Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə möhtəşəm beynəlxalq konfrans keçiriləcəkdir

 

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovdur

 

- Əli müəllim bildiyimiz kimi, noyabr ayının 22-23-də Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası keçiriləcək. İlk olaraq, bu tədbir və onun əhəmiyyəti barədə məlumat verməyinizi xahiş edirik.

- Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə münasibətlərin inkişafı Yeni Azərbaycan Partiyasının xarici əlaqələrinin mühüm istiqamətlərindən birini təşkil edir. Yeni Azərbaycan Partiyası bu Konqresin İdarə Heyətinə daxil olan 21 partiyadan biridir. İCAPP-ın daxili Nizamnaməsinə əsasən, assambleyalar arası dövrlərdə qurumun Daimi Komitəsinin müxtəlif ölkələrdə hazırlıq və proqram tərtib etmək məqsədi ilə iclasları keçirilir. Cari ilin iyun ayında Bakı şəhərində Baş Abbambleyaya hazırlıq məqsədilə keçirilən İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasında qurumun VII Baş Assambleyasının 2012-ci ilin noyabr ayının 22-23-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınmışdır. VII Baş Assambleyada “Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq” mövzusunda müzakirələr aparılacaq.

Qeyd etmək istərdim ki, Baş Assambleyanın təşkili ilə bağlı yüksək səviyyədə hazırlıq işləri aparılmışdır. Bu tədbirdə 35 ölkədən 200-ə qədər nümayəndə iştirak edəcəkdir.

Şübhə yoxdur ki, bu Assambleya ən yüksək səviyyədə təşkil olunacaq. Çünki Azərbaycanın artıq bu sahədə kifayət qədər təcrübəsi və bunun üçün lazımi imkanları vardır. Bildiyimiz kimi, demək olar ki, mütəmadi olaraq, Bakıda müxətlif mövzulara, qlobal problemlərə həsr olunmuş beynəlxalq tədbirlər, forumlar, mədəni tədbirlər, idman yarışları təşkil olunur və Azərbaycan onların hər birinə öz töfhəsini verir. Bu gün dünyanın qabaqcıl təşkilatları mühüm tədbirlərinə evsahibliyi etməyi məhz Bakıya həvalə edir, ölkəmizə böyük etimad göstərirlər. Bununla yanaşı, cənubi Qafqaz regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası beynəlxalq konfransların keçirilməsi baxımından kifayət qədər təcrübəyə malikdir. Bu günə qədər partiya qloballaşan dünyanın aktual problemlərinə – sivilizasiyalararası dialoqa, iqtisadi inkişaf və modernləşmə məsələlərinə həsr olunmuş müxtəlif beynəlxalq konfranslar təşkil etmişdir.

- Əli müəllim, yeri gəlmişkən, İCAPP-la Yeni Azərbaycan Partiyası arasında əlaqələri necə qiymətləndirirsiniz və bu əməkdaşlıq hansı istiqamətdə qurulmuşdur?

- Qeyd etmək istərdim ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 17 – 19 sentyabr 2000 – ci il tarixində Filippinin paytaxtı Manila şəhərində təsis olunmuşdur. Qurumun təsis olunmasında məqsəd Asiya qitəsində fəaliyyət göstərən, müxtəlif ölkələri, millətləri, dini konfessiyaları, mədəniyyətləri və siyasi sistemləri təmsil edən partiyalar arasında qarşılıqlı dialoq mühitinin və səmərəli əməkdaşlığın əsasını qoymaqdır. Təşkilat qarşıya qoyduğu məqsədləri həyata keçirmək üçün dünya və Asiya qitəsi üçün aktual olan mövzularda toplantılar təşkil edir, siyasi partiyalar arasında faydalı təcrübə mübadiləsi həyata keçirir. Bu günə qədər Çin, Qazaxıstan, Koreya kimi Asiyanın böyük dövlətləri Baş Assambleyanın iclaslarına evsahibliyi ediblər. Hazırda 300-dən artıq siyasi partiya təşkilatın üzvüdür. Çox sevindirici haldır ki, Yeni Azərbaycan Partiyası da təşkilatın yarandığı dövrdən etibarən, onunla sıx əməkdaşlıq münasibətləri saxlayır və qurumun həyata keçirdiyi tədbirlərdə fəal şəkildə iştirak edir. Həmçinin, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsi 2009-cu ilin oktyabr ayının 30 – da keçirdiyi toplantıda Yeni Azərbaycan Partiyasının Daimi Komitəyə üzvlüyünü təsdiq etmişdir. Eyni zamanda, digər bir əlamətdar hal qurumun Gənclər Birliyinin 2012-ci ilin oktyabr ayında Malayziyada keçirilən təsis konfransında YAP Gənclər Birliyinin nümayəndəsinin Qafqaz və Orta Asiya regionu üzrə vitse-prezident seçilməsidir. Beləliklə, YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı kimi nüfuzlu beynəlxalq qurumun ali organlarında təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə etmişdir. O cümlədən, ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun imkanlarından istifadə olunaraq geniş təbliğat işi həyata keçirilməkdədir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı qəbul etdiyi qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan haqlı mövqeyini dəstəkləyib və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında maraqlı tərəf kimi çıxış edib. Baş Assambleyanın müxtəlif bəyannamələrində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə geniş yer verilmişdir.

- Əli müəllim, bayaq qeyd etdiyiniz kimi, İCAAP-la əməkdaşlıq Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin mühüm tərkib hissəsidir. Mümkünsə, partiyanın beynəlxalq əlaqələri haqqında da məlumat verərdiniz…

- Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət bu gün müstəqil Azərbaycanın dünya miqyasında mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Xalqın iradəsi əsasında Azərbaycan Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bir siyasətçi olaraq dünyada böyük hörmət və nüfuz sahibinə çevrilib. İki və çoxtərəfli görüşlərdə, eləcə də müxtəlif beynəlxalq tribunalardan etdiyi çıxışlarda Azərbaycanın milli maraqlarını bütün sahələrdə uğurla müdafiə və təmin edən dövlət başçısının həyata keçirdiyi xarici siyasət ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq daha güclü hala gətirir.

Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası həmişə cəmiyyətimizə müsbət, milli mənafelərimizə söykənən, yenilikçi fəaliyyət örnəyi təqdim etmişdir. Partiyamızın siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratmış və cəmiyyət tərəfindən dəstəklənmişdir. Yeni Azərbaycan Partiyasının üzvləri, biz hamımız Ulu öndərin siyasi xəttinə sadiq qalaraq Onun siyasətini müasir dünyada aparmaq üçün öz səylərimizi qoymuşuq. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrini də bu ideyalar kontekstində dəyərləndirmək lazımdır. Biz bütövlükdə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinə də Azərbaycanı dünyaya demokratik, sürətlə inkişaf etməkdə olan dövlət kimi tanıtmaq konsepsiyasının tərkib hissəsi kimi baxırıq. Yeni Azərbaycan Partiyası dövlətimizin həyata keçiridiyi uğurlu xarici siyasət xəttinə özünəməxsus töhfələr vermək üçün beynəlxalq əlaqələr sahəsində geniş və çoxşaxəli fəaliyyət göstərməkdədir. Bu kontekstdə müxtəlif ölkələrin hakim partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər qurulur, səmərəli və yaddaqalan görüşlər keçirilmiş, bir sıra layihələr gerçəkləşdirmiş, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən səfirliklər, beynəlxalq qurumlar, Avropa, Asiya və Amerikanın ölkəmizdəki müxtəlif nümayəndəlikləri, institutları və digər demokratik təşkilatları ilə əlaqalərini inkişaf etdirməkdədir. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə əlaqələr Yeni Azərbaycan Partiyasının xarici əlaqələrinin bir istiqamətini təşkil edir. Digər isətiqamət - Avropa istiqamətində Yeni Azərbaycan Partiyası Avropa Xalqları Partiyası ilə yüksək səviyyəli əlaqələrə malikdir. Bizim Avropa Xalqları Partiyası ilə çox yaxşı münasibətlərimizin qurulması bizim tərəfimizdən Azərbaycanın Avropaya inteqrasiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Hesab edirəm ki, biz bu fəaliyyətimizi genişləndirməklə, həm Azərbaycanın problemləri haqqında daha geniş ictimaiyyətə məlumat vermək imkanı qazınırıq, həm də ölkəmizin Avropa strukturlarına inteqrasiyasına öz töhfəmizi verə bilirik. Eyni zamanda, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları ilə yüksək səviyyəli əlaqələri mövcuddur və bəzi xarici dövlətlərin siyasi partiyaları ilə əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanmışdır.

 

yap.org.az

 

 

Səs.- 2012.- 21 noyabr.- S.8.