Albaniya
dövləti və Mehranilər sülaləsi
Tarixi mənbələrdə
Albaniyanın Mehranilər tərəfindən idarə
olunmasına dair məlumatlar var. Fəridə Məmmədovanın fikrincə,
510-cu ildə alban Arşakilərinin
hakimiyyəti sona yetdi
və ölkə qısa müddət ərzində İran mərzbanları
tərəfindən idarə olundu. VI əsrin
sonu, VII əsrin əvvəllərində
Girdman vilayətinin feodal
hakimi olan Mehranilər nəsli kücləndi.
Kalankatlının geneloji
arayışına əsasən başda Mehr olmaqla, İran
Mehranilərinin nəsli VI əsrdə saray
çevrilişində iştirak etdiyinə
görə, İran şahı II Xosrov
Pərvizin qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun
düşmənləri-xəzərlərə qoşulmaq üçün
İrandan qaçmışdılar.
Bundan narahat olan Xosrov onu
qabaqlamağa tələsdi və Mehrə
məktub göndərərək, bildirdi ki, yaşayış yeri
seçməkdə Mehranilərə tam
azadlıq verir. Şahın məktubu Mehrə
Uti vilayətinin Girdman havarında çatdı və Mehr elə burada
qalmağı qərara aldı.
Mehr və törəmələri onlar üçün nəsil
ocağına çevrilmiş Girdmanda möhkəmlənərək,
yerli feodalları cismən məhv etmək,
habelə, qohumluq əlaqələri sayəsində
yerli Aranşahi
knyazlarını sıxışdırıb bütün
Albaniyaya yiyələndilər. Onlar
"Qafqazın vəhşi xalqlarını da
özlərinə tabe etdilər".
İranın bu hiyləgər siyasətini
yerli knyazlar yalnız sonralar başa
düşdülər. Çox güman bu vəziyyət farslara
qarşı 603-cü il üsyanının səbəblərindən
biri idi. Mehranilər
iki əsr ərzində Albaniyanın birinci böyük
knyazı-işxanı adını daşımaq hüququnu saxlamışdılar.
Musa
Kalankatlının yazdığına görə, Mehr Girdman vilayətinin
şimalına yeridi və onun
12 hakimini hüzuruna
çağırıb qılıncdan keçirdi
və ölkəyə sahib oldu. Mehrin nəvəsi Cəsur Vardan
Albaniya hakimlərinin sonuncu
60 nümayəndəsini məhv
etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin
əlinə keçmişdir.
Mehranilərin Albaniyaya gəlməsi siyasi vəziyyətlə bağlı idi. İran dövlətinin
şimal sərhədlərinin
qorunmasında Albaniyanın mühüm strateji əhəmiyyəti vardı. Sasanilər məhz buna görə, Albaniyada
möhkəmlənməyə can
atırdılar. Yeni şəraitdə
orada, xüsusilə də, Girdmanda fars elementini kücləndirmək lazım idi. Mehranilər də məhz orada
məskən salıb möhkəmləndilər. Girdman təsadüfən seçilməmişdi,
çünki həmin havar 591-ci il müqaviləsindən
sonra Bizans dövlətinə
tabe olan torpaqlarla həmsərhəd idi.
Bizansın mümkün
müdaxilələri zamanı qərb sərhədlərinin
qorunmasında Sasanilər yerli knyazlara bel bağlaya
bilməzdilər. Buna görə də, bu işi dini
və siyasi cəhətdən İrana yaxın olan
Girdmanın yeni hakimlərinə - Mehranilərə
etibar etdilər.
Sasanilərin alban Mehraniləri
barəsində ümidləri doğrulmadı. Mehranilər iki
nəsildən sonra farslıqlarını
itirib xristianlığı qəbul etdilər, yerli alban kübarları
ilə qohum oldular, alban mədəniyyətinə və dininə
öyrəşdilər, bir sözlə,
tamamilə albanlaşdılar.
V.V.Bartold
belə hesab edirdi ki, Mehranilərin simasında Albaniyada
"fars mənşəli olsa
ki, milli alban sülaləsi yenidən bərpa olunmuşdur." Mehranilərin qətiyyətlə albanpərəst siyasət-Albaniyanın müstəqilliyi
siyasəti yeritməsi Sasaniləri dərindən peşman etmişdi.
Mehranilər Albaniyada
603-cü ildə möhkəmlənsələr də,
aydınlaşdıra bilmişik ki, onlar yalnız 630-cu ildə
bütün ölkənin tamhüqüqlu
hakimləri-Albaniyanın birinci böyük knyazları ola
bilmişlər.
F.Məmmədova qədim mənbələrə
istinad edərək yazır ki, hələ də İran
mərzbanlarının idarə etdikləri Albaniyaya
gəlincə, Girdman knyazı Mehrani Varaz-Qriqor özünü İraklinin
vassalı elan edir. Yeni
hökmdarını tanımaq və onun dinini-diofizitliyi qəbul etməklə, o, bütün
Albaniyanın tamhüqüqlu
hakiminə çevrilir. Lakin bizcə, beynəlxalq aləmdə baş
verən dəyişikliklər
üzündən Varaz-Qriqor İraklinin ona verdiyi hüquq
və səlahiyyətlərdən tam
istifadə edə bilmədi. Bu dövrdə
İran şahı II Xosrov
öldürüldü və taxta
çıxan II Qubad 628-629-cu ildə İrakli ilə sülh
bağladı və II Xosrovun tutduğu torpaqları ona
qaytardı. Albaniya isə yenidən
İranın nüfuz dairəsində qaldı.
Bu vaxt xəzərlər
Albaniyanın tam sahibinə çevrildilər. 629-cu ildə Albaniyaya daxil olan xəzərlərin xaqanı Şat (xəzərlərin
üçüncü hücumu)
Albaniyada oturan İran mərzbanının və 628-ci ildə
İranda siyasi
dustaqlıqdan azad olmuş
katolikos Vironun
yanına elçi
göndərərək, ölkəni onun
tabçiliyinə veməyi tələb etdi.
Bu dəfə söhbət ölkənin xəzərlərə siyasi tabeliyindən
gedirdi. Albaniya
müqavimət göstərmək iqtidarında deyildi, mərzban isə tələbi rədd
edərək, İrana
qaçmışdı. Katolikos Viro başda olmaqla, Albaniya zadəganları xəzərlərin ali hakimiyyətini etiraf etdilər.
Albaniya Xəzər
xaqanının "əbədi mülkünə" çevrildi. Beləliklə,
xəzərlər Albaniyanı "İran
şahı Qubadın oğlu Ərdəşirin
hakimiyyətinin ikinci ilində", yəni
629-630-cu illərdə zəbt etdilər. Xəzərlərin
fasiləsiz hücumları və hökmranlığı
Albaniyanı əldən salmışdı. Ölkədə
aclıq və yoluxucu xəstəliklər
tüğyan edirdi.
Saysız-hesabsız adam, o
cümlədən, Albaniya katolikosu
Viro da bu
qarışıqlıqda həlak oldu.
Ölkənin tamhüquqlu
sahibinə çevrilən xəzərlər alban
feodallarından əvvəllər Sasani xəzinəsinə
göndərdikləri dövlət vergilərini və
töycüləri tələb
edirdilər.
Albaniyanın Kürün
sol sahilində yerləşən hissəsi
də, ölkənin qədim paytaxtı, həmin dövrdə
Xəzər adlanan Qəbələ şəhərində
möhkəmlənmiş xəzərlərin əlində idi.
Beynəlxalq
vəziyyət-İranda taxt-tac
üstündə çarpışmalar, Bizansda
xalkidonçular və monofizitlərin
mübarizəsi diqqəti şimal sərhədlərindən
uzaq Albaniyada baş verən
hadisələrdən yayındırırdı. VII əsrin
30-cu illərinin əvvəlində Xəzəristanda gedən
daxili çəkişmələr (Cebu xaqanın
öldürülməsi) xəzərlərin Albaniyadakı
hökmranlığına son qoydu və ölkəni dəhşətli dağıntılardan xilas etdi.
Bu dövrdə
Yaxın Şərqdə ərəblər sürətlə
küclənirdilər. Onlar 632-ci ildə İrana qarşı hərəkət etdilər.
Kalankatlı bu yürüşün dəqiq tarixini
göstərir: "İran
şahı Böyük Xosrovun ölümündən 4 il sonra Azkert III Yezdəgird
hakimiyyət başına gəldi.
12 qəbilə ilə birləşdikdən sonra küclənmiş Aqari
nəsli səhrada qasırğa
kimi sürətlə irəliləyir. Onlar Assuriyanı ələ keçirərək, tələsik İran
şahının üstünə gəlirlər".
III Yezdəgird ərəblərə
qarşı durmaq üçün
tabeliyində olan ölkələrdən
və vilayətlərdən qoşun tələb
edirdi. Albaniyanın böyük
knyazı Varaz-Qriqor dörd
oğlundan birini-Cavanşiri
onun hüzuruna
göndərmək qərarına gəlir, Kalankatlı Cavanşiri poetik şəkildə,
məhəbbətlə təsvir edir: "Varaz-Qriqor ...məğrur, əzəmətli
və gözəl bir gənc olan ikinci oğlu
Cavanşirə nəzər saldı. Üzünə təzəcə
tük gələn, atasının sevimlisi, silahdan
yaxşı baş çıxaran, şahin kimi çevik, hər işi bacaran, atasının dayağı olan Cavanşir idarə
işlərində ona kömək
etmək, görkəmli adamların cərgəsinə
çıxmaq və həmişə şahlarla
bir yerdə olmaq arzusunda idi". Cavanşir Albaniya dövlətinin bütün
qoşunlarının sərkərdəsi oldu.
636-642-ci illərdə alban
qoşunlarının sparapeti-baş
komandanı olan Cavanşir
öz ordusu ilə İran ordusuna qoşuldu. Ölü dəniz
yaxınlığındakı Kadisiyada baş verən döyüşdə (637-ci il) o, öz
şücaəti ilə fərqləndi. Cavanşirin
bu şücaəti III Yezdəgird tərəfindən
yüksək qiymətləndirildi, ona
"bayraq və şeypurlar,
iki qızıl mizraq
və qızıla tutulmuş iki qalxan verdi
ki, bunları həmişə onun önündə aparırdılar. Belinə
mirvari ilə işlənmiş
qızıl kəmər, qızıl dəstəkli
qılınc bağladı, qolbaqlar verdi, başına tac qoydu. Həmçinin, ona mirvari ilə
işlənmiş düzüm verdi, boynuna mirvari
boyunbağı asdı. Ərəblər, nəhayət, İran şahını öz
paytaxtı Ktesifonda mühasirəyə aldılar. Cavanşirin başçılıq etdiyi üç minlik alban ordusu
6 ay ərzində iranlılarla birlikdə
Ktesifonun
müdafiəsində iştirak etdi.
Bir qədər sonra, 642-ci
ildə Nəhavənd
yaxınlığında məşhur
döyüş baş
verdi. həmin döyüşdə də
Cavanşirin alban ordusu iştirak edirdi. Bu döyüşdə İran
ordusu darmadağın oldu.
III Yezdəgird isə qaçıb Dəclə
çayının sahilindəki qalada gizləndi.
Ərəblərin qələbəsindən və
İranın məğlubiyyətindən sonra
Albaniyanın sparapeti Cavanşir onlarla (iranlılarla - F.M.) vidalaşdı və Atropatakan əyalətinə gəldi, oradan da öz
ölkəsinə qayıtdı.
Beləliklə, "Cəsur Cavanşir yeddi il ərzində bu çətin
müharibələrdə vuruşdu. Bu müharibədə on bir ağır yara
alıb, onlarla vidalaşdı..." Vətənə qayıdan Cavanşir
642-643-cü illərdə, hələ atası Varaz-Qriqorun sağlığında
Albaniyanın ilk böyük
knyazı-işxanı olur. "Nurani Cavanşir İran müharibələrindən
şan-şöhrətlə qayıtdı və şahın
əmrilə Albaniyanın taxtına çıxdı"
(Kalankatlı, II, 19). Cavanşirin hakimiyyətinin ilk ilini, ədəbiyyatda rəsmən qəbul olunduğu kimi, 636-cı il yox,
642-643-cü il
kimi qəbul etmək lazımdır.
Knyaz taxtına
çıxan Cavanşir İran
hökmranlığına qarşı üsyan
qaldırdı. O, sağsahil kimi, sol sahil
Albaniyasına da yiyələnmək istəyirdi.
Cavanşir bu məqsədlə
atası ilə qoşun çəkib Bərdədən şimalda Kür çayının solsahilinə adladı. Elə bu vaxt İran
qoşunları da Albaniyaya
soxuldular. Məsələ
burasındadır ki, ərəblər tərəfindən
darmadağın olunan Sasanilər dövləti
öz ömrünü
başa vurandan sonra, əzilmiş fars
qoşunlarının
qalıqları şimala-Albaniyaya
doğru geri çəkilərək,
Kalankatlının
yazdığı kimi, burada möhkəmlənməyə cəhd
göstərirdilər.
Cavanşir farslarla uzun müddət döyüşməli oldu. Nəhayət,
Kambisenanı və
Girdmanı onlardan təmizləyə bildi. Cavanşir burada - Kambisenada
İberiya hakimi
Atrnersexlə "sarsılmaz ittifaq" bağladı. Onun
yardımına arxalanan və köməkçi
gürcü ordusu ilə
təmin olunan Cavanşir
Uti vilayətinə yollandı, farsları
oradan qovdu, paytaxt Bərdəni
düşmənlərdən təmizlədi,
farsların əsirliyində olan
anasını və qardaşlarını xilas etdi. Farslar da, öz
növbələrində, Atropatendən ordular göndərdilər. Sakasena vilayəti
yaxınlığında iki
döyüşdə fars orduları Cavanşir tərəfindən
məğlub edildi. Bununla
belə, farslar Sünik
knyazı vasitəsilə Cavanşiri barışığa təhrik edə
bildilər. Bundan sonra o,
"böyük İran
imperiyasının süqutunu və Şərqin ilk hökmdarlarını (alban hökmdarlarını)
xatırladı, onların şan-şöhrətini özünün şah
vüqarı ilə müqayisə etdi və
özünə söz verdi ki, bundan sonra onun
knyazlığında yadların
hökmranlıq etməsinə imkan verməyəcək."
Tezliklə farslar Cavanşirlə
bağladıqları ittifaqa xəyanət
etdilər. İran ordusunu
baş komandanı yenidən öz alaylarını silahlandırıb, Albaniya üzərinə göndərdi, hətta
onun ayrı-ayrı vilayətlərinə
hakimlər təyin elədi. Cavanşir gürcü ordularının köməyi ilə
farsları məğlub edərək,
ölkəni təmizləyə bildi. Albaniyanın müstəqilliyi uğrunda
Cavanşirin farslarla
apardığı müharibə ərəblərin
müdaxiləsi nəticəsində dayandı. Ərəblər
642-645-ci illərdə Atropatena tərəfindən
Zaqafqaziyaya hücum
etdilər və Albaniyaya soxuldular,
ancaq burada möhkəmlənə
bilmədilər.
Ərəblərə
qarşı mübarizənin ilk dövrlərində
Albaniyanın böyük knyazı Cavanşir ərəblərə boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir
ondan fərqli olaraq,
Bizansın vassallığını qəbul etməyi daha üstün tutmuşdu. Bizansdan vassal
asılılığı şərtilə olsa
da, Albaniyada dövlət
quruluşunu və ölkənin müstəqilliyini
qoruyub saxlaya bilmişdi. Kalankatlı Cavanşirin
hakimiyyəti dövründə ölkənin ərazi
hüdudlarını dəqiq köstərir. "O, İberiya sərhədlərindən hun keçidinə və Araz
çayına qədər əsil şah
kimi əzəmətlə
hökmdarlıq etmişdir". O ki qaldı Bizans
imperiyasının Albaniya barəsində
siyasətinə, deməliyik ki, Bizans Albaniyanın strateji mövqeyini, təbii sərvətlərini, burada keçən ticarət yollarının əhəmiyyətini
dərk edir və siyasətdə də buna əsaslanırdı. Bundan
başqa, cənubdan təhlükə
yarandığı bir dövrdə
(ərəb basqını nəzərdə tutulur) imperiyanın şərq sərhədlərini möhkəmləndirmək vacib idi. Xəlifənin yanında Cavanşirin nüfuzu o qədər
yüksəlir ki, Bizans
imperiyası ilə Xilafət arasında danışıqlarda
Albaniya hökmdarı vasitəçi kimi çıxış edir.
Cavanşir bu
danışıqları elə məharətlə aparır ki, hər iki tərəf
razı qalır. Onu hədiyyələrlə
mükafatlandıran xəlifə Sünik
knyazlığını Cavanşirin
ixtiyarına verir və tələb edir ki, Atropateni
də idarə etməyi öhdəsinə götürsün.
Ancaq Cavanşir bu təklifi qəbul etmir
və xəlifədən xahiş edir ki, "onun ölkəsi üzərinə qoyulmuş (xəlifə tərəfindən)
ağır vergini bir
qədər yüngülləşdirsin. Cənublu hökmdar məmnuniyyətlə
razılaşır və vergi boyunduruğunu üçdə biri qədər azaltmaq barədə
əmr verir".
Alban müəllifi dəfələrlə
yazır ki, xəlifə Cavanşiri
"elə ehtiram və təmtəraqla qəbul
edirdi ki, digər
canişinlərin heç biri
belə şərəfə nail ola bilməmişdi". "O, əmr verdi ki, Şərq
hökmdarına "tac gəzdirən şah kimi ehtiram etsinlər".
Cavanşirə
həm Bizans imperatoru
II Konstant, həm də xəlifə
Müaviyə tərəfindən şah
ləyaqəti ilə yanaşılması, şah
kimi ehtiram göstərilməsi
diqqətəlayiq faktdır. Şübhəsiz, Cavanşirin qazandığı hörmət, ehtiram, iltifat yalnız
Albaniyanın əhəmiyyətilə, Xilafətin şimal sərhədlərində tutduğu strateji vəziyyətlə
və ölkənin qiymətli təbii sərvətlərilə
deyil, həm də Cavanşirin
özünün yüksək şəxsi
keyfiyyətləri ilə bağlı idi.
O, VII əsrin
ortalarında Zaqafqaziya xalqları tarixində
ən çətin dövrlərdən sayılan, fars, ərəb, Bizans və
Xəzər işğalları illərində öz ölkəsinin müstəqilliyini qoruyub saxlaya bilmiş görkəmli sərkərdə, həssas diplomat, müdrik siyasətçi
və görkəmli dövlət xadimi idi. Onun ölkəsi
yalnız vergi verirdi.
Təəccüblü deyil ki, alban müəllifi ona
belə bir mədhnamə həsr etmişdir:
"Allahın hökmü ilə Cavanşir şöhrət və əzəmət üçun doğulmuşdu
və tanrı bu
günə qədər ona hər işdə şöhrət
sahibi olmağı layiq
bilmişdir... O, dörd
işğalçı dövlət
tərəfindən
hörmətlə sayılan və həmin ölkələrin hökmdarlarından aşağı səviyyədə durmayan
bir şəxs olmuşdur.
Cavanşir siyasi qəsd nəticəsində öldürülmüşdür. K.V.Trever tamamilə doğru
olaraq qeyd edir ki, onun
saray çevrilişlərinin, yaxud sinfi mübarizənin
qurbanı olduğu naməlum qalır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 1 sentyabr.- S.14.