Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı

 

Orta əsrlərdə Azərbaycan dövlətiçilik tarixində Atabəylər dövləti mühüm yer tutur. Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Akademik Z.Bünyadov "XII-XIII" əsrlərdə Atabəylər dövləti əsrində göstərir ki, Şəmsəddin Eldəniz "Böyük Atabəy (atabəy əl-əzəm)  adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nusrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.

Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nufuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən, onun bütün vassalları sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq "haqq-ədalət və sakitlik içərisində yaşamağa başladı."

Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddəratının həlledicisi və əsil hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir   və xutbə oxunurdu.

Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin hakimiyyətinə yekun vurarkən, qeyd etmək lazımdır ki, Şəmsəddin Eldəniz ona tabe ərazini genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə-əmirlərlə vaxtaşırı ittifaqdan istifadə edərək, həmin anda da, həmçinin, dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük Atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi  hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin kücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və Sultan hökuməti məhz hərbi kücsüzlüyü  ucundan bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi.  Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətlərini davam etdirmələrinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmalarının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal ierarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu. Eldəniz əsas qüvvələrini Gürcüstan ilə mübarizəyə təsadüfən toplamamışdı və öz hakimiyyətini bərqərar etdikdən sonra, adətən, küclü qonşuları ilə, xüsusən, Xarəzmşahlar dövləti ilə uzun münaqişələrdən qaçırdı.

Eldənizin ardıcıllığı və fəal kücü, sultan hakimiyyətinin nüfuzundan bacarıqla istifadə etməsi və bununla hakimiyyətin müdafiəçisi və feodal təşkilatının başçısı kimi yüksək, tədbirli xarici siyasəti-bütün bunlar göstərir ki, Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün nəhəng siyasi xadimi olmuş və sultanın qəyyumu kimi mövqeyindən müvəqqəti nailiyyətlər üçün deyil, bir tərəfdən özünün qoyduğu sülalənin torpaqlarının genişləndirilməsi, başqa bir tərəfdən isə  mərkəzi hakimiyyətin qüvvətləndirilməsn üçün istifadə etdiyinə   körə,   həqiqətən uzaqgörənlik etmişdir. Təsvir etdiyimiz bu vəziyyət mənbələrdə, o cümlədən, Eldənizin müasirlərinin əsərlərində qeyd edilir. Əl-Hüseyni yazır ki, "Bağdad və onun ətrafından başqa, bütün ölkələr Eldənizin hakimiyyəti altına düşdülər."  İbn əl-Əsir atabəy Eldənizin "Tiflis qapılarından Məkrana qədər uzanan" torpaqlarını daha ətraflı sadalayır. Tarixçi yazır: "O, Azərbaycan, Arran və Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri ona tabe idilər".

Böyük atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi, o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, atabəy hadisələrin sonrakı gedişini, sultan Arslan şahın ona qarşı münasbətinin məqsədini gözləməyə başladı.

Eldənizin siyasətindən narazı qalan İraq əmirləri Cahan Pəhləvanın sultanlığın paytaxtından getməsindən istifadə edərək, sultanı Azərbaycana hücuma keçməyə təhrik edirlər. Onlar sultana məsləhət görürlər ki, "Əgər sən Azərbaycanı azad etsən, oraya etibarlı adamlardan birini hakim təyin edib Həmədana qayıdar, (oradan) Bağdada gedib onu tutarsan. Çünki sənin məmlükün-Mosul hakimi Qütbəddin Mədud ibn Zəngi sənə tabedir və sənə qulluq etməyə gəlir. Sonra əgər sən Bağdadı tutarsansa və Xilafətin minbərlərindən sənin adınla xütbə oxunarsa, ölkənin səması sənin üçün hər hansı rəqib və düşməndən təmizlənmiş olar".

Sultan Arslan şah da Eldənizin əleyhdarları olan əmirlərlə birlikdə böyük ordunun başında Azərbaycana yurüş təşkil etdi. Lakin Zəncanda sultan xəstələnir, azarının kücləndiyini (şiddətləndiyini) və "həyatının sona çatdığını hiss edən sultan Həmədana aparılması əmrini verir."

Həmədana qayıtdıqdan sonra sultan şəhərin rəisi əmir Seyyid Fəxrəddin Əlaəd-Dövlə Ərəb şahın qızına evlənir. Eyni zamanda, o, atabəy Cahan Pəhləvanı öz yanına dəvət edir və  onunla barışır. Dövlətin idarə olunmasını ona tapşırdıqdan az sonra sultan ölür.

Atabəy Cahan Pəhləvanın ən görkəmli müvəffəqiyyətlərindən biri Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olmuşdur. Təbriz Ağ-Sunqur əl-Əhmədilinin nəslinə mənsub idi. 1175-ci ilin yayında Təbrizin və qonşu torpaqların hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur öldükdən və onun yerinə varisi Fələkəddin Əhməd keçdikdən sonra Cahan Pəhləvan Ruin-Dej qalasını muhasirəyə alır. Qalanı ala bilməyib, mühasirəni Marağaya keçirdir. Bu vaxt atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühasirə edir. Marağa qazısı Sədrəddin əl-Maraği əhalini xilas etmək xatirinə şəhəri təslim verdiyindən Cahan Pəhləvan oranı, demək olar ki, döyüşsüz ələ keçirir. Burada bağlanmış sülh müqaviləsinə əsasən Cahan Pəhləvan Təbrizə sahib olur, Marağa isə monqolların basqınına qədər öz sahiblərinin əlində (ixtiyarında) qalır. Cahan Pəhləvan Təbrizi iqta sifətilə qardaşına verir.

Atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri dövlətin qərb sərhədlərində asayişi təmin etmək idi. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, həmin vilayətlərdə (əl-Cəzirə və Şərqi Anatomiya) Misir və Suriyanın məşhur hakimi-Əyyubilər sülaləsinin banisi Səlahəddin Yusif (1169-1193) böyük fəaliyyət göstərirdi. Ona görə də, Cahan Pəhləvan qonşu hakimlərə daima təzyiq göstərir, mübahisəli məsələlərdə əksər hallarda barışdırıcı və vasitəçi rolunda çıxış edir, hamiliyində olanlara hərbi yardım göstərirdi.

Cahan Pəhləvanın (hakimiyyətinin əsas yekunu Eldənizlər dövlətinin xarici siyasət mövqeyinin gələcəkdə daha da möhkəmləndirilməsindən ibarət olmuşdur. Lakin Atabəyin hakimiyyətinin son dövrlərində vilayətlərin daxili vəziyyəti mürəkkəb idi: sonralar məlum oldu ki, Cahan Pəvləvanın həyata keçirdiyi tədbirlərin çoxu mərkəzi hakimiyyətin möhkəmlənməsinə eyni dərcədə kömək edə bilməmişdir.

Eldənizlər dövləti tarixini tədqiqinin ən çətin dövrü XII əsrin 80-cı illərinin sonu 90-cı illər-atabəy Qızıl Arslan və İraqın sonuncu Səlcuq - sultanı III Toğrulun hakimiyyəti dövrüdür. Ərəb və fars mənbələrinin, o çümlədən, bu dövrdə baş verən hadisələrin şahidlərinin məlumatları çox məhduddur. Lakin əlimizdə olan qısa məlumatlardan belə təsəvvür etmək olar ki, bu dövr siyasi hadisələrlə dolğun dövürdür və Azərbaycan Atabəyləri bu zaman ciddi sarsıntılara məruz qalmışdır.

Taxt-tacın varisliyi məsələsində sabit qaydaların olmaması ilə əlaqədar baş verən iğtişaş və daxili müharibələr hələ səlcuqilərin hökmranlığı dövründə belə mərkəzi hökumətin qüdrətini dəfələrlə zəif salmışdı. Təcrübəli siyasətçi olan Cahan Pəhləvan, şübhəsizdir ki, gələcəkdə baş verə biləcək daxili çaxnaşmanı nəzəra almış, hələ sağlığında varislik məsələsində qayda yaratmaq təşəbbüsündə olmuşdu. Cahan Pəhləvanın müasiri Ravəndi Atabəyin öz ailəsilə bağlılıqını xüsusi qeyd edir. Cahan Pəhləvanın dörd oğlu və bir neçə qızı var idi. Qızlarını qonşu hakim və əmirlərə ərə vermişdi. Uşaqlarından ən çox Rey hakimi İnancın qızı İnanç xatundan doğulmuş oğlanlarını-Qutluq İnanc Mahmudu və Əmir Əmiran Öməri sevdirdi. Türk qızı Küteybə xatundan Əbu Bəkr adlı oğlu, Özbəyin anası kəniz Zahidə xatundan isə sonralar Naxçıvan və vilayətin hakimi Cəlaliyyə adlı qızı olmuşdu. Cahan Pəhləvan öz oğlanlarından hər birini hakim şəxs etmək istəyirdi və ona görə də, öz sağlığında o, "Azərbaycan və Arranın idarə olunmasını öz oğlu Əbu Bəkrə tapşırır və onun tərbiyəsini əmisi Müzəffərəddin Qızıl Arslana həvalə edir. Reyi, İsfahanı və İrağın qalan hissəsini öz oğlanları İnanc Mahmuda və Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə ayırır". Ölüm qabağı Cahan Pəhləvan öz uşaqlarına əmiləri Qızıl Arslana tabe olmağı, eləcə də, "sultan Toğrulun qulluğunda durmağı, ona qarşı kin bəsləməməyi, (onun) itaətindən boyun qaçırmamağı, onu müdafiə etməyi, yardımsız qoymamağı, (hər sahədə) onun tərəfdarı olmağı, onunla münasibətləri kəsməməyi, ona qarşı çıxmamağı, bütün işlərində ona kömək göstərməyi vəsiyyət edir. O, uşaqlarına (xəlifənin) itaətindən çıxmaqdan çəkinməyi və (onun) nəcib peyğəmbərlik əmrlərini həyata keçirməkdən boyun qaçırmamağı vəsiyyət edir (və deyirdi) ki, möminlərin əmiri onlar üçün dayaq olmalı, bütün sınaqlarda, çətinləklərdə ona arxalanmalıdırlar, (o) elə bir qala və istinadgahdır ki, üzərinizə inadkar düşmən hucum edərsə, onun yanında sığınacaq tapa bilərsiniz."

Vəsiyyətnamədən göründüyü kimi, atabəy Cahan Pəhləvan öz uşaqlarına gələcək hərəkətləri üçün elə bir xüsusi proqram (məramnamə) tərtib etmişdir ki, atalarının başladığı işi davam etdirməyə imkan versin və dövləti onun kimi əzəmətlə idarə edə bilsinlər, Lakin görünür ki, Cahan Pəhləvan vəsiyyətnaməsində nəzərdə tutduğu vilayətlərin oğlanlrının ixtiyarına verilməsini rəsmiləşdirməyə imkan tapa bilməmişdir.

Mənbələr Cahan Pəhləvanın hakimiyyəti dövründə baş verən hadisələrn bütün təfərrüatı ilə açıb göstərə bilmir. Lakin əl-Carbazağani və naməlum əsərin müəllifinin verdiyi qısa məlumatlardan aydın olur ki, Atabəyin ölümü onun yaratdığı idarə qayda-qanununu pozdu. Onun varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eyni zamanda, qardaşı arvadı İnanc xatun və onun tərəfdarları olan İraq əmirlərinin müqaviməti ilə rastlaşmalı olur.

Cahan Pəhləvan məmlüklər vasitəsi ilə dövləti idarə etmək üçün xüsusi sistem yaratmaqda öz şəxsi qullarının yardımına arxalanmış, eyni zamanda, məmlük yuxarı təbəqəsinin əsasını qoymuşdur. Onlar da atabəy Cahan Pəhləvanın ölümündən sonra 30 il ərzində baş vermiş bütün tarixi hadisələrdə həlledici rol oynamışlar. Bu məmlüklər "böyük mənsəb və qüdrət sahibi olmuş və onun (atabəyin) ölümündən sonra İraq ərazisini zəbt etmişlər."

Məmlüklər öz iqta torpaq paylarını istədikləri kimi özbaşına idarə edir, sikkə kəsir, hakimlik etdikləri vilayətdə və adlarına xütbə oxutdururdular. Tarixçi Ravəndi məmlüklərin törətdikləri qarətçiliyin, talançılığın və dağıdıcı hərəkətlərin şahidi olmuşdur. Məmlüklər dövlət siyahılarını (reyestr) və qərarlarını saxtalaşdırır, öz adlarını və ləqəblərini, uydurduqları nəsil şəcərələrini vəqflərdən, mədrəsələrdən oğurladıqları kitablara daxil edir, vəqf qeydlərini saxtalaşdıraraq, bir-birinə hədiyyə göndərirdilər. "İraqda azğıncasına baş verən satqınlığın səbəbi ondan ibarət idi ki, türklər arasında vilayəti zəbt edən heç bir məmlük irsi olarq, nəsildən-nəsilə keçən dövləti idarəetmə qanunlarına bələd olmamış, bu qanunlara müvafiq hərəkət etməyi bacarmamışlar. Məmlüklər özbaşınalığa yol verir, vəziyyətin acınacaqlı şəklə düşdüyü dövrə qədər öz bildikləri kimi hərəkət edirdilər. O, xoşbəxt atabəy (Cahan Pəhləvan) isə ölkəni tərəqqidə, çətinliklərdən azad görmək arzusunda olmuş, təsəvvürünə belə gətirməmişdir ki, işlər belə bir səviyyəyə gəlib çıxa bələr. O, öz səltənətinə zəmanəsində daimi sülh arzulayır və deyirdi: "Qoy gələcəkdə də belə olsun".

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 6 oktyabr.- S.15.