Novruz Məmmədov: “Münaqişə sülh yolu ilə həll olunmazsa, Ermənistanın taleyi sual altında qalacaq

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Səs TV-yə müsahibəsi

 

- Novruz müəllim, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda bir müddətdir fasilə yaranmışdı. Həmsədrlərin regiona növbəti səfəri bu fasiləni aradan qaldıra bilərmi?

- Biz ümid edirik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə bu səfəri, onların atdığı addımlar müəyyən mənada yaranmış fasilədən sonra müsbət nəticə versin. Çünki məsələnin belə qalması qəbuledilməzdir. Mövcud vəziyyət həmsədr dövlətlərin, eləcə də həmsədrlərin özlərinin fəaliyyətinin nəticəsiz qalmasını nümayiş etdirir. Bütün bu proseslər onların atdıqları addımları sual altında qoyur. Sual da bundan ibarətdir: Dünyanın üç ən güclü, aparıcı dövlətlərinin həmsədr olduğu bir qurumda iki kiçik dövlət arasında olan bu münaqişə ilə bağlı ötən 20 il ərzində heç bir nəticənin əldə olunmaması və vaxtaşırı Ermənistanın separatçı, avantürist rəhbərləri tərəfindən müəyyən bəhanələr gətirilərək danışıqlar prosesinin uzadılması nə qədər davam edəcək? Həm BMT Təhlükəsizlik Şurasının qətnamələri var, eyni zamanda Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, NATO-nun və digər beynəlxalq, regional təşkilatların mövqeləri var. Bunlarla yanaşı, həmçinin dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu bəyanatlarında hər dəfə qeyd edirlər. Bundan da əlavə həmsədr dövlətlərin rəhbərlərinin 4 mühüm bəyanatı var və o bəyanatların da əsas qayəsi bundan ibarətdir ki, status-kvo belə qala bilməz, dəyişilməlidir. Digər tərəfdən həmsədrlər müxtəlif qurumlar içərisində Afinada Madrid prinsiplərini müəyyənləşdiriblər. Danışıqlar da bu istiqamətdə gedib. Əgər müəyyən prinsiplər varsa, danışıqların getməsi prosesində Azərbaycan tərəfi konstruktivlik, qətiyyət göstərir, sülh və danışıqlar yolu ilə münaqişənin həlli üçün əlindən gələni edir. Digər işğalçı Ermənistan tərəfi bu əraziləri daim öz nəzarət altında saxlamağa çalışır və münaqişənin həll olunmasına maneçilik törədir. Burada bir səbəb var. Ermənistanın indiki rəhbərləri aciz və iradəsizdirlər. Onlar özlərinin avantürist siyasətlərinin girovuna çevriliblər. Artıq bilirlər ki, ədalətli bir addım atmalı olsalar, onları süpürüb zibil yeşiyinə atacaqlar. Buna görə də hər dəfə bir bəhanə taparaq danışıqları uzadırlar, lakin bu, uzun müddət davam edə bilməz. Düşünürəm ki, həmsədrlər, həmsədr dövlətlərin rəhbərləri müəyyən mənada bir qətiyyət göstərməlidirlər. Bu qədər müşahidə xarakterli yanaşma da düzgün deyil. Ona görə də hər halda bu fasilədən sonra həmsədrlərin regiona səfəri zamanı hansısa bir addımın atılacağına ümid etmək olar. Çünki bundan əvvəl Azərbaycan prezidenti müxtəlif görüşlərdə də, xüsusilə Fransa prezidenti ilə görüşündə, digər həmsədr ölkələrinin rəhbərləri ilə təmaslarda, yazışmalarda bu məsələ ilə bağlı konkret öz mövqeyinin bildirmişdi.

- Məlumata görə, həmsədrlərin səfəri zamanı yeni təkliflər irəli sürüləcək. Bunu danışıqların yeni mərhələsi adlandırmaq olarmı və yaxud hər şey sıfırdan başlayır?

- Mənim mətbuatda gedən bir sıra məlumatlara dövlət rəsmisi olaraq mövqe bildirməyim düzgün deyil. Çünki orada nə dərəcə düzgün məlumat verildiyi dəqiq deyil. Misal üçün, bu gün mətbuatda xəbər yayılır ki, prezidentlərin görüşü hazırlanır, bu görüş Parisdə baş tutacaq, yaxud həmsədrlər yeni təkliflərlə gəlirlər. Bütün bunlar rəsmi olaraq öz təsdiqini tapandan sonra, yəni nə ilə gəlirlər, nə təqdim edəcəklər və bundan sonra mövqe bildirmək olar. Amma bu gün danışıqlar stolu üstündə konseptual formada Madrid prinsipləri var. Bu prinsiplər üzərində danışıqlar davam etdirilməlidir. O yeni fikirləri bəzən məqsədli şəkildə yayırlar qarşı tərəfin mövqeyini öyrənmək istəyirlər.

- Erməni mətbuatının yaydığı digər məlumata görə, ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Dublində keçiriləcək 19-cu iclasında Azərbaycan Ermənistan xarici işlər nazirləri arasında sənəd imzalanacaq. Bu dərəcə əsaslandırılmış məlumatdır, ümumiyyətlə bu görüşlərdən müsbət isə gözləmək olar?

- Görüşlərdən gözləntilərimiz budur ki, Ermənistan tərəfi nəhayət özündə bir iradə tapıb ölkənin, erməni xalqının gələcək taleyi ilə bağlı düzgün düşünə bilsin, doğru qərar versin. Əgər münaqişə sülh yolu ilə həll olunmazsa, ölkənin , erməni xalqının da taleyi sual altında qalacaq. Bütün bunları nəzərə alıb, konkret addım atsınlar. O ki, qaldı hər hansı bir sənədin imzalanacağı məsələsinə, bununla bağlı isə deyə bilmərəm. Çünki sənədin imzalanması ilə bağlı məndə konkret rəsmi məlumat yoxdur. Mən bunu dəfələrlə müşahidə etmişəm ki, danışıqlara uzunmüddətli fasilələr verildiyi zaman Ermənistan tərəfi bu cür informasiyaları ortaya atmaqla, beynəlxalq ictimaiyyəti bir qədər sakitləşdirmək istəyir. Çünki bu münaqişə ilə maraqlananlar çoxdur, həmsədr dövlətlər var, onların rəhbərləri var. Müəyyən qurumlar, beynəlxalq təşkilatlar var ki, daim hesabatlar hazırlayırlar. Amma bu prosesdə fasilələr olmamlıdır, görüşlər, danışıqlar davam etdirilməlidir.

- Ölkə prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizliyə sabitliyə ən böyük təhlükə olduğunu bildirib. Sizcə, Sarkisyan rejiminin bu təhlükənin ağırlığını başa düşməməsi ilə bağlıdır?

- Ermənistan rəhbərləri öz xalqları üçün daim fəlakət gətiriblər. Onların hansı rəhbəri hakimiyyətə gəlirsə, avantürist, separatçı fikirlər ortaya qoyur, xalq da onların arxasınca gedir. Özləri görürlər ki, bu addımlar xalqı hansı günə gətirib çıxarır. Bu gün ermənilər dünyanın demək olar ki, hər yerinə səpələniblər. Düzdür, bu, məcburi səpələnmə deyil. Onlar həmişə başqasının qoltuğu altında, himayəsində yaşamağı sevirlər. Onlar kənarda ola-ola torpaq üçün dəridən-qabıqdan çıxırlar. Məsələ bundadır ki, bir xalq kimi bu ərazidə, bu regionda gələcəkdə necə yaşayacaqlarını təsəvvür edə bilmirlər. Başa düşməlidirlər ki, doğrudan da ermənilər Azərbaycanın tarixi ərazilərində bir dövlət qurub, yaşamağı planlaşdırırlarsa (söhbət keçmiş ərazilərdən gedir), özlərini normal, bir qonşu xalq kimi aparmalı, konstruktiv olmalıdırlar. Belə olmazsa gələcəkdə erməni xalqının, dövlətinin taleyinin sual altında qalacağına heç bir şübhə yoxdur. Dünya hər zaman dəyişir, bu dəyişiklik göz qabağındadır. 5-10 ildən sonra elə dəyişikliklər ola bilər ki, Ter-Petrosyanın özünün etiraf etdiyi kimi, gəlib diz çökübbizim günahlarımızdan keçindeyə yalvaracaqlar, bu zaman isə gec olacaq. Ermənistan rəhbərliyi yalnız şəxsi maraqlarına bu gün hər şeyi qurban verirlər. Onların avantürist siyasəti elə bir situasiya yaradıb ki, onlar öz siyasətlərinin girovuna çevriliblər.

- Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının, eləcə bu tip beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin getdikcə artan nüfuzunun göstəricisi hesab etmək olarmı?

- Doğrudan da bu belədir. Bunu təkcə biz yox, dünya da belə qəbul edir. Azərbaycan bir ay ərzində təkcə bir mühüm, beynəlxalq tədbir həyata keçirmir. Yalnız 2012-ci ilə nəzər salsaq, 10-a yaxın yüksək səviyyəli beynəlxalq tədbir keçirilib. Zirvə görüşləri təşkil olunub, Beynəlxalq Humanitar Forum keçirilib, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri dövlət hökumət başçılarının zirvə toplantısı digər belə mühüm tədbirlərə ev sahibliyi edib. 2011-ci ildə möhtəşəm tədbirlər keçirilmişdi. Bu kimi tədbirlərin sayı da ildən-ilə artır. Bu tədbirlər şübhəsiz ki, ölkənin nüfuzunun, qüdrətinin artmasının nəticəsidir. Bu gün Azərbaycan təkcə regional lider yox, bu hüdudlardan kənarda söz sahibi olan bir dövlətdir. Azərbaycanın təkcə ötən il 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik şurasına üzv seçilməsi artıq böyük bir mərhələnin sərhədi oldu. Bu gün Azərbaycan beynəlxalq proseslərdə çox fəal iştirak edir.

 Avrasiyanın 300-dən çox partiyasının rəhbərlərinin 7-ci toplantısının Azərbaycanda keçirilməsi böyük bir hadisədir. Onlar Azərbaycanın necə bir ölkə, Bakının necə bir paytaxt olduğunu öz gözləri ilə görürlər. Bu, çox mühüm hadisədir. Digər bir tərəfdən isə, Azərbaycan özünün bütün mesajlarını dünya ictimaiyyətinə məhz bu toplantı, həmin o partiyaların vasitəsilə çatdırdı bundan sonra da bu proses davam edəcək.

 

 

Cabir Məmmədov

 

Səs.- 2012.- 27 noyabr.- S.5.