Yeni Azərbaycan Partiyası ölkəmizi daim inkişafa aparacaq

 

Müsahibimiz YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur

 

- Hüseynbala müəllim, Yeni Azərbaycan Partiyası 20 illik yubiley təntənəsini yaşayır. Ötən illər ərzində böyük inkişaf yolu keçmiş partiyanın yaranma dövrünü necə xatırlayırsınız?

- Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığı təkzibolunmaz faktdır. Bütün ölkə vətəndaşları 1990-cı illərin əvvəlini yaxşı xatırlayır. O dövrdə Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu tarixi yaxşı bildiyimiz üçün onun üzərində çox dayanmaq istəmirəm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, Azərbaycanın gələcəyindən narahat olan insanlar, xüsusilə ziyalılar problemlərdən çıxış yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Bu səbəbdən də, məhz Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiyanın yaranması təşəbbüsü ilə çıxış etdilər.

O zaman bir neçə partiya fəaliyyət göstərirdi və bəzi insanlar mənə bu partiyalardan birinə üzv olmağı təklif edirdilər. Amma mənim üçün əsas həmin partiyaları yaradan insanların şəxsiyyətidir. Ona görə də, Ulu öndər Heydər Əliyevin yaratdığı partiyaya üzv olmağa qərar verdim. Mən YAP-ın 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında iştirak etmişəm. Təsis konfransından sonra partiyanın yerli strukturları yaradılmağa başladı. Və mən də Xətai rayonu ərazisində partiya təşkilatının yaradılmasında fəal iştirak etdim. Onu da deyim ki, o zaman mən Dövlət Yanacaq Komitəsinin sədr müavini vəzifəsində çalışırdım. Naxçıvandan Bakıya qayıdandan sonra o zamankı dövlət başçısı Ə.Elçibəyin sərəncamı ilə işdən azad edildim. Amma mənim üçün YAP-da təmsil olunmaq bütün vəzifələrdən üstün idi. Müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaranması, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı.

Bu gün 20 il əvvəli xatırlayanda həqiqətən də doğru seçim etdiyimizi görərək bundan qürur duyuram. Mən hər zaman deyirəm ki, Ulu öndərimizin bütün fəaliyyəti xalqımıza həsr olunub. Amma bu fəaliyyətin iki amilinin üzərində dayanmaq istəyirəm: Azərbaycanın müstəqilliyini, bütövlüyünü qoruyub saxladı. Heydər Əliyev bütün varlığı ilə Azərbaycanı qorudu və yeni bir Azərbaycan yaratdı. Odur ki, yaxın keçmişimizi xatırlayarkən bu gün əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü müstəqil Azərbaycan dövlətinin siyasi tarixində əlamətdar hadisələrdən biridir.

- YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi. Partiyaların tarixində nadir hallarda rast gəlinən bu hadisəni hansı amillərlə izah edərdiniz?

- Bildiyiniz kimi YAP yarananda müxalifət partiyası kimi yaranmışdı. YAP-ın 20 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə partiyamızın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz müxalifət partiyası kimi yaransaq da, xalqa qarşı müxalifətdə deyildik, xalqın mənafeyinə uyğun şəkildə addımlar atırdıq. Biz yalnız Azərbaycandakı qara qüvvələrə, Azərbaycanı sevməyən qüvvələrə qarşı müxalifətdəydik. Yəni, YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır. Ona görə də, yarandığı qısa müddətdən sonra partiyamız hakimiyyətə gəldi.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənmişdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu bəlalardan qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. İyun ayının 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər fövqəl idarəçilik keyfiyyətlərindən məharətlə istifadə edərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi 6 ay sonra Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini və gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu idi. Xalq yaxşı bilirdi ki, xilaskarlıq missiyasını yalnız Heydər Əliyev üzərinə götürə bilər.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün rəhbəri seçdi. Heydər Əliyevin Prezident seçilməsindən sonra Yeni Azərbaycan Partiyasının statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə başladı. Bununla da, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, tənəzzül etmiş iqtisadiyyatımızın inkişaf etdirilməsində və demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu hakim siyasi partiya olaraq öhdəsinə götürdü.

Ulu öndərimiz Heydər Əliyev dediyi kimi YAP dünənin, bu günün və sabahın partiyasıdır. Bu partiya möhkəm, əzəmətli bir siyasi təşkilatdır və bundan sonra da əzmlə fəaliyyət göstərərək müstəqil Azərbaycanı daim inkişafa aparacaq.

- Partiyamızın gücünü təşkil edən əsas amillərdən biri də gənclərin YAP sıralarına axınıdır. YAP-ın fəaliyyətində gənclərin rolunu necə dəyərləndirirsiniz?

- Azərbaycan gəncliyinin böyük əksəriyyəti YAP-a üz tutur. Bu faktı partiyamızın Sədri İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb. Təbii ki, gənclərin partiyamıza axının köklü səbəbləri var və onlar YAP-ın ideyalarının, prinsiplərinin necə yüksək dəyərə malik olduğunu aydın şəkildə dərk edirlər. Gənclik bizim xalqımızın, dövlətimizin gələcəyidir. Əgər gənclərimiz bu gün YAP-a üz tutursa, inanırsa, möhtərəm Prezidentimizin siyasətini dəstəkləyirlərsə, demək, onlar partiyamızın sabahının da işıqlı, uğurlu olmasını təmin edəcəklər. Bu mənada mən partiyamızın uğurlu gələcəyinə inanıram.

- Qarşıda partiya üzvlərini daha böyük vəzifələr gözləyir. Bu baxımdan, 2013-cü ilin prezident seçkilərinin əhəmiyyəti də vurğulanmalıdır...

- YAP yarandığı vaxtdan sonra iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Bu qələbələrin əsasında isə Azərbaycan xalqının partiyamıza olan inam və etimadı dayanır. Bu mənada mən inanıram ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində də dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev nəinki təkcə partiyamızın üzvlərinin, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin səsini qazanacaq. Çünki xalqımızın yeganə namizədi məhz cənab İlham Əliyevdir. Bu gün Azərbaycanda partiyamızın Sədri İlham Əliyevə alternativ yoxdur.

Amma hesab edirəm ki, bu amil bizi arxayınlaşdırmamalıdır. Biz də bütün varlığımızla öz liderimizin qələbəsi uğrunda fəaliyyət göstərəcəyik. Belə bir atalar sözü var ki, hər zaman qarşındakını özündən güclü say. Bu çox müdrik bir sözdür. Hesab edirəm ki, biz fəaliyyətimizdə hər zaman diqqətli olmalı və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Əhval-ruhiyyəmizi əsas götürərək deyə bilərəm ki, Xətai rayonunun da əhalisinin mütləq əksəriyyəti YAP Sədri, Prezident İlham Əliyevi dəstəkləyən insanlardır. Bizlər-YAP üzvləri və cənab İlham Əliyevin sadiq əsgərləri bütün varlığımızla çalışacağıq ki, bundan sonra da partiyamızın Nizamnaməsinin və Proqramının tələblərini layiqincə yerinə yetirək.

- Yeri gəlmişkən, rəhbərlik etdiyiniz YAP Xətai rayon təşkilatının fəaliyyəti haqqında da məlumat verməyinizi xahiş edirik. Ötən dövr ərzində təşkilat hansı uğurlara imza atıb?

- Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında təsis konfransının keçirilməsindən sonra Xətai rayonunun ziyalıları, mütərəqqi insanları dövlətçilik maraqlarını və xalqın mənafeyini rəhbər tutaraq partiyanın Xətai rayon təşkilatını yaratmaq üçün fəaliyyətə başladılar. Bu insanlar çox ağır ictimai-siyasi vəziyyətə və güc strukturlarının təqiblərinə baxmayaraq, o cumlədən özlərinə və ailələrinə qarşı törədilə biləcək hər bir təxribatı, təhdid və təzyiqləri gözə alaraq qarşıya qoyduqları məqsədə çatmaq üçün tam səfərbər olundular. Təsis konfransının «Bakı» kinoteatrında keçirilməsi qərara alındı. Rəhbərliyin və güc strukturlarının diqqətini çəkməmək üçün kino biletlərinin 70 faizini almaq məcburiyyətində qalan fəallar çox böyük çətinliklə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının təsis konfransını keçirməyə nail oldular. Beləliklə, 1993-cü il fevral ayının 13-də Bakı şəhərinin rayonları arasında Nərimanov rayonundan sonra Xətai rayonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatı yaradıldı. Təsis konfransında sovetlər dövründə rayon partiya komitəsinin 1-ci katibi işləmiş Rafiq Qasımov yekdilliklə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, mən isə sədr müavini seçildim.

Həmin dövrdə Xətai rayon təşkilatı 25 ərazi ilk partiya təşkilatında 500 nəfər üzvü birləşdirirdi. Fəxrlə qeyd etməliyik ki, ötən 20 ilə yaxın müddətdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı böyük inkişaf yolu keçib, öz sıralarını daim genişləndirib, partiyamızın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib, öz işini və fəaliyyətini daim canlandırıb. Hazırda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı öz ətrafında 147 ərazi ilk partiya təşkilatını birləşdirir. Üzvlərimizin sayı 16303 nəfərdir. Bunların 30 faizini, yəni 4890 nəfəri gənclər, 48,7 faizni isə, yəni 7939 nəfəri qadınlar təşkil edir.

2008-ci ilin prezident seçkilərində, 2009-cu ilin martında keçirilən Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında ümumxalq səsverməsində, 2009-cu ilin dekabrda keçirilən bələdiyyə seçkilərində, 2010-cu ilin noyabrda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı xeyli fəallıq göstərmiş, həm seçiçilər arasında maarifləndirmə işinin, həm də partiyanın təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçirilmişdi.

Ötən dövrdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, o cümlədən regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial-rifahı halının daha da yaxşılaşdırılması, xarici siyasət sahəsində reallaşan tədbirlər və qazanılmış uğurların xalqa çatdırılması məqsədi ilə bir sıra tədbirlər keçirilib. 2012-ci ildə rayon təşkilatına edilmiş müraciətlərin əksəriyyətində ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasət, eləcə də, quruculuq işlərinə insanların fəal dəstək verməsi özünü göstərir. YAP Xətai rayon təşkilatı bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.

 

yap.org.az

 

 

Səs.- 2012.- 22 noyabr.- S.6.