Azərbaycan
xalqının yaranmasının dövlətçilik tarixində
əhəmiyyəti
Azərbaycan xalqı öz tarixi ərazisində
yaranmışdır ki, bu ərazidə Azərbaycan dövlətləri
mövcud olmuşdur. Akademik Z.Bünyadov və professor
Y.Yusifovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan
tarixi" kitabında göstərilir ki, azərbaycanlıların
xalq kimi yarandığı ərazi şimalda Dərbənddən,
cənubda İranın Zəncan-Qəzvin
bölgəsindən (bura da daxil olmaqla), şərqdə Xəzər
dənizindən başlayır, qərbdə Tiflis, İrəvan
(ind. Yerevan) və Urmiya gölünün qərb sahilini əhatə
edirdi.
Azərbaycan xalqı bu geniş ərazidə
yaşayan türk etnoslarının və qonşu ölkələrdən
gəlib burada məskunlaşmış, türk dillərində
danışan digər tayfaların qaynayıb
qarışmasından yaranmışdı. Bütün
xalqlarda olduğu kimi, azəri türklərinin də
formalaşması prosesində və sonrakı dövrlərdə
onun tərkibinə başqa dillərdə danışan
ayrı-ayrı etnoslar, xüsusilə, farsdilli tayfalar daxil
olmuşlar. Azərbaycan dili türk dilləri qrupuna daxildir. Azərbaycan
türkləri erkən dövrdən türk (prototürk, erkən
türk) dilində danışmış və heç bir
başqa xalqdan dönməmişlər. Azərbaycan
xalqını öz etnik və dil köklərindən qoparmaq
üçün uzun müddət müxtəlif qondarma
müddəalar ortaya atmış və belə nəzəriyyələri
Azərbaycan xalqının tarixinə calamışlar. Bu
proses indi də davam edir. Azəri türklərinin əsil
soykökünü, dil və etnik kökünü
araşdıranlara, yaxud bunun naminə səs qaldıranlara
siyasi damğa və ləkə vurub sıradan
çıxarırdılar. Bəzi tədqiqatçılarımız
çeynənmiş
konsepsiya ilə silahlanaraq xalqımızın farsdilli
əhalidən, farslardan, şimalla Qafqaz dilli etnoslardan dönmə
olduğu kimi əsassız fikri tariximizə
sırımağa çalışırlar. Halbuki nə
farsların, nə də Qafqaz dilləri ailəsinə mənsub
olan etnosların kütləvi surətdə türkləşməsini göstərən
heç bir tarixi dəlil və sübut yoxdur. Bu xalqların
dönüb türk (Azərbaycan) dilində
danışmasına nə siyasi, nə iqtisadi, nə də
ideoloji (dini) şərait olmamışdır. Türk
türklüyündə, fars farslığında, ləzgi də
ləzgiliyində qalırdı, çünki bir xalq kimi qədimdən
formalaşmış farsların, yaxud Azərbaycana
Dağıstandan axıb gələn ləzgidilli etnosların
etnik və dil tərkiblərini dəyişməyə ehtiyac
duyulmamışdır. Vaxtilə Azərbaycanda məskən
salmış Qafqaz və farsdilli etnoslar indiyədək öz
dillərini saxlayırlar.
Müəlliflərin
fikrincə, tarix boyu
azəri türkləri farsmənşəli və
Qafqazdakı digər etnoslarla qonşu olmuş,
onların müəyyən qismi Azərbaycanda
məskən salmış və xalqımızla bilavasitə
ünsiyyət yaradaraq biri
digərinə qarşılıqlı mədəni təsir
göstərmişdi. Azərbaycanın ərazisində
təmsil olunan etnosları ümumi
bir cəhət- dini ideologiya birləşdirirdi. Azərbaycan
əhalisi istər türklər, istərsə də digər
etnoslar atəşpərəstlik və
bütpərəstlik dini
etiqadlarını saxlayır, xarici işğallara qarşı birgə müqavimət
göstərir, bu və ya
digər dövlətin hakimiyyətinə birgə tabe olurdular. Əhəmənilərdən
başlayaraq arşaki və
sasani sülalələrinin hakimiyyəti
illərində Azərbaycanda İran mədəni
təsiri güclənmiş, eyni zamanda, buraya tarixi qaynaqlarda əks olunmuş yeni türk etnoslarının Qafqazdan
və Orta Asiyadan axını artmışdı. Buraya gəlib məskunlaşan və yerli yekdilli etnoslarla qaynayıb qarışan türk tayfaları müxtəlif adlar daşıyırdılar. Ləhcə
fərqlərinə baxmayaraq, erkən orta əsrdə Azərbaycanda yerli
və gəlmə türk
etnoslarının vahid xalq
kimi birləşməsi prosesi
başladı, Azərbaycan dilini başqa türk dillərindən
fərqləndirən bir sıra fonetik ünsürlər meydana
gəldi. Azərbaycanda
xristianlığın yayıldığı dövrdə azəri
türklərinin bir xalq
kimi türk dili əsasında yaranması prosesi
gücləndi və ərəb istilası zamanı, yəni
VII əsrin sonu-VIII əsrin əvvəlində
etnik dil, ərazi və
ideoloji birliyi olan xalq kimi
formalaşdı. Xristianlıqla mübarizədə köhnə
dini etiqadlara sitayiş ətrafında
birləşmiş bu xalq
islam dinini qəbul edir və ərəb xilafətinin hakimiyyəti
altına keçir.
Xristianlığı qəbul etmiş müxtəlif dilli
(türk, fars) Azərbaycan
əhalisi, əsasən, Yuxarı Qarabağda
(Arsaxda) qərar tapır və tədricən
qriqoryan kilsəsinin təzyiqi altında
erməniləşmə prosesinə məruz qalır. Eyni zamanda, müsəlmanlığı qəbul etmiş bir sıra digər
etnoslar, yaxud onlara mənsub ayrı-ayrı qruplar
tədricən Azərbaycan- türk dilinin ünsiyyət vasitəsi olduğu bir şəraitdə
öz dillərini yadırğayaraq, Azərbaycan
xalqına qaynayıb qarışırlar. Lakin bu halın özü də
kütləvi xarakter daşımamışdır, çünki Azərbaycanda bəzi fars və
Qafqaz dilli əhali iki dilli olmasına baxmayaraq, ana dillərini
indiyədək saxlamışılar. Məlum olduğu
kimi, hər bir
xalqın mənşəyinin ayırd edilməsində dil mənsubiyyəti ən başlıca əlamət
kimi çıxış edir.
Dil cəhətdən isə
xalqımız Azərbaycanda qədim zamanlardan
bəri yaşamış və burada məskunlaşmış,
türk dillərində danışan etnoslarla bağlıdır. Azərbaycan türk dili VII-VIII əsrlərdə
artıq Azərbaycan xalqının dili və
ölkədə ünsiyyət vasitəsi kimi
formalaşmışdı.
Z.Bünyadov və Y.Yusifov göstərir ki,
Azərbaycanda yaşamış erkən əhalinin etnik tərkibini müəyyən etmək üçün əsasən yazılı
qaynaqların məlumatı köməyə gəlir. Bu qaynaqlar dövr
etibarilə iki hissəyə bölünür. Birinci dövr e. ə. III-I
minillikləri əhatə edir. Qədim dövr qaynaqlarının öyrənilməsi
göstərdi ki, o zaman Azərbaycan ərazisində türk dillərində danışan etnoslar (erkən türklər)
yaşayırdılar. İkinci dövr qaynaqları eramızın I minilliyini əhatə edir.
Qaynaqların öyrənilməsi göstərir ki, bir sıra eyniadlı etnoslar qədim və erkən orta
əsrlərdə Azərbaycan ərazisinin məskunları kimi qeyd olunmuşdular.
Qədim və
erkən orta əsr dövründə Azərbaycanda
alban, sakasen, uti, kaspi, mük,
kadusi, qarqar, suvbi//sovde, turuki/türk, udi, anariak, mard və amard tayfa adları
daşıyan əhali yaşayırdı. Bu
tayfaların etnik və dil
mənsubiyyəti barədə qaynaqlar məlumat
vermir. Tədqiqatlarda
onların dil
mənsubiyyəti barədə
müxtəlif mülahizələr
yürüdülmüşdür. Əvvəlki fəsillərdə göstərildi
ki, bu tayfa adlarının bir qismi (alban, anariak, sakasen) türk dillərində
izah olunur, türk xalqlarını (uti//utiqur, qarqar, turuki//türk) bildirən
etnonimlərdir, yaxud türkmənşəli
Aran nəslinə (uti, qarqar, girdman, sovde) mənsub olmuşdur,
bir neçəsi isə (mard,
amard) pəhləvi-fars dillərində mənalandırılır.
Qalan etnonimlərin (mük,
kadusi udin) mənası_və dil
mənsubiyyəti məlum deyil. Udin adı ilk dəfə
məhz XVII əsrdə Qafqaz dilli udilərə və
türk
etnoslarına şamil edilmişdir. Beləliklə, qədim və
erkən orta əsr dövründə Azərbaycan əhalisinin əsas
etnik tərkibi sabit qalırdı. Bununla yanaşı, Azərbaycana başqa
adlar daşıyan etnosların gəlməsi və burada məskunlaşması davam edirdi. Onlar yerli əhaliyə əsasən
qohum olan etnoslar idi. Qaynaqlar
qədim və erkən orta əsr
dövründə iki böyük
etnik axını
qeydə almışdır. Birinci axın kimer, skit, sak
tayfalarının Azərbaycanda
məskunlaşmasına, ikinci
axın isə hunların burada məskən salmasına şərait
yaratdı. Türk tayfalarının Azərbaycana (eləcə də, bütün
Ön Qafqaza və Ön Asiyaya) üçüncü axını orta əsrlərin
başlanğıcında
(XI-XII əsrlər) səlcu oğuzlarının
adı ilə bağlıdır. Yerdəyişmə nəticəsində
Azərbaycana gələn etnoslar yerli türk (adərbayqanlı
və alban) əhalisi ilə dil, din və müəyyən
dərəcədə etnik cəhətdən
qohum idilər.
Bildiyimiz kimi, erkən orta əsrlərdə
Sasani şahları Azərbaycanın şimal hissəsinə pəhləvi-fars ləhcələrində
danışan etnoslardan
köçürmüşdülər. Bir
qisim fars dilli əhali özünün
arzusu ilə buraya
köçərək məskunlaşmışdı. Bu əhali sonrakı dövr
qaynaqlarda tat
adlandırılmışdı. Orta əsrlərdə
formalaşmış tat dili,
əslində, pəhləvi (orta fars) dilinin ləhcələrindən
biri idi. Tat məfhumu,
ümumiyyətlə, dil mənsubiyyətindən
asılı olmayaraq, İrandan
çıxmış əhaliyə tətbiq edilirdi.
Şimali Azərbaycana köçmüş,
yaxud köçürülmüş
tatların müəyyən qismi iki dildə danışan azəri türkləri
idi. Yeni şəraitdə
onlar tədricən tat
dilini unutmuş və
Azərbaycan dilini saxlamışdılar.
Azərbaycan dili indi də
cənubda tatların ünsiyyət dili hesab olunur.
Erkən orta
əsrlərdə Azərbaycanda əsas etnik
zəmini türk dilində danışan əhali
təşkil edirdi. Bu
etnik tərkibə yeni
türk tayfaları əlavə olunurdu. Burada hun tayfa birləşməsinə
daxil olan etnik qruplar, etnoslar məskunlaşırdılar. Qaynaqlar erkən orta əsrlərdə
Azərbaycanda hun, peçenq,
kəngər, heptal, sabir,
xəzər və başqa türk etnoslarının məskən
salması barədə məlumat saxlamışdır. Azərbaycan etnik dil
baxımından, türkdilli areala daxil idi,
siyasi cəhətdən isə Sasani imperiyasının hakimiyyəti
altında qalırdı. Ərəb qaynaqlarında deyilir ki, "Azərbaycan
qədimdən türk tayfaları tərəfindən
məskunlaşmış ölkədir". Ərəblərin
Azərbaycana yürüşü
zamanı onlara müqavimət
göstərənlər, əsasən, yerli
türklər olmuşdur.
Erkən orta
əsrlərdə Azərbaycana gəlmiş türkdilli
etnoslar hun
ittifaqında birləşmişdilər. Bu
ittifaqa bir çox türk
etnosları, o cümlədən, kəngər,
peçeneq, bulqar,
qıpçaq, sabir, utiqur,
onoqur, xəzər, türk,
uz, heptal, barsil tayfaları daxil idi. Bu tayfalar
qədim qaynaqlarda müxtəlif cür, məsələn, kimmer,
sak, skit, nevr, massaget, saurmat adları altında göstərilir. "Hun" erkən orta əsr
türkdilli
tayfaların ümumi adı olmuşdur. VII əsrə
yaxın "türk" adı ümumiləşdirici
ad-etnonim kimi işlədilmişdir.
Hun
ittifaqında adı çəkilən bir
çox tayfalar qədim
dövrdən Ön Qafqaz
ölkələrinin sakinləri olmuşlar.
Onların adı ilə bağlı bir çox toponimlər yaranmışdı. Azərbaycanın
Gürcüstanla sərhədlərində
hun adını daşıyan Hunarakert və Hunan toponimləri
erkən orta əsrlərdə artıq mövcud idi. Həmin
dövrdə orada Kanqar
(Kənkər) adı toponim və oronim kimi məlum idi. Arsaxda peçeneq
etnonimini əks edən Paizkank
vilayət adı meydana gəlmişdi. Mets-İrank kənd adı (Arsaxda)
"ir" (-an+k
şəkilçidir) tayfa adını əks
etdirir. "İr"
türk dillərində "kişi, ər, cəsur" mənasını
daşıyan etnonimdir. Erkən
orta əsrlərdə Azərbaycandakı
Xursan, Qoroz toponimləri
xoros, Tornavan toponimi xəzər tarna/torna türk tayfa adlarını saxlamışdır. Çola//Çora yer adı və Çlax vadi adı türkmənşəli sul//sur etnonimindən, Arkuqet və Kolman toponimləri
isə müvafiq surətdə arkaqut//arqu və kol türk etnonimləri
əsasında yaranmışdır. Onoquris
(Gürcüstanda) toponimi
onoqur, Trtu// Tərtər
hidronimi isə tərtər türk tayfalarının adını
daşıyırdı. Erkən orta əsrlərdə
Arsaxdakı Trtuakan toponimi
də həmin etnonimdən yaranmışdır. Armeniya ərazisindəki Vənənd, Quşar, Kanqark, Karadunis və başqa erkən
orta əsr toponimləri müvafiq
türk etnonimlərindən əmələ
gəlmişdir.
Erkən orta
əsrlərdə Azərbaycanda və qonşu
torpaqlardakı bir çox
yer adları qaynaqlarda
türk dillərində izah
olunur. Toponimlərin bir
qismi türk
tayfalarının hunların tərkibində gəlişi ilə
əlaqədar yaranmış, digər qismi
isə hunlardan əvvəlki yerli türk etnoslarına
mənsub olmuşdur. Beləliklə, hunlarla bərabər Azərbaycana və qonşu ərazilərə yeni
türk etnosları gəlmiş, burada dil cəhətdən
qohum olduqları yerli
azəri türkləri arasında məskunlaşmış və
onlarla qaynayıb
qarışmışlar.
M.İsmayılov
"Azərbaycan xalqının yaranması əsərində
tarixi mənbələrə əsaslanaraq
yazır ki, tarix ədəbiyyatında
Azərbaycan xalqının və dilinin təşəkkülü
XI-XII yüzilliklərdə Azərbaycan torpaqlarına kütlə
halında gəlmiş oğuzlar və
qıpçaqlarla bağlamaq kimi səhv, heç bir elmi əsası olmayan fikir, mülahizə
vardır. Bir az
aşağıda bu mülahizə üzərinə
qayıdacağımızdan burada onun barəsində söhbət açmayacaq. Burada təkcə
onu qeyd etmək
lazımdır ki, oğuzların və
qıpçaqların Azərbaycana gəlişlərini XI-XII
yüzilliklərdə bağlamaq da səhvdir. Bu, bir tarixi həqiqətdir ki, onlar XI yüzilliyə
qədər də, ondan çox
qabaq da mövcud olmuşlar. Onlar tarixin müəyyən
dövrlərində (XI yüzillikdən qabaqkı dövr nəzərdə tutulur),
həmin dövr "öğuzlar
yüzilliyi", "oğuzlar
dövrü"
adlandırılmışdır. Bu,
"Kitabi-Dədə Qorqud"da da öz
əksini tapmışdır. V.V.Bartold və
A.Y.Yakubovski kimi
görkəmli alimlər bu dövrü XI yüzillikdən çox qabağa
aparırlar. Birincinin fikrincə, "oğuzlar yüzilliyi"
islamın meydana çıxması
dövrünə aid edilməlidir. İkincisi isə islamdan qabaq oğuzların olmasına şübhə
etmir. Təsadüfi deyildir ki, Azərbaycan dilinin təşəkkülünü VII
yüzilliyə aid edən mərhum Ə.Ə.Dəmirçizadə
və başqa dilçilər belə hesab edirlər ki, ilk orta yüzilliklərin
məhsulu olan "Kitabi-Dədə Qorqud"un dili yerli və kəlmə
soyların, həmçinin, oğuzların və
qıpçaqların qaynayıb-qarışması nəticəsində
təşəkkül tapmış xalqın ümumi
dilidir.
Qıpçaqlar eramızın
ilk yüzilliklərində Azərbaycana gəlmiş
hunların arasında olmuşlar. Orta yüzilliklər tarixinin
tədqiqatçıları belə hesab
edirlər ki, xəzərlər VIII
yüzillikdə Albaniyaya soxularkən,
qıpçaqlar Albaniyanın müdafiəçiləri
arasında olmuşlar. IX yüzilliyə dair gürcü
qaynaqlarında qıpçaqlarla bağlı Ança
toponimi qeyd olunur. Bu isə,
qıpçaq soylarından biridir.
Qıpçaqların tərkibinə daxil
olan Qasaq soyu öz adını Azərbaycanın
Qazax şəhərinin adında qorumuşdur. Yeri gəlmişkən,
qeyd edək ki, Qazax toponimimini saklarla da bağlayanlar
vardır. Qazağı qıpçaqlarla bağlayanlar
qeyd edirlər ki, bu şəhər qıpçaqların bu yerlərə kütləvi axınından beş
yüz il qabaq, VII yüzillikdə
salınmışdır.
Qıpçaqların tərkibinə
daxil olan qasaq soyu, şübhəsiz
ki, Qazaxıstan ərazisində, yaxud da ola
bilsin ki, başqa yerlərdə məskun olmuş saklarla bağlıdırlar.
Biz ona görə, ilk növbədə, Qazaxıstanın
adını çəkdik ki, qazaxlar və onların diyarının adı
məhz Qasaq adından götürülmüşdür,
biz bu barədə
yuxarıda məlumat vermişik.
Qıpçaq soylarından olub Azərbaycanda
öz adını bir
kəndin - Qaymaqlı kəndinin adında qoruyub
saxlamış qaymaqların adı VIII yüzillikdən məlumdur.
Gördüyünüz kimi, adlarını çəkdiyimiz və
çəkə bilmədiyimiz digər qıpçaq
soyları Azərbaycan ərazisində onların bu torpağa kütləvi
axınından xeyli qabaq
məskun olmuşlar. Gətirdiyimiz
külli miqdarda materiallar və mülahizələr göstərir
ki, orta yüzilliklərdə,
islam dininin bu ərazidə yayılmasından qabaq, ola bilsin
ki, lap çox
qabaq, Azərbaycan ərazisi əhalisinin böyük əksəriyyəti artıq Azərbaycan
ərazisi böyük əksəriyyəti
artıq azərbaycandilli idi, yerli və gəlmə soylar
qaynaq olmuş, vahid xalqla onun
vahid dili təşəkkül
tapmışdı.
Müəllif
belə qənaətə gəlir ki, milladdan qabaq VII yüzillikdən başlayaraq,
Azərbaycan ərazisində məskun olmuş,
sayca xeyli çox olduqlarına görə, əhəmənilərin
hakimiyyəti dövründə Araz
çayının sağ və sol sahilləri boyu böyük ərazini tutmuş,
cənubdan Urmiya gölü
sahilinə
qədər ərazini əhatə edən sahədə böyük çarlıq yaratmış, eyni vaxtda həmçinin,
sonrakı dövrlərdə, o cümlədən,
ilk orta yüzilliklərin
əvvəllərində bu ərazidə
çarlıqları olmuş məskutlar.
Bizim dilimizin kökündə dayanan
soyların dilində danışan belə bir
böyük kütlənin yurdumuzun ərazisində məskun
olmalarının nə demək olmasını söyləməyə
ehtiyac yoxdur. Əlbəttə,
biz bununla heç də onu söyləmək
istəmirik ki, Azərbaycan ərazisində
başqa dillər qruplarına daxil olan soylar
məskun deyildilər. Məskun idilər. Lullubeylər, xurritlər,
kutilər, qafqazdillilər, irandillilər də olublar. Ancaq onlar əvvəllər, III-II
minilliklərdə, bəlkə də I minillikdə də sayca üstünlük təşkil
etsələr də, sonrakı yüzilliklərdə öz mövqelərini bizim
dilimizdə, onun ləhcələrində
danışan soylara təslim etməyə
məcbur olmalarını, onlarla
qaynayıb-qarışmağa məcbur olmalarını güman etmək olar.
Daha
sonra, miladdan xeyli əvvəl bizim
torpaqların aborigenləri olan albanlar, saspirlər-savirlər, Gəncə-Qanzaq
şəhərinin əsasını qoymuş
gəncəklər, buntürklər, qarqarlar,
bulqarlar-vənədlər, bulqar
soylarından qarxunlar, qazmaçilər,
alışlar, keştazlar, selsuslar, kuyvarlar, çakarlar, kurigirlər, qullar,
qazanlar, iskillər, bunlardan
əlavə ijmaxlar, kamaklar, muğanlar, kənkərlər, qaşqaylar və onlarla
başqaları. Bu soyların
hamısı da olmasa,
böyük əskəriyyəti bizim ərazidə əsasən miladdan qabaq, qismən də
eramızın birinci yüzilliklərində
məskun olmuşlar. Daha sonra,
bizim eranın əvvəllərindən,
II yüzillikdən hun, sabirlər,
peçeneqlər, çollar, onoqur, sarıqur, Xəzər axının,
sabirlərin birdən-birə on min ailə Azərbaycan ərazisində yerləşdirilməsi,
varsanlar, sabunçilər, çovdarlar, uranlar, qədim
oğuzlar, qədim qıpçaqlar və
s. və s. Göründüyü kimi,
Azərbaycan xalqının yaranması dövlətçiliyimizlə
sıx bağlıdır.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 8 sentyabr.- S.14.