Albaniyada mədəniyyət
Tarixi mənbələr sübut edir ki, Albaniyavda sənətkarlıq
və şəhər mədəniyyəti inkişaf
etmişdi. F.Məmmədova mənbələrə istinad edərək
göstərir ki, məhsuldar qüvvələrin artması,
feodal münasibətlərinin inkişafı və möhkəmlənməsi,
eləcə də, Albaniya iqtisadiyyatının yüksəlməsində
şəhərlərin rolunun böyüməsi şəhərlərin
sosial strukturunda da əhəmiyyətli dəyişikliklərə
səbəb olur - əkinçiliklə birdəfəlik əlaqəsini
kəsmiş azad sənətkarlar meydana gəlirdi. Zəngin
xammal bazası və digər zəruri ehtiyat
materiallarının bolluğu sənətkarlığın
genişlənməsinə imkan yaradırdı.
Musa
Kalankatlı qeyd edir ki, Albaniya toxuculuq
istehsalı ilə şöhrət qazanmışdı. Toxuculuq üçün
başlıca xammal yun,
kətan, ipək və pambıq sayılırdı. Kür sahillərindəki ucsuz-bucaqsız tut bağları, çəltikliklər,
müxtəlif rəngli ipək parçalar
hazırlanmasını təmin edirdi. Barama toxumu Çindən
gətirilmişdi. Boyaq maddəsi kimi, əsasən, boyaq otundan, qatrandan, eləcə
də, ağacların yarpaqlarından, köklərindən və
meyvələrindən istifadə olunurdu. Albaniyada saysız-hesabsız qoyun
sürüləri yun parça,
sap və xalça
istehsalını xammalla təchiz edirdi. Arxeoloqlar tərəfindən
Mingəçevirdə və Beyləqan şəhərgahında,
eləcə də, başqa yerlərdə
gildən hazırlanmış cəhrə iyi,
kirgid, toxuculuq dəzgahları,
xalça toxumaq üçün xanalar
tapılmışdır.
Albaniyada kətan və
pambıq parça, ipək
hazırlanması haqqında alban müəllifindən
başqa ərəb
coğrafiyaşünasları İstəxri, İbn
Hövqəl Yaqut Həməvi də məlumat
verirlər. Məsələn, İstəxri yazır ki, "Bərdədən çoxlu
ipək ixrac olunur. Burada barama
qurdlarını heç kimə məxsus
olmayan və hər yanda
bitən tut ağacının
yarpağı ilə yemləyirlər. Albaniyadan
İrana və Xuzistana
çoxlu ipək göndərilir".
Yazılı mənbələr
və arxeoloji qazıntılar ölkənin
lap qədimdən metallurgiya,
metal məhsullar və avadanlıq
istehsalı mərkəzlərindən biri
olduğunu sübut edir. M.Kalankatlının fikrincə, ilkin orta əsrlərdə
təsərrüfatın bu sahəsi
yüksək səviyyədə idi. Metal məmulatı istehsalı ilə məşğul
olan bir sıra mərkəzlər
vardı. Bunlar - indiki
Gədəbəy, Şirvan, Qarabağ, Şəki-Zaqatala, Quba
və başqa rayonlardır. Dəmir, mis, qızıl, gümüş
hasilatı da inkişaf
etmişdi. Q.M.Aslanov göstərir ki, metalın əldə
edilməsi və hazırlanmasında isti
və soyuq döymə, lehimləmə,
tökmə və naxışsalma kimi xüsusi texnika işlənib
hazırlanmışdı. Arxeoloqlar
müxtəlif üsullarla metal
tökmələr üçün qəliblər
və bəzi istehsal alətləri aşkara
çıxarmışlar. Dəmirdən silah və təsərrüfat-məişət
alətlərinin (dəmir xəncərlər,
qılınclar, bıçaqlar, oraqlar, kotanlar, baltalar və s.) hazırlanması inkişaf
etmişdi.
K.O.Qaşqarlı
qeyd edir ki, qızıldan, gümüşdən,
bürüncdən bəzək əşyaları -
sırğalar, üzüklər, qolbaqlar,
başlıqlar, boyunbağılar, kəmərlər
hazırlayan zərgərlər sənətkarlığın
yüksək səviyyəsinə çatmışdılar. Qiymətli metallardan əşyalar, tunc
piyalə, boşqab, sərnic, güldan, nəlbəki, qənddan istehsalı
Albaniyada xüsusi yer tuturdu. Arxeoloji
komplekslərdə üzə çıxarılmış bədii
metal əşyalar arasında həm yerli zərgərlərin və misgərlərin
məhsulları, həm də sasani
nümunələri əsasında hazırlanmış
müxtəlif əşyalar var. Yerli əhali torevtik əşyalardan
- bədii işləməli metal qab-qacaqdan geniş istifadə
edirdi.
Albaniyada sənətkarlıq
növlərindən biri də dulusçuluq idi. Arxeoloji qazıntılar zamanı müxtəlif
formalı və müxtəlif məqsədlər üçün hazırlanmış çoxlu saxsı əşyalar aşkara çıxarılmışdır.
Həmin əşyalar, əsasən, Mingəçevir, Qəbələ,
Torpaqqala (Qax), Şəhərgah
(Şamaxı), Xucbala (Quba)
və İsmayıllı rayonlarından
tapılmışdır. Dulus kürəsi
və ikimərtəbəli dördkünc
formada tikilmiş dulus sobaları diqqəti cəlb edir. Alban müəllifi Musa Kalankatlının məlumatına görə,
alban dulusçuları "şahlar üçün qablar"
hazırlayırdılar.
F.Məmmədova yazır ki, zərgərlər bu
qabları qızıl, gümüş,
qiymətli daşlarla bəzəyirdilər.
Bunu ərəb
coğrafiyaşünasları da təsdiq
edirlər. Qeyd edək ki,
bizim eranın III əsrindən başlayaraq saxsı qablar
hazırlanması texnikasında kəskin tənəzzül
müşahidə olunur. Tədqiqatçılar
bunu müxtəlif səbəblərlə
izah edirlər. Bəziləri həmin tənəzzülü
müharibələrin nəticəsi, köçərilərin
basqını və dulusçuların başqa
ölkələrə aparılması ilə
bağlayırlar, digərləri, xüsusilə də, A.Ş.Orucov bunun səbəbini
iqtisadi formasiyanın dəyişməsində,
feodal istehsal üsulunun inkişafında görürlər.
Albaniyada
həmin dövrlə bağlı arxeoloji
qazıntılar zamanı aşkar olunmuş çoxlu
şüşə, metal, taxta
əşyalar (qab-qacaq, eləcə də,
məişət əhəmiyyətli məmulat), qiymətli
şeylər dulusçuluq məmulatının
köhnəlmiş ləvazimat kimi məişətdən
sıxışdırılıb
çıxarıldığını ehtimal
etməyə imkan verir.
Dulusçuluq məmulatı əhalinin ancaq aşağı təbəqəsi tərəfindən
təsərrüfatda və məişətdə istifadə olunmağa başlayır. Ağac və dəri
emalı, eləcə də, daşyonma sənəti
ölkədə yüksək səviyyəyə
çatmışdı. Daşyonmadan, əsasən,
memarlıqda, üzük qaşı,
boyunbağı kimi geniş
yayılan üstü yazılı, bəzəkli
qiymətli daşların hazırlanmasında, muncuq
və dənüyüdənlər düzəldilməsində,
eləcə də, şüşə istehsalında (məişətdəki
şüşə əşyaların: dolça,
bardaq, piyalə, qədəh, qənddan, ətir
şüşələri, muncuqlar və s.) istifadə olunurdu. Arxeoloqlar Amarasda (Ağdam) və Torpaqqalada (Qax) şüşəəridən sobalar aşkara
çıxarmışlar. Albanlar, həm
də ağacda və sümükdə
naxış salmaq üzrə mahir usta
sayılırdılar.
F.Məmmədova
yazır: "Beləliklə, yazılı və arxeoloji məlumatlar
III-VII əsrlər Albaniyasında sənətkarlığın
müxtəlif sahələrinin yüksək səviyyədə
inkişafından danışmağa imkan verir". Albaniyada
şəhər mədəniyyəti haqqında F.Məmmədova
mənbələrə istinad edərək yazır ki, ilkin
orta əsr şəhərlərinin problemləri, onların
yaranması, sosial strukturunun formalaşması məsələləri
tarix elmi üçün aktual sayılır. Son vaxtlar Orta
Asiyanın, Ön Şərqin orta əsrlərdəki şəhərləri
alimlərin diqqət mərkəzinə çevrilmişdir.
Alban
şəhərlərinin (Qəbələ, Beyləqan,
Naxçıvan, Şamaxı, Dərbənd,) problemləri
Q.M.Əhmədovun, R.Məmmədovun, İ.A.Babayevin,
C.A.Ciddinin, A.A.Kudryavtsevin,
M.X.Heydərovun xüsusi əsərlərində,
eləcə də, K.V.Treverin, Z.M.Bünyadovun, S.Aşurbəylinin
ayrı-ayrı tədqiqatlarında hissə-hissə öyrənilmişdir.
İlkin
orta əsrlər dövrü
Albaniyada şəhərlərin
artması ilə xarakterizə edilir, həmin
dövrdə köhnə şəhərlərin (Qəbələ,
Naxçıvan, Dərbənd) inkişafı ilə
yanaşı, yeni şəhərlər
(Bərdə, Beyləqan və s.)
salınması və eləcə də, şəhər həyatının
canlanması prosesi gedirdi.
Feodal
münasibətlərinin güclü siyasi mərkəzi hakimiyyət şəraitində
(VI əsrə qədər çar
hakimiyyətinin, bundan sonra
isə böyük knyazlar
olan Mehranilərin hakimiyyətinin) inkişaf etdiyi Albaniyada isə şəhərlərin
yaranması və möhkəmlənməsinə böyük ehtiyac duyulduğundan, mərkəzi hökumət şəhərlərin
təşəkkül tapmasına şərait
yaradırdı. Çünki mərkəzi
hökumət feodallarla mübarizədə
onlardan istifadə edirdi.
Yenidən feodallaşan zadəganlarda da bağışlanma torpaqlar
mənimsəmək marağı yaranır, bu
isə şəhər həyatının çiçəklənməsinə,
köhnə şəhərlərin dirçəlməsinə
və yenilərinin meydana gəlməsinə
səbəb olurdu. O ki
qaldı Albaniya şəhərlərinin ali sənətkar-tacir təbəqəsinə,
onlar aramsız ticarətin
inkişafını təmin edən güclü
hakimiyyətə malik mərkəzi
dövlətin yaranması və möhkəmlənməsinin
tərəfdarı idilər. Beləliklə, Albaniya
şəhərləri ilkin orta əsrlərdə alban
Arşakilərinin, sonra isə alban Mehranilərinin dayağı olaraq qalırdı.
Albaniya üçün beynəlxalq ticarət
yolları üstündə yaranmış şəhərlər
xarakterik idi. Bərdə,
Dərbənd, Qəbələ, Çola,
Beyləqan belə şəhərlərdən idi. Həmin şəhərlər iri inzibati və ticarət-sənətkarlıq
mərkəzləri sayılırdı. Onları mənbələrdə
"nəhəng" və "şöhrətli" şəhərlər
adlandırmışlar. Akademik Z.Bünyadovun fikrincə, başqa şəhərlər də vardı ki, bunlar sənətkarlıq
məhsulları istehsalı və ticarət mərkəzi
sayılsalar da, mühüm
ticarət yollarından uzaq
olduqlarından, bir növ
qapalıydılar. Şəki, Şəmkir, Girdman,
Naxçıvan və başqaları belə şəhərlərdən
sayılırdı. Bu şəhərlər
həm də hərbi əhəmiyyətli qalalar
hesab olunur, onlarda silahlı qarnizonlar
saxlanılırdı. Üçüncü
tip şəhərlər əkinçilik
xarakterli idi. Onlar feodal vilayətlərinin
inzibati mərkəzləri
sayılırdı, ancaq sosial-iqtisadi
mənada şəhər deyildilər. Gavurqala
(Ağdam), Torpaqqala (Qax), Mingəçevir və başqaları bu qəbildəndilər. İlk
iki növə aid olan şəhərlərin ətrafındakı
kənd mahallarının əhalisi kənd təsərrüfatı
ilə məşğul olurdu. Həmin
dövrlərdə Albaniyada Dərbənd,
Çola, Şabran,
Şamaxı, Şəki, Qəbələ, Şəmkir, Bərdə,
Beyləqan, Xalxal, Amaras,
Naxçıvan kimi məşhur şəhərlər
vardı.
628-ci ildə
İran-Bizans müharibələrində
Bərdə Bizansın müttəfiqi xəzərlər tərəfindən
dağıdılır. Şəhər Əməvilər
sülaləsindən ilk xəlifə
Müaviyənin (661-680) dövründə Arran
(Albaniya) hakimi Əbd əl-Əziz
ibn Xatim tərəfindən
bərpa olundu.
Abbasilər dövründə
(752-ci il) "alban
knyazlarından" alınan Bərdə Arran
vilayətinin paytaxtı olmuşdur və
həmin vaxtdan etibarən tamamilə ərəblərin
hakimiyyəti altına keçmişdir. Xəlifə
Mansurun dövründə Bərdənin öz zərbxanası olmuş
və burada "Bərdə" möhürü ilə sikkələr zərb
edilmişdir. M.X.Heydərov
göstərir ki, IX-X əsr ərəb
coğrafiyaşünasları Abbasilər dövründə öz inkişafının ən yüksək
zirvəsinə çatmış Zaqafqaziyanın böyük şəhərlərindən olan Bərdəyə parlaq
səhifələr həsr etmişlər. Ərəb müəllifləri
Bərdəni Arranın əsas şəhəri
adlandırır, onun bişmiş
kərpicdən və gipsdən inşa olunmuş tikililəri, dəbdəbəli
bazarları, sənətkarlıq məhsulları və bu sahədə əsas yer
tutan ipək toxuculuğu
məmulatı haqqında məlumat verirlər. X əsrdə
xarici basqınlar, eləcə də, ticarət
yollarının şimaldan cənuba
keçməsi və digər iqtisadi səbəblər
şəhərin tənəzzülə uğramasına gətirib
çıxardı.
Albaniyanın ən əhəmiyyətli
şəhərlərindən biri də Qəbələ
idi. Bu şəhər
er. əv. IV əsrin sonları-b. e. III əsrinin əvvəllərində meydana gəlmiş, XVIII əsrə qədər
yaşamışdır. V əsrə qədər Qəbələ
Albaniyanın paytaxtı, alban
çarlarının, alban
arxiyepiskoplarının yaşayış yeri
olmuşdur. Paytaxt Bərdəyə
köçəndən sonra da Qəbələ ölkənin ən iri siyasi-inzibati, kilsə-inzibati
(arxiyepiskopluq), ticarət-sənətkarlıq
və mədəni mərkəzlərindən biri
olaraq qalmaqda idi.
Albaniyanın paytaxtı Bərdə
(Partav) idi. O, İran, Orta Asiya, Cənubi Azərbaycan, Gürcüstan,
ərəb ölkələri, Bizans və
Şimali Qafqazın karvan
yollarının qovşağında yerləşdiyindən,
Yaxın və Orta Şərqin nəhəng
ticarət mərkəzlərindən birinə çevrilmişdi.
Bərdə, eyni zamanda, böyük Uti vilayətinin baş
şəhəri idi. İlkin
orta əsrlərdə Bərdə Qafqaz Albaniyasının siyasi,
dini və mədəni mərkəzi
sayılırdı. Bərdə alban
Arşakiləri nəslinin son nümayəndələrinin
böyük Mehrani
knyazlarının, V əsrdən sonra
isə alban katolikoslarının
yaşadığı şəhər idi.
Kalankatlıya və ərəb müəlliflərinə
görə, Bərdə V əsrdə alban
hökmdarı Vaçe tərəfindən
tikilmişdir. Bu şəhər
ticarət və sənətkarlıq mərkəzi idi. Buradan baramaqurdu,
barama, çoxlu ipək,
əncir, boyaq və s.
ixrac məmulatı, sikkələr,
möhürlər aşkara
çıxarılmışdır. Binalar
daşdan, bişmiş
və çiy kərpicdən tikilmiş, gildən hazırlanmış
qabarıq həndəsi ornamentlərlə bəzədilmiş,
bəzi yerlərdə isə divarlara mina örtük çəkilmişdir.
Həmin binaların üstü
yüksəkkeyfiyyətli kirəmidlə örtülürdü
ki, bu da
tikinti mədəniyyətinin yüksək
səviyyədə olduğunu sübut edir. İlkin orta əsrlər
Albaniyasının ən əhəmiyyətli şəhərlərindən
biri Dərbənd (Çola)
olmuşdur. Bu
şəhər nəinki albanların və Sasanilərin Qafqazda mühüm
dayağı kimi olmuş,
eləcə də, orta əsrlərin böyük ticarət-sənətkarlıq və
siyasi mərkəzlərindən biri sayılmışdır. Qədim
dünyanın mühüm ticarət
yollarından birində hakim mövqe tutması, eləcə də, alban hökmdarları və Sasanilər
dövründə xüsusi hərbi-strateji
əhəmiyyət kəsb etməsi Dərbəndin sürətli
inkişafına kömək etmişdir.
VI əsrdə Dərbənd dəqiq seçilən daxili strukturu və
topoqrafiyası olan şəhərlərdən
biri kimi məşhurlaşır.
Mənbələrdə Dərbəndi "nəhəng şəhər",
"Qala", "Çor
keçidinin şəhəri, dənizdə
tikilmiş nəhəng istehkam"
adlandırırlar.
A.A.Kudryatsevin "Qədim
Dərbənd" əsərində yazır ki,
istehkam tikintisinin geniş miqyası müxtəlif peşə sahibi olan fəhlələrin
buraya toplanmasını tələb edirdi. Arxeoloji qazıntıların nəticələri göstərir
ki, bu uzun
divarların müdafiə qurğularına "bayır tərəfdən
Dərbənd karxanalarından gətirilmiş daş
bloklardan üz çəkilmiş,
onların aralarının doldurulmasında isə yerli daşlardan istifadə
olunmuşdur".
Şəhərin əsas sənətkarlıq
sahələri toxuculuq, metal
emalı, metallurgiya, şüşə
istehsalı, dulusçuluq olmuşdur
ki, bunlar da öz əksini
yalnız Yaxın Şərq və Zaqafqaziyada
hazırlanan qablarda yox,
həm də Orta Asiya
keramikasında tapmışdı.
Dərbəndin aydın
seçilən daxili strukturu
vardı. Şəhər ərazisinin sahəsinə görə
(150 ha-a yaxın) Dərbənd Ön Şərqin, Zaqafqaziyanın və Orta Asiyanın iri şəhərlərini
xeyli üstələyirdi. Arxeoloji
qazıntılara görə şəhər ərazisinin əhali
yaşayan sahəsi (sahilboyu
rayonlar nəzərə
alınmır) şəhər
divarlarının dövrəyə aldığı ərazinin
1/6-nə qədərini təşkil edirdi.
Dərbənddə
şəhərin iki daxili
hissəsi, xüsusilə, nəzərə çarpır: qala və şəhərin özü.
Elə indinin özündə də
Narınqala adlanan həmin istehkam
şəhərdə xüsusi yer tuturdu, şəhər
hakiminin iqamətgahı, saray
əhli, qarnizon, eləcə də, inzibati, hərbi-siyasi və mədəni mərkəz
burada yerləşirdi.
F.Məmmədova göstərir
ki, Naxçıvan, Beyləqan,
Şamaxı (qeyd edildiyi
kimi, bu "şəhərlərə
xüsusi tədqiqat işləri həsr olunmuşdur), eləcə də, Şəki, Şəmkir, Şabran, Xalxal və Amaras Albaniyanın ən məşhur şəhərləri
idi.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs .- 2012.- 7 sentyabr.- S. 14.