Azərbaycan SSR-də 1920-1940-cı illərdə
sənayeləşdirmə və zorakı kolxozlaşdırma
Sovetləşmə
zamanı Azərbaycan SSR-də sürətlə sənayeləşdirmə
başlandı, sosial dəyişikliklər baş verdi.
T.Qaffarov göstərir ki, Azərbaycanda sənayeləşdirmənin
başlıca məqsədi burada neft hasilatını,
emalını və daşınmasını sürətləndirmək,
bunun üçün müəyyən iqtisadi infrastruktur
yaratmaq idi. İşçiləri təmin etmək
üçün istehlak malları istehsal edən müəssisələrin
yaradılması da nəzərdə tutulurdu. Hələ
1926-cı ilin əvvəllərindən Q.Musabəyovun sədrliyi
ilə təşkil olunmuş respublikanı sənayeləşdirmə
üzrə komissiya da bu məqsədə xidmət edirdi.
1926-1928-ci illərdə işlər Beşillik Sənayeləşdirmə
Planı üzrə gedirdi. Sonra ölkənin iqtisadi idarəçiliyində
yeni metod - beşillik ümumi planlar tətbiq olundu.
Sənayeləşdirmə
partiyanın daha da ciddiləşən amirliyi altında
adamların mənafeyinin, qanının, canının qurban
verilməsi hesabına aparıldı. Fəhlələrin
iş normasını heç bir əsas olmadan həddindən
çox artırmaq hesabına ciddi qənaət rejimi yaradılmışdı.
İşçilərə "könüllü şəkildə"
əmək haqqı əvəzinə 1926 və 1927-ci illərdə
buraxılmış 12 milyon manatlıq dövlət daxili və
xüsusi sənayeləşdirmə istiqrazları verilirdi.
Özünün və vətəninin istismar olunduğunu
görən və əməyə yadlaşan adamları
yalnız dəmir inzibati əmək intizamı ilə işləməyə
məcbur edirdilər. Formal şəkildə fəaliyyət
göstərən istehsalat müşavirələri,
komsomolçu-gənclər kollektivləri, sosializm
yarışları, zərbəçi briqadirlər,
staxanovçuluq, novatorçuluq (1935-ci ildən),
ikiminçilər hərəkatları (1936-cı ildən) və
s. işə qeyri-iqtisadi məcburetməni pərdələmək
vasitələri idi və hay-küylə geniş təbliğ
olunurdu.
Sənayeləşdirmə
kəndlinin istismarı və var-yoxdan
çıxmasını intensivləşdirirdi. Sovet hökumətinin
əsil simasını görən kəndlilər ondan üz
döndərdilər. Kəndlilər taxılın ucuz qiymətə
alınmasına, sənaye mallarının isə baha
satılmasına etiraz edirdilər. 1926-cı ildə kənd
sovetlərinə təkrar seçkilərdə, inzibati tədbirlərə
baxmayaraq, kəndlilərin cəmi 40 faizi, 1927-ci ildə isə
60 faizi iştirak etmişdilər. 1928-ci ildə taxıl
fövqəladə tədbirlərlə, inzibati-zorakı
yollarla kəndlidən alındı. ÜİK(b)P MK-nın
1928-ci il iyun plenumunda Stalin bu tədbirləri pislədi və
taxılın satılma qiymətini artırmağı vacib
bildi. Lakin sonra kollektivləşmə yolu ilə kəndlini
istimar etmək xətti götürüldü. Sənayeləşdirmə
Azərbaycanın iqtisadiyyatının birtərəfli
inkişafını, onun mərkəzdən iqtisadi
asılılığını daha da dərinləşdirdi.
Lakin onun yüzlərlə iş yeri açmaqla (1927-ci ildə
respublikada 32 mindən çox işsiz vardı), fəhlələrin
ümumi texniki səviyyəsini, gəlirlərini artırmaqla
əhalinin maddi güzəranını nisbətən
yaxşılaşdırmaqda rolunu da qeyd etmək vacibdir.
Sənayeləşdirmə
illərində Azərbaycanın neft ehtiyatlarını
aşkar etmək üçün rus alimlərinin rəhbərliyi
altında kəşfiyyat işləri genişləndirilirdi.
20-ci illərin ikinci yarısında Puta, Qaraçuxur, 30-cu illərdə
Lök-Batan, Neftçala, Qala, Artyom (indi qədim adı ilə
- Pirallahı adlanır) adası, Şonqar, Pirsahat, Siyəzən,
Goradiz zəngin neft yataqları kəşf olunub istismara
verildi.
Neftçıxarma
sənayesində 1923-cü ildən başlanan texniki yenidənqurma
davam etdirildi və 1928-ci ildə onun birinci mərhələsi
başa çatdırıldı. Qazma işində köhnə
zərbə-ştanq metodu sıradan çıxdı,
burğulu qazma, turbin maşınları, dərinlik nasosları,
kompressorlar, buxar maşınları əvəzinə elektrik
mühərrikləri tətbiqi ilə daha məhsuldar
texnologiyalardan istifadə olunmağa başladı. 1927-ci ildə
qazma işində tədricən avtomat sistem tətbiq olunmaqda
idi. 30-cu illərin axırlarında dərin neft quyuları qazılması,
quyuların təkrar istismarı texnologiyaları mənimsənildi.
Nəticədə, neft hasilatı 1920-ci ildəki 2,9 milyon tona
qarşı 1928-ci ildə 7,7, 1940-cı ildə isə 22,2
milyon tona çatdırıldi.
Sürətlə
sənayeləşdirmə kənd təsərrüfatının
kollektivləşdirilməsini tələb edirdi. Kəndlilər
belə sənayeləşdirmə xəttini müdafiə
etmirdilər. Onların çoxu Yeni İqtisadi Siyasətin
xeyrini, əlverişli olduğunu görmüşdü.
1925-ci ilədək 70 min yoxsul kəndli təsərrüfatı
ortabab təsərrüfata çevrilmişdi. Varlı
(qolçomaq) təsərrüfatları kəndlərdəki
təsərrüfatların 3 faizini təşkil edirdi. 1928-ci
ildə artıq Azərbaycan SSR-də kəndli təsərrüfatların
6,8 faizi varlı, 51,4 faizi ortabab təsərrüfatlar idi.
1920-1928-ci illərdə respublikada 54 min yeni kəndli təsərrüfatı
yaranmışdı. Onların sayı 354 minə
çatmışdı. Bu təsərrüfatlarda 58 min və
ya 1920-ci ildəkindən 28 min ədəd çox dəmir
kotan vardı. Tarlalarda 1925-ci ildə 200, 1928-ci ildə
artıq 500 traktor işləyirdi. Yoxsul kəndlilərin bir
hissəsi kooperativlərdə birləşirdilər.
Maşından istifadə, torpağı birgə becərmə
sahəsində yoldaşlıqlar təşkil olunmuşdu.
1926-cı ilin martında pambıqçılıq təsərrüfatlarını
idarə edən "Pambıq birliyi"
yaradılmışdı. Sənaye və kənd təsərrüfatı
müəssisələri arasında əlaqə yaranması
üçün xüsusi kontakt sistemi mövcud idi. Bundan
başqa, istehlak kooperasiyası da sənaye ilə kənd təsərrüfatı
arasında möhkəm iqtisadi əlaqəni təmin edirdi.
1928-ci
ildə respublikada 289 kolxoz (4,5 min, əsasən, yoxsul kəndli
təsərrüfatlarını birləşdirən) və
13 sovxoz vardı. Onların təşkilinə və fəaliyyətinə
kömək etmək üçün "Azkolxozsentr" və
"Azsovxozsentr" təşkil olunmuşdu. Lakin Azərbaycan
kəndində elliklə kollektiv təsərrüfatlar təşkil
etməyə şərait yox idi. Burada patriarxal uklad, məişət
və təsərrüfat ənənələri (xüsusən,
yarımköçəri heyvandarlıq təsərrüfatlarında)
güclü idi. Bundan başqa kollektivləşdirmə siyasətini
həyata keçirmək üçün bolşeviklərin
kənddə araxalana biləcəyi möhkəm dayaq hələ
mövcud deyildi. Buna görə də kollektiv təsərrüfatların
sayı çox az idi. 1929-cu ilin sonlarında Azərbaycan SSR-də
kəndli təsərrüfatlarının cəmi 3,4 faizi
kollektivləşdirilə bilmişdi.
Yerli
şəraitdə kollektivləşdirmənin ən
münasib forması yoldaşlıqlar (birliklər) idi. Burada
torpaq və əmək ümümi olur, heyvanlar və istehsal
vasitələri isə şəxsi istifadədə
qalırdı. Kollektiv təsərrüfatların 52,3 faizini
belə birliklər təşkil edirdi.
1928-ci
ildə respublikada mövcud olan 354 min kəndli təsərrüfatının
113,3 mini kooperativlərdə birləşmişdi. 24 min
varlı (qolçomaq), 182 min ortabab, 148 min yoxsul təsərrüfatı
vardı. Belə çoxukladlı təsərrüfatçılıq
istehsalın artmasına kömək edirdi. Kənd təsərrüfatı
məhsulları istehsalının həcmi artıq 1913-cü
il səviyyəsini ötüb keçmişdi.
Yeni
İqtisadi Siyasət xəttindən geri çəkilmək,
sənaye ilə kənd təsərrüfatı arasında əmtəə
mübadiləsini pozmaq, kəndi istismar etməklə sənayeləşdirməni
sürətləndirmək siyasətindən ən çox
varlı və ortabab kəndlilər narazı idilər.
ÜİK(b)P
MK iqtisadi cəhətdən zəif olan milli rayonlarda kollektivləşmə
və qolçomaqlara qarşı mübarizə haqqında
1930-cu il 20 fevral, kolxoz hərəkatında partiya xəttinin əyilməsi
hallarına qarşı mübarizə haqqında 1930-cu il 14
mart qərarlarında bu işdə yol verilmiş tələsiklik,
kobud metodlar pisləndi və Azərbaycan da daxil olmaqla iqtisadi
cəhətdən zəif olan rayonlarda elliklə kollektivləşmə
üçün hazırlıq tədbirləri görməyin,
şərait yaratmağın vacib olduğu göstərildi.
Ciddi inzibati təzyiqlə belə bir şərait
yaradılmağa başlandı. Maşın-Traktor
Stansiyalarının (MTS-lərin) və sovxozların sayı
artırıldı. 1930-cu ildə respublikada 19 MTS, 26 sovxoz
vardı. 1937-ci ildə MTS-lərin sayı 57-ə,
sovxozların sayı 50-ə
çatdırılmışdı. İctimai təsərrüfatların
texniki təchizatı yaxşılaşmışdı. Kolxoz
və sovxoz tarlalarında 1931-ci ildə 2,8, 1937-ci ildə isə artıq 5,6 min
traktor işləyirdi.
Kənd
partiya təşkilatları da möhkəmləndirilmişdi.
MTS və sovxozlarda siyasi şöbələr təşkil
edildi. Onların inzibati rəhbərliyi ilə kəndlərdə
partiya özəklərinin, kommunistliyə namizəd
qruplarının sayı artırıldı. Siyasi şöbələrin
qəzetləri kənd əhalisinin "tərbiyə"
olunmasında, elliklə kolxozlaşmanın sürətlənməsində
əhəmiyyətli rol oynadılar.
Kollektivləşmə
illərində Azərbaycanda ailələri ilə birlikdə
varlı kəndlilər, ortabab kəndlilərin bir hissəsi
- 200 mindən çox kəndli sovet hökumətinin, kolxozun
düşməni kimi məhv edildi, sürgünə göndərildi,
digər təqiblərə məruz qaldı. Azərbaycanda kənd
təsərrüfatının kolxozlaşdırılması
işi, əsasən, ikinci
beşillikdə (1933-37-ci illərdə) başa
çatdırıldı.
Azərbaycanın
maddi və mənəvi potensialından öz məqsədləri
üçün daha səmərəli istifadə etməyə
çalışan Moskva burada ucuz əmək
ehtiyatlarının yaradılmasında çox maraqlı idi. Əhalinin
sayının artması, qadınların istehsalata geniş cəlb
olunmasına qayğı onun əsas vasitələri idi.
1920-1940-cı
illərdə respublikada
əhalinin sayı 1,9
milyondan 3,3 milyona çatdı. Kənddə təbii
artım sürətli idi. Şəhər
əhalisinin sayı intensiv çoxalırdı. Qadınlarla kişilərə bərabər
hüquqlar verilmişdi. Hələ 1921-ci
ildə Azərbaycan qadınlarının I qurultayı
onların emansipasiyasında vacib istiqamətləri göstərdi.
Azərbaycan qadınları ictimai həyata
geniş qoşulmaqla yanaşı, xalqın sağlam ailə
və məişət ənənələrinin həqiqi
qoruyucusu oldular.
Azərbaycanda müstəmləkə təsərrüfatının
inkişafında qadın əməyindən geniş istifadə
olunurdu. Fəhlə və qulluqçu qadınların
sayı 1920-ci ildəki 17 mindən 1940-cı ildə 165 minə
çatmışdı. Kənd təsərrüfatında,
xüsusən, çox ağır zəhmət tələb
edən pambıqçılıqda qadın əməyindən
daha geniş istifadə edilirdi.
Azərbaycan çoxmilli respublika idi. 30-cu illərin əvvəllərində
burada 1,6 milyon Azərbaycan türkü, 3,3 yüz minə qədər
erməni, bir o qədər rus, 89 min talış, 79 min ləzgi,
60 min tat, 22 minə qədər avar, 15 min saxur, 9 min yəhudi
və b. məskun idilər.
Bolşevik rəhbərlər yalnız fəhlə
sinfini, milli ucqarlarda, o cümlədən, Azərbaycanda
qeyri-müsəlman, fəhlələri öz hakimiyyətinin
etibarlı dayağı hesab edirdilər. Çünki
fəhlələr maddi istehsalda mühüm rol
oynayırdılar, onların siyası və mədəni səviyyələri
aşağı idi, kommunist partiyasına daha çox cəlb
edilir və onun vasitəsilə idarə olunurdular.
Ümumiyyətlə, respublikanın iqtisadi-mənəvi
potensialından öz məqsədləri üçün səmərəli
istifadə etməyə çalışan Moskva burada
istehsalın sosial infrastrukturasının müəyyən hədlər
daxilində inkişafına imkan yaratmağa məcbur idi,
çünki bunlarsız istismar etmək üçün
işçi qüvvəsi kifayət qədər istehsal və
təkrar istehsal oluna bilməzdi. Mənzil tikintisinə
diqqət artırılmışdı. 20-30-cu illərdə
respublikada 6,5 milyon kvm yaşayış sahəsi
olan evlər (o cümlədən, dövlət tərəfindən
2 milyon kvm) tikilmişdi.
Respublikada 4556 yaşayış məntəqəsi
vardı (1917-ci ildə 3813 yaşayış məntəqəsi
mövcud idi).
Şəhərlərin sayı 20-30-cu illərdə
iki dəfə artıb 26-ya çatmışdı.
1921-1925-ci illərdə Bakı şəhəri memarlıq
baxımından yenidən qurulmağa başladı, yeni küçə
və meydanlar, bağ və parklar salındı. Görkəmli
memarlar M.Ə.Hüseynovun və S.Ə.Dadaşovun layihələri
üzrə Politexnik İnstitutun (1931-1933-cü illərdə),
"Nizami" kinoteatrının (1937-1939-cu illər), Nizami adına Azərbaycan ədəbiyyatı
muzeyinin (1940-cı ildə) yaraşıqlı binaları
tikildi. 1924-cü ildə Bakıda tramvay, 1941-ci
ilin əvvəllərində traleybus xətləri işləməyə
başladı. 1933-cü ildə Gəncədə tramvay xətti
istifadəyə verildi. Şəhərlərin
su təchizatı nisbətən yaxşılaşdı.
Su kəməri olan şəhərlərin
sayı 3-dən 18-ə qalxdı. Bakıda
şollar su kəməri bərpa olundu və nisbətən
genişləndirildi. 1934-cü ildən
ikinci Bakı su kəməri tikintisinə başlandı, lakin
bu tikinti çox ləng gedirdi. Bu illərdə
Göyçay, Salyan, Ağdam, Qazax, Quba, Ağdaş və
başqa şəhərlərə su kəmərləri,
elektrik xətləri çəkildi. Gəncə, Nuxa xeyli abadlaşdı.
DQMV-də Xankəndi
şəhərə çevrildi.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 27 noyabr.- S.11.