YAP xalqın sosial sifarişi nəticəsində yaranmış
ümummilli partiyadır
Müsahibimiz YAP Siyasi
Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyevdir
-
Firdovsi müəllim, hazırda Azərbaycan xalqının
böyük əksəriyyəti YAP-ın yubileyini qeyd edir.
Ölkəmizin müxtəlif yerlərində böyük ruh
yüksəkliyilə çoxsaylı tədbirlər
keçirilir. Bu isə onu göstərir ki, xalqın YAP-a olan
inamı və etimadı çox yüksəkdir. YAP-ın
ümummilli partiyaya çevrilməsinin səbəbləri
qismində nələri görürsünüz?
- Əlbəttə
ki, bu gün Azərbaycanda ən böyük sosial dəstəyə
və inama malik olan siyasi təşkilat Yeni Azərbaycan
Partiyasıdır. Bu qədər insan sevgisinə nail olmaq isə
bir-iki günün işi olmayıb. Elə partiyanın
yaranışından bu günə qədər həyata
keçirdiyi milli maraqlara uyğun siyasət onun xalqın
partiyasına çevrilməsinə səbəb olub.
Xüsusilə qeyd etmək istəyirəm ki, müasir siyasi
partiyaların bütün xüsusiyyətlərini
özündə ifadə edən Yeni Azərbaycan Partiyası
təsis olunan da belə xalqın partiyası kimi imic qazanmışdı.
Çünki, partiyanın yarandığı və
formalaşdığı ərəfədə ictimai-siyasi
atmosfer, həmçinin, sosial-iqtisadi vəziyyət bunu şərtləndirmişdi.
Xatırlatmaq
yerinə düşər ki, 1991-ci ildə müstəqillik əldə
olunduqdan sonra hər kəs firavan və azad həyat
haqqında düşünürdü. Milli ideyanın
intişar tapması hər bir azərbaycanlıda qurub-yaratmaq
həvəsi formalaşdırmışdı. Amma hakimiyyətin
siyasi oyunbazlar tərəfindən ələ keçirilməsi
nəticəsində ölkədə xaos hökm sürməyə
başladı. Tam formalaşmamış siyasi institutlar vətəndaşlarla
ünsiyyət qura bilmədi, iqtisadi və sosial sahədə
lazımi addımlar atılmadı, ordu quruculuğu həyata
keçirilmədi, Azəbaycan adlı coğrafiyada yaşayan
müxtəlif etnosların və konfessiyaların
daşıyıcılarının vahid platformada birləşdirəcək
ideologiya işlənmədi, həmin ərəfədə
xalq hərəkatından sui-istifadə edilərək,
yaradılmış siyasi partiyalar isə üzərilərinə
düşən funksiyaların öhdəsindən gələ
bilmədi və ya gəlmək istəmədi. Beləliklə
də, cəmiyyətdə passivlik formalaşdı, müstəqillik
ərəfəsindəki ruh yüksəkliyindən əsər-əlamət
qalmadı. Bu da öz növbəsində dövlətçiliyin
möhkəmləndirilməmiş əsaslarının
dağılmasına, torpaqlarımızın Ermənistan tərəfindən
işğal olunmasına gətirib çıxardı. Həmin
hadisələr bizim gözlərimiz önündə cərəyan
edib. Hətta, bir vətəndaş olaraq, həmin
dövrün ağır zərbələrini də hiss
etmişik. Elə olurdu ki, bu gün söz
azadlığından və demokratiyadan dəm vuran bəzi
insanlar hakimiyyətdə olduqları zaman jurnalistlərə
qarşı çox qəddar rəftar nümayiş etdirirdilər.
Azərbaycanın demokratikləşməsi, müasirləşməsi
və müstəqilliyinin müdafiə edilməsi naminə o
dövrün problemlərini qabardan media nümayəndələrini
döyürdülər, maşınların yük yerlərinə
salırdılar.
Məhz,
belə bir şəraitdə dövlətin
düşdüyü çətin durumdan çıxması
və xalqın enerjisinin tərəqqiyə istiqamətləndirilməsi
üçün milli maraqları təmin edəcək
LİDERƏ və siyasi partiyaya ehtiyac duyulurdu. Xalq artıq
xaosun hökm sürdüyü, ayrı-ayrı şəxslərə
məxsus silahlı qruplaşmaların hədələr
yağdırdığı, çörək
sıralarının və ərzaq
çatışmazlığı kifayət qədər
qabarıq olduğu bir ölkədə yaşamaq istəmirdi.
Bu səbəbdən də, cəmiyyətimizin ziyalı təbəqəsi
insanların ümidlərini doğrulda biləcək yeganə
ŞƏXSİYYƏTƏ – Ümummilli lider Heydər Əliyevə
müraciət ünvanladı, Onun ölkəyə rəhbərliyə
gəlməsini xahiş etdilər.
Sonrakı
proseslər isə hər kəsin xatirindədir. 1992-ci ilin
noyabr ayının 21-də YAP-ın Naxçıvanda təsis
konfransı keçirildi, Ümummilli lider Heydər Əliyev
partiyanın Sədri seçildi, Ulu öndərin hakimiyyətə
gətirilməsi və dövlətçiliyin xilası
üçün işləmiş şəxslər İdarə
Heyətində, Siyasi Şurasında təmsil olundular.
Beləliklə
də, YAP-ın yaranması hansısa qrupun maraqlarından irəli
gəlmədi, əksinə xalqın sosial sifarişi nəticəsində
yarandı. Ona görə də, YAP-a xalqın partiyası da
demək tamamilə doğru olardı.
- Diqqətçəkən
məqam ondan ibarətdir ki, Naxçıvadakı təsis
konfransından sonra qısa bir zamanda respublikanın hər
yerində YAP-ın şəhər və rayon təşkilatları
yaradıldı. Bu hansı faktorla əlaqəli idi?
-
Bilirsiniz, YAP-ın yaranması ərəsində AXC-Müsavat
hakimiyyətinin anti-milli siyasətindən əziyyət
çəkən və bezən insanlar respublikanın hər
yerində o zamanki hakimiyyətə qarşı birləşmişdilər.
Yəni, YAP-ın yaranmasına sosial sifariş həmin yerlərdən
gəlirdi. Artıq demək olar ki, insanlar özləri səfərbər
olmuşdular ki, Ümummilli lider Heydər Əliyevin ətrafında
birləşsinlər. Amma aydın idi ki, AXC-Müsavat hakimiyyəti
repressiv siyasət həyata keçirirdi, insanları təqib
və həbs edirdi. YAP-ın təsis olunması sanki həmin
insanların qarşısındakı siyasi-inzibati məhdudiyyəti
aradan qaldırdı. Qısa müddət ərzində
respublikanın hər yerində YAP-ın şəhər və
rayon təşkilatları yaradıldı.
Respublikada
YAP-ın sürətlə özünə tərəfdar
toplamasının da əsas səbəbləri aydın idi.
Ona görə də, əminliklə deyə bilərəm ki,
bütün bunların səbəbi ilk növbədə, Ulu
öndər Heylər Əliyev ŞƏXSİYYƏTİNƏ
olan məhəbbətlə və YAP-a olan inamla bağlı
idi. Xalqın sevgisinin nəticəsi idi ki, müxalifət
partiyası kimi yaranmış YAP fomalaşdıqdan cəmi 6
ay sonra hakimiyyətə gəldi. YAP da hakim partiya kimi verdiyi sözləri
yerinə yetirdi, xalqın gözləntilərini
reallığa çevirdi.
-
Firdovsi müəllim, vurğuladınız ki, YAP-ın hakim
partiyaya çevrilməsindən sonra ölkədə
xalqın gözləntilərini reallığa çevirdi. Bu
gözləntilər nələrdən ibarət idi?
- Əvvəldə
bildirdiyim kimi, xalq müstəqillikdən firavan və xoşbəxt
həyat gözləyirdi. Onların gözləntiləri azad
olmaqla yanaşı, sərbəst fəaliyyət göstərən
vətəndaşa çevrilməkdən, terror polisindən
uzaq olmaqdan, inkişaf etmiş bir şəhər və
rayonların sakini kimi yaşamaqdan, xarici dövlətlərin
tanınmış universitetlərində təhsil almaqdan,
kreativ və qabiliyyətli nəslin yetişdiricisi kimi tarixə
düşməkdən ibarət idi. Yeni Azərbaycan
Partiyasının Sədri, Ümummilli lider Heydər Əliyev
insanların bu gözləntilərini mərhələli
şəkildə reallığa çevirməyi bacardı.
Ulu öndər ilk növbədə, xalqımızı və
torpaqlarımızı düşməndən qorumaq
üçün güclü ordu formalaşdırdı, Ermənistanın
təcavüzünün qarşısını aldı.
İkincisi, Ümummilli lider Heydər Əliyev iqtisadi-sosial
problemləri həll etmək üçün mühüm
addım atdı – «Əsrin müqaviləsini» imzaladı.
Üçüncüsü, ölkədə iqtisadi
münasibətləri tənzimləmək üçün
özəlləşdirmə siyasəti həyata keçirdi,
aqrar islahatlara start verərək, torpaqları kəndlilərə
qaytardı. Dördüncüsü, demokratik siyasi sistemin
formalaşdırılması və hüquqi dövlətin təməlinin
qoyulması üçün Konstitusiyanı hazırladı və
xalq da onu qəbul etdi. Beşincisi, siyasi islahatlar həyata
keçirildi, ölkədə ölüm hökmü ləğv
edildi, mətbuat üzərindəki senzura aradan
qaldırıldı. Altıncısı, sosial qanunvericilik
gücləndirildi və insanların maddi rifah halının
yüksəldilməsi istiqamətində ciddi addımlar
atıldı. Mən burada rəqəmlər sadalayıb
oxucularımızı yormaq istəmərəm. Amma hər kəs
bilməlidir ki, AXC-Müsavat hakimiyyətinin 1993-cü ildə
qoyub qaçdığı Azərbaycan tamamilə dəyişmiş
vəziyyətə gətirildi, büdcəsi dəfələrlə
artmış, siyasi-hüquqi baxımından daha da güclənmiş
dövlətə çevrildi. Bir sözlə, 1993-2003-cü
illər ərzində Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
müasir Azərbaycan dövləti quruldu. Bu səbəbdən
də, biz əminliklə və şübhəsiz olaraq, deyə
bilərik ki, müasir Azərbaycanın qurucusu və banisi Ulu
öndər Heydər Əliyevdir.
-
Yeni Azərbaycan Partiyasının fəaliyyətindən
danışarkən, Siz LİDER faktoruna da diqqət çəkdiniz.
Bu mənada istərdik Ümummilli lider Heydər Əliyevin fəaliyyətilə
bağlı fikirlərini söyləyəsiniz…
- Təbii
haldır ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi
bilavasitə dünya səviyyəli siyasətçi, zəmanəmizin
fenomenal qabiliyyətə malik bənzərsiz şəxsiyyəti
Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli
liderimizin adı özünü azərbaycanlı sayan hər
bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı,
vətənpərvərliyi və bütün digər
yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər
buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının
simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə
çevrilib, həyat və fəaliyyəti doğma
xalqına və torpağa məhəbbət və sədaqət
meyarı olub.
Ulu
öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi və
qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən
çalışması, fədakar əməyi sayəsində
müasir Azərbaycanın bünövrəsi
ucaldılıb. Ulu öndər Heydər Əliyev elə bir
şəxsiyyət, görkəmli siyasətçi olub ki,
Onun gördüyü işləri tarixçilər uzun illər
boyu öyrənəcək, tədqiq edəcək, əsərlər
yazılacaq, ideyaları nəsildən-nəsillərə
keçərək yaşayacaq. Bu qüdrətli şəxsiyyətin
müəyyən etdiyi yol dinamik inkişafı təmin edən
strateji xətt olaraq ölkəmizə və xalqımıza
daim uğur gətirib. Zəngin hadisələrlə dolu gərgin
dövrlərdə Ümummilli lider Heydər Əliyev Azərbaycan
dövlətini ən çətin sınaqlardan məharətlə
çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi
tərəqqisinə nail olub. Ulu öndər Heydər Əliyevin
müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ
uzun illər tədqiqatçıların diqqət mərkəzində
olacaq.
Bu
dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi
və siyasi əsaslarının möhkəmləndirilməsində,
dünyanın aparıcı dövlətlərinin etibarlı
tərəfdaşına çevrilməsində, sözün
həqiqi mənasında, böyük işlər
görüb. Ulu öndərimizin həm keçmiş sovet
dönəmində, həm də müstəqil Azərbaycanda
həyata keçirdiyi layihələri,
reallaşdırdığı bütün işləri
sadalamaqla qurtaran deyildir. Bu böyük və bənzərsiz
şəxsiyyət millətini bütün bəlalardan hifz
edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş
qarşıdurmasını aradan qaldırıb, ölkənin
parçalanmasının qarşısını almaqla milli
qurtuluşu təmin edib.
Ulu
öndər Heydər Əliyevin adı bu gün, sözün
həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi
kimi səslənir. Bugünkü güclü, qüdrətli
Azərbaycanı O, öz əlləri ilə yaradıb,
inkişaf etdirib, bütün dünyaya tanıdıb.
Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi
inkişaf konsepsiyalarını işləyib hazırlayıb,
dönmədən həyata keçirilməsini təmin edib.
Xalqımız Heydər Əliyev kimi Ümummilli liderilə fəxr
edir, qürur duyur, əməlləri ilə Onun
ideyalarını həyata keçirməyə
çalışır.
-
Artıq bu həqiqətdir ki, bu gün Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident
İlham Əliyev tərəfindən uğurlu şəkildə
davam etdirilir…
- Bədi,
biz sevinirik ki, Ulu öndərimizin ideyaları möhtərəm
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir və ötən müddət ərzində dövlətimizin
başçısının yorulmaz fəaliyyəti nəticəsində
Azərbaycan dünyanın ən dinamik inkişaf edən
ölkələrindən birinə çevrilib. Zaman Heydər
Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham
Əliyevi dəstəkləməklə ən doğru
addım atdığını göstərir. Bütün
beynəlxalq təşkilatlar birmənalı şəkildə
etiraf edirlər ki, cənab Prezident İlham Əliyev dövlət
sükanı arxasına keçdikdən sonra Azərbaycanın
inkişafı daha da sürətlənib, ümumi daxili məhsul
istehsalının artım tempinə görə
dünyanın lider dövlətlərindən birinə
çevrilib. Xalq 2003 və 2008-ci illərdə Prezident
İlham Əliyevə səs verməklə, əslində,
Heydər Əliyev kursunun davamına, Azərbaycanın
dünya birliyində özünə layiqli yer tutaraq söz
sahibinə çevrilməsinə, Xəzər neftinin
çoxvariantlı marşrutla dünya bazarına
çıxarılmasına, tikinti, quruculuq və abadlıq
işlərinin daha da genişləndirilməsinə, enerji və
nəqliyyat təhlükəsizliyinin
davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunmasına, Azərbaycanın Cənubi Qafqazdakı
lider rolunun daha da möhkəmlənməsinə,
sahibkarlığın inkişafına və yeni iş yerlərinin
açılmasına, güclü və müasir ordu
quruculuğuna, bütövlükdə Azərbaycanın
sürətli və davamlı inkişafının yeni mərhələyə
qaldırılmasına, ölkə vətəndaşlarının
xoşbəxt və firavan yaşayışının
etibarlı şəkildə təmin edilməsinə dəstək
verdi. Ona görə də, Prezident İlham Əliyev fəaliyyətinin
ilk günlərindən xalqın sonsuz məhəbbətini
qazandı – müdrik siyasəti, Heydər Əliyev
ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi,
xalqına olan qədərsiz sevgisi ilə! Bir LİDER və
ŞƏXSİYYƏT kimi İlham Əliyev xarakterinin ən
bariz xüsusiyyətlərindən biri – sözünün
sahibi olmasıdır. Azərbaycan xalqı qəti əmindir:
onun Prezidenti vəd veribsə, sözsüz yerinə yetirəcəkdir.
"Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa
layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik"
– vədini də Prezident İlham Əliyev şərəflə
yerinə yetirməkdədir. Bu mənada əminliklə deyə
bilərəm ki, 2013-cü ildə də xalq yenidən Heydər
Əliyevi siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyevə dəstək verəcək.
yap.org.az
Səs.- 2012.- 22 noyabr.- S.5.