Azərbaycan dövləti ərəb xilafəti tərkibində

 

Azərbaycan dövlətçiliyi tarixində onun imperiyaların tərkibinə daxil olması dövrü də  olmuşdur. Onlardan biri də Ərəb Xilafəti idi. Mənbələr göstərir ki, VII əsrin birinci qərinəsində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edib şöhrət qazanan bu dövlətin yaradıcısı məkkəli Məhəmməd idi. Onun yaratdığı yeni dini təlim-islam (mənası Allaha mütilik deməkdi) feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsində və genişlənməsində böyük rol oynadı. Ərəb əyanları Məhəmmədin yaratdığı islam dinindən başqa ölkələrin işğal olunmasında bir vasitə kimi istifadə etdilər.

Ərəb feodal dövlətinin yaranması onun əvvəlcə Ərəbistan yarımadasında, sonra  isə İran  və Bizans  imperiyaları əleyhinə işğalçı yürüşləri ilə eyni vaxtda başlandı. Xilafətin hakim dairələri belə işğalçı müharibələrdən hədsiz dərəcədə faydalandıqlarından, ona  böyük    maraq   göstərirdilər. Onlar müharibələr vasitəsi ilə, hər şeydən öncə, ərəb cəmiyyəti daxilindəki sinfi    mübarizəni  zəiflətmək,    təşəkkül tapmaqda olan  feodal  münasibətlərini  möhkəmləndirmək    ən  vacibi, zəbt olunmuş hərbi qənimətlərlə varlanmaq istəyirdilər. Dövlətin yaradıcısı və öz dövrünün görkəmli dövlət xadimi olan Məhəmməd sağlığında bir sıra müharibələrə şəxsən özü başçılıq etmişdi. Məhəmmədin ölümündən sonra   (632-ci  il  iyun ayının 8-də Mədinə şəhərində vəfat etmişdi)  hakimiyyət məsələsi  kəskin  mübahisələrə səbəb oldu. İlk xəlifə olan Əbu Bəkrin ikiillik (632-634) hakimiyyəti nəticəsində islam dini Ərəbistanda sabitləşdi. O, vəfat edən zaman nüfuzlu və təşkilatçı bir adam olan Öməri özünə varis  seçdi. Ömərin onillik   (634-644)  xəlifəliyi islam tarixinin və dövlətinin qalibiyyətlə yayılması və möhkəmlənməsi dövrü kimi xarakterizə edilir. Onun vaxtında bir-birinin ardınca İraq, Suriya, Misir istila olundu.

Məhəmmədin vəfatından sonra onun yaratdığı dövləti peyğəmbərin xələfləri idarə etdiyindən, dövlət xilafət adlanırdı. "Azərbaycan tarixi" kitabında göstərilir ki, Xilafət qoşunları İranın Rey və Qəzvin şəhərlərini işğal etdikdən sonra 639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı ilə Azərbaycana daxil oldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad başçılıq edirdi. O, qonşu əyalətlərin əhalisindən Ərdəbilə böyük qoşun toplayıb, ərəblərlə döyüşə başladı. Ərəb qoşunu qalib gəldi və İsfəndiyarı əsir götürdü. Onun qardaşı Bəhram ibn Fərruxzad qoşun toplayaraq, yenidən döyüşə başladı. Bu dəfə də ərəblər qalib gəldilər. Ərəb müəlliflərindən əl-Bəlazurinin məlumatına görə, mərzban İsfəndiyar 644-cü ildə əhali adından ərəblərlə müqavilə bağlalamağa məcbur oldu. Müqavilənin şərtinə görə, azərbaycanlılar ərəblərə tabe olmalı, vergi verməli, ərəb əsgərlərini bir gecə-gündüz evində saxlamalı idilər. Bunun müqabilində ərəblər də yerli əhalinin dini etiqadlarına toxunmamağı, adət və məişətlərinə qarışmamağı öhdələrinə götürürdülər.

Xəlifə Ömər Əbdürrəhman ibn Rəbiəni Dərbənd yaxınlığındakı sərhəd qoşunlarına sərkərdə təyin etdi və xəzərlərlə vuruşmağı tapşırdı. Əbdürrəhmanın qoşunu 643-cü ildə Dərbənd hasarları yanında Bukeyrin dəstəsi ilə birləşdikdən sonra Bələncər yaxınlığında xəzərlərlə müharibəyə başladı və özü də döyüşdə öldürüldü. Beləliklə, ərəblərin Dərbənddən şimala ilk hücumu uğursuzluqla nəticələndi.

Azərbaycana ilk basqından 7 il sonra, 646-cı ildə Arrana hüçum edən ərəb ordusuna sərkərdə Salman ibn Rəbiə başçılıq edirdi. Onun ordusu Naxçıvandan çıxaraq Şəki və Gorus istiqamətində hərəkət etdi. Arran ərazisinə çatıb Beyləqana soxuldu. Bu barədə ərəb tarixçisi əl-Kufi belə yazır: "Beyləqan əhalisi onun qarşısına aman xahişi ilə çıxaraq, ordusu üçün düşərgə yerləri ayırdı, pul vermək şərti ilə onunla barışıq bağladı. Bundan sonra o, Bərdə qalasına basqın etdi".

Ərəblər Azərbaycanın istilasını başa çatdırıb orada möhkəmləndikdən sonra xəzərlərlə müharibəyə başlamalı oldular. Bunun üçün Ön Qafqazda öz arxalarını etibarlı şəkildə təmin etmək məqsədilə tədbirlər gördülər. Strateji qalalarda hərbi dəstələr yerləşdirdilər. Yollarda nəzarəti gücləndirdilər. Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq, əhali onlara asanlıqla boyun əymədi. Hər dəfə düşmənə ciddi müqavimət göstərdi, vergi verməkdən və islam dinini qəbul etməkdən imtina etdi. Yalnız 90 illik kəskin mübarizədən sonra xilafət orduları Azərbaycanın istilasını başa çatdıra bildilər.

Ərəblər işğal etdikləri ölkələri əvvəllər öz qaydaları əsasında idarə edirdilər. Bu istilaçı idarə qaydaları, təbii ki, mümkün olduğu qədər çox vergi əldə etməkdən və başqa dinə mənsub olanlar arasında, ilk növbədə, ərəblərin dediyi kimi, "qeyri-kitab əhli" olanların arasında islam dinini zorla yaymaqdan ibarət idi. Əksəriyyəti köçəri olan istilaçı ərəblərin özləri hələ islam dinini yaxşı mənimsəmədiklərindən, ilk vaxtlar işğal olunmuş yerlərdə xalqı yeni dinə məcburi surətdə sövq etmirdilər. Xəlifə Əbu Bəkr (632-634) işğalçı ərəb ordularının sərkərdələrinə belə bir göstəriş vermişdi: "Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin. Yemək üçün lazım olandan artıq qoyun, inək və dəvələri kəsməyin... Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri qayda və qanunlarla yaşasınlar.

Ərəblərin  hucumlarına  qədər Azərbaycan    əhalisi  Bizans-İran müharibələrindən, habelə, şimal tayfalarının hücumlarından çox zərər çəkmişdilər, ona görə də islam dini zəminində onlara səadət və əmin-amanlıq vəd edən yeni istilaçıya- ərəblərə inam  və ümid  bəsləyirdilər.  İlk  vaxtlarda  ərəblər vergi və töycüləri aldıqdan sonra onların dini etiqadlarına adət-ənələrinə toxunmur və mümkün qədər əmin-amanlıqlarını   qoruyurdular.   Həmçinin,  ərəb  istilalarının   ilk  onilliklərində Xilafətin Azərbaycandan  aldığı  vergi və töycülər Sasanilər dövründəkindən xeyli az idi. Şübhəsiz ki, bu  yerli əhalinin ərəblərə və onların  gətirdiyi    yeni dinə rəğbət və inamını artırırdı.

Ərəblər böyük iqtisadi və strateji əhəmiyyəti olan Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirməkdə islam dinindən çox kəsərli vasitə kimi istifadə edirdilər.

Bəs işğal etdikləri ölkələrdə, o sıradan Azərbaycandakı mövcud dinlərə ərəblərin münasibəti necə idi? Allahın vahidliyini və böyüklüyünü iqrar və onun göndərdiyi müqəddəs dini kitabları (Quran, İncil, Tövrat, Zabur) şəksiz qəbul edən dinlərə və onun tərəfdarlarına hörmətlə yanaşırdılar "müqəddəs kitabları" olmayan qalan dinlərə və təriqətlərə (məsələn, atəşpərəstlik, bütpərəstlik və s.) və onlara sitayiş edənlərə qarşı münasibətləri birmənalı idi. Həmin dinlərin tərəfdarlarına qarşı təzyiq göstərilir və onlar təqib edilirdilər.

 Məlumdur ki, Azərbaycanda əsas din atəşpərəstlik idi. Bu din şahənşah I Şapurun dövründən Sasanilər imperiyasının rəsmi dövlət dini elan edilmişdi. Atəşpərəstlərin baş məbədi Azərbaycanın paytaxtı Qazaka şəhərində yerləşirdi. Atəşpərəstlər "kitab əhli" hesab edilmirdilər. Albaniyada həm xristianlıq ("kitab əhli"), həm də bütpərəstlik ("kitab əhli" olmayan) dinləri mövcud idi.

Əməvilərin hakimiyyəti dövründə istila olunan ölkələrdə əhali etiqad məsələsində sərbəst idi. Lakin əvvəlki dini etiqadlarında qalanlar və islamı qəbul etməyənlər xəracdan əlavə cizyə deyilən vergi verməli idilər. Konkret olaraq islamın Azərbaycanda yayılması xəritəsinə nəzər saldıqda, görürük ki, yeni din atəşpərəstliyin, bütpərəstliyin təmsil olunduğu Azərbaycanda, Muğanda, Mildə, Xəzər sahilində, Kür və Araz çayları boyunda, xüsusilə, şəhərlərdə nisbətən sürətlə yayılırdı. Xristianlıq dininin sabitləşdiyi dağlıq və dağətəyi yerlərdə, xüsusilə, kəndlərdə islam dininə müqavimət güclü idi. Əhalinin müxtəlif təbəqələrinin yeni dinə münasibəti də müxtəlif idi. Məsələn, islam dininin etnik-əxlaqi-tərbiyəvi üstünlüklərini və gələcəyini düzgün başa düşən hakim təbəqə öz əmlakını və imtiyazını əlində saxlamaq xatirinə bu dini tərəddüdsüz qəbul etdi. Xilafətin ticarətə və sənətə rəğbətini nəzərə alan tacirlər və sənətkarlar da yeni dini qəbul etməkdə ləngimədilər. Şəhər yoxsullarına, kəndlilərə və əhalinin digər yoxsul təbəqəsinə gəldikdə isə onlar ağır dini vergi olan cizyədən canlarını qurtarmaq xatirinə bu işə razı oldular. Əvvəllər belə bir qayda vardı ki, islam dinini qəbul edənlər nəinki cizyədən azad edilir, üstəlik, onlara bəzi yardım da göstərilirdi. Qaydaları, ticarətə dair qaydalar, ümumiyyətlə, cəmiyyətdə insan fəaliyyətinin bütün sahələrini hüquqi cəhətdən tənzimləyən qanunlar toplanmışdı.

VIII əsrin əvvəllərində islam dini Azərbaycanda geniş yayıldığı, möhkəmləndiyi və hakim din olduğu şəraitdə Albaniyanın bir hissəsində (xüsusilə, Qarabağın dağlıq hissəsində) xristianlıq dini əvvəlki mövqeyini saxlaya bildn. Daha doğrusu, "kitab əhli" olduqlarına və başqa mülahizələrə görə, ərəblər burada xristianlığa toxunmadılar. Alban kilsəsi miladın əvvəlindən mövcud idi. Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans imperiyasından və süquta uğratdıqları İrandan geri qalırdılar. Ona görə də, ilk vaxtlar onlar işğal etdikləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular. Xilafətin özündə təkmilləşmiş idarəetmə mexanizmi hələ yaranmamışdı. Ona görə də, Sasanilərin çoxəsrlik dövlət təşkilatını mənimsəmək üçün vaxt lazım idi. Xilafət əsarətə aldığı geniş əraziləri idarə etmək üçün Sasanilərin mərzbanlıqlarına bənzər əmirlik (canişnnlik) sistemi yaratdı. Əvvəlcə beş əmirlik, yəni vilayət təşkil olundu. Bu inzibati bölgüyə əsasən, Azərbaycan (həm Azərbaycan, həm də Arran) dördüncü əmirliyə daxil idi. Əməvilər sülaləsn dövründə inzibati quruluşda bəzi dəyişikliklər edildi. Yeni bölgüyə görə, Azərbaycan Əlcəzirə adlanan üçüncü əmirliyin tərkibinə daxil edildi. Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli istismar və hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması, güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdururdu.

Səkkizinci yüzilin ortalarında Əməvilər sülaləsinin siysətinə qarşı həm Xilafət sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə sülalənin taleyi üçün yaranmış siyasi böhranı və təhlükəni aradan qaldırmaq iqtidarında deyildi. Üsyanların əhatə dairəsi genişlənir və təsiri küclənirdi. Xilafətə qarşı çıxışlar Şimali Afrikada, Orta Asiyada və Ön Qafqazda, demək olar ki, eyni vaxtda baş verdiyindən Əməviləri sarsıtmışdı. Xilafətə qarşı Azərbaycanda çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal əyanlar başçılıq_edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı. Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da üsyançılarla həmrəy idilər.

 748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri, xüsusilə, Bərdəni və Ərdəbili əhatə etdi. Akademik Z.Bünyadov Xilafətə qarşı bu çıxışları Pavlikanların təsiri ilə əlaqələndirir.  Beyləqandakı üsyana yerli  hökmdar Vard  ibn  Səfvan  başçılıq edirdi.   Bu barədo  Yəqubinin  əsərində məlumat verilir. O, üsyançıları "avara" adlandırır və onların rəhbərinin adını çəkir. Mütəşəkkil şəkildə başlanan üsyan ərəb əmirini çaşdırdı və çox qorxutdu. Xəlifənin əmiri Əbu Cəfər ibn Məhəmməd üsyanın nüfuzlu rəhbərlərindən bir neçəsini həbs etdi. Onun hərəkəti üsyançıları daha da qəzəbləndirdi. Bu zaman yerli feodallardan İbbən ibn Mənsurun Hatib ibn Sədəqin və başqalarının başçılıq etdikləri üsyançı dəstələr Beyləqana yaxınlaşaraq, şəhər əhalisinin köməkliyilə qalanı mühasirəyə aldılar. Onlar hücum nərdivanlarından istifadə edərək, qala divarlarına qalxdılar və beləliklə, şəhərə girə bildilər. Üsyançılar ərəblərin burada olan hərbi dəstələrini qılıncdan keçirib əmiri əsir aldılar və bütün məhbusları azad etdilər. Bu qələbədən sonra onlar Bərdə üsyançılarının köməyinə getdilər. Bərdədəki ərəb əmiri Asim ibn Yəzidin qoşunlarını məğlub edib, özünü də öldürdülər. Üsyanı yatırtmaq üçün xəlifənin göndərdiyi yeni ərəb ordusu da məhv edildi. Xalq hərəkatı Azərbaycanın digər əyalətlərini və bütün Ön Qafqazı bürüdü. Yəqubinin məlumatından bəlli olur ki, bu hadisədən bir neçə müddət sonra, xəlifə Harun ər-Rəşidin dövründə Beyləqan əhalisi Bərdəyə gəlmiş xəlifə canişininin əleyhinə yenidən üsyan qaldırmışdı. Əsarətə alınmış xalqların təzyiqi və ərəb cəmiyyəti daxilində mübarizənin kəskinləşməsi nəticəsində Əməvilər sülaləsinin 89 illik hakimiyyətinə son qoyuldu. Hakimiyyətə Abbasilər keçdi. Bu sülalə Xilafəti 508 il (750-1258) idarə etdi. Abbasilər Azərbaycanda və başqa yerlərdə baş verən üsyanları amansızlıqla yatırtdılar. Bununla belə, cəza tədbirləri xalqın mübarizə ruhunu söndürə bilmədi.  Azərbaycan  xalqının çoxəsrlik tarixi istismarçılara və yadelli istilaçılara qarşı qəhrəmanlıq mübarizəsi ilə zəngindir.

Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb Xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. Xürrəmilər cəmiyyətdəki butün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdulər. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların və digər hakim təbəqənin asılılığından azad etməkdən ibarət idi. Sosial bərabərlik uğrunda mübarizələri, maddi nemətləri insanlar arasında bərabər şəkildə bölüşdürmək və bütün təbəqədən olan kənclər üçün istisnasız kəbin hüququ azadlığı uğrunda mübarizə gedirdi.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.-2012.-12 sentyabr.-S.14.