Yeni Azərbaycan Partiyasının
beynəlxalq miqyasda uğurları
artır
Müsahibimiz Yeni Azərbaycan
Partiyası beynəlxalq əlaqələr şöbəsinin
müdiri, Milli Məclisin
deputatı Asəf Hacıyevdir
- Asəf müəllim, bugünlərdə xarici səfərdə olmusunuz. Bu səfər və onun məqsədi haqqında məlumat verməyinizi xahiş edirik...
- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir və bir çox dövlətlərin nüfuzlu partiyaları ilə sıx münasibətləri mövcuddur. Eyni zamanda, YAP siyasi partiyaların birləşdiyi beynəlxalq təşkilatların həm üzvüdür, həm də bu qurumlarla fəal əməkdaşlıq edir. Mən xüsusilə Asiya Ölkələrinin Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində fəaliyyəti xüsusilə vurğulamaq istəyirəm. Bu təşkilatda Asiyanın 340 siyasi partiyası təmsil olunur. Təşkilata Daimi Komitə rəhbərlik edir və bu komitəyə 18 siyasi partiyanın nümayəndəsi və iki həmsədr daxildir. YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Daimi Komitənin üzvüdür.
Mən YAP-ın təmsilçisi olaraq 10-20 oktyabr tarixlərində İCAPP-ın Daimi Komitəsinin nümayəndə heyətinin tərkibində ABŞ-ın Nyu-York şəhərində və Meksikanın Mexiko-Siti şəhərində səfərdə oldum. Oktyabrın 11-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının binasında BMT-nin Baş katibi Ban Gi Munla görüş keçirildi. Görüşdə İCAPP-ın həmsədrləri Xose de Venezia ilə Eu Yong Çunq, təşkilatın xüsusi məruzəçisi Müşahid Hüseyn Səyid (Pakistan) və İCAPP Daimi Komitəsinin üzvləri Şarma Oli (Nepal), Theo Sambuaga (İndoneziya) və Suos Yara (Kamboca) iştrak edirdilər. Görüşdə İCAPP-ın fəaliyyəti, quruma BMT-də müşahidəçi statusunun verilməsi məsələsi və bu istiqamətdə görülməli işlər müzakirə olundu. Ban Gi Mun qeyd etdi ki, bu istiqamətdə İCAPP-a daxil olan ölkələr hökümət səviyyəsində bu məsələyə dəstəyi gücləndirməlidirlər. Artıq məsələyə müsbət baxış var. Çünki Ban Gi Munla görüş onu təsdiqləyir ki, BMT rəhbərliyi məsələyə çox müsbət yanaşır. Bundan sonra müxtəlif məsələlər haqda fikir mübadiləsi aparıldı. Baş katib BMT-nin fəaliyyəti və gələcək planları haqda məlumat verdi. Eyni zamanda, o, Suriyada yaranmış vəziyyət, hazırda dünyada baş verən terror, ekstremizm halları haqda BMT-nin narahatlığını diqqətə çatdırdı. Söhbət zamanı terrordan söz düşmüşkən mən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda Baş katibə suallar verdim. Xatırlatdım ki, 1993-cü ildə dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nın Təhlükəsizlik Şurası Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında 4 qətnamə qəbul edib. Həmin sənədlərin bu günə qədər kağız üzərində qalması Azərbaycan xalqını narahat edir və bölgədə vəziyyəti gərginləşdirərək yeni müharibənin başlanma riskini artırır. Bildirdim ki, bu sənədlərin icra olunmaması BMT-nin nüfuzuna zərbə vurur. Eyni zamanda, qeyd etdim ki, BMT-nin qəbul etdiyi qərarların həyata keçirilməsi üçün yeni mexazmin yaradılması artıq zamanın tələbidir və bu məsələyə Baş katibin münasibət bildirməsini xahiş etdim.
Suala cavab olaraq, Ban Gi Mun Dağlıq Qarabağ probleminə toxunaraq ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışdı və etiraf etdi ki, bu məsələdə BMT öz fəaliyyətini daha da gücləndirməlidir. Mən isə 20 ildir Minsk qrupunun fəaliyyətinin heç bir səmərə vermədiyini xatırlatdım və Ermənistanın qeyri-konstruktiv mövqedə olduğunu bildirdim. Təbii ki, BMT sülsevər təşkilat olaraq münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Amma bu prosesin də mexanizmləri olmalıdır. Görüşdə iştrak edən İCAPP-ın qurucularından biri və hal-hazırda onun həmsədri olan Xose de Venezia Azərbaycanın haqlı olduğunu ifadə edərək, Dağlıq Qarabağ məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəklədi.
- Qeyd etdiniz ki, Meksikaya da səfər etmisiniz. Bu səfər hansı məqsəd daşıyırdı?
- Bəli, Nyu-Yorkdan sonra Meksikaya səfər etdik. Məlumat üçün bildirim ki, Latın Amerikası siyasi partiyalarının COPPAL adlı təşkilatı fəaliyyət göstərir. Bu təşkilata 70-ə yaxın siyasi partiya daxildir. Təşkilat Latın Amerikasında yüksək nüfuza sahibdir. Mexiko-Siti şəhərində bu təşkilatla İCAPP-ın birgə toplantısı keçirildi. Tədbirə Afrikanın da siyasi partiyaları dəvət olunmuşdu. Əslində, bu görüşün məqsədi üç qitənin siyasi partiyalarını əməkdaşlığa cəlb etmək idi. Çünki bu ölkələri bir sıra problemlər birləşdirir. Belə ki, etnik münaqişələr, ölkələrin ərazi bütövlüyünün tanınması, terrora qarşı mübarizə yönündə problemlər yaşanır. Bu şəraitdə hər üç qitənin partiyaları əməkdaşlıq yollarını müzakirə etdilər. Həmin tədbirə dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın nümayəndə qatılmışdı. Hindistan, Pakistan, Koreya, Yaponiya, Nepal, Kamboca, Sudan, Mərakeş və digər ölkələrin nümayəndələrinin iştirakı ilə maraqlı müzakirələr aparıldı.
Mən də toplantıda YAP-ın nümayəndəsi olaraq çıxış etdim. Çıxışımda Azərbaycanda mövcud vəziyyət, iqtisadi inkişaf prosesi haqda məlumat verdim. Bildirdim ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan nəinki Cənubi Qafqaz regionunun, həm də dünyanın nüfuzlu dövlətinə çevrilib. Mən eyni zamanda, Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında da məlumat verdim, partiyamızın nailiyyətləri barədə fikirlərimi bildirdim. Bütün bunlarla yanaşı vurğuladım ki, Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, torpaqlarımızın 20 faizinin işğal olunması və bunun nəticəsində də 1 milyondan çox mülki şəxsin öz torpaqlarından məcburi köçkün vəziyyətinə düşməsi inkişaf dinamikasına maneə olan amildir.
Bilirsiniz ki, İCAPP-ın 7-ci Baş Assambleyası Bakı şəhərində keçiriləcək. Bu haqda da çıxışımda məlumat verdim. Azərbaycan çoxsaylı qonaqları gözləyir, həmin toplantının iştirakçıları da Baş Assambleyaya böyük maraq göstərdilər. Hətta Afrika ölkənin nümayəndələri də bu tədbirdə iştirak etmək arzularını ifadə etdilər. Tədbir çərçivəsində Meksikanın və Malaziyanın hakim partiyalarının nümayəndələri ilə görüşərək ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardıq.
Onu da deyim ki, tədbirin keçirildiyi Mexiko-Siti şəhərinin mərkəzində «Heydər Əliyev» parkı açılıb və orada Ulu öndərimizin abidəsi ucaldılıb, Azərbaycanın xəritəsi və xəritənin üzərində işğal olunmuş ərazilərimiz əks olunub. Eyni zamanda, bu şəhərin mərkəzi meydanlarının birində, qədim kilsənin yanında Xocalı soyqırımına həsr olunmuş abidə qoyulub. Abidənin önündə soyqırım haqqında məlumat verilir.
- İCAPP-ın 7-ci Baş Assambleyasının keçirilməsi üçün hazırlıq işləri hansı səviyyədədir?
- Düşünürəm ki, bu tədbir yüksək səviyyədə baş tutacaq. Tədbirin keçirilməsi üçün hazırlıq işləri uğurla davam edir. 22-23 noyabr tarixlərində Bakıda İCAPP-ın Baş Assambleyası keçiriləcək. Həmin günlərdə İCAPP-ın gənclər qolunun toplantısı olacaq. Eyni zamanda, İCAPP-ın qadınlar təşkilatının iclası da nəzərdə tutulub.
Ümumiyyətlə, Baş Assambleyanın Bakıda keçirilməsi heç də təsadüfi deyil. Belə tədbirlər dünyanın marağında olan ölkələrdə keçirilir. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan siyasi və iqtisadi modellər xarici ölkələri cəlb edir. Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz qısa zamanda böyük nailiyyətlər qazanıb. Asiya ölkələrində yoxsulluğun səviyyəsinin çox olduğunu nəzərə alsaq, Azərbaycanın göstəriciləri onlarda ciddi maraq doğurur. Bu mənada Azərbaycanın inkişaf modeli bir çox Asiya ölkəsi üçün nümunə ola bilər. Bəzi partiyaların nümayəndələri artıq bu fikri vurğulayıblar. Qeyd edim ki, Baş Assambleyada 350-400 nümayəndənin iştirakı gözlənilir. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin, o cümlədən partiyamızın nüfuzunun göstəricisidir.
Məlumat üçün bildirim ki, İCAPP-ın Baş Assambleyasının keçirildiyi günlərdə YAP ilə Kambocanın hakim partiyası arasında əməkdaşlığa dair protokol imzalanacaq.
- Bu yaxınlarda İCAPP-ın Gənclər Birliyi təsis edildi. Sizcə, bu hadisə təşkilatın fəaliyyətində nə kimi yenilik yaradacaq?
- Bizim vəzifəmiz ondan ibarətdir ki, gəncləri
gələcək üçün
hazırlamalıyıq. Bu mənada qurumun gənclər təşkilatının yaradılması
çox önəmlidir və zamanın tələbidir.
İCAPP-ın fəaliyyəti bu
baxımdan vacibdir ki,
gənclər tədricən yaşlı nəsildən təcrübə
götürsünlər. Gənclər daha
fəal və dinamikdirlər, amma siyasətdə
hər şey addım-addım həyata
keçməlidir. Ona görə də, gənclərin
təcrübə qazanması çox vacibdir. İCAPP-ın gənclər təşkilatının
yaradılması da gənclərin siyasi proseslərə cəlb olunması, siyasi lider kimi
formalaşması baxımından əhəmiyyətlidir. YAP burada da fəaldır və
partiyamızın nümayəndəsi qurumun
rəhbərliyinə seçilib. Bu da partiyamızın artan nüfuzunun təsdiqidir.
yap.org.az
Səs.- 2012.- 24 oktyabr.- S.4.