Azərbaycan SSR 1920-1922-ci illərdə:
formal müstəqillik və sovet Rusiyasından hərbi-iqtisadi
asılılıq rejimi
1920-1922-ci
illərdə SSRİ təşkil edilmədiyi dövrlərdə
Azərbaycan SSR də formal olaraq müstəqil idi. Lakin tezliklə
Rusiyadan siyasi asılılığın ardınca hərbi və
iqtisadi asılılış rejimi də yaranmağa
başlandı. T.Qaffarov yazır ki, Rusiya Azərbaycanda
müstəmləkə iqtisadiyyatı yaratmaq, onu tez bir zamanda
özündən iqtisadi və hərbi cəhətdən
asılı vəziyyətə salmaq üçün tədbirlər
görürdü. Çevrilişdən heç bir ay da
keçməmişdi ki, Rusiya hökuməti Azərbaycana nota
verib, onu daimi qarşılıqlı münasibət
formaları yaratmaq üçün dərhal
danışıqlara çağırdı. 1920-ci il
sentyabrın 30-da RSFSR və Azərbaycan SSR arasında hərbi-iqtisadi
ittifaq haqqında müqavilə bağlandı. Azərbaycan
Ordusu, xalq təsərrüfatını və xarici ticarəti
idarə edən orqanlar, təchizat orqanları, dəmiryol və
su nəqliyyatı, poçt-teleqraf idarələri, maliyyə
işləri Moskvaya tabe edildi.
Azərbaycan
xalqını köməksiz qoymaq üçün
işğalçılar elə ilk günlərdən Azərbaycan
Ordusunu dağıtmağa başladılar. Azərbaycan
Ordusunun komanda heyəti, ümumiyyətlə, 266 hərbiçi
mayın axırlarında həbs olunub güllələndi. Onların
arasında 12 general, 27 polkovnik, 6 podpolkovnik, 48 kapitan,
ştabs-kapitan, poruçik vardı. Azərbaycan Ordusundan
yalnız kiçik bir dəstə xaricə gedib Anadoluda
milli-azadlıq hərəkatına qoşuldu. 1920-ci il
mayın 7-də Azərbaycan SSR-in Qızıl Ordusu və
Qızıl Donanması təşkil edildiyi və onların
XI orduya və Rusiya Donanmasına tabeliyi elan olundu. Milli atıcı diviziya - Azərbaycan diviziyası
yaradılmağa başlandı.
Kommunist
Partiyasının mütləq hakimiyyətinə yalnız təsərrüfat
həyatının əsas sahələrində onun amiranə
mövqeyini təmin etməklə nail olmaq mümkün idi. Bunun üçün tezliklə mülkiyyəti
ictimailəşdirmək, ona sərəncam vermək
hüququnun bir qrup partiya-təsərrüfat işçisinin
simasında bolşevik rəhbərlərə vermək vacib
idi. Mayın 5-də İnqilab Komitəsi torpağın
milliləşdirilməsi haqqında dekret verdi.
1382947 desyatin bəy, xan, mülkədar
torpaqları milliləşdirildi. Vergi
alınması müqabilində torpaq kəndlilərə
istifadəyə verildi. (1920-1922-ci illərdə
kəndlilərə 2 milyon desyatin torpaq
paylanmışdı.). Əvvəllər
hərbi kommunizm siyasətinə uyğun olaraq kəndlilər
məhsulun yalnız acından ölməmək
üçün onlara saxlanan kiçik bir hissəsindən
başqa, hamısını dövlətə verməyə məcbur
idi. 1920-ci il avqustun 26-dan taxıl
ticarəti dövlət inhisarına alınmışdı.
Elə həmin vaxtlar Bakının, əsasən, erməni və
rus fəhlələrindən təşkil edilmiş xüsusi
ərzaq dəstələri kəndlərə göndərilir,
camaatın öz kasıbçılığı
üçün saxladığı taxıl, yağ,
mal-qara, yem əllərindən alınırdı. Mülkədarlar, varlı kəndlilər sovetləşmənin
elə ilk günlərindən mülklərini, təsərrüfatlarını
atıb getmiş və ya mübarizə üçün gizlənmişdilər.
Buna görə də zərbə, əsasən,
zəhmətkeş ortabab və yoxsul kəndlilərə dəyirdi.
Onlar dilənçi vəziyyətinə
düşmüşdülər. Respublika rəhbərliyi
N.Nərimanov başda olmaqla, xüsusi komissiya təşkil
edib 1920-ci il sentyabrın 30-dan oktyabrın
14-dək qəzalarda vəziyyətlə tanış
olmuşdu. N.Nərimanovun oktyabrın 12-də Şuşadan
teleqramla verdiyi əmrdə qeyd olunurdu ki, kəndlilər
şikayətlənirlər ki, İnqilab komitələri, Ərzaq
agentləri və qırmızı ordu hissələri
nümayəndələri tərəfindən sonuncu tikə
çörək, axırıncı atı, iş heyvanı
mənimsənilir. Bu cinayətkarlığa,
biabırçılığa son qoyulmalıdır.
Mövcud sistem fəhlələrlə kəndlilər,
şəhərlə kənd arasında ziddiyyətləri, sənaye
və kənd təsərrütatı arasında əlaqələrdə
qeyri-ekvivalentliyi birincinin hesabına durmadan dərinləşdirirdi. Kəndlilərin
getdikcə artan narazılığından və bundan
hökumətə müqavimət göstərən vətənpərvər
qüvvələrin istifadə etməsindən qorxuya
düşən hökumət Leninin məsləhəti ilə
oktyabr ayından başlayaraq Quba və Cavaddan başqa
bütün qəzalarda taxıl tədarükünü
dayandırdı. Lakin digər kənd təsərrüfatı
məhsulları yenə də amansızlıqla kəndlilərin
əlindən alınırdı. Əməkçinin
əli işdən soyuyurdu.
Milliləşdirmə sahəsində digər tədbirlər
də iqtisadiyyata rəhbərliyi bir əldə - bolşeviklərin
əlində cəmləşdirməyə və mərkəzin
mənafeyinə uyğun qurulmasına şərait yaratdı. 1920-ci il
mayın 15-də meşələr, sular, yeraltı sərvətlər
dövlət mülkiyyəti elan olundu. Mayın
24-də neft sənayesi, bütün iri sənaye sahələri
milliləşdirildi. İyunda banklar, Xəzər ticarət
donanması, balıq sənayesi müəssisələri,
tütün fabrikləri, sement, şüşə, yağ, sabun fabrikləri, sentyabrda dəmir, mis
filizi mədənləri, oktyabrda pambıqtəmizləmə
zavodları milliləşdirildi. Sosialist təsərrüfatçılıq
formaları, iqtisadiyyatda qeyri-iqtisadi, inzibati-amiranə idarə
metodları tətbiq olunmağa başlandı. Təsərrüfatı
idarə etmək üçün Azərbaycan Xalq Təsərrüfatı
Şurası (sədri əvvəllər S.P.Solovyov, az sonra B.A.Talıblı) təşkil edildi. Yüngül və yerli sənaye sahələrində
firmalar ləğv edildi. 200-dən
çox müəssisə milliləşdirildi. Əvvəllər neft təsərrüfatını
idarə edən 272 xüsusi neft sənaye firması ləğv
olundu. Neft və neft məhsulları ticarəti
dövlət inhisarına alındı. Neft
sənayesi və ticarətini idarə etmək
üçün birbaşa Moskvaya tabe "hökumət
içində hökumət" olan "Azneftkom"
yaradıldı. Hətta Azərbaycana nefti
Moskva ayırırdı. Onun sədri
Serebrovski Azərbaycan hökumətini tanımırdı.
N.Nərimanov "Azneftkom"u respublika
içində monarxiya, Serebrovskini isə "kral"
adlandırırdı. Neftin cəmi 15 faizi
onun həqiqi sahibinə - Azəraycana əta olunmuşdu.
Lakin bunu da respublika tam ala bilmirdi. Azçrbaycanda əhaliyə neft başqa
respublikalardakından baha satılırdı. Vətənin qarət olunduğunu, neftinin pulsuz
daşınıb aparıldığını (1920-ci ildə,
hətta neftçilərə əmək haqqını Azərbaycan
hökuməti öz kassasından verirdi) respublikanın
asılı vəziyyətə düşdüyünü
görən əməkçiləri işə cəlb etmək,
məhsuldar işləməyə məcbur etmək
üçün inzibati-amiranə metodları daha da gücləndirmək
lazım gəlirdi. Güclə təşkil edilən
"kommunist" iməciliklərinə hər dəfə
10-12 minə qədər adam cəlb edilir
və pulsuz işlədilirdi. Kənd təsərrüfatında
da əməyin sosialist təşkilat formaları tətbiq
olunmağa başlamışdı. 1920-ci
ildə H.Z.Tağıyev, Ziyadxanov, Zülfüqarov, Şustov,
Qukasov və b. mülkədarlara məxsus nümunəvi təsərrüfatların
bazasında 100-ə qədər sovxoz təşkil
olunmuşdu. 1920-ci ilin sonunda 3 min yoxsul kəndlini
birləşdirən 32 kənd təsərrüfatı arteli,
kommuna vardı. Bu təsərrüfatlar
üçün İnqilab Komitəsi xüsusi fond
açmışdı. Lakin kəndli, təbii
ki, ümumi təsərrüfata ögey münasibət bəsləyirdi,
əmək məhsuldar deyildi. Elə buna
görə də ilk ictimai təsərrüfatların
çoxu tezliklə dağılmışdı. 1921-ci ilin payızında respublikada cəmi 22 sovxoz
qalmışdı.
Təsərrüfat idarəçiliyində tətbiq
olunan qeyri-iqtisadi metodlar işçilərin maddi və mənəvi
maraqlarını təmin etmirdi. Dövlət əmək
intizamını gücləndirmək üçün inzibati
tədbirlər görürdü. 1920-ci il
iyunun 9-da Fəhlə-Kəndli Müstəqilliyi təşkil
edilmiş, sentyabrın 24-də ümumi əmək mükəlləfiyyəti
haqqında xüsusi dekret imzalanmışdı. Lakin bunların da səmərəsi çox deyildi.
Bakı mədənləri neft qəbristanlığını
xatırladırdı. Yeni quyular, demək
olar ki, qazılmırdı. 40 neft emalı
müəssisəsindən cəmi 18-i, o da fasilələrlə
işləyirdi. Gədəbəy mis, Zəylik
zəy, Tovuz, Keşlə sement zavodları
dayanmışdı. Tağıyev fabrikində
dəzgahların üçdə biri işləyirdi. Nuxadakı 69 baramaaçan müəssisədən
üçü fəaliyyət göstərirdi. 46
pambıqtəmizləmə zavodundan ikisində iş gedirdi.
1920-ci ildə respublikada sənaye məhsulu istehsalı
1913-cü ildəkindən 57 faiz, neft
çıxarılması - 2,6 dəfə, neft emalı - 2,5 dəfə,
sement istehsalı 5 dəfə, pambıq-parça istehsalı
3 dəfə, Naxçıvanda duz istehsalı 48 faiz
azalmışdı. Kənd təsərrüfatı
bərbad vəziyyətdə idi. Suvarma
sistemi dağılmışdı. 150
suvarma qurğusundan 24-ü salamat qalmışdı. Muğan kanallarının suötürmə qabiliyyəti
4 dəfə azalmışdı. Əkin
sahələrinin 38 faizi, 200 min desyatin suvarılan sahə, 3
min desyatin üzümlük, tut bağlarının
yarısı sıradan çıxmışdı. 1920-ci ildə baxımsızlıq üzündən
200 min desyatin sahədə kənd təsərrüfatı məhsulları
məhv olmuşdu. Qaramalın sayı
1916-cı ildəkinə nisbətən 30 faiz
azalmışdı. 1920-ci ildə respublikada 1913-cü
ildəkindən 35 faiz az kənd təsərrüfatı
məhsulu istehsal olunmuşdu.
İqtisadi tənəzzülün
qarşısını almaq üçün iqtidar
çıxış yolunu iqtisadi siyasəti dəyişməkdə,
təsərrüfat idarəçiliyində iqtisadi maraqlara
üstünlük verməkdə görürdü. RK(b)P X
qurultayı (1921-ci il, mart) Leninin Yeni İqtisadi Siyasət
("NEP") doktrinasını qəbul etdi. Bu siyasət
kompleks tədbirlər sistemi idi, əmtəə-pul mübadiləsini,
ticarət azadlığını, əməyə şəxsi
marağın artmasını, idarəçiliyin, xüsusən,
planlaşdırmanın təkmilləşdirilməsini,
kapitalistlərin icarə vasitəsi ilə iqtisadiyyatın təşkilində
iştirakına icazə verilməsini, təsərrüfata rəhbərlikdə
inzibati-amirlik metodlarının, bürokratizmin aradan
qaldırılmasını nəzərdə tuturdu. Yeni iqtisadi siyasət, həm də milli ucqarları əldə
saxlamaq üçün xalqların mərkəzə,
bolşevik rejiminə qarşı mübarizəsini zəiflətmək
məqsədi güdürdü. Təsadüfi deyildi ki,
1921-ci il 14 aprel tarixli məktubunda Lenin Qafqaz kommunistlərinə
sosializmə daha aramla, daha ehtiyatla keçməyi, xırda
burjuaziyaya, ziyalılara, xüsusən, kəndlilərə
qarşı daha mülayim olmağı, daha artıq güzəştə
getməyi, ziyalıları təsərrüfat strukturuna cəlb
etmək üçün bütün vasitələrə əl
atmağı məsləhət görmüşdü.
Tezliklə "NEP" əməli şəkildə həyata
keçirilməyə başlandı. Əmtəə
istehsalı bərpa olundu. Xüsusi ticarətə,
torpağın icarəsinə, muzdlu əməkdən istifadəyə
icazə verildi. Ərzağın
bütün növlərinin satışına dövlət
inhisarı götürüldü. Ərzaq
sapalağı ləğv edildi, əvəzinə, ərzaq
vergisi qoyuldu. Bütün bu tədbirlər,
adamların istehsala iqtisadi marağının artmasına səbəb
oldu.
Azərbaycan
Xalq Təsərrüfatı Şurasına (AXTŞ) tabe olan
20-yə qədər yüngül sənaye, habelə, 37
baramaaçan müəssisə, 13 pambıqtəmizləmə
zavodu, 71 balıqçılıq müəssisəsi, bəzi
kiçik neftli sahələr icarəyə verildi. Xarici kapitalistlər müəssisələri, neft mədənlərini
icarəyə götürməyə
çalışırdılar. Genuya (Genuya
konfransında sovet nümayəndə heyətində Azərbaycan
SSR-i Nəriman Nərimanov təmsil edirdi) və Haaqa
konfranslarında (1923-cü il) xarici ölkələr
onlara məxsus milliləşdirilmiş müəssisələrin
və borcların qaytarılmasını tələb etdilər.
Lakin onlar istəklərinə nail ola bilmədilər.
Neft hasilatını artırmaq üçün
yeraltı xəzinələri üzə çıxarmaq məqsədi
ilə 1920-ci ildə Geoloji kəşfiyyat bürosu təşkil
olunmuşdu. Bu büronun fəaliyyətində D.V.Qolubyatnikov,
İ.M.Qubkin və b. yaxından iştirak edirdilər. 1922-ci ildə Balaxanı-Sabunçu rayonunda zəngin
neft yataqları aşkara çıxarıldı, ilk sovet mədəni
yaradıldı. Mühəndis
N.N.Pototskinin rəhbərliyi altında Bayıl buxtasında dəniz
dibinə torpaq tökməklə yaradılmış sahələrdə
1923-cü ilin aprelində yeni mədənin istismarına
başlanıldı. Neft mədənlərində
xaricdən alınan, o zaman üçün mütərəqqi
texnika - burğulu qazma maşınları, qazma turbinləri, dərinlik
nasosları və kompressorlar tətbiq olunurdu.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 23
noyabr.- S.11.