Albaniyanın
ərazisi, siyasi hüdudları və əsassız
erməni iddiaları
Tarixi mənbələr
sübut edir ki, qədim dövrlərdə olduğu kimi, orta əsrlərdə
də Albaniyanın ərazisi təxminən eyni hüdudlar
daxilində mövcud olmuşdur. F.Məmmədova yazır:
"Albaniyanın ərazisi şimalda Dərbəndə qədər,
cənubda Araz çayına, qərbdə İberiyaya, şərqdə
isə Xəzər dənizinə qədər uzanırdı.
Qeyd etdiyimiz kimi, VII-VIII əsrlərin sinxron mənbələrinə
görə, yəni alban müəllifi Musa Kalankatlının
və erməni tarixçisi Movses Xorenlinin yazdıqlarına
görə, eramızın I əsrində Albaniyanın cənub
sərhədi Araz çayı boyunca keçirdi. Alban
tarixçisi qeyd edir ki, Albaniyanın hüdudları
eramızın VII-VIII əsrlərinə qədər dəyişməz
qalmışdır".Bununla belə, IV-V əsrlərdən
başlayaraq bəzi xarici siyasi hadisələrlə-şimaldan
köçəri barsil və hun tayfalarının
basqınları ilə əlaqədar olaraq Albaniyanın
siyasi-mədəni mərkəzi Kürün sol sahilindən
sağ sahilinə adlayır. Ölkənin paytaxtı və
dini mərkəzi Qəbələdən Bərdəyə
köçürülür.
Elə həmin səbəblər üzündən
IV-VIII əsrlərdə sağsahil Albaniyasının əhəmiyyəti
solsahilə nisbətən xeyli artır.Müəllif daha sonra
qeyd edir ki, Albaniyanın ərazisinin bəzi hissələrini
erməniləşdirməyə əksər erməni
"tarixçiləri" cəhd etmişlər. F.Məmmədova
bu cəhdləri ifşa edərək, göstərir ki, məlum
olduğu kimi, elmdə belə bir mülahizə mövcuddur
ki, guya 387-ci ilə qədər Albaniyanın cənub sərhədi
Kür çayı boyunca keçirmiş, başqa sözlə
desək, sağ sahildəki Arsax, Uti və Paytakaran əyalətləri
Ermənistana məxsus olub və yalnız 387-ci ildən sonra
Albaniyaya qatılıb. Bu ideya mxitarist M.Çamçyana məxsusdur
və o, həmin mülahizəni hələ 1787-ci ildə irəli
sürmüşdür. Sonralar həmin mülahizəni əsaslandırmaq
üçün daha bir
neçə cəhd göstərilmişdir.Bir mülahizəyə
görə, üç alban vilayətindən (Uti, Arsax və
Paytakaran) yalnız Paytakaran b. er. əv. II əsrdə erməni
çarı I Artaşes tərəfindən işğal
edilmiş, faktiki olaraq, 338-ci ilədək Ermənistanın tərkibində
olmuş, yalnız bundan sonra Albaniyaya
qaytarılmışdır. Kürün sağ sahilindəki
Arsax və Uti vilayətləri isə lap əvvəldən
ermənilərə mənsub olmuş və yalnız 387-ci ildən
sonra Albaniyaya qaytarılmışdır.Bu mülahizə
1963-cü ildə irəli sürülmüşdür. Onun
müəllifi S.T.Yeremyan 1951-1952-ci illərdə "Erməni
xalqının tarixi" kitabının atlasında (I h.) bizim
eradan əvvəl II əsrdə Kürün həm sağ, həm
də sol sahilinin Albaniyaya aid olduğunu göstərir. Bu
atlasa görə sağ sahildə Sakasena, Otena (Uti), Kaspiana
(Paytakaran) və Orxistena (Arsax) Albaniya torpaqları olmuşdur.
Atlasda göstərilir ki, b. e. ə. I əsrdə II Tiqran
Kürün bütün sağ sahilini, yəni Sakasena, Otena
(Uti), Orxistena, Kaspiana vilayətlərini zəbt etmiş və
II Tiqranla Pompey arasında b. e. ə. 66-cı ildə
bağlanmış müqavilyə əsasən, həmin ərazilər
Ermənistanın tərkibində qalmışdır.Digər
fərziyyəyə görə, Arsax və Uti vilayətləri
hələ b. e. ə. I əsrdə II Tiqran tərəfindən
işğal olunub Ermənistana qatılmış, 387-ci il
müqaviləsinə görə isə iranlılar və
romalılar arasında bölüşdürülərək
onların hakimiyyəti altına keçmişdir. Burada
Paytakaran haqqında bir kəlmə də danışılmır.Üçüncü
mülahizəyə görə (K.V.Trever) Arsax, Uti, Paytakaran və
Sakasena vilayətləri, yəni sağsahil bizim eradan əvvəl
II əsrdə erməni çarı I Artaşes tərəfindən
zəbt olunmuş və 387-ci ilə qədər Ermənistanın
tərkibində qalmış və yalnız 387-ci ildən sonra
Albaniya ilə birləşdirilmişdir. Deməli, bu torpaqlar
lap əvvəllər Albaniyanın
olmuşdur.A.Ş.Mnatsakanyanın və B.Ulubabyanın
mühakimələrinə görə, Arsax, Uti və
Paytakaran lap əvvəllər Ermənistan
çarlığının əyaləti olmuşdur. 387-ci
ilə qədər Albaniya yalnız Kürün sol tərəfində
yerləşirdi və onun cənub sərhədi Kür
çayı boyunca keçirdi və yalnız 387-ci il
müqaviləsindən sonra sağsahil Albaniyaya birləşdirilmişdir.
Bu məsələ barəsində vahid rəyin olmaması
onun mürəkkəbliyini və yenidən tədqiq edilməsinin
vacib olduğunu göstərir.F.Məmmədova qeyd edir ki,
Albaniyanın cənub sərhədlərinin Kür
çayından keçməsi barədə ehtimallar
başlıca olaraq yunan-Roma (Strabon, Plutarx, Pompey, Dion Kassi,
Appian müəlliflərinin məlumatlarına,
doğruluğu müəyyən edilməyən, yalnız kortəbii
inama görə etibarlı sayılan mənbələrə,
o cümlədən, VII-VIII əsr alban tarixçisi Musa
Kalankatlının məlumatlarını təkzib edən erməni
tarixçilərinin ənənəvi xronologiyasına əsaslanır.
Qeyd etmək lazımdır ki, Strabonun Sakasenanı Ermənistana
aid etməsi onun digər fikirləri ilə, məsələn,
Kürün Albaniya ərazisindən axdığını
göstərən qeydləri ilə ziddiyyət təşkil
edir. Axı bu, məntiqi olaraq, hər iki sahili (həm sağ,
həm də sol sahil) Albaniya torpaqları olduğunu təsdiq
etməkdir. Belə ziddiyyətlər Strabonda çoxdur. Bu isə
onunla əlaqədardır ki, Strabon bir-birinə zidd olan
müxtəlif mənbələrdən istifadə etmiş,
"Albaniyada çox az olduqlarına görə məlumatları
kasad olan şəxslərin qeydlərinə qeyri-tənqidi
yanaşmışdır" (Strabonun mənbələri isə,
əsasən, Feofan Mitilenski, Delli və
başqalarıdır). Strabon Roma yürüşlərinin
iştirakçısı olmuş Posidoniyanın (istinad etdiyi
mənbələrdən biri) dediklərinə şübhə
ilə yanaşmağa məcbur olmuşdur:
"İberiyalılar və albanlar üzərinə
yürüş etmiş Pompeyin yaxın dostu olan Posidoniyanın
məlum həqiqətlər barədə bu cür
ağılsız mühakimə yürütdüyünü
görüb, onun naməlum şeylər barədə dediklərinə
necə inanmaq olar".I Patroklun Eratosfendə saxlanmış
çıxarışlarından istifadə edən Strabon,
E.Xoniqmanın haqlı olaraq göstərdiyi kimi, "ədalətsiz
və ya həqiqətdən uzaq, yüngül ümumiləşdirmələr
edir".Plininin, Appianın, Diona Kassinin, Plutarxın qeydlərinin
müəyyən hissələrinə, yəni Albaniyanın cənub
sərhədinin Kür çayından keçməsi barədə
məlumatlarına gəldikdə isə, nəzərə
almaq lazımdır ki, bu antik müəlliflərin özləri
də Zaqafqaziyanı çox az tanıyan Patrokla və
Eratosfenə, eləcə də, Zaqafqaziyaya bu yerləri
öyrənmək üçün gəlməyən, sadəcə
olaraq, Roma yürüşlərinin iştirakçısı
kimi Ponti çarı Mitridatı təqib edə-edə
Kür boyuna gəlib çıxmış şəxslərə
istinad etmişlər. Haqqında söhbət gedən dövr
isə e. ə. II və yeni eranın IV əsrlərini əhatə
edir. Bizə belə gəlir ki, həmin məsələ barədə
antik müəlliflərin dediklərinə çox da etibar
etmək olmaz, çünki həmin məlumatlar təsadüfi,
bir-birinə zidd xarakter daşıyır və buna görə
də düzgün olmaya bilər. Makedoniyalı İsgəndərin
Asiyanı, Ermənistanı, İberiyanı, Albaniyanı
"fəth" etməsinin, Tavr və Qafqazdan
"keçidinin" Plini və
Soli tərəfindən təsvirini xatırlamaq kifayətdir.V.V.Bartold
antik ədəbiyyat mənbələrinə qiymət verərək
yazır: "Bədbəxtlik ondadır ki, yunan orijinallar bizə
çox gec, işləndikdən, əl gəzdirildikdən
sonr gəlib çatıb; bunlar çox vaxt müqayisə
edilən məlumatları heç bir tənqidə məruz
qalmayan sadəcə kompilyasiya şəklindədirlər və
buna görə də bu mənbələrə son dərəcə
ehtiyatla yanaşmaq lazımdır".Beləliklə,
aydın şəkildə məlum olur ki, antik müəlliflərin
məlumatı, ayrı-ayrılıqda yoxlanıb dəqiqləşdirilməlidir.
Bu da şübhə doğurmur ki, "Alban tarixi"ni yazan
alban müəllifi Musa Kalankatlı öz ölkəsinin
tarixini və coğrafiyasını, Pontiya çarı üzərinə
qısa yürüşlərdə iştirak etmiş
romalı müəlliflərdən daha yaxşı bilirdi.
Alban müəllifi eramızın I əsrində
Albaniyanın cənub sərhədi haqqında belə məlumat
verir: "...Sisakan nəslindən İafetin (Aran) xələflərindən
olan bir nəfərə Erasx (Araz) çayından Xnarakert
qalasınadək alban dağları və çölləri
miras qalmışdı. Alban müəllifi ilə sinxron olan
erməni müəllifi Movses Xorenli də eramızın
birinci əsri haqqında qeydlərində "Erasx
çayından Xnarakert qalasına qədər dağlı-dərəli
alban torpağına sahib olan Sisakan nəsli haqqında..."
məlumat verir. Deməli, eramızın əsrində
Albaniyanın cənub sərhədi Kür yox, Araz
çayı boyunca keçirdi.Bizcə, yerli sinxron mənbələri
tədqiq etmək, Albaniyanın və Ermənistanın o
dövrki gerçəkliklərini öyrənmək, eyni
dövrdən bəhs edən müxtəlif mənbələri
müqayisə etmək, özü də müqayisə
zamanı üstünlüyü alban müəllifinə vermək
nəticəsində Albaniyanın tarixi coğrafiyasını
bərpa etmək işinə kömək etmək olar.F.Məmmədova
qəti qənaətə gəlir: "Beləliklə,
Strabonun və digər antik müəlliflərin məlumatlarını
nəzərdən keçirəndən, eləcə də,
b. er. əv. I əsrdən eramızın IV əsrinədək
Albaniya və Ermənistanın real vəziyyətlərini
öyrənib müqayisə edəndən sonra belə bir
fikir söyləyə bilərik ki, həmin müəlliflərin
Albaniyanın cənub sərhədinin Kür çayı
boyunca keçməsi, Arsax, Uti və Paytakaran vilayətlərinin
387-ci ildə Ermənistanın tərkibində olması barədə
fikirləri yanlışdır.Qədim gürcü tədqiqatçılarının
gəldikləri nəticəyə görə, Albaniyanın qərb
hissəsi (Kürün sol sahili) Gürcüstan ərazisi
olmuşdur. Son vaxtlar isə bəzi gürcü alimləri təsdiq
edirlər ki, Kürün sol sahilindəki Albaniya
torpaqlarının şimal-qərb hissəsi ilə
yanaşı, Kürün sağ sahilindəki alban
torpaqlarının cənub-qərb hissəsi də
Gürcüstanın olmuşdur. D.L.Musxelişvilinin bu
yaxınlarda nəşr olunmuş "Şərqi
Gürcüstanın coğrafiyasında" (Şəki və
Qoqarena) adlı monoqrafiyası da bu problemlərə həsr
edilmişdir.Kitabın annotasiyasında deyilir: "Monoqrafiyada
Şərqi Gürcüstan İberiya çarlığı
dövründən tutmuş XIV əsrin sonunadək qədim
Gürcüstanın cənub və şərq əyalətlərinin
siyasi və etnik coğrafiyasına dair məsələlər
tədqiq olunur".Belə çıxır ki, Şəki -
İberiyanın şərq, Qoqarena isə - cənub əyalətidir.
Qeyri-ardıcıllıq göz qabağındadır,
kitabın adında Şərqi Gürcüstandan, annotasiyada və
mətndə isə "İberiyanın şərq və cənub
sərhədlərindən bəhs olunur.Məlum olduğu
kimi, Şərqi Gürcüstan elmdə Kartli kimi
tanınır. Əslində, D.L.Musxelişvilinin kitabında
hiyləgər ibarələrlə belə bir fikir əsaslandırmağa
cəhd göstərilir ki, guya solsahil Albaniyasının
şimal-qərb (Kambisena və Şəki vilayətləri) və
sağ sahildəki cənub-qərb (Girdman, Sakasena) alban-Azərbaycan
torpaqları ta qədimdən XIV əsrədək
Gürcüstan ərazisi, başqa sözlə, Şərqi
Gürcüstanın vilayətləri olmuşdur.Müəllifin
tədqiqat metodunu və onun arqumentasiyasını nəzərdən
keçirək. D.L.Musxelişvilinin istinad nöqtəsi XIII əsrdə
yaşamış erməni müəllifi (diqqət edin - XIII əsrdə!)
Böyük Vardanın bu fikri olmuşdur ki, guya "Şəki
- quqarların vilayətidir". Quqarları quqarenlərə
- Qoqaren gürcü-erməni vilayəti Qoqarenanın
(Quqarkın) sakinlərilə eyniləşdirməyə cəhd
edən D.L.Musxelişvili bu yazıya əsaslanıb Quqark
(Qoqarena) vilayətinin ərazisini heç bir əsas olmadan
şimal-şərqədək (Kürün sol sahili)
genişləndirir, onun tərkibinə iki alban vilayəti -
Kambisena və Şəki torpaqlarını da daxil edir.
D.L.Musxelişvili Böyük Vardanın informasiyasının
vaxtını və yerini yaddan çıxardır.
Vardanın dediklərinin gerçəkliyi mütləq
yoxlanmalıdır - bu məlumat digər sinxron mənbələrdə
nə dərəcədə təsdiq olunur və o
dövrün Albaniya, Ermənistan və İberiya gerçəkliklərinə
nə qədər uyğundur. Həm də yalnız
Böyük Vardanın məlumatına əsaslanıb bunu qədim
dövrə və erkən orta əsrlərə şamil etmək,
bundan başqa Kürün sol sahilindəki Azərbaycanın
şimal-qərb ərazisinin
(Kambisena və Şəki) və Kürün sağ sahilindəki
Azərbaycanın cənub-qərb torpaqlarının (Girdman,
Sakasena) mübahisəli gürcü-erməni vilayəti -
Quqarkın (Qoqarena) tərkibinə daxil olduğunu sübut etməyə
cəhd etmək nə dərəcədə doğrudur?
D.L.Musxelişvili öz kitabında Kambisena və Şəkini,
habelə, Qoqarena və Eretiyanı) hər ikisini Albaniyanın
hesabına böyütdükdən sonra İberiyanın tərkibinə
pillə-pillə daxil etməyə cəhd göstərir.F.Məmmədova
düzgün olaraq D.L.Musxelişvilinin bütün fikirlərini
alt-üst edərək göstərir ki, D.L.Musxelişvilinin
"... VII əsrdə Kambeçani əhalisi ola bilsii ki, səpələnmiş
erməni elementləri də daxil olmaqla, iberlərin və
albanların qarışığından ibarət idi"
fikri bizə yanlış görünür. Əhalinin
qarışması bundan sonrakı əsərlərə, yəni
VIII-IX əsrlərə təsadüf edir, buna qədər isə
Kambisena alban vilayəti olub və burada əhali arasında
albanlar, sözsüz ki, üstünlük təşkil ediblər.D.L.Musxelişvili
ən qədim alban vilayətlərindən olan Şəkinin
tarixi coğrafiyasını da həmin metodla "tədqiq"
edir. O, XIII əsr erməni müəllifi Böyük Vardana əsaslanaraq
Şəkini Albaniyadan qoparıb süni surətdə
genişləndirdiyi Quqarka (Qoqarena) qatmaqla, İberiyaya daxil etməyə
səy göstərir.1000 illik bir dövrdə (er. əv. III əsrdən
eramızın VIII əsrinədək) Albaniyanın siyasi sərhədlərinin
öyrənilməsinin nəticələri göstərir ki,
alban dövlətinin ərazi hüdudları demək olar dəyişməmiş,
sabit qalmışdır. Kiçik istisnalardan savayı, onun ərazisinin
genişləndirilməsi, yaxud kiçildilməsi sahəsində
dinamika olmamışdır və bu da siyasi səbəblərlə
izah olunur.Ölkənin Roma-Bizans və İran
imperiyalarından coğrafi uzaqlığı və strateji
mövqeyinin əlverişli olması (Dərbənd və
Qafqaz keçidləri, bu keçidlərdən köçəriləri
cənuba buraxmaq olardı), Albaniyanın dövlət kimi
siyasi müstəqilliyini və suverenliyini qoruyub saxlamasına əlverişli
şərait yaradırdı. Alban çarları heç vaxt
təcavüzkar siyasət yeritməmişlər. Ancaq iki
imperiyanın qovuşuğunda yerləşən Ermənistanda,
İberiyada və Albaniyada daxili və xarici siyasi vəziyyətin
gərkinliyi alban sərhədlərinin stabil təhlükəsizliyini
təmin etmişdir.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs
.- 2012.- 14 sentyabr.- S. 14.