Azərbaycan SSR SSRİ tərkibində suveren dövlət idimi?

 

Bu sualın ən düzgün, ən mükəmməl cavabını Ulu Öndər Heydər Əliyev vermişdir. 1994-cü il mayın 27-də Azərbaycanın istiqlal bayramına Respublika Gününə həsr olunmuş təntənəli yığıncaqdakı niqtində Ulu Öndər demişdir: «Bu dövrdə Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan, şübhəsiz ki, müstəqilliyini itirmiş, ancaq dövlətçiliyini tam itirməmişdi. Azərbaycan Respublikasının dövlətçiliyinin bir çox atributları qalmış, yaşamışdı. Əsas cəhət budur ki, yetmiş il ərzində Azərbaycan xalqı böyük tarixi yol keçmiş, respublikanın iqtisadiyyatı yüksək sürətlə inkişaf etmiş, xalqımızın mədəni, təhsil səviyyəsi yüksəlmiş, Azərbaycanın elmi, mədəniyyəti, həyatının bütün sahələri inkişaf etmiş, respublikada böyük iqtisadi, sosial və mədəni-intellektual potensial yaranmışdır.

Azərbaycan xalqı həmin dövrdə mövcud şəraitə uyğunlaşsa da, eyni zamanda, onun qəlbində tam müstəqillik, milli azadlıq hissləri yaşamışdır. Keçmişdə olduğu kimi, bu dövrdə də, həmin hisslər xalqımızı heç vaxt tərk etməmişdir… siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır».

Tədqiqatçı M.Ş.Milman sovet dövründə yazdığı əsərlərinin birinin adını belə qoymuşdur: «Azərbaycan SSR SSRİ tərkibində suveren dövlətdir».

Müstəqillik dövründə yazılan əsərdə isə Azərbaycan SSR «bolşevikcəsinə müstəqil dövlət» kimi səciyyələndirilirdi. T.Qaffarov «Azərbaycan tarixi» (1920-1991-ci illər) əsərində yazırdı ki, 1920-ci il aprelin 28-də respublika hakimiyyətini yeni yaradılan oyuncaq Müvəqqəti Hərbi İnqilab Komitəsi ələ aldı. Komitənin sədri Nəriman Nərimanov idi (Sovet Xalq Milli İşlər Komissarlığı Kollegiyasının üzvü olan N.Nərimanov Leninin göstərişi ilə Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar təyin olunmuşdu. Bakıya mayın 16-da gəlmişdi). Azərbaycan müstəqil dövlət – Sovet Sosialist Respublikası elan olundu. (İstila edilmiş ölkədə, formal olsa da, dövlət aparatının təşkili, şübhəsiz, əhəmiyyətli hadisə idi və 71 il sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasında mühüm rol oynadı). Həmin gün Azərbaycan SSR Xalq Komissarları Soveti təşkil edildi. Hərbi İnqilab Komitəsi kimi onun da tərkibi azərbaycanlı kommunistlərdən ibarət idi. Bu təşkilatın geniş real səlahiyyəti yox idi. Real hakimiyyət, əslində, RK (b) P-nın yerli təşkilatı olan AK (b) P-yə məxsus idi, çünki kadr siyasətini o həll edirdi. Kommunist Partiyası diktaturasını təmin edən amillərdən biri də Azərbaycandakı rus ordusu hissələri idi. Respublikanın müstəqilliyi tam formal xarakter daşıyırdı.

Aprelin 29-da saat 14-də Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi Sovet Rusiyası hökumətinə, V.İ.Leninə qırmızı ordu dəstələrini göndərməklə təcili kömək göstərmək xahiş il müraciət etdi.

Lakin istilaçı XI qırmızı ordu artıq iki sutka idi ki, Azərbaycana çoxulmuşdu. Onun baş zirehli qatarı aprelin 28-də saat 4-də Bakıya daxil olmuşdu. qırmızı ordunun əsas qüvvələri, suvari hissələr paytaxta aprelin 30-da çatmışdılar. Həmin gün 7-ci süvari diviziyanın hissələri Şamaxı və Ağsunu tutdu. Mayın 1-də 28-ci atıcı diviziyanın desant dəstələrinin köməyi ilə zirehli qatar Azərbaycan Ordusunun müqavimətini qıraraq Gəncə stansiyasına, Volqa-Xəzər hərbi donanmasının esminisləri Bakı buxtasına soxuldular. Qırmızı ordu hissələri Ağsu-Göyçay rayonundan hücum edib Nuxanı (1968-ci ildən Şəki adlar) tutdu. Sovet donanmasının Lənkarana yaxınlaşan hərbi gəmiləri mayın 3 və 4-də Lənkəran və Astaraya desant çıxardı. Mayın 5-də düşmənin zirehli qatarı AğstafaPoylu stansiyalarını tutdu. Həmin gün süvari hissələri Qazaxa, mayın 7-də isə Yevlaxa soxuldular. Buradan 32-ci atıcı diviziyanın iki süvari korpusu Qarabağa hücum etdi. Mayın 12-də Şuşa, Cəbrayıl, Cavanşir qəzalarını tutdu. Düşmən mayın 10-da Zaqatalanı, 12-də isə Balakəni ələ keçirdi.

Sovet Rusiyası Azərbaycanda öz maraqlarını təmin etmək üçün elə bir siyasi vəziyyət yaratmağa salışırdı ki, burada xalqın taleyinə və mülkiyyətinə sərəncam vermək hüququ Moskvanın rəhbərlərinin əlində cəmləşsin, xalq onun ictimai təşkilatları dövlət idarəçiliyindən uzaq olsun, Moskva canişinlərinin kommunist partiyası vasitəsilə siyasi sistemin bütün dairələrində hegemonluğu təmin edilmin.

1920-ci il mayın 12-də xüsusi dekretlə bütün çinlər ləğv edilmişdi. İdərəçiliyə cəlb olunarkən imtiyazı yalnız kommunist partiyasına, habelə, yoxsul siniflərə mənsubluq verirdi. Əvvəllər qanunvericilik və idarəedici hakimiyyət bu prinsiplə yaradılmış Azərbaycan İnqilab Komitəsinin əlində cəmləşdirildi. Azərbaycan SSR XKS də elə bu prinsiplər üzrə təşkil edildi.

 RK (b) P Bakı təşkilatı, «Hümmət» və «Ədalət» kommunist təşkilatlarının 4 minə qədər üzvünün birləşdirilməsindən yaranan (1920-ci il 11-12 fevral) Azərbaycan Kommunist Partiyası Moskvadakı ağalarının əlində oyuncaq, xalqı parçalamaq, diz çökdürmək, Rusiyadan asılı etmək vasitəsi idi. Üzvlərinin müstəqilliyini tam buxovlayan bu partiyanın sıraları, əsasən, hakimiyyətə can atan, müəyyən fərdi, qrup mənafeləri güdən adamlar, habelə, kəmsavad fəhlələr, yoxsul kəndlilər hesabına sürətlə genişlənirdi. Kommunsitlərin sayı bir ildə 11 min nəfərə qədər artmışdı. Onların ancaq yarısını azərbaycanlılar təşkil edirdi.

 Bolşevik ideologiyası müsəlmanlara yad idi. 1921-ci ildə partiyada təmizlənmə keçirərkən Qafqaz Diyar Yoxlama Komisiyasının sədri təmizləmə işinin nəticəsi haqqında məruzəsində qeyd etmişdi ki, Azərbaycanda müsəlmanlar arasında savadlı kommunist yoxdur. Azərbaycanlı kommunistlər arasında, demək olar ki, birlik yox idi və mərkəz onun yaranmasına hər vasitə ilə mane olurdu.         

Azərbaycan İnqilab Komitəsinin və Azərbaycan SSR XKS-nin sədri təyin edilmiş Nəriman Nərimanov kommunsit ideallarına fanatikcəsinə inanan, onların Şərq reallıqları ilə uzlaşacağına ümid bəsləyən, bütün xalqların, o cümlədən, azərbaycanlıların xoşbəxtliyini bu ideyaların həyata keçirilməsi ilə bağlayan, Şərq xalqları arasında tanınan və sayılan bir şəxs idi. Onun Şərqə pəncərə açmaq üçün Azərbaycanda müstəqil, nümunəvi, sovet respublikası yaratmaq, bu zaman Rusiya sovetləşdirilərkən edilmiş səhvlərə – sərt tədbirlərə, terrora yol verməyib yerli şəraiti nəzərə almaq, iri sənayeni milliləşdirmək, xırda sənayeni və ticarəti azad buraxmaq haqqında hələ 1919-cu ilin əvvəllərində irəli sürdüyü ideyalar xeyli tərəfdar qazanmışdı. Qərbdə kommunist inqilabının perspektivsiz olduğunu dərk edən, bütün ümidlərini Şərqin «oyanmasına» bağlayan Moskva N.Nərimanovu inandırmışdı ki, Şərqin qapısı Azərbaycanda nümunəvi sovet respublikası qurulmasına həqiqətən maraqlıdır.

Bolşevik rəhbərlərin, komissarların çoxu partiyaya onun mövcud şəraitdə artan imkanlarından şəxsi və qrup məqsədlərini həyata keçirmək üçün gəlmişdilər. Sinfi müğarizədə sərt tədbirlərə, terordan geniş istifadə olunmasına üstünlük verən mərkəzə yarınmaq üçün qəsdən «sol»çuluq edən belə rəhbərlər arasında keçmiş müsavatçılar (M.D.Hüseynov və b.) menşeviklər (Ə.H.Qarayev və b.) eserlər (Ə.Ş.Xanbudaqov, R.Ə.Axundov və b.) daşnaklar (A.N.Mikoyan, L.İ.Mirzoyan və b.) və başqaları vardı.

«Parçala – hökm et!» siyasətini davam etdirən Moskva, xüsusən, o zamankı millətlər komissarı İ.V.Stalin bu vəziyyətdən məharətlə istifadə edərək milli rəhbər kadrları apasında ixtilaf yaranmasına rəvac verirdi. Bu işdə onlar «daşnak kommunistlərə» arxalanırdılar. Erməni millətçiləri sərsəm «böyük Ermənistan» xülyası ilə yaşayır, Azərbaycanda güclü hökumətin olmasını, təbii ki, istəmirdilər. Azərbaycan Kommunist Partiyasında, dövlət orqanlarında bir-biri ilə didişən «sağ» və «sol» təmayüllər, müxtəlif sosial qruplar, azərbaycanlı, rus və ermənilər arasında ziddiyyətlərin hər vasitə ilə güclənməsinə şərait yaradıldı. Bakıda açıq ruslaşdırma siyasəti yeridilirdi. İstambuldakı ağqvardiyaçı ruslardan on mini Bakıya köçürülmüşdü. Burada yüksək vəzifələrə, idarəçilik işlərinə əsasən erməni, rus və yəhudilər irəli çəkilirdi. 1923-cü ildə Bakı Sovetinin 52 məsul işçisindən cəmi 6 nəfəri, rəyasət heyətinin 10 üzvündən 2-si azərbaycanlı idi. Mərkəzi dövlət aparatında da azərbaycanlılar azlıq təşkil edirdilər. Əhali dövlət darələrinə rus dilində müraciət etməyə məcbur edilirdi.

Azərbaycan torpaqlarının, xalqının parçalanmasında, milli rəhbər kadrları arasında nifaq salınmasında bolşeviklərin «ən möhkəm təşkilatı» sayılan Bakı Komitəsinin katibliyini sanki varisliklə bir-birinə ötürən ermənilər A.İ.Mikoyan, Sarkis (A.Ter-Danilyan), L.İ.Mirzoyan xüsusilə fərqlənirdilər. Mərkəzin nümayəndələri – Stalin, Orconikadze, Kirov, Stasova sollara arxa dururdular.

İstəyinə nail olmuş, müsəlman kommunistlər arasında ixtilafı bəhanə edən mərkəz buraya öz canişinini təyin etdi. Azərbaycan KP MK-nın 1-ci katibi mərkəzdən göndərilmiş Q.Kolinski təyin edildi. 1920-ci ilin noyabrında Serqo Orconikidze mərkəzin nümayəndəsi kimi Azərbaycan İnqilab Komitəsinə ümumi siyasi rəhbərliyə göndərildi. Bu, əslində, Nəriman Nərimanovu respublikaya rəhbərlikdən uzaqlaşdırmaq demək idi. 1921-ci ilin iyununda S.M.Kirov Azərbaycan K (b) P MK-nın birinci katibi «seçild». Stalin qvardiyasından olan M.C.Bağırov 1921-ci ilin əvvəllərində Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edildi. Rusiyanın Azərbaycandakı siyasətinin əsil mahiyyətini başa düşən və ona qarşı etiraz edən N.Nərimanovu respublikadan uzaqlaşdırmaq üçün 1922-ci il martın 12-də Zaqafqaziya Respublikaları Federativ İttifaqında (ZRFİ) İttifaq Soveti sədrlərindən biri, 1923-cü il yanvarın 2-də Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) Mərkəzi İcariyyə Komitəsi (MİK) sədrlərindən biri vəzifəsinə seçmişdilər. 1921-ci ildə kommunist partiyası daxilində «təmizləmə» keçirilərkən əsasən Nərimanov tərəfdarlarından 35 min nəfər partiyadan çıxarılmışdı. Bakı partiya təşkilatında qeyri-müsəlmanların hegemonluğunu təmin etmək üçün Sarkiş partiya sıralarından 500 nəfər «iranlı»nı qovdu. Mirzoyan isə iranlı fəhlələrin partiyaya qəbuluna suni mane yaratmışdı. Azərbaycanda, əslində, azərbaycanlıları təmsil edən kommunist partiyası yox idi. AK (b)-nin P Azərbaycanı simasızlaşdırmaq siyasətini həyata keçirmək üçün daşnak – kommunistlərin əlində bir alət olmuşdu. Onlar və onların tərəfdarları isə AK (b) P 2-ci qurultayda qeyd olunduğu kimi, belə deyirdilər: «Müsəlmana etibar etmək olmaz, o ola bilsin ki, yaxşı kommunistidir, ancaq müsəlmandır, onun qəlbində Müsavat ruhu vardır».

Təkpartiyalı siyasi sistemin formalaşdırılması siyasi sistemin bütün dairələri kommunist partiyasının amiranə təzyiqi altında formalaşır və fəaliyyət göstərirdi. 1921-ci il mayın 6-da Bakıda keçirilən Azərbaycan SSR-nin I sovetlər qurultayı qanunverici orqan – Azərbaycan SSR Mərkəzi İcariyyə Komitəsini (MİK) (sədri M.Hacıyev) və icraedici orqan – Xalq Komissarları Soveti (XKS) (sədri N.Nərimanov) seçdi.

Respublikada başqa siyasi partiyalar, demək olar ki, qadağan edilmişdi. İttihadçıların, menşeviklərin, xalqçı sosialistlərin çoxu bolşevik platformasını qəbul etdilər. Qalanları gizli fəaliyyətə başladılar. «Əhrar» partiyası fəaliyyətini dayandırdı. Üzvlərinin bir hissəsi gizli fəaliyyət göstərən Müsavat partiyasına daxil oldu.

Başqa ictimai təşkilatlar bolşeviklərin rəhbərliyi altında, onların diktəsi ilə fəaliyyət göstərirdilər. «Kommunizmin işinə sadiq», bolşevik rəhbərlərə müti, qeyri-təşəbbüskar gənc nəsil yetişdirmək işində komsol motəşkilatına xüsusi rol ayrıldı».

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 24 noyabr.- S.11.