Azərbaycan SSR II Dünya
müharibəsindən sonrakı illərdə (1946-1950-ci illər)
II Dünya müharibəsində
SSRİ-nin qalib gəlməsi onun nəzarəti altında olan
bütün regionlarda, o cümlədən, Azərbaycan SSR-də
totalitarizmin daha da güclənməsinə səbəb oldu.
T.Qaffarov yazır ki, Stalinin, Azərbaycanda isə həm də
Bağırovun şəxsi nəzarəti altında işləyən
Dövlət Təhlükəsizlik və Daxili İşlər
Nazirlikləri güclü totalitar rejimin təmin olunması
üçün mühüm vasitə idilər. Adamlara
qarşı etimadsızlıq, gizli izləmə,
düşüncələrə nəzarət,
çuğulluq, satqınlıq daha da artmış, cəmiyyətdə
ümumi vahimə yaradılmışdı.
Hamı bir-birindən şübhələnirdi.
Bütün hakimiyyətin Stalinin əlində cəmləşdirilməsinə
mənəvi cəhətdən haqq qazandırmaq
üçün onu bütləşdirmək, hər vasitə
ilə kütlələrdə onun şəxsiyyətinə pərəstiş
formalaşdırmaq totalitar üsul-idarəni daha da gücləndirməyin
vasitələrindən biri idi. Stalinin şəxsiyyətinə
pərəstiş kütləvi psixoz səviyyəsinə
çatdırılmışdı. İnzibati-amirlik
üsul-idarəsinin daha da güclənməsi, ictimai
mülkiyyətə sərəncam vermək hüququnun
partiya-təsərrüfat bürokratiyasına məxsus
olması, sözdə verilmiş bəzi demokratik
hüquqların da təmin olunmaması əhalini siyasətdən
daha da uzaqlaşdırmışdı. "Xalq hakimiyyəti"
orqanlarına seçkilər ciddi nəzarət, inzibati təzyiq
altında keçirilirdi. Səsvermədən yayınmaq, demək
olar ki, mümkün deyildi. Sovet imperiyasının
"Parçala-hökm et!" siyasəti xalqlar arasında
daim münaqişə, süni konfliktlər, problemlər
yaradılmasında daha aydın təzahür edirdi. Moskva
Qafqazda da Azərbaycan, erməni, gürcü və başqa
xalqları bir-birinə qarşı qoymaq və hamısı
üzərində hakim mövqeyini saxlamaq üçün
ciddi milli münaqişə ocaqları yaratmışdı.
Bunlardan ən dərini Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində yaratdığı muxtar vilayətdə
idi. Moskvanın fitvası və havadarlığı ilə mərkəzdəki
erməni lobbisinə arxalanan erməni millətçiləri,
daşnaklar vaxtaşırı Azərbaycanın əsasən
XIX əsrin əvvəllərindən ermənilər tərəfindən
məskunlaşdırılmış bu ərazisinin ondan
qoparılıb Ermənistana verilməsi tələbi ilə
çıxış edirdilər. 40-cı illərin ortalarında
Moskvanın, bilavasitə, A.Mikoyanın təşəbbüsü
ilə Ermənistanda partiya elitasının fəal
iştirakı ilə "gizli" Qarabağ hərəkatı,
"Qarabağ komitəsi" yaradılmışdı.
1945-ci ilin payızında Ermənistan rəhbərliyi növbəti
dəfə ÜİK(b)P MK qarşısında Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin ondan alınıb Ermənistana
verilməsi tələbini qoyur. ÜİK(b)P MK katibi
Q.M.Malenkov Azərbaycan canişini M.C.Bağırovun bu məsələyə
münasibətini öyrənir. Bağırov əhalisinin əksəriyyəti
azərbaycanlı olan Şuşa rayonundan başqa
Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistana
bu şərtlə verilməsinə
razılığını bildirir ki, bu torpaqların əvəzinə
Ermənistanın əsasən azərbaycanlılar məskunlaşmış
rayonları Azərbaycana birləşdirilsin. Əslində,
bu, ermənilərə böyük güzəşt
olardı, çünki Azərbaycana birləşdirilməsi
təklif edilən torpaqlar 1920-ci ildə onun "öz
razılığı" ilə Ermənistana verilmiş ərazilərin
bir hissəsi idi. Lakin bu şərt Ermənistan bir yana,
heç mərkəzi də təmin edə bilməzdi. Bu, Zəngəzurun
yenidən Azərbaycana qaytarılması ilə Türkiyə
və sovet imperiyasının türk xalqları arasında yaradılmış
"erməni ərazisinin"
ləğvi demək olardı.
Əksinə, Moskva Şərq və Qərb türk
dünyası arasında yaratdığı "sanitar
kordon"u daha da möhkəmləndirmək tədbirləri
gördü. Azərbaycanlıların Ermənistan SSR ərazisindəki
dədə-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın
23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən
kolxozçuların və başqa azərbaycanlı əhalinin
Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında" qərar verdi.
1948-ci il 10 mart tarixli daha bir qərarla bu işi həyata
keçirmək üçün konkret tədbirlər
planı müəyyən olundu. Qərara görə 100 min azərbaycanlı
1948-ci 1950-ci illərdə "könüllülük
prinsipinə əsasən" Azərbaycana
köçürülməli idi. Sovet hökuməti azərbaycanlıların
çıxarıldığı ərazilərdən xaricdən
gələn ermənilərin - "axbarların" yerləşdirilməsinə
icazə verdi. 1948-1953-cü illərdə heç bir
könüllülük prinsipi nəzərə alınmadan
Ermənistan SSR-dən 144 mindən çox azərbaycanlı
zorla Azərbaycan SSR-ə köçməyə məcbur
edildi. Ermənistanın dağlıq bölgələrindən
Azərbaycanın Kür-Araz ovalığına
köçürülən on minlərlə əhalinin taleyi
daha faciəli oldu. Moskva müharibədən sonrakı ilk
beşillik planda (IV beşillik - 1946-1950-ci illər)
respublikanın məhsuldar qüvvələrinə, xalq təsərrüfatına
müharibənin vurduğu ziyanı aradan qaldırmaq, onun
iqtisadi potensialını artırmaqla sərvətlərindən
daha geniş faydalanmaq üçün münasib maddi və
sosial imkanlar yaratmaq vəzifələri müəyyən
etmişdi. Bu iqtisadi siyasət sonrakı illərdə də
davam etdirildi. Ümumiyyətlə, bu illərdə Azərbaycan
rəhbərliyi iqtisadiyyatın və əsasən, sənayenin
inkişafı üçün mərkəzdən
böyük vəsait "qopara" bildi. Müharibədən
sonrakı on ildə respublikada 108 yerli iri sənaye müəssisəsi
istifadəyə verildi. Fəhlə və qulluqçuların
sayı 1,5 dəfə artıb 623 minə çatdı. On
minlərlə mühəndis-texniki işçi
hazırlanıb istehsalat sahələrinə göndərildi.
XX əsrin 50-ci illərində İ.Stalinin ölümündən
sonra dəyişikliklər baş verdi. L.Beriya hakimiyyətdən
uzaqlaşdırıldı. T.Svyatoçovski bu illər
haqqında bəhs edərək göstərir ki, Moskvada
Beriyanın devrilməsi Azərbaycanda Bağırov
dövrünə dərhal son qoydu. 1953-cü ilin iyulunda
Bağırov partiyadan xaric olundu və tutduğu bütün
vəzifələrdən azad edildi, lakin Beriyadan fərqli
olaraq, o həbs olunmadı. Bağırovun milli məsələlərdə
tutduğu mövqe onun vəzifədən kənarlaşdırıldıqdan
sonra sağ qalması, azadlıqda yaşaması və nisbətən
uzun müddət rahat həyat sürməsi səbəblərini
aydınlaşdırmağa kömək edir. Bağırovun
aqibəti Beriyanınkı kimi ola bilərdi. Ancaq bunun əvəzinə,
o, Kuybışevdə menecerlik işinə təyin edildi və
burada, özü söylədiyi kimi, gördüyü işlərdə
buraxdığı səhvləri götür-qoy etməklə,
Leninin əsərlərini öyrənirdi. Bağırov siyasi
iflasından yalnız üç il sonra 1956-cı il aprelin
12-26-da Bakıda məhkəmə qarşısında durdu.
Bağırov təqsirkar bilindiyi bütün cinayətləri
boynuna alsa da və mərhəmət diləməsə də,
qətiyyətlə bildirdi ki, o, heç vaxt nə partiyaya, nə
də vətəninə düşmən
olmamışdır. Bağırov təqsirkar bilindi, ona
ölüm hökmü oxundu və hökm dərhal yerinə
yetirildi. Altı həftə sonra yerli mətbuat məhkəmə
haqqında məlumat verdi və Bağırov
qurbanlarının siyahısını dərc etdi.
O vaxtkı Stalinin nüfuzunun sınma mərhələsinin
xarakterini açıqlayırmış kimi, siyahıya əsasən
yüksək vəzifəli şəxslərin adı daxil
idi. Yüksək mənsəbli məmurların yüksək
mənsəb sahibi tərəfindən öldürülməsi
qəbahət idi və bu yüksək mənsəbli məmurlar
tərəfindən adi iş adamlarının
öldürülməsindən daha böyük qəbahət
sayılırdı. Bu fərqləndirmə baş verən dəyişikliklərin
son həddinin mütləq göstəricisi idi. Bununla belə,
həm də aydın idi ki, kütləvi terror aradan
götürülmüşdü və o, tarixin mərhələsinə
çevrilirdi. Təkcə bu faktın özü rejimin
yavaş-yavaş böhrana uğradığını
göstərirdi. Həmin vaxt bu istiqaməti görmək
çətin idi. Stalinizmin sosial psixologiyada bir eksperiment kimi
çox effektli olması görünürdü. Yeni sovet
adamı Pavlovun qorxu reflekslərinin təsiri altında
yetişdirilmişdi və o, demək olar ki, bioloji bir fenomen
idi. Kütləvi terror, mübahisəli görünsə də,
daha lazım deyildi, ən çoxu ona görə ki, hakim
qruplar kütləvi terrora görə öz imtiyazlarından
istifadə edə bilmirdilər. Rejimin xilası
üçün bir gün yenidən terrora qayıtmaq
ehtiyacı yaranardısa, bu zaman onun bərpası
üçün heç bir hüquqi, siyasi və ya praktik
maneə olmayacaqdı. Bunun kimi, çoxmədəniyyətli,
çoxdilli bir quruluş dəqiq siyasi döngələri
asanlıqla keçə bilmir və imperiya sisteminin
quruluşunda nəzərə çarpan ilk çatlar meydana
çıxır. Beriyanın sovet siyasətinin yüksək
səviyyələrində dirçəltdiyi milli məsələyə
qeyri-rus elitası tərəfindən yenidən
qayıdıldı. Qeyri-rus elitası, ehtiyatla vəzifələrə
təyin olunma məsələsində korenizasiyanın
(yerliçiliyin) bərpası üçün
ölçülüb-biçilmiş tələblər irəli
sürməyə başlandı. Eyni zamanda, öz hakimiyyətini
möhkəmləndirmək niyyətində olan Xruşşov
iqtisadiyyat sahəsində respublikalara bəzi hüquqların
verilməsinə ehtiyac olduğunu 1954-cü ildə
açıq şəkildə etiraf etdi. 1956-cı ildə
keçirilən iyirminci partiya qurultayında Xruşşov
rassvet (çiçəklənmə)
başlandığını, sovet millətlərinin bərabərliyi
siyasətini xüsusi vurğu ilə qeyd etdi, rus dili və mədəniyyətini
seçib ayırmaqdan çəkindi. Azərbaycanda
Bağırov məhkəməsi Stalinin nüfuzuna hücum
üçün sanki siqnala çevrildi. Adıçəkilənlər
sırasında nəzər-diqqəti ən çox cəlb
edən Nərimanov şəxsiyyəti idi. Onun xatirəsi
yenidən anıldı, ona pərəstiş edilməyə
başlandı. Nərimanovun əli şimalı göstərən
nəhəng heykəli üzü Bakıya baxan təpənin
üstündə ucaldılacaqdı. Bağırov
qurbanlarının bəraəti ilə yanaşı,
"Hümmət"in tarixi də bəraət qazandı.
Digər məsələlərə də,
bütövlükdə deyil, qismən toxunmaq olardı, məsələn,
Pişəvərinin İrandakı fəaliyyəti tam
işıqlandırıla bildiyi halda, onun Bakıdakı
sürgün illərini və xüsusilə də,
ölümü ilə bağlı təfərrüatları
açıb-ağartmaq olmazdı. 1956-cı ilin sonunda
kommunist dünyası Polşadakı həyəcan,
Macarıstandakı üsyanla lərzəyə
düşdüyü zaman, Xruşşov ehtiyatlı hərəkət
etdi və yeni siyasətində çox dəyişikliklər
etdi. Azərbaycanda həssas milli məsələlərə
dair rejimin mövqeyinin dəyişməsi haqqında aydın
siqnal Bəxtiyar Vahabzadənin məşhur
"Gülüstan" poemasının meydana gəlməsi
ilə verildi. 1958-ci ildə yazılmış və "Səttar
xan, Xiyabani və Pişəvərinin parlaq xatirəsinə"
həsr edilmiş bu poemanın mövzusunu Azərbaycanın
bölünməsi məsələsi təşkil edirdi.
Poemanın dərc olunduğu yerli "Şəki" qəzetinin
nəşri dövriyyədən çıxarıldı və
bu görkəmli Azərbaycan şairi rəsmi olaraq etibardan
düşdü. Ardıcıl olaraq çiçəklənmə
məsələsindən sovet millətlərinin birliyinin son həddi
kimi onların qovuşması vurğulandı ki, bu da kommunist
idealının tam bərqərar olması demək idi. Əlbəttə,
bu dəyişikliklərlə yanaşı, dildə
ruslaşdırma məsələsi də yenidən meydana
çıxdı.Yeni qanun qeyri-rus respublikalarının rus məktəblərində
yerli dilin icbari qaydada öyrənilməsini ləğv etdi.
Bununla da öz uşaqlarını təlimin
rus və ya ana dilində aparıldığı məktəbə
verməyi müəyyənləşdirmək valideynlərin
öz öhdəsinə buraxılırdı. Əksər
valideynlər rus məktəbinə getməklə
uşaqlarının gələcəkdə güclü
karyera qazanacağına ümid edirdilər. Yeni qanun isə
qeyri-rus dilləri ikinci dərəcəli dil səviyyəsinə
endirmək vəzifəsinə xidmət edirdi. Azərbaycan SSR
bu qanunu yerinə yetirmədikdə, respublika partiya rəhbərliyində
siyasi təmizləmə aparıldı. 1959-cu ilin iyununda
birinci katib İmam Mustafayev "tamamilə aydın olan dil məsələsində
çaşqınlıq yaratdığı"
üçün işdən çıxarıldı.
Keçmişə rəsmi münasibət yenidən sovet millətlərinin
Rusiya ilə dostluğuna diqqət yetirdi. 1960-cı illərdə Azərbaycanın
Rusiya tərəfindən işğalının 150 illiyinə
həsr olunmuş bayram şənlikləri keçirildiyi
zaman bu hadisə rəsmən birləşmə kimi qələmə
verilirdi. Tarixçilərə ilhaqın, xüsusilə,
iqtisadiyyat, mədəni inkişaf və təhsil sahəsindəki
mütərəqqi nəticələrini işləyib-hazırlamaq
göstərişi verildi. Əksər hallarda, aydın olurdu
ki, bu tapşırıqların əksəriyyəti
Bağırovun axırıncı tövsiyələrində
qeyd olunmuş mövzuların sadəcə olaraq müasirləşdirilmiş
variantları idi. Tarixə kütləvi terrora son qoyan şəxsiyyət
kimi daxil olan Xruşşov hakimiyyətdə olduğu son illərdə
təkcə qeyri-rus millətlərin assimlyasiyasını
gücləndirməklə deyil, həm də
qaynayıb-qarışmanın ruhuna uyğun olaraq, din əleyhinə
kampaniyanı dirçəltməklə, o biri
üzünü də göstərdi. İslam ənənələrinə
dözümlülük Mustafayev və onun məsləkdaşlarının
siyasi təmizləməyə məruz qalmasında əsas
götürülən ikinci bir amil oldu. Stalin dövründə
toxunulmaz qalmış, məscidlər indi bağlandı və
sonda Bakıda yalnız iki məscid fəaliyyət göstərirdi.
(Azərbaycanda olan 16 məsciddən 2-si).
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 29 noyabr.- S.11.