Azərbaycan XVIII əsrin birinci
yarısında
XVIII
əsrin birinci yarısında Azərbaycanın dövlət
kimi varlığı təhlükə altında qaldı. Azərbaycan
uğrunda Osmanlı İran və Rusiya arasında müharibələr
gedirdi. "Azərbaycan tarixi" kitabında o dövrün
tarixi şəraiti aşağıdakı kimi səciyyələndirilir.
II Şah Təhmasib və iri feodallar dövlətin taleyi
haqqında ciddi düşünməli oldular. Düşmənlərə
qarşı mübarizədə daxili qüvvələri birləşdirmək
lazım idi. Bu məsul vəzifəni Nadirqulu xan öz üzərinə
götürdu. O nəinki əfqan feodallarını İrandan
qovdu, hətta Herat şəhərini də tutdu. Bu qələbə
Nadirqulu xanın nüfuzunun artmasına səbəb oldu.
1730-cu ildə Türkiyədə dövlət
çevrilişinin olması, III Sultan Əhmədin (1703-1730)
devrilməsi və imperiyanın hakim dairələrinin daxili
işlərə başlarının qarışmasından
istifadə edən Nadirqulu xan Türkiyəyə qarşı
mübarizəyə başladı.
Bu
vaxt Osmanlı imperiyası ilə düşmən münasibətdə
olan Rusiya İrana qarşı xeyirxah mövqedə
çıxış edirdi. Belə bir əlverişli şəraitdə
II Təhmasib Türkiyə sultanına rəsmi səfir
göndərib, osmanlılar tərəfindən zəbt olunan
Səfəvi torpaqlarının geri verilməsini tələb
etdi. Türkiyənin rədd cavabı müharibəyə gətirib
çıxardı. Nadirqulu xan türk qoşunları üzərində
ilk böyük qələbəni Marağada çaldı,
qısa vaxt ərzində yerli əhalinin köməyilə
Teymur paşanın komandanlığı altında fəaliyyət
göstərən dəstələri məğlub edib, 1730-cu
ilin sentyabrında iri sənətkarlıq və ticarət mərkəzləri
olan Ərdəbili, daha sonra isə Təbrizi türklərdən
azad etdi. Müvəffəqiyyətdən ruhlanan Nadirqulu xan başqa
Azərbaycan və Ermənistan şəhərlərində
olan türklərdən bu yerləri tərk etmələrini tələb
etdi. Lakin hadisələrin sonrakı gedişi Nadirqulu xanın
türklərə qarşı mübarizəyə rəhbərlik
etməsinə imkan vermədi. O, İrəvana doğru
yürüşə hazırlaşarkən, Xorasanda üsyanın
baş verməsi, üsyançıların onun
qardaşını öldürmələri xəbəri
Nadiri təcili Xorasana qayıtmağa məcbur etdi. Şah II Təhmasib
öz nüfuzunu qaldırmaq məqsədilə Nadirqulu
xanın qayıtmasını gözləmədən 1731-ci
ildə Naxçıvanı və İrəvaiı türklərdən
geri almaq üçün hərbi əməliyyata
başladı. Onun başçılıq etdiyi qoşun
Eçmiədzin yaxınlığında müvəffəqiyyət
qazansa da, İrəvan səmtində ağır məğlubiyyətə
uğradı. Şah aprelin əvvəllərində salamat
qalmış qoşunla Təbrizə qayıtdı. Bir
müddətdən sonra II Təhmasib öz taleyini Şimali Azərbaycanda
yoxlamaq fikrinə düşdü. O, qoşunu ərzaq və hərbi
sursatla təmin etdikdən sonra Təbrizdən Gəncəyə
və Şamaxıya doğru hərəkət etmək istədi.
II Təhmasibin fikrini başa düşəi türk
komandanlığı Gəncənin müdafiəsini kücləndirdi.
Tezliklə Surxay xan da öz dəstəsi ilə bura gəldi.
Belə halda, II Təhmasib
öz fikrindən daşındı.
İrəvandakı məğlubiyyətdən sonra İran qoşunları xeyli zəifləmişdi. Türkiyə komandanlığı bundan istifadə edərək, 1730-cu ildə itirilən yerləri yenidən zəbt etmək qərarına gəldi və Təbrizə doğru irəliləmək barədə əmr verdi. 1731-ci il aprelin 24-də Surxay xan öz dəstəsilə Təbriz tərəfə gəldi. O, Gəncədən göndərilən Osmanlı qoşunu ilə birləşmək üçün Əli paşadan xüsusi sərəncam aldı. Bundan əlavə, Osmanlı komandanlığı təxribat işi aparmaq üçün Rusiyaya birləşdirilən vilayətlərə öz nümayəndələrini göndərdi. Onlardan biri Mənsur xan idi. O, Əliqulu xanın hakimiyyəti altında olan Salyan və Muğan ərazisində fəaliyyət göstərirdi. Lakin Mənsur xan bu yerlərdə müvəffəqiyyət qazana bilmədi. Tezliklə İran və Türkiyə qoşunları arasında toqquşma oldu. II Təhmasib növbəti məğlubiyyətə uğrayıb Qəzvinə çəkildi. Beləliklə, türk qoşunu üçün İsfahana yol açıldı. Lakin Əhməd paşa İranın mərkəzini ələ keçirmək üçün kifayət qədər qüvvənin olmadığını nəzərə alaraq tutulmuş ərazi ilə kifayətləndi.
Osmanlı türklərinin digər bir dəstəsi əsaslı müqavimət görmədən Təbrizi tutdu. Nadir tərəfindən geri alınmış yerləri itirməkdən qorxuya düşən Şah II Təhmasib sülh imzalamaq üçün Türkiyə komandanlığının düşərgəsinə nümayəndə göndərdi. Belə sülh eyni dərəcədə türklərə də lazım idi.
İsfahandan xeyli uzaqlarda olan Nadir buna etiraz etsə də, 1732-ci il yanvarın 16-da Kirmanşahda İranla Türkiyə arasında sülh imzalandı. Sülhün şərtlərinə görə İrəvan, Gəncə, Tiflis, Şamaxı, Şirvan əyalətləri və Dağıstan Türkiyəyə verildi. Araz çayı hər iki dövlət arasında sərhəd olmalı idi. Bundan əlavə, Əhməd paşa Kirmanşahın 9 vilayətindən arpa vergisi aldı.
I Pyotrun (yanvar 1725) ölümündən sonra Rusiya hökumətində Xəzərsahili vilayətlərini öz əlində saxlaya biləcək ikinci bir şəxsiyyət yox idi. Bu ərazidə yerləşən qoşunu saxlamaq üçün böyük xərc tələb olunurdu. Ona görə də, Rusiya Xəzər sahilinin bir sıra vilayətlərini könüllü olaraq, İrana qaytarmağa hazır olduğunu bildirdi. İranla Türkiyə arasında müqavilə imzalandıqdan sonra, Rusiya münasibətləri gərginləşdirmək istəmirdi. Bundan əlavə, İranda mərkəzi hakimiyyətin möhkəmlənməsi, Osmanlı türklərinin Xəzərsahili vilayətlərə buraxılmamasına zəmanət verirdi. Məhz buna görə də, Rusiya dövləti 1732-ci il yanvarın 21-də Rəştdə İranla müqavilə imzaladı. Müqavilənin şərtlərinə görə, Kürdən cənuba doğru yerləşən Xəzərsahili vilayətlər İrana qaytarıldı. İran isə Türkiyəni bu yerlərə buraxmamağı öhdəsinə götürdü. Müqavilədə İran dövləti daxilində rus tacirləri üçün güzəştli şərtlər nəzərdə tutulurdu. Bu zaman İranda daxili siyasi vəziyyət kəskinləşmişdi. Nadirqulu xan Xorasandan qayıtdıqdan sonra hərbi-feodal əyanların köməyinə arxalanaraq Şah II Təhmasibi taxtdan salıb, onun 8 aylıq oğlu Abbas Mirzəni III Abbas adı ilə şah, özünü isə onun qəyyumu elan etdi (1732). Bu vaxtdan etibarən Əfşar tayfasının nümayəndəsi Nadirqulu xan İran dövlətini özü idarə etməyə başladı. Nadirqulu xan, ilk növbədə, 1732-ci ildə II Təhmasibin Türkiyə ilə bağladığı müqaviləni ləğv etdi. 1723-cü ildən bəri Türkiyə tərəfindən tutulmuş torpaqları qəti olaraq tələb etdi. Türkiyənin rədd cavabı müharibəyə səbəb oldu. Nadirqulu xan 100 min qoşunu üç hissəyə bölüb birincisini Təbrizə, ikincisini Kürdüstana, üçüncüsünü isə öz komandanlığı altında Bağdada doğru yönəltdi.
Müharibənin ilk günləri İran qoşunları üçün uğursuz oldu. Lakin 1733-cü ildə türk qoşunu Bağdad ətrafında darmadağın edildi. Elə həmin ildə orada Nadirlə Əhməd paşa arasında sülh müqaviləsi imzalandı. Sülhün şərtlərinə görə, Türkiyə son on ildə zəbt etdiyi torpaqları İrana qaytarmalı idi. Türkiyə buna əməl etmədi, lakin az sonra Azərbaycanın cənubunda hərbi əməliyyatı dayandırdı və işğal olunmuş vilayətlərdən öz nümayəndələrini geri çağırmağa məcbur oldu. Münasibətləri qismən nizama saldıqdan sonra Nadirqulu xan Rusiya dövlətindən də Xəzərsahili vilayətləri tərk etməsini tələb etdi. Bununla əlaqədar olaraq Rusiya hökuməti danışıq üçün 1733-cü ilin yayında fövqəladə səfiri S.Qolitsini Nadirqulu xanın düşərgəsinə göndərdi. S.Qolitsin öz dövləti adından bildirdi ki, əgər Qafqaz uğrunda İranla müharibə olarsa, Rusiya heç vaxt Türkiyəyə kömək etməyəcək. Rusiya hakim dairələrini Surxay xanın Şirvandakı fəaliyyəti daha çox narahat edirdi. Surxay xanın Şirvandakı hökmranlığına və ümumiyyətlə, türklərin Qafqazdakı fəaliyyətlərinə həmişəlik son qoymaq üçün Nadirqulu xan 1734-cü ilin iyununda Azərbaycana yürüş etdi. O, Ərdəbildən, Təbrizdən türk qoşunlarını qovduqdan sonra Surxay xanın Şirvandan çıxmasını tələb etdi. Lakin Surxay xan nəinki Şirvanı tərk etdi, əksinə, cavab məktubunda bildirdi kn, "o, Şirvana ləzgi şirlərinin qılıncı gücünə yiyələnmişdir, heç kəsin ona bu cür təklif verməyə ixtiyarı yoxdur". Belə kəskin cavab alan Nadirqulu xan 1734-cü ilin yayında Şamaxıya tərəf irəlilədi. İran qoşunlarının gəlməsindən təşvişə düşən Surxay xan təcili surətdə Şamaxını tərk etdi. Bir işğalçının əlindən can qurtaran şamaxılılar yeni işğalçıya baş əymək istəməyərək, şəhərin müdafiəsinə çıxdılar. İki ay davam edən ciddi müqavimətdən sonra, sayca üstünlük təşkil edən Nadir avqustun axırında şəhəri tutmağa nail oldu. Ciddi müqavimət göstərdiyinə görə, Nadirqulu xan şəhərin büsbütün dağıdılmasını əmr etdi, Əhalisini isə Ağsuya köçürdü. Surxay xan isə Dağıstana qaçdı və Nadiri buraya buraxmamaq üçün qısa müddətdə ətrafına 12 minlik qoşun topladı. Mustafa paşa, Nuru paşa və Fəti Gəray sultanın başçılığı altında səkkiz minlik qoşun da ona köməyə tələsdi. Surxay xan İran qoşununa qarşı mübarizə aparmaq üçün Krım xanını da köməyə çağırdı. Krım qoşunları Kaxetiya və Balakəndən keçməli idilər, Lakin yolda Kaxetiya çarı Teymuraz onları geri oturtdu. İran qoşununun yaxınlaşdığını eşidən Surxay Göysu çayı üzərindəki yeganə körpünü uçurmağı əmr etdi. Lakin bu, Nadirqulu xanı qorxutmadı və qoşun asanlıqla çayı keçdi. Surxay təcili Qazıqumuğu tərk edib Avarıstana qaçdı. İran qoşunu Qazıqumuğu talan edib, yandırdı. Surxay xanı izləyən İran qoşunları Samur vilayətinin Axta kəndinə tərəf istiqamət aldılar. Nadirqulu xanın qoşunu bu yerləri qarət edərək, 1734-cü il oktyabrın 3-də Şamaxıda qalmış qoşun hissələri və topxana ilə Qəbələyə gəldi. Nadirqulu xan buradan qoşununu Şimali Azərbaycanda türklərin baş dayaq nöqtəsi sayılan Gəncəyə apardı. 1734-cü ilin oktyabrında Nadirqulu xanın qoşunları Gəncə qalasını müəasirəyə aldılar. Mühasirə 4 ay davam etdi. Uzunmüddətli mühasirə Nadirqulu xana baha başa gəldi. Bu, eyni zamanda, xalqın qarət edilməsinə, ondan daha çox xərac toplanmasına səbəb oldu. Qışın yaxınlaşmasına baxmayaraq, Gəncənin mühasirəsi davam edirdi. Nadirqulu xan, eyni zamanda, rus qoşununun Xəzərboyu vilayətləri tərk etmələri barədə Rusiya dövləti ilə çoxdan başladığı danışıqları qurtarmaq qərarına gəldi. O, 1734-cü il dekabrın 5-də öz səfiri Hüseyn xanı Rusiyanın diplomatik nümayəndəsinin müşayiətilə Peterburqa göndərdi. Hələ nümayəndə yolda ikən Bakıda olan V.E.Levaşov Peterburqdan rus qoşununun Xəzərsahili əyalətlərindən tamamilə çıxması barədə gələcək müqavilənin layihəsini almışdı. İran hökumətinin irəli sürdüyü təkliflərə Rusiyanın işgüzar dairələri razı olduqdan sonra, 1735-ci il martın 10-da Gəncə yaxınlığında Rusiya ilə İran arasında müqavilə imzalandı. Həmin sülh müqaviləsinin şərtlərinə görə, rus qoşunu Xəzərsahili vilayətləri tamamilə tərk etdi. Əlbəttə, bu vəziyyət Xəzərsahili vilayətlərin əhalisinin Rusiya ilə tarixən yaranmış ticarət əlaqələrinin inkişafına mane olmadı. Hər halda, bu vilayətlərin yenidən feodal müstəbidliyinin himayəsinə daxil edilməsi mənfi nətncələrə -Azərbaycanın məhsuldar qüvvələrinin dağılmasına, iqtisadi və mədəni həyatının geriləməsinə səbəb oldu.
Nadirqulu xan Xəzərsahili vilayətlərə yiyələndikdən sonra, türklərin Qafqazdan tamamilə qovulması ilə məşğul oldu. Gəncənin mühasirəsi hələ davam edirdi. Kiçik türk qarnizonu Osmanlı hissələri yerləşən Qars və İrəvandan yardım almaq ümidində idi. Odur ki, müqavimət göstərməkdə davam edirdi. Nadir bu imkanı boşa çıxarmaq üçün mühasirəyə alınmış qala ətrafında kiçik dəstə qoyub qoşununu Qarsa doğru yönəltdi. Orada isə türk qoşunlarının Abdulla paşanın başçılığı altında Gəncədəki türk qarnizonuna köməyə getdiyini eşitdi. Nadirqulu xanı Qafqazın qərbində hərbi əməliyyat aparmaq fikrindən yayındırmaq üçün, Türkiyə sultanı 1735-ci ilin mayında Krım xanına Qafqaz üzərinə yürüşə çıxmağı əmr etdi. Lakin bu hərbi əməliyyat baş tutmadı. Krım xanının yürüşü Şirvan bəylərbəyi Əlixanın qoşunları tərəfindən saxlandı. 1735-ci ilin iyununda Eçmiədzinin şimal-şərqində İran və Osmanlı qoşunu arasında baş verən döyüş Nadirin tam qələbəsi ilə nəticələndi.
Bir sıra uğursuzluqlardan sonra Osmanlı komandanlığı İranla mübarizəni davam etdirməyi əhəmiyyətsiz hesab edərək, sultanın əmrilə Türkiyə qarnizonu olan şəhərlərdən qoşunlarını geri çağırdı. Beləliklə, 1735-ci ilin sonunda türk qoşunu büsbütün Ön Qafqazdan qovuldu. Lakin bu, heç də yerli xalq kütlələrinin azadlığa çıxması deyildi. Türk qoşununun Ön Qafqazdan qovulması ilə Azərbaycan xalqının İran müstəbidliyinə qarşı azadlıq mübarizəsinin yeni dövrü başlandı.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə, fəlsəfə
doktoru
Səs.- 2012.- 23 oktyabr.- S.14.