP-ın təsis edilməsi hər şeydən əvvəl Azərbaycanın hər yerində Heydər Əliyevi sevənlərin təşkilatlanmasına şərait yaratdı. Naxçıvanda keçirilən təsis konfransından sonra Azərbaycanın digər rayonlarında da YAP-ın rayon təşkilatları yaradıldı. Yerli təşkilatlar ictimaiyyət arasında fəal ideoloji iş aparır, ümumi maraqlar naminə, ölkəmizin gələcəyi naminə qüvvələr birliyi yaratmağa çağırır və buna da nail olundu.

Həmin dövrü Ulu Öndər belə xatırlayırdı: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır".

Xalqın Ulu Öndərimiz Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.

Onu da vurğulamaq yerinə düşər ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib. Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir. Bütün bu amillər, şübhəsiz ki, partiya sıralarına insan axınını da sürətləndirir.

 

Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə siyasi sistemin dinamikliyinə və onun elementlərinin təkmilləşməsinə xüsusi təkan verən elit institutdur

 

Yuxarıda sadalanan faktlar və mövcud reallıqlar tərəddüdsüz deməyə əsas verir ki, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP-ın siyasi sistemdəki mövqeyini və fəaliyyətinin əsaslarını statik və dinamik detallar əsasında analitik tədqiqatların obyektinə çevirdikdə məlum olur ki, sözügüdən siyasi institut təmsil etdiyi qrupların ali mənafeyini və dövlətçilik maraqlarını özünün Məramnamə və Nizamnaməsində əks etdirən, həmçinin, bunları praktik müstəvidə yüksək səviyyədə reallaşdıran ümummilli partiyadır. "Ümummilli partiya" ifadəsini YAP-ın timsalında təsadüfən işlətmədik. Çünki konkret faktlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə siyasi sistemin dinamikliyinə və onun elementlərinin təkmilləşməsinə xüsusi təkan verən elit institutdur. Söylədiyimiz tezisi daha da aydınlaşdırmaq üçün  YAP-ın fəaliyyət substratlarının əsasında aşağıdakı siyasi ümumiləşdirmələri aparmaq lazımdır:

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır: Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 600 minə yaxın olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir;

Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə və fəaliyyət mexanizminə görə rəqabət partiyası (başqa sözlə, səfərbəredici partiya) kimi səciyyələndirilir. Belə ki, YAP öz fəaliyyəti ilə rəqiblərini aktiv siyasi mübarizəyə və rəqabətə cəlb edən, sosial konsensusu və siyasi sistemin rəqabətlilik qabiliyyətini təmin edən təsisatdır. Qısacası, Yeni Azərbaycan Partiyası siyasi plüralizmin yüksək səviyyədə təmin olunmasına və sistemin komponentlərinin tərəqqisinə xüsusi təkan və töhfələr verməkdədir;

Yeni Azərbaycan Partiyası ideoloji xarakteristikasına görə islahatçı, praqmatik və mütərəqqi siyasi institutdur. Partiyanın fundamental ideoloji prinsipləri Azərbaycançılıq, güclü və müstəqil dövlətçilik, yüksək rifah, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, milli həmrəylik, sosial ədalət, sağlam rəqabətə əsaslanan siyasi mübarizə kimi təməl dəyərləri özündə ehtiva edir. Bu da nəticə etibarilə sözügedən siyasi institutun siyasi palitrada mövqeyini möhkəmləndirməyə və fəaliyyət sahəsini daha da genişləndirməyə imkan verir;

Yeni Azərbaycan Partiyası daxili təşkilati strukturuna görə antreprener (açıq) sistemə malikdir. Belə ki, təşkilati strukturuna görə YAP mərkəzləşdirilmiş partiya intizamının yüksək səviyyədə təmin olunduğu, cəmiyyətin bütün qruplarının, əhalinin ən müxtəlif təbəqələrinin maraqlarının ifadə olunduğu siyasi təsnifatdır. Digər tərəfdən, sözügedən kriteriyaya görə, partiya müxtəlif sahələrə yararlı, yüksək səviyyəli kadr potensialı hazırlayan daxili fəaliyyət mexanizminə malikdir. Dolayısıyla, bütün bu xüsusiyyətlərin fonunda Yeni Azərbaycan Partiyası nəzəri-konseptual, proqram-siyasi və aktual-praktik səviyyədə üzvlərinin-təmsil etdiyi qrupların ali maraqlarını yüksək səviyyədə ifadə və təmin etməkdədir;

Yeni Azərbaycan Partiyası siyasi sistemdəki mövqeyinə müvafiq olaraq leqal və demokratik ictimai-siyasi təsisatdır. Belə ki, partiyanın qatıldığı ümummilli və lokal səciyyəli bütün seçkilərdə rəqibləri ilə sağlam mübarizə aparması faktı onu sübut edir ki, sözügedən siyasi təsisat legitim fəaliyyət mexanizminə və substratlarına malikdir.

Beləliklə, yuxarıda sadalanan fundamental faktlar və reallıqlar YAP-ın ictimai-siyasi mövqeyini və nüfuzunu gücləndirməkdədir. Partiyanın potensialını, gücünü, və nüfuzunu əsaslandırmaq üçün sadəcə iki faktı diqqətlərə çatdırmaq kifayət edir:

Birincisi, YAP öz ətrafında 600 minə yaxın üzvü birləşdirməkdədir. Eyni zamanda, hakim partiya öz sıralarında cəmiyyətin təhsil, səhiyyə, sosial sahələrində təmsil olunan ən nüfuzlu nümayəndələrini birləşdirib;

İkincisi, Yeni Azərbaycan Partiyası qatıldığı bütün seçkilərdə xalqın dəstəyilə qalib gəlib. Bu isə ona dəlalət edir ki, partiya ölkənin bütün bölgələrində yüksək sosial-siyasi reytinqə və dəstəyə malikdir.

Sadalananları və deyilənləri ümumiləşdirsək, yekun olaraq qeyd edə bilərik ki, xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 20 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard sosial-siyasi təsisatdır...

 

Ən mühüm amil partiyada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu

 

1999-cu ilin dekabrın 20-də YAP-ın birinci qurultayında çıxış edən Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin, hökumətinin 1993-1999-cu illərdə gördüyü işlərin, əldə etdiyi nailiyyətlərin hakim partiyanın fəaliyyəti ilə vəhdət təşkil etdiyini bildirmişdi. Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, bu dövr ərzində Yeni Azərbaycan Partiyası daim inkişaf edib: "Yeni Azərbaycan Partiyası addım-addım irəliləyib, inkişaf edib, genişlənib və böyük bir partiyaya çevrilibdir. Ona görə də, bugünkü qurultay partiyanın nə qədər güclü, nə qədər əzəmətli və nə qədər dərin fikirlərə malik olduğunu sübut edir və Azərbaycanın bütün vətəndaşlarına, dünya ictimaiyyətinə nümayiş etdirir. Qurultay Yeni Azərbaycan Partiyası üzvlərinin yüksək əqidəyə malik, partiyaya sədaqətli olduqlarını nümayiş etdirir. Qurultay Yeni Azərbaycan Partiyası üzvlərinin yüksək intellektual səviyyəsini əks etdirir. Düşünürəm ki, ötən illərdə partiyanın inkişafı bir çox sahələri əhatə etmişdisə də, ən böyük sahə partiya üzvlərinin yetkinləşməsi, mətinləşməsi, cəsurlaşması və intellektual səviyyəsinin yüksəlməsi olmuşdur. Qurultay artıq göstərir ki, Yeni Azərbaycan Partiyası yarandığı dövrdən indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur və bu yeri heç kəsə verməyəcəkdir və get-gedə öz yerini möhkəmlədəcəkdir".

Bəli, Ulu Öndər Heydər Əliyevin verdiyi bu qiymət, eyni zamanda, partiya üzvlərinin gələcək fəaliyyət proqramı da sayıla bilərdi. Bu konsepsiya Yeni Azərbaycan Partiyasının üzvlərinin daimi inkişafını, təkmilləşməsini özündə ehtiva edirdi. Bu baxımdan Ümummilli Liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasını 3-cü minilliyin partiyası adlandırırdı: "Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə malik, ən böyük hörmətə malik olan siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır. Yeni Azərbaycan Partiyası qurultayının bu qədər məzmunlu, mənalı, mütəşəkkil və nikbin əhval-ruhiyyədə keçməsi partiyanın cəmiyyətimizdə hörmətini daha da yüksəklərə qaldırır və qaldıracaqdır, Yeni Azərbaycan Partiyasının ətrafında Azərbaycanın daha da çox vətəndaşları toplaşacaqdır".

Yeri gəlmişkən, 1999-cu il qurultayı partiyanın inkişaf tarixində həm də digər keyfiyyətlərinə görə, mühüm bir məqam kimi xarakterizə olunmalıdır. O baxımdan ki, artıq fəaliyyət göstərdiyi 20 il ərzində Yeni Azərbaycan Partiyası öz sıralarını keyfiyyət etibarilə genişləndirə bilmişdi. YAP-a fərqli mənafelər, maraqlar və məqsədlər baxımından üz tutan bir sıra insanlar partiyadan kənarlaşdırılmışdı. Bu da Yeni Azərbaycan Partiyasına öz fəaliyyətinin ikinci mərhələsində yeni keyfiyyət xarakteri bəxş edirdi. Ulu Öndər Heydər Əliyev bu məsələlərə toxunaraq demişdi: "Ən təhlükəlisi odur ki, Yeni Azərbaycan Partiyasına əqidəsi olmayan adamlar qatılmasın. Ötən dövr bu barədə bir çox nümunələr verdi. Ancaq bunu da dramatikləşdirmək lazım deyildir. Bu, təbii prosesdir. Cəmiyyətdə konyunktur məqsədlər güdən insanlar həmişə olubdur. Hər bir partiyada, hər bir yerdə olubdur - bundan xilas olmaq mümkün deyildir. Buna görə də, kim Yeni Azərbaycan Partiyasına hansısa şəxsi məqsəd, təmənna, hansısa konyunktur məqsədlər üçün gəlmişdisə, onlar partiyadan kənarlaşdılar. Əgər bu gün belələri varsa, mən güman edirəm, dərk etməlidirlər ki, onların yolu partiyanın yolu ilə düz gəlmir. Partiyada əqidə adamları olmalıdır. Partiyaya xidmət etmək Vətənə xidmət etmək,millətə xidmət etmək, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Ona görə də, partiyamız məhz bu cür əqidəli insanlarla böyüməli, inkişaf etməli və genişlənməlidir".

Qeyd olunduğu kimi, 1999-cu il Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açdı. Ulu Öndər Heydər Əliyev YAP üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətini müəyyənləşdirdi. Ən mühüm amil isə partiyada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada, xüsusilə, qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-in birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Əgər nəzərə alsaq ki, cənab İlham Əliyev həmin dövrdə həm də Avropa Şurası Parlament Assambleyasında  Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri idi, bu partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi.

 

İlham Əliyev - yeni dövrün yeni Lideri

 

1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni Lideri olan Prezident İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə  etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi. Bu isə yenicə müstəqillik əldə etmiş, gənc Azərbaycan Respublikasının gələcək inkişafında mühüm bir addım sayıla bilərdi.

YAP-ın tarixindən söhbət açarkən, partiyanın 2005-ci ilin mart ayında keçirilən 3-cü qurultayına da geniş şəkildə toxunmaq lazımdır. Məlum olduğu kimi, həmin qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyev partiyanın Sədri seçildi. Cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı.

Bu dönəmdən başlayaraq Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi. Heç kəsə sirr deyil ki, bütün bu prosesdə YAP daim ön sıralarda dayanıb.

Onu da vurğulayaq ki, cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra partiyada kəmiyyət və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olunur. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq.

Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş 2-ci qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, 3-cü qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir.

 

Qələbələr və zəfərlər partiyası

 

Yeri gəlmişkən, 3-cü qurultayda çıxışı zamanı cənab İlham Əliyev gənclərin YAP sıralarına qoşulmasını xüsusi olaraq vurğulayıb: "Gənclərlə bizim əlaqələrimiz həmişə yüksək səviyyədə olubdur, mən özüm şəxsən daim gənclərlə ünsiyyətdə olmuşam, indi də əlaqə saxlayıram. Çox şadam ki, ikinci qurultaydan sonra partiyamıza müşahidə olunan güclü axının böyük əksəriyyəti gənclərin hesabına baş veribdir. Bu da təbiidir. Çünki Azərbaycan gəncləri ölkəmizdə gedən prosesləri çox gözəl bilirlər və ümumiyyətlə, dünyada gedən prosesləri çox gözəl bilirlər. Dünyada gedən proseslərin hansı istiqamətdə inkişaf etməsi haqqında onların çox yaxşı təsəvvürü vardır. Görürlər ki, bugünkü iqtidar, Azərbaycanın rəhbərliyi öz siyasətini dünyada gedən proseslərlə paralel şəkildə aparır. Çünki bu, bizim milli maraqlarımıza uyğundur. Bizim milli maraqlarımıza uyğundur ki, Azərbaycanda demokratik, sivilizasiyalı, müasir dövlət yaransın".

Hazırda gənclər partiyada xüsusi çəkiyə malikdir və YAP üzvlərinin 40 faizi gənclərdən ibarətdir. Eyni fikirləri YAP sıralarında birləşən qadınlar haqqında da demək mümkündür. Siyasi mübarizə, seçkilərdə iştirak hər bir siyasi partiyanın başlıca fəaliyyət istiqamətidir.

YAP-ın yarandığı vaxtdan Azərbaycanda keçirilən seçkilərdə qələbə qazanması hər kəsə bəllidir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 2003-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin uğurlu qələbəsi Heydər Əliyev ideyalarına xalqın böyük etimadını, Heydər Əliyev yoluna inamını nümayiş etdirdi. Növbəti prezident seçkiləri isə  2008-ci ilin oktyabrın 15-də keçirildi. Həmin il avqustun 2-də 4-cü qurultayını keçirən Yeni Azərbaycan Partiyası 450 minlik üzvləri adından yekdilliklə bu seçkilərdə cənab İlham Əliyevin namizədliyini irəli sürdü və YAP Sədri cənab İlham Əliyev möhtəşəm qələbə qazandı. Bu fakt Azərbaycanda Heydər Əliyev siyasətinin alternativsiz olduğunu bir daha təsdiq etdi.

Qeyd etmək yerinə düşər ki, ötən dövr ərzində partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin (referendumun) keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul olundu. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi.

YAP bu uğurları və qələbələri 2004-cü və 2009-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə seçkilərdə 64 deputat mandatı qazanmaqla partiyamız öz rəqiblərini xeyli geridə qoydu. Məlumdur ki, 2010-cu il noyabrın 7-də Azərbaycanda 4-cü çağırış Milli Məclisə seçkilər keçirildi. Mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP bu seçkilərdə də əhəmiyyətli qələbə qazanıb. Hələ Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etməsə də, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, YAP yeni parlamentdə 71 deputat mandatı qazanıb.

Beləliklə, YAP-ın 20 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın qələbələr partiyası olduğunu əminliklə söyləmək olar. Cənab İlham Əliyev partiyamıza rəhbərlik etdiyi dövrdən isə bu qələbələr daha da geniş miqyas alıb. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir.  Bu gün YAP dünyanın ən nüfuzlu siyasi partiyaları ilə fəal şəkildə əməkdaşlıq edir. Eyni zamanda, partiya güclü yerli strukturlara da malikdir. Bu gün özündə 600 minə yaxın insanı birləşdirən partiyamızın cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir. Partiyamız Prezident İlham Əliyevin irəli sürdüyü "müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışı ilə Azərbaycanın daha da inkişaf edəcəyinə inanır və bu yolda özünün töhfələrini verəcəkdir.

 

"Səs" Analitik Qrupu

 

 

Səs.- 2012.- 21 noyabr.- S.12-13-14.