Atropatenanın iqtisadi həyatı
Qədim Azərbaycan dövləti Atropatenada əkinçilik
və maldarlıq inkişaf etmişdir. Əkinçilik Azərbaycanın
təsərrüfat həyatı məsələlərinin əsas
sahələrindən birini, daha doğrusu, onun özəyini təşkil
edir. Lakin tədqiqatçılar belə bir aktual məsələ
ilə nisbətən az məşğul olmuşlar. Qeyd etmək
lazımdır ki, son illərdə T.Bünyadovun Azərbaycanda
əkinçiliyin inkişafına dair nəşr edilmiş
monoqrafiyasını bu barədə yazılmış yeganə
əsər hesab etmək
olar.
A.Fazili yazır ki, Azərbaycan dedikdə, təqribi
olaraq Zaqros dağlarından Xəzər dənizinə, Qafqaz
sıra dağlarının cənub ətəklərindən
müasir Xəmsə mahalı daxil olmaqla Qəzvin və Həmədan
əyalətinə qədər uzanan geniş bir ərazini nəzərdə
tuturuq.
Məlumdur ki, qədimdə Azərbaycanın şimal
hissəsi antik mənbələrdə Albaniya, ərəblərdə
Alran, xalq arasında Aran, cənubu isə Atropatena
adlanırdı. Lakin həmin ərazidə tarix boyunca
yaşamış tayfa və qəbilələr iqtisadi-ictimai
inkişaf nöqteyi-nəzərindən eyni səviyyədə
olmasalar da, çox ehtimal ki, biri digərinə nisbətən
oxşar və yaxın olmuşlar.
T.Bəhrami Azərbaycanda olan torpaq növlərini aşağıdakı qruplara
bölür: qumsal-gilli, gilli-qumsal, qara və
çöküntülü toraqlar. Səhənd
yaxınlığında olan ərazi, habelə, Təbriz ətrafında
qumsal, Marağa zonası gilli-qumsal, Miyandab gilli, Urmiya
gilli-qumsal, Qaradağ, Mahabad gilli-qumsal və qara, Miyandabın
bir hissəsi isə laylı torpağa malikdir.
İranın təbii-coğrafi xüsusiyyətlərini
tədqiq etmiş M.P.Petrov Azərbaycanda olan torpaqlara kül rəngli
və rütubətli qara torpaq növlərinə
bölür. T.Bəhrami Azərbaycanı iqliminə görə,
üç zonaya bölür: soyuq, isti və mülayim. Soyuq
zonaya Savalan və Səhənd ətrafı, isti zonaya Araz
sahili-Muğan, mülayim zonaya isə Miyandab və Sulduz
rayonları daxildir. Səhənd dağına yaxın olan Təbrizdə
bəzən qışda havanın soyuqluğu mənfi 30 dərəcəyə
qədər aşağı enir. Belə hallar meyvə
ağacları üçün xətərli olub, onların
kökünü don vurur. Savalan dağının şərq ətəyində
yerləşən Ərdəbil şəhərində isə
bəzi vaxtlar qışda mənfi 33 dərəcə soyuq
olur.
Təbriz, eləcə
də, Ərdəbil zonasında yayda havanın hərarəti
bəzi hallarda 38-40 dərəcəyə qədər yüksəlməsinə
baxmayaraq, ümumiyyətlə, hər iki ərazinin
qışı çox soyuq, yayı isə mülayimdir. Azərbaycanın
iqlimi, xüsusilə, Xəzər dənizinə yaxın olub,
dəniz səviyyəsindən hündür olmayan yerlər
şimaldan əsən soyuq küləklərin tam təsiri
altındadır. Hətta Sibir tundralarında əsən
küləklər Xəzər dənizini maneəsiz keçərək,
özü ilə Araz sahili,
Muğan və Astara zonasına rütubətli buludlar gətirir.
Bu səbəbə görə də, həmin ərazidə
ardı-arası kəsilməyən yağıntılar olur.
Azərbaycan ərazisinin başqa yerlərində mövcud
olan hündur dağlar şimal küləklərinin
qarşısını ala bildiyi üçün həmin
küləklər bir o qədər də təsiredici deyildir.
Burada Bağro, Büzgüş, Savalan və Səhənd
dağları nəzərdə tutulur. Beləliklə, Azərbaycanın
şimal-şərq rayonları səthinin
alçaqlığı və
dəniz yaxınlığı ilə əlaqədar
iqliminin rütubətli, çox yağmurlu olması ilə
qalan yerlərdən fərqlənir. Bu göstərdiymiz zonada
payız mövsümündə yağıntılar daha tez
başlayır. Aqrotexniki qaydalara görə, belə şərait
payız əkinçiliyi üçün daha əlverişlidir.
Ona görə də, həmin ərazi tarixən
özünün payız bitkiləri ilə məşhurdur.
Azərbaycanın göstərdiyimiz ərazisində qədim
dövrlərdən etibarən torpağa səpilmiş arpa,
buğda və sairə dənli bitkilər payız
yağmurluğunun tez başlanması ilə əlaqədar
iki, bəzi hallarda isə üç dəfə məhsul
verir. Bu müddəanı qədim mənbələrlə
yanaşı, etnoqrafik müşahidələr də bir daha təsdiq
edir. Məlumdur ki, arpa, buğda və başqa dənli bitkilər
yığılan zaman (biçildikdə) məhsulun müəyyən
hissəsi istər-istəməz tarlaya tökülür.
Payız yağmurluqları tez başlandığına
görə, həmin bitkilər yenidən göyərir. Bu isə
xalq arasında "xora"
adlanır. Əkinçi həmin tarlanı yazda
şumlayıb yaz bitkiləri üçün (paxlalı
bitkilər və habelə, bostan əkini nəzərdə
tutulur) istifadə etmədikdə "xora" ikinci dəfə
məhsul verir. Strabon Atropatena və Albaniya ərazisində
müşahidə edilmiş bu faktı öz coğrafi əsərində
də göstərmişdir.
S.Nəfisiyə görə,
Sasanilər dövründə əsas gəliri torpaq vergisi babətindən
toplanılırdı. Bu vergi isə "xərac"
adlanırdı. "Gizit" və yaxud "sərgzit"
(can vergisi) ərəblərdə "cizyə" termini ilə
əvəz edilir. Bu vergi ilə bir dəfə əhalidən
toplanırdı. Lakin torpaq vergisinə gəldikdə isə,
o, məhsulun miqdarından asılı olaraq, onun üçdə
bir və yaxud altıda birini təşkil edirdi.
Bəzi hallarda isə torpaq vergisi məhsulun onda birindən
yarısına qədər ödənirdi. Əkin sahəsinin
yaxın olub-olmaması da verginin miqdarına təsir edirdi.
Qocalar, qadınlar, habelə, uşaqlar torpaq vergisindən azad
idilər. Gizit vergisi əsas etibarı ilə başqa dinə
(xristian, yəhudi və s.) inananlardan toplanılırdı.
Qubadın dövründən, 607-ci ildə dövlətin
vergi və başqa gəlir fondunun miqdarı altı milyon dirhəmə
bərabər olmuşdur. Ümumiyyətlə, verginin dəqiq
miqdarı müəyyənləşdirilmədiyinə
görə, məmurlar əhalidən istədikləri miqdarda
vergi toplayırdılar.
A.Fazili göstərir ki, Atropatenada, xüsusilə, Təxt-e
Süleyman, habelə, başqa rayonlarda aparılmış
arxeoloji qazıntıların nəticəsi bir daha sübut
etdi ki, bu ərazidə vaxtilə əkinçilik, xüsusən,
maldarlıq yüksək dərəcədə inkişaf
etmişdir. Qazakanın mərkəzində yerləşən
göldən ətraf torpaqları sulamaq məqsədilə 7
süni suvarma kanalı çəkilmişdi. Bu kanalların
izi hal-hazırda qalmaqdadır. İlk mənbələr bu ərazidə
atçılığın yüksək dərəcədə
inkişaf etdiyini sübut edir. Midiya-Atropatenada vaxtilə bəslənilən
atlar dünya şöhrəti qazanmışdı. Polibinin
göstərdiyinə görə, çarın at
ilxıları, bütövlükdə, midiyalıların əlində
idi. Onlar olduqca çox taxıl və mal-qaraya malikdirlər.
Onların ərazisində olan geniş otaqlar atların bəslənilməsində
mühüm rol oynayır. Bu atlardan yük, qoşqu və
minik vasitəsi kimi istifadə edilirdi. Mənbələrin
göstərdiyinə görə, "Nisa" atları məhz
bu ərazidə bəslənilirdi. Əhəməni, Atropaten,
Parfiya, sonralar isə Sasani və ərəb xilafəti
dövründə burada bəslənilən atlar dünya
bazarında özünəməxsus yer tuturdu. Urmu
gölünün ətrafı böyük çəmənliklərə
malik olmuşdu. Xüsusilə, Medikado "Əspəst"
yonca otunun Atropaten ərazisində bitməsi
atçılıq və maldarlıq üçün əlverişli
şərait yaratmışdır. Hələ vaxtilə
Makedoniyalı İskəndər burada olan at
ilxılarını nəzərdə keçirmiş və
öz süvari dəstələrini həmin "Nisa"
atları ilə təmin etmişdir. Təsadüfi deyildir ki,
müharibələrdə Atropatena və Albaniya süvari dəstələri
məşhur olmuşdur. Strabonun göstərdiyinə görə,
Kür-Araz ovalığında yalnız bağ-bağça,
bostan-meyvə bitkiləri deyil, orada bütün bitkilərin
becərilməsinə şərait vardır. Bu ərazini
görənlərin dediyinə görə, bir dəfə əkilən
sahədən 2-3 dəfə məhsul əldə etmək
olur. Atropatena ərazisində arpa, buğda, darı, mərci,
lərgə, yonca, paxla və bostan bitkilərinin olması mənbələrdə
öz əksini tapmışdır.
Qazıntılar zamanı Barucdan, Gənctəpədən,
Təxt-e Süleymandan, Ərdəbildən, Makudan, Yanıqtəpədən
və başqa yerlərdən buğda, arpa qalıqları,
habelə, əkinçilik alətləri
tapılmışdır. Germi rayonundan əldə edilmiş əkinçilik
alətləri xüsusilə maraqlıdır. Oradan
"xış" kavahın, vəl, giv və başqa alətlərin
qalıqları əldə edilmişdir. Buğda, arpa və
başqa növ taxılın mühafizə edilməsi
üçün istifadə edilmiş quyular, habelə,
böyük küplər olduqca maraqlıdır. Saxsı
qablar üzərində əkinçilik alətlərinin,
mal-qaranın, xüsusən, qoyun-keçi rəsmləri bizə
imkan vernr ki, bu ərazidə əkinçnlik və
maldarlığın yüksək dərəcədə
inkişaf etməsi haqqında
fikir irəli sürək.
Əkinçilik, maldarlıq, sənətkarlıq,
şəhər həyatı və ticarət əlaqələri
haqqında antik dövrün mənbələrində nisbətən
az məlumata təsadüf edilsə də, Atropatena ərazisində
aparılan arxeoloji qazıntıların nəticələri,
bu ərazidə hələ qədim dövrdən etibarən əkinçilik,
maldarlıq, habelə, təsərrüfat həyatının
digər sahələrinin yüksək səviyyədə
olduğunu göstərir. Buna nümunə olaraq, Yanıxtəpə,
Həsənlu, Gənctəpə, Germi, Muğan, Ərşə,
Təxt-e Süleyman və sairə qazıntılarıi nəticələrini
misal göstərmək olar. Atropatena ərazisinin təbii zənginliyi,
münbit torpağa malik olması geniş və düzən əkin
sahələrinin yamyaşıl çəmnliklərin
mövcudiyyəti, habelə,
suyu bol olan çayların buradan
axması təsərrüfat
həyatının inkişafına şərait
yaratmışdır. Savalan, Zaqroş, Səhənd, Amard
(Bağro), Büzgüş, Qaflantı, Qaradağ kimi zirvələri
daima qarla örtülmüş yüksək dar silsilələri
suyu bol olan çayların manbəyinə
çevrilmişdir. Bu dağlardan axan Kərxə, Diyalə,
Amard (Qızılüzən), Mordi, Cğatu, Acıçay,
Qarasu, Nəştəri, Dəravürd və başqa çayları göstərmək
olar.
Maraqlıdır ki, müasir dövrdə də, istər
Mil və istərsə Muğan düzündə
saxlanılan qoyun-keçi, at, dəvə və digər ev
heyvanlarının artıb inkişaf etməsi səviyyəsinə
qonşu ərazidə təsadüf edilmir. Strabonun məlumatına görə,
hündür dağlara malik olan Midiya
ölkəsində atçılığa böyük
yer verilir və ən məşhur atlar bu ərazidə bəslənilir.
Burada ən çox at bəslənilən çəmənlik
Babilistanla fars və
habelə, Kaspi
darvazası arasında olan ərazidə yerləşir. 50 minə yaxın olan
şah ilxısının
madyanları burada bəslənilir.
Məlum olduğuna görə, dövrünə görə
dünya şöhrəti qazanmış "Nisa" cinsli
atlar burada bəslənirmiş. Strabonun dediyinə görə, "Nisa" cinsindən olan
atlar farsların, parfiyanların atlarından fərqli idi. Ümumiyyətlə,
antik dövrdə midiyalıların və parfiyalıların
atlarını "Nis" cinsli hesab edirlər. Qeyd etmək
lazımdır ki, "Nisa" cinsli atların əsas vətəni
və bəslənilən yeri Səhənd dağının
qərb yamacları və Urmiya gölünün ətraf
rayonları olmuşdur. Ola bilsin
parfiyanlar, farslar və digər qonşu ölkələr
"Nisa" cinsli damazlıq atları Atropatenadan öz
ölkələrinə
aparmışlar.
Strabon Apollonidə istinad
edərək göstəri: "Atropatenalılar 10000 süvari dəstəyə
malik idi". Deməli, atropatenalılar at ilxılarından
seçmə, cavan, gözəl əndamlı çevik
atlarla öz süvari dəstələrini
təmin edirdilər. Məlumdur ki, hərbi dəstələrə
seçilən atlar ancaq ayğır olmalıdır. Ona
görə ki, cəldliyinə, sürətinə və
müharibə meydanında manevr etməyə görə, bu
cins əlverişlidir. Digər tərəfdən
midiyalılara at nəslini artırmaq olduqca lazım
idi.
Atronatena ərazisində payızlıq və
yazlıq əkini inkişaf etmişdi. Maraqlıdır ki, qədimdə
əkilən bitki növləri, o cümlədən, dənli
bitkilər bu ərazidə indi də qonşu ölkələrdən
məhsulunun bolluğuna görə fərqlənir. Məsələn,
hazırda Cənubi Azərbaycanda əkilən ağ noxud, qara
noxud, mərci, paxla, lərgə, kürüşnə,
darı və s. qonşu ölkələrin heç birində
bu qədər məhsul vermir. Demək, Atropatena qədimdən
əkinçilik, maldarlıq və habelə, sənətkarlıq
ölkəsi olmuşdur.
Atropatenanın
iqtisadiyyatının inkişafında Təbriz, Marağa, Ərdəbil
şəhərləri mühüm rol oynamışdır.
Atropatenada sənətkarlıq, xüsusilə,
xalçaçılıq inkişaf etmişdi. Atropatenin bir
sıra rayonları, o cümlədən, müasir Təbriz,
Marağa, Sarab, Ərdəbil, Xoy, Maku, Mərənd və s. əkinçilik,
bağçılıq və maldarlıq üçün
olduqca əlverişli idi. Assur çarı II Sarqon Mannaya olan
hücum zamanı Tarmakis qalasını işğal etdikdən
sonra (714 s. ə.), orada öz ordularını at, habelə un,
çaxır və digər ərzaq malları ilə təmin
etmişdir. Urmu gölünün cənub-şərq
rayonları sənətkarlıq nöqteyi-nəzərindən
də inkişaf etmişdir. Belə ki, Urartu çarı
Muzazir (Musasır) məbədinin tayını tikdirdikdə
Manna sənətkarlarından istifadə etmişdir.
Yuxarıda göstərilən faktlardan məlum olur ki,
eramızdan əvvəl I minilliyin başlanğıcından
etibarən Urmu gölü ətrafında olan ərazidə
şəhər və şəhər həyatı
yaranmağa başlamışdır. Demək olar ki, qədim
Atropatena ərazisində şəhər həyatı
eramızdan əvvəl I minilliyin əvvəllərindən
etibarən Manna dövlətinin ərazisində əmələ
gəlmişdir. Qədim Azərbaycan tayfalarının birləşməsində,
habelə, bu tayfaların iqtisadi, ictimai, mədəni və
şəhər həyatının yaranıb inkişaf etməsində
Manna dövlətinin böyük rolu olmuşdur.
Manna dövlətinin ərazisində İzirtu,
Tarmakis, Tabarmeys, Urmayid, Qazaka, Verra, Aqanzana, Artabed və s.
şəhərlər meydana gəlib inkişaf etməyə
başlamışlar. Manna dövlətinin mərkəzi hissəsini
təşkil edən müasir Həsənlu kəndində, Təbriz
yaxınlığındakı Təzəkənddə, Əfşar
mahalında, Təxt-e Süleyman və Mərənd ətrafında
Baruc qalasından əldə edilmiş arxeoloji
tapıntılar Atropatena ərazisində qədim şəhərlərin
mövcudiyyəti haqqında olan müddəamızı bir
daha təsdiq edir.
Vaxtilə Ərdəbil xalçaçıları tərəfindən
toxunulmuş dünyada ən böyük "Şeyx Səfi"
xalçası hal-hazırda İngiltərənin
"Viktoriya Albert" incəsənt muzeyində
saxlanılmaqdadır. Bu xalça Azərbaycanın ən
gözəl və qiymətli sənət nümunələrindəndir.
Ərdəbil şəhərindəki İmamzadə Saleh abidələri,
Yəqubiyyə, İbrahimabad, Daşkəsən, Təpə,
Almas və Asəf tacir körpüləri də tarixi abidələrdəndir.
Bu şəhərin orta əsrlərdə yaşamış
görkəmli şəxsiyyətlərindən tarixçi
İbn Bəzzaz Ərdəbilli, şair Arif Ərdəbilini və
başqalarını göstərmək olar.
Hər bir ölkənin
qədim dövrlərdəki iqtisadi-ictimai
inkişafını, həmin ölkədə tarixən
mövcud olmuş ticarət və ticarət yollarının nə
səviyyədə olması ilə izah etmək
mümkündür.Atropatena ərazisinin coğrafi movqeyi, onun
Şərq və Qərb, habelə, Şərqin ticarət
yolları qovşağında olması, digər ölkələrdə
olduğu kimi oranın da iqtisadi inkişafına təkan verən
əsas amil olmuşdur. Şəhər həyatının
yaranıb inkişaf etməsində də ticarət
yollarının böyük təsiri olmuşdur. Bu səbəbə
görə də, Atropatenanın bir sıra böyük şəhərləri
məhz ticarət yolları üzərində yaranıb
inkişaf etmişdir. Qazaka, Aqanzana, Fraaspa, Tarmakis, Artabed,
Urmayid və başqalarını misal göstərmək olar.
Atropatenada olan bu şəhərlər ticarət
yolları vasitəsi ilə Orta Asiya, Yaxın və Orta Şərq,
habelə, Albaniya, İberiya
şəhərləri ilə daimi iqtisadi əlaqə
saxlamışlar.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.-13 sentyabr.- S.14.