Azərbaycan SSR-də bolşevik rejiminə qarşı silahlı üsyanlar (1920-1930-cu illər)

 

Sovetləşmənin ilk illərindən bolşevik rejiminə qarşı xalq üsyanları başlandı. ABŞ tarixçisi T.Svyatoçovski bu üsyanları "Azərbaycan döyüşü" kimi səciyyələndirərək yazırdı ki, Bakıda hakimiyyətin devrilməsindən keçən bir ay ərzində Azərbaycan Respublikasının sərhədlərindən aralıda İrana, Gürcüstana və Ermənistana başlanan sovet hücumu müvəffəqiyyətsizliyə uğradı. Bu vəziyyət isə azərbaycanlıların narahatçılığını yüngülləşdirdi. Çünki onlar işğalın mənəviyyatı sarsıdan zərbəsindən xilas oldular. Siyasi fəaliyyət göstərən iki antisovet mərkəzin meydana gəlməsinə baxmayaraq, müxalifət nə sıx şəkildə birləşə bilmişdi, nə də tələb olunan səviyyədə təşkilatlanmışdı. Bu mərkəzlərdən biri Tiflisdə Xan Xoyskinin başçılığı ilə qaçqınların yaratdığı Azərbaycanın Qurtuluş Komitəsi, ikincisi gənc müsavatçılar Mirzəbala Məmmədzadə, Əbdülvahab Yurdsevər və Cəfər Cabbarlının rəhbərlik etdikləri Azərbaycanın Müstəqilliyi Təşkilatı idi. Sovet üsuli-idarəsinə qarşı göstərilən müqavimət özünü, əsasən, artmaqda olan xalq narazılığı formasında göstərirdi ki, bu da hərbi kommunizm təcrübəsinin kobud şəkildə tətbiqi ilə bağlı idi.

Canlı şahidlər sərxoş dənizçilərin, əsgərlərin və çekistlərin ağlasığmaz vəhşiliklərini, soyğunçuluq hallarını, təhqiramiz hərəkətlərini, rəsmən tanınmış başlıca insan hüquqlarının məsxərəyə qoyulmasını, qadınların zorlanması hallarını və buna oxşar sayagəlməz cinayətkar hərəkətlərini, Çeka özəklərinin törətdiyi,ustalıqla ört-basdır etdiyi dəhşətləri sonralar daim xatırlayacaqlar... Hər gün, hər saat axtarışlar, qeyri-qanuni və qərəzli xarakter daşıyan müsadirələr aparılırdı.

Narazılıq əhvali-ruhiyyəsi həmçinin devrilmiş rejimə o qədər də sadiqlik göstərməyən Azərbaycan qoşunlarına sirayət etdi. Yerli hərbçilər Azərbaycan silahlı qüvvələrinin qırmızı ordu təbirincə yenidən təşkil olunmasından qeyzləndilər. Bu, zabitlərin tərxis olunmasına və birləşmələrin parçalanmasına səbəb olacaq bir sistem idi. Rus ordusu zabitlərinin Gəncədə yerləşmiş diviziya komandiri, polkovnik Mirzə Qacarı vəzifəsindən götürmək cəhdi həmin ərəfədə Azərbaycanda ilk və ən güclü qiyamın qalxmasına səbəb oldu. Beləliklə, gec də olsa, Azərbaycan üçün əsil döyüş başlandı.

 Cəmi 1800 döyüşçüdən ibarət Gəncə diviziyası mayın 26-sı gecəsi qiyam etdi. Qiyamçılar cəld şəhərin müsəlmanlar yaşayan məhəllələrini ələ keçirdilər və dəmiryol stansiyası ətrafında ağır döyüşlər getdi. Azərbaycanlılar rusları bu rayondan sıxışdırıb çıxartmaq istəyirdilər, ancaq bu, onlara müyəssər olmadı. Dəmiryol ilə qırmızı orduya çoxlu əlavə hərbi qüvvə daxil olan zaman Gəncənin böyük bir hissəsi mühasirəyə alındı və onun ətraf rayonlarla əlaqəsi kəsildi. Ruslar ardı-arası kəsilmədən hücuma keçsələr də, hər dəfə ağır itkilər verərək dəf olundular. Lakin son məqamda rusların çoxlu canlı qüvvəsi və ara verməyən artilleriya atəşləri hesabına onlar üstünlüyü ələ aldılar. Döyüş mayın 31-də sona yetməzdən qabaq minə yaxın qiyamçı həlak oldu bəziləri lap axırıncı gün yerli ermənilərin əli ilə qətlə yetirildi. Digər döyüşçülər dağlara qaça bildilər. Gəncə qiyamından sonra həyata keçirilən cəza tədbirləri amansız olub, kütləvi xarakter daşıdı. Həmid Sultanov Bakıdan uzaqlaşdırıldı. Yüzlərlə vəzifə cəzası alanlar oldu. Bütün azərbaycanlı generalları həmin təmizləmənin qurbanı oldular. Nərimanovun işə qarışması ilə Şıxlinski və Mehmandarov xilas olundu. Bundan əlavə, altı polkovnik, üç mayor və yeddi kapitan həlak oldu. Onlardan çoxu Gəncə qiyamı başlayandan bir gün sonra Nargin adasında güllələnən 76 nəfərdən ibarət qrupun üzvləri arasında idilər. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər həlak olanların sayı 48000 nəfərə çatdı.

 Gəncə üsyanı XI Ordu komandanlığında təşviş hissi oyatdı və həmin vaxt verilən xüsusi sərəncamda "təlqin olunmuş milli və dini ideyalar zəminində köklənən qarışıqlığın kütləvi xarakter ala biləcəyi" imkanı nəzərə alınırdı. Belə olduğu təqdirdə, qoşunlar əks-hücumların mərkəzi sayılan Bakıya cəmlənməli idilər. Digər bir sərəncamda xalq narazılığını doğuran dərin səbəbləri araşdırmaq məqsədi güdülürdü:

Bir şeyin pulu ödənilmədən müsadirəsi əsla yolverilməzdir. Qəbz təqdim etmədən, yerindəcə haqqını nağd pulla ödəyin. Hər bir adama izah edin ki, o öz dininə ehtiram bəsləməyə borcludur və hazırkı vaxtda din xadimlərinə qarşı təbliğatı dayandırmaq, adət-ənənələrə hörmət etmək lazımdır.

Keçmişə nəzər salanda, XI Ordunun baş komandanlığının əmrlərinin həyəcanlı tonu üsyanların xarakter və mahiyyətinin təsiri altında çox güclü səslənirdi. Ölkəni üsyan dalğası bürüdü. Lakin bunların heç biri gücünə görə Gəncə üsyanına çata bilməzdi. Gəncə tamamilə susdurulduqdan və rus hərbi qüvvələri bütün Azərbaycan boyu gedən vuruşmalarla əlaqədar səfərbər edildikdən sonra Qarabağda böyük üsyan baş verdi. Üsyanın başında Nuri Paşa dururdu. Panislamçıların əksəriyyəti kimi onun da bolşeviklərə bağladığı ümidlər tamamilə boşa çıxmışdı. Üsyançılar Şuşanı ələ keçirdilər. Burada Azərbaycanın piyada alayı onların tərəfinə keçdi, lakin sonra bu qüvvələr hərbi hava qüvvələri eskadronunun dəstəklədiyi qırmızı ordu süvari diviziyası ilə üz-üzə gəldilər. Qırmızıları Zaqatalada yeni bir üsyan təhlükəsi gözləndiyinə baxmayaraq, iyunun 15-də asanlıqla Şuşanı yenidən ələ keçirdilər. Bundan sonra, çox keçmədən Nuri Paşanın qüvvələri parçalandı və ordunun qalıqları İran sərhədlərinə, Xiyabaninin Azadistanına tərəf çəkildilər.

Zaqatalada qiyamın əsas səbəbi yerli revkomun əhalinin tərksilah olunması haqqında verdiyi əmrlə bağlı idi, lakin bu qiyamın dini motivlərlə qızışdırıldığını göstərən əlamətlər də vardı. Qiyamın başçısı min nəfər kəndlini və piyada batalyonu öz ətrafında toplamış din xadimi Hafız Əfəndiyev idi. On gün sonra üsyan uğursuzluğa uğradı və üsyan iştirakçıları pərən-pərən düşdülər. Onların bəziləri Gürcüstanla Azərbaycanın arasında yerləşmiş dağlara qaçdılar. Bu üsyanların islami xarakter daşıması yüzlərlə ittihadçının həbs olunması və keçən illərdə İttihad partiyasının antimilli və bəzi hallarda bolşevikpərəst mövqe tutmasına baxmayaraq, onun fəaliyyətinin qadağan olunması üçün bəhanə oldu.

Amansız irtica üsyanı zəiflətdiyi kimi, kənd əhalisinin iştirakçısı olduğu yerli qiyamlara müstəsna dərəcədə xas olan zəif cəhətlər də onun təsir gücünü azaldırdı. Müstəqil respublikanın bərpa olunmasına dair ara-sıra eşidilən çağırışlar diqqətəlayiq idi. Dövlət anlayışı yad anlayış idi, özünü doğruldan milli dövlət anlayışı isə adi yenilikdən ötüb dərin kök sala bilməmişdi. Antisovet üsyanları darçərçivəli, qısamüddətli olmasına və pərakəndəliyinə görə XIX əsrin I yarısındakı qiyamlara bənzəyirdi. Eləcə, yüz il bundan qabaq olduğu kimi, yerlərdə baş verən, ölkəni başdan-başa bürümüş qiyamlar bir-birinin ardınca yatırıldı. Ruslar artıq sünni-şiə təfriqəsindən öz xeyirlərinə istifadə edə bilməsələr də, yerli fəhlələrin arasına ikitirəlik salmaqla vətəndaş müharibəsi toxumu səpirdilər. Özübu dəfə şəhər kəndə qarşı qoyulurdu.

Bununla belə, qiyam ardıcıl olmasa da, davam edirdi. 1920-ci ilin sentyabrında keçirilən Bakı konqresindən, demək olar ki, dərhal sonra xalq üsyanı dalğaları yeni vüsət aldı. Bu üsyanlardan ən böyüyü Dağıstanda başladı. Bununla da XI qırmızı ordunun Rusiya ilə əlaqə saxlaması üçün təhlükə yarandı. Müsəlman müqavimətinin bu tarixi qalasında şəriətin müdafiəsi adı altında döyüş ta 1921-ci ilin yazına qədər davam etdi. Bu mübarizənin təsiri, xüsusilə, nümunə olmaq və ruhlandırmaq cəhətlərinə görə, Azərbaycanda çox hiss olundu. Dağıstan rəhbərləri Səid bəy və Əlixanov dini amal və məqsədlərdən tamamilə uzaq olan adamları aşkar edərək, onları ruhlandırıb Azərbaycanda ayağa qaldırdılar. Quba uyezdində beş min nəfərdən ibarət qiyamçılar qrupu ayağa qaldırıldı. Qaradanlı və Qarabulaqda Cəmməd bəyin başçılığı altında partizan qüvvələri fəallıq göstərirdi; Qaradanlıda başqa bir partizan qüvvəsinə Xan Şirvanski başçılıq edirdi. 1920-ci ilin noyabrında Namaz adlı birisinin başçılıq etdiyi böyük bir dəstə Zəyəm çayı vadisindəki dağ yollarını ələ keçirməklə, qırmızı ordu qüvvələrini həftələrlə əl-qol açmağa qoymadı. İlin sonunda Lənkəranın cənub sahil zonası böyük bir qiyamın döyüş meydanına çevrildi ki, bu qiyam ancaq dənizdən və qurudan olan birgə hücumların daxil edildiyi mürəkkəb hərbi əməliyyat nəticəsində yatırıldı.

 Silahlı müqavimətin 1924-cü ilə qədər çəkməsinə və gizli fəaliyyət aparan təşkilatların 20-ci illərin son günlərinədək duruş gətirməsinə baxmayaraq, 1920-ci il dekabrın 2-də Ermənistanın, 1921-ci il martın 18-də Gürcüstanın işğalı ilə kommunistlər Azərbaycan üzərindəki mövqelərini möhkəmlətdilər.

T.Qaffarov bolşevik peşəsinə qarşı xalq üsyanlarının 1930-1931-ci illərə qədər davam etdiyini göstərərək yazır ki, gizli siyasi təşkilatlar, dini icmalar, xaricdəki Azərbaycan mühacir mərkəzləri xalqın mübarizəsini istiqamətləndirirdi. Səbr kasası dolmuş xalq silaha əl atır, üsyan edirdi. N.Nərimanov haqlı olaraq yazırdı ki, indi Azərbaycanda sovet hakimiyyətini yalnız süngü gücünə saxlayırlar.

1922-ci ilin ortalarında Qubadlı qəzasında başlanmış xalq üsyanı 1923-cü ilin əvvəllərində daha da genişlənmişdi. Üsyana ruhanilər başçılıq edirdi. Sovet hakimiyyətinə qarşı "müqəddəs müharibə" elan olunmuşdu. 1923-cü ilin fevralında Kürdəmir və Göyçay bölgələrində, 1924-cü ildə Gülmalı xanın başçılığı ilə Qarabağda və Zəngəzurda sovet hakimiyyətinə qarşı üsyan etmiş xalq silahlı partizan dəstələri yaradaraq mübarizəni davam etdirirdi. 1925-ci ilədək Azərbaycan SSR-də istilaçı orduya, bolşevik rejiminə qarşı 54 silahlı üsyan baş vermişdi.

1924-cü ilin avqust-sentyabr aylarında Borçalı və Qarayazı bölgələrində də antisovet çıxışlar başlanmışdı. "Gürcüstanda müsəlmanların torpaqlarını zorla alıb ermənilərə, almanlara verir, yaylaqlarda qoyun sürülərini zorla çobanların əlindən alır, Ramazan ayında minarələrdəki müəzzinləri söyürdaşa basır, qadınları təhqir edirdilər". (Ö.F.Nemətzadə).

Ermənistanın ələ keçirdiyi ərazilərdə azərbaycanlılara qarşı münasibət bundan da pis idi. Ədalətsizliyə, ona dayaq olan bolşevik rejiminə qarşı etiraz hissi 20-ci illərin ortalarından (1929-1930-cu illərdə-B.Ö.) Mərkəzi Qafqazda azərbaycanlıları üsyana qaldırmışdı. Üç respublikanın qovuşağında Qarayazı, Lori düzənliyi və Qaraxaç yaylağında İsaxan Hacıbayramlının başçılığı ilə silahlı dəstələr yaradılmışdı. İsaxan sərkərdə məharətli bir igid idi. O, əmisi oğlu gözəl natiq, antikommunist təbliğatçı olan Qurban Hacıbayramlı ilə birlikdə bu bölgədə azərbaycanlıların mənafeyini fədakarlıqla müdafiə etmişdi.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 28 noyabr.- S.11.