Əli Həsənov: “Bu
təzyiqləri müəyyən qədər də seçki ilə bağlayıram”
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov “Media forum”
saytının suallarını cavablandırıb. SİA həmin
müsahibəni təqdim edir.
-
Prezident İlham Əliyev YAP-ın 20 illik yubileyində bildirdi
ki, Azərbaycan üç mərkəzin təzyiqləri ilə
üzləşir. Bu təzyiqlər yeni başlanıb?
- Bu,
yeni situasiya deyil. Bir il əvvəl Nazirlər Kabinetinin
iclasında cənab prezident bəzi anti-Azərbaycan qüvvələrinin
bu tipli təzyiqi, ölkəyə qarşı informasiya
kampaniyası aparması, bəzi xarici dairələrin beynəlxalq
təşkilatlarda erməniləri dəstəkləməsi və
digər hallarla bağlı məlumat vermişdi. Prezident təəssüf
hissi ilə bildirmişdi ki, bu, müasir dünyanın yeni
reallıqlarıdır. Müasir dünyada beynəlxalq
hüquq və onun normaları ilə yanaşı hüquqi
norma səviyyəsinə qaldırılmamış müəyyən
standartlar da mövcuddur. Bu standartlar vahid deyil, fərqlidir. Məsələn,
Cənubi Qafqazda Azərbaycan, Ermənistan və
Gürcüstanda baş verən proseslərə bir qayda olaraq
fərqli standartlar tətbiq olunur. Ermənistanda parlament
gülləbaran edilir, hakimiyyətə etiraz edənlərin
hamısı ciddi təzyiqlərə məruz qalır,
mitinqçilər öldürülür, amma beynəlxalq aləm
nədənsə buna etiraz bildirmir. Başqa ölkələrdə
də bu tip hadisələr baş verir, amma nədənsə
bunlara çox səthi yanaşılır, səslərini
çıxarmırlar. Bir növ himayəçilik edirlər.
Amma Azərbaycanda adi bir jurnalistlə bağlı baş
vermiş insident qabardılır, az qala beynəlxalq hüququn
dəhşətli dərəcədə pozulması kimi təqdim
edilir.
Məsələn,
Fransada Türkiyəyə qarşı bir cəza mexanizmi
yaratmaq istəyirdilər. Fransada bir layihə
hazırlanmışdı, layihə qondarma erməni
soyqırımını inkar edənlərin cəzalandırılmasını
nəzərdə tuturdu. Bu layihənin hazırlanıb
dövriyyəyə buraxılması bütün
dünyanın gözü qarşısında fundamental
hüquqların tapdanması, fərqli düşüncənin,
siyasi plüralizmin boğulması idi. Təsəvvür edin
ki, insanlar cəzalandırlacaqdı. Nəyə görə? Fərqli
düşündüklərinə görə. Gərək
mütləq şəkildə qəbul edəsən ki, “erməni
soyqırımı” baş verib. Əgər qəbul eləmirsənsə,
fərqli düşünürsənsə, sənə cəza
kəsəcəklər. Bu tipli hallara, elə Fransadakı
hadisənin özünə, “Sərhədsiz reportyorlar”,
“Fridom Haus”, “Human Rayts Votç” bir cür yanaşır, amma
Azərbaycanda baş verən, statusuna, baş vermə
mühitinə, hadisənin mahiyyətinə, məğzinə
görə buna yaxın olmayan hadisələrə tamamilə
şişirdilmiş bir münasibət göstərirlər.
Biz
bunu “Avroviziya” yarışması zamanı da gördük. Bu
yarışmanın Azərbaycanda keçirilməsini istəmirdilər,
sadəcə gözügötürməzliyə görə.
7-ci Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Azərbaycanda
keçirilməsinə görə də böyük kampaniya
apardılar. Müasir dünyada bir ədalətsizlik hökm
sürür. Eyni məsələlərə fərqli
standartlarla yanaşırlar.
Prezident İlham Əliyev də son
çıxışında Azərbaycana qarşı
aparılan kampaniyaların mahiyyətini, bunun arxasında duran
qüvvələrin kimlərdən ibarət olduğunu izah elədi
və bildirdi ki, anti-Azərbaycan kampaniyasının
arxasında ilk növbədə erməni lobbisi, eyni zamanda
onların təsiri altında olan, maliyyəsi ilə fəaliyyət
göstərən və erməni diasporuna
yaxınlığı ilə seçilən beynəlxalq dairələr,
QHT-lər, mərkəzlər dayanır. Bu fikirlər Nazirlər
Kabinetinin iclasında da səslənmişdi.
İkincisi,
islamofobiya xəstəliyinə tutulmuş ayrı-ayrı siyasətçilər,
müxtəlif beynəlxalq təşkilatların rəhbərləri
var. Məsələn, “Fridom Haus” təşkilatının rəhbəri
və başqaları. Bunlarda ənənəvi olaraq islama və
müsəlman dövlətlərinə qarşı həmişə
çağırışlar, fikirlər olur. Müsəlman
ölkəsində baş verən adi hadisəni
şişirdirlər, bunu böyük terror cəhdi kimi təqdim
edirlər, bundan təzyiq vasitəsi kimi istifadə edirlər.
Amma xristian ölkələrində baş verənlərə
göz yumurlar. Norveçdə 80-ə yaxın gəncin qətlə
yetirilməsini kiçildirlər, sanki bu ölkədə belə
bir hadisə baş verməyib, reaksiyalarını bu formada
ortaya qoyurlar. Bunların hamısı islamofobiya xəstəliyinə
tutulmuş beynəlxalq təşkilatların, onların rəhbərlərinin
anti-islam kampaniyasının arxasında duran şəxslərin
əməllərinin nəticəsidir.
Azərbaycana
təzyiq edən beynəlxalq mərkəzlərə gəlincə,
prezident İlham Əliyev bununla da bağlı tam
açıq danışdı. Təəssüflər olsun
ki, bəzi dövlətlər son zamanlar kiçik dövlətlərlə,
o cümlədən Azərbaycan tipli ölkələrlə bərabərhüquqlu,
qarşılıqlı, faydalı əməkdaşlıq etmək
iradəsi deyil, “böyük-kiçik” dövlət
münasibətləri nümayiş etdirməyə cəhd
göstərirlər. Beynəlxalq aləmdə hüququ olan
Azərbaycan eyni məsələləri böyük dövlətlərin
qaldırdığı formada gündəmə gətirəndə
buna qarşı qısqanclıqlar olur, hansısa formada Azərbaycanı
təqibetmə halları baş verir. 7-ci Beynəlxalq
İnternet İdarəçiliyi Forumunun Azərbaycanda
keçirilməsinə qarşı böyük bir kampaniya
apardılar. Avropa İttifaqında, başqa təşkilatlarda
böyük narahatlıq keçirirlər ki, bu forum niyə
Azərbaycanda təşkil olunur? Azərbaycan kimi dinamik
inkişaf edən ölkələri böyük tədbirlərə,
o cümlədən “Avroviziya”ya sanki layiq görmürlər.
Prezident İlham Əliyev Azərbaycana
təzyiq edən mərkəzlər deyəndə əsasən
keçmişdə hansısa böyük dövlətçilik,
imperiya və şovinist ideyalarla yaşamış, indi isə
həmin ideyalardan əl çəkə bilməyən, Azərbaycan
kimi ölkələri özlərinə bərabərhüquqlu
dövlət kimi görə bilməyənləri nəzərdə
tutur.
-
Ekspertlər isə hesab edir ki, Azərbaycana təzyiq edən
ABŞ, Avropa İttifaqı və Rusiyadır. Amma siz daha
çox hansısa qeyri-hökumət təşkilatları və
mərkəzlər haqqında danışdınız. Azərbaycana
təzyiq edən qüvvələr arasında böyük
dövlətlər varmı?
- Əlbəttə,
söhbət həm də ayrı-ayrı dövlətlərdən
gedir. Məsələ ondadır ki, belə ikili standartlar
artıq bəzi ölkələrin siyasəti səviyyəsinə
qalxıb. Hətta o həddə çatıb ki, Azərbaycanda
baş verən hadisələri dərhal böyük ironiya ilə
qarşılayırlar. Deyirlər ki, bu kiçik dövlətdə
niyə belə böyük proseslər baş verir? Niyə bu
kiçik ölkə belə sürətlə inkişaf edir?
Avropada, dünyanın digər ölkələrində
böhran olduğu halda niyə Azərbaycanda da böhran
yoxdur? Müəyyən dövlətlərin siyasətində
də bunların izləri görünür.
-
Hakimiyyət təzyiqlərdən qorunmağın
yollarını necə görür? Azərbaycana irad tutulan əsas
sahələr olan insan hüquqları, demokratiya, söz və
mətbuat azadlığı sahəsində müəyyən
addımların atılması mümkündürmü?
- Azərbaycanda
demokratiya, söz, mətbuat azadlığı, plüralizm,
insan hüquqlarının genişləndirilməsi, demokratik
haqlar sahəsindəki vəziyyət bizə irad tutan ölkələrin
heç birindən pis deyil. Elə bircə qanunsuz
aksiyaları götürək. Azərbaycanda qanunsuz aksiyalar
zamanı polisin hərəkətlərinə də baxın,
həmin Qərb ölkələrindəki aksiyalarda polisin
davranışına da baxın. Qanunsuz etiraz aksiyasında
iştirak edənləri və polisin onlara münasibətini təhlil
edin. İnanın ki, Azərbaycanda polis daha adekvat və
yumşaq hərəkət edir, nəinki xarici ölkələrdəki
polislər. Qərb ölkələrində polislər aksiya
iştirakçılarına ciddi şəkildə təzyiq
edir, onları döyür, qız, ya oğlan olmasına fikir
vermədən dəyənəyin altına salıb əzişdirir,
qazla boğur... Belə hallar Qərbdə hər gün
baş verir. Prezident İlham Əliyev də bunlar haqda
geniş danışdı.
Məsələ
ondadır ki, bizdə baş verən hadisələri
şişirdib beynəlxalq mətbuata, transmilli mediaya
çıxarırlar. Sanki Azərbaycanda dünya dağılır.
Amma özlərində baş verən hadisələr haqda
informasiyaların yayılmamasına çalışırlar.
Həmin “Fridom Haus”, “Human Rayts Votc”, Helsinki Vətəndaş
Assambleyası və digərləri nədənsə Qərb
ölkələrində baş verənləri görmürlər.
Ona görə də biz hesab etmirik ki, Azərbaycanda bu sahələrdə
problemlər mövcuddur və hansısa dəyişikliklərə
ehtiyac var. Bizim ölkədə demokratiyanın, insan
hüquqlarının məhdudlaşdırılması,
söz və mətbuat azadlığının
boğulması haqda deyilənlərin hamısı
fiksiyadır. Bunlar hamısı Azərbaycana təzyiq etmək
istəyən həmin dairələrin əlində vasitədir,
belə məsələlərdən sui-istifadə edirlər.
Azərbaycan
hakimiyyətinin bu tipli beynəlxalq basqılara qarşı
mübarizəsinin, gücünün əsasında xalqın
birliyi dayanır. Biz xalqın birliyinə və iradəsinə
söykənirik. Eyni zamanda bugünkü hakimiyyətin iradəsinə
dayanırıq. Hazırkı hakimiyyət xalqın iradəsinə,
onun maraqlarına söykənərək beynəlxalq aləmdən
Azərbaycana tuşlanmış təzyiqlərə sinə gərəcək
və bundan sonra da müstəqil siyasətini davam etdirəcək.
Biz bütün dünyaya sübut edəcəyik ki,
xalqların gücü heç də onun ərazisinin
böyüklüyündə, əhalisinin sayında deyil,
xalqın iradəsindədir. Prezident İlham Əliyev
xalqın iradəsinə söykənərək müstəqil
siyasət yürüdür və bundan sonra da belə olacaq.
- Azərbaycana
təzyiqlərin artmasının 2013-cü ildə
keçiriləcək prezident seçkisi ilə
bağlılığı varmı? Seçki
yaxınlaşdıqca təzyiqlər daha da arta bilərmi?
- Mən
bu təzyiqləri müəyyən qədər də
seçki ilə bağlayıram. Çünki xarici dairələr
sorğular da keçirirlər, sorğu keçirən müəyyən
təşkilatların rəyləri ilə də
tanışdırlar. Onlar da bilirlər ki, hazırda Azərbaycanda
prezident İlham Əliyevin çox yüksək reytinqi var və
əhalinin 90 faizinə qədəri onu birmənalı şəkildə
dəstəkləyir, əgər o, prezidentliyə namizədliyini
irəli sürəcəksə, birmənalı şəkildə
qalib gələcək. Prezident öz gücü hesabına
böyük əksəriyyətin səsini qazanmaqla qalib gəlirsə,
deməli, onunla qeyri-bərabər hüquqda danışmaq
çox çətindir, müstəqil siyasətini yenə
davam etdirəcək. Ona görə də seçkidən də
təzyiq vasitəsi kimi istifadə edirlər.
Səs.- 2012.- 21 noyabr.- S.9.