Qədim və orta əsrlər Azərbaycan dövlətçilik tarixi müasir İran tarixşünaslığında

 

Müasir İran tarixşünaslığında, təəssüf ki, Azərbaycan dövlətçilik tarixi təhrif  olunmuşdur. Abdulla Fazili qeyd edir ki, İran tarixçisi Əhməd Kəsrəvi (Təbrizi) Sasani hakimiyyəti dövründə Azərbaycan haqqında yazır: "Sasanilərin vaxtında İranşəhr adlanmış ölkə dörd hissəyə (kusta) bölünmüşdür.Kust sözünə pəhləvi dilində yazılmış ədəbiyyatda da təsadüf olunur. Lakin sonralar bu termin aradan çıxmışdır.Ə.Kəsrəviyə görə, kustların adı aşağıdakı kimi olmuşdur:

1. Xorasan (şərq). Buraya müasir Xorasan, Xarəzm, Buxara, Soğd, Gurgan, Sistan, Belucistan və İranşəhrin şərqində olan başqa əyalətlər daxildir.

2. Xorbərane (qərb). Buraya İraq, Kirmanşah, Kürdüstan, habelə, qərb əyalətləri daxildir.

3. Baxtər (şimal). Buraya Azərbaycan, Ermənistan, Gürcüstan, Qafqaz, Təpuristan və Dəmavənd daxildir.

4. Nimruz (cənub). Buraya Xuzistan, Pars, Kirman, Səkistan və Sənd daxildir.

Sasani şahları hər əyalət və vilayətə (kust) ayrıca hakim təyin edirdilər. Bu hakimlər pazuspan, yaxud mərzban adlanırdı. Pazuspan hökmdar, hakim, mərzban isə sərhədçi deməkdir. Lakin hər dörd kust ayrılıqda xarici torpaqlarla həmsərhəd olduğuna görə, kustpanlar həm də sərhədçi (mərzban) vəzifəsini ifa edirdilər.

Ə.Kəsrəvi yazır ki, Sasani hökmranlığı dövründə İranşəhrin (İran ölkəsinin) dörd hissəyə bölünməsi və hər bir hissənin kust adlandırılmasına qədim mənbələrdə də təsadüf edilir. Belə ki, ilk dəfə həmin dövrün erməni müəllifi Movses Xorenasi öz əsərində İranşəhrin dörd kusta bölünməsini qeyd edir və hər şəhərin adını çəkir. Deyildiyinə görə, VII əsrdə pəhləvi dilində yazılmış "Şatristanhaye İran" əsərində formal olsa da hər kustun adı və onların şəhərləri haqqında məlumat verilir. Həmin kitabda əvvəlcə Xorasan, Xorbəran, Nimruz, habelə, Azərbaycan və şimal kustlarının başqa şəhərlərindən danışılır.

Ə.Kəsrəvi "pazuspan" terminindən bəhs edərək göstərir ki, bu, "paz", "kust" və "pan" hissələrindən ibarətdir. Müəllifə görə, "kust" sözünə "pan" artırılaraq "kustpan" şəklini almışdır ki, bu da kustu idarə edən və yaxud onu qoruyan deməkdir. "Paz" isə padşah sözündə olduğu kimi, bir sıra ad və titulların əvvəlinə sonradan əlavə edilmişdir. Sonralar asan tələffüs edilməsi xatirinə bu sözü pazuspan formasında işlətmişlər. İranlılar ölkənin hər dörd hissəsindən birinə padkus adı vermişlər. Buna görə də, hər kustun hakiminə pazospan deyilməsinə baxmayaraq, sözün əsli kust olmuşdur.

S.Nəfisiyə görə, bir sıra əyalətlərdə mərzbanlardan başqa hakimlər də mövcud olmuşdur. Bu hakimlər ostandar adlanırdı. Pəhləvi dilində olan ostanşaha məxsus olan şəhərə və yaxud mahala deyilirdi. Qədim erməni dilində də ostan (vastan) sözü həmin məna daşıyır. Hazırda İran Azərbaycanı şərq və qərb ostanlarına bölünmüşdür. Sasani dövründə olan ostandarlar şahın əyalət, mahal və yaxud şəhərlərdə olan əmlakının mühafizəçiləri idilər. Lakin sonrakı dövrlərdə onlar öz tabeliyində olan torpaqlarda hərbi hakimiyyət təşkil etmişdilər. Sasanilərin son dövründə ölkənin bütün daxili və hərbi işləri onlar tərəfindən idarə olunurdu. Sasanilərin süqutundan sonra bu titul (ostandar) spəhboz məfhumu ilə əvəz edilmişdi. Belə ki, Təbəristan hakimləri ərəblərin dövründə də özlərini spəhboz adlandırmışlar. Ərəblər spəhboz ispəhboz formasında yazmışlar.

A.S.Nəfisiyə görə, Azərbaycan İranın əlverişli coğrafi mövqeyə malik olan məhsuldar əyalətlərindən biridir. Ən qədim dövrlərdən etibarən bu əyalət zənginliyinə və abadlığına görə, başqalarından fərqlənmişdir. Ancaq ərəblərin dövründə bu ərazidən ticarət yollarının keçməməsi onun iqtisadi həyatına mənfi təsir göstərmişdir. Lakin monqolların dövründə Şimal ölkələri ilə aparılan ticarət Azərbaycanın iqtisadi əhəmiyyətini yenidən bərpa edə bilmişdir. S.Nəfisi belə bir fikir irəli sürür ki, Azərbaycan Ərdəbil, Mərənd, Cabirvan (Təbriz yaxınlığında) və Araz sahilində olan Vərsan mahallarına malik olmaqla bərabər onun paytaxt şəhəri Partav olmuşdur. Bu ərazinin illik gəliri dörd milyon yarım dirhəmə bərabər idi. Nəfisi yazır kn, erməni tarixçisi Movses Xorenasi İran ölkəsini dörd kusta bölür: qərbdə Xorberan, cənubda Nimruz, şərqdə Xorasan və şimalda isə Kapguh (Qafqaz). Məlum olduğu kimi, İranın dörd əyalətə bölünməsi hələ I Xosrovun dövrünə aiddir.

S.Nəfisiyə görə, Movses Xorenasinin əsərində verilmiş İran əyalətlərinin adı erməni dilində yazıldığına və yaxud yunan dilindən erməni dilinə çevrildiyinə görə təhrif edilmişdir. Başqa dillərdə olduğu kimi, ermənilər də coğrafi və habelə, şəxs adlarını öz dillərinin xüsusiyyətinə görə dəyişirdilər. Deməli, tarixi və coğrafi adlar ilk dəfə yunan müəllifləri, sonralar isə erməni tarixçiləri tərəfindən müvafiq olaraq yunan və erməni dillərinə uyğun surətdə dəyişdirilmişdir. Alman alimi Markvart "İranşəhr" adlı əsərində bir sıra tarixi və coğrafi adları tədqiq edib onların mənşəyini aydınlaşdırmışdır. Lakin mənşəyi aydınlaşdırılmayan tarixi və coğrafi adlara da çox rast gəlmək olur.

Pəhləvi dilində yazılan "Şatristanhaye İran" əsərində də İranın Sasanilər dövrünə aid əyalət və şəhərlərinin bir neçəsinin adı qeyd sdilmişdir. Bu əsərdə də İranın dörd kusta bölündüyü köstərilmişdir: Xorasan (Xorbəran), Nimruz (Nimruz), Aturpatkan (Azərbaycan) və Xavəran (qərb). Buradan məlum olur ki, əsər Sasanilər dövründə yazılsa da, I Xosrovun hakimiyyətindən sonra tərtib edilmişdir.

"Şatristanhaye İran" kitabında da Azərbaycan kustunun adı çəkilir. Bu mənbədə bizi maraqlandıran əsas məsələ Azərbaycana aid olan yer adlarıdır. Orada, az da olsa, Sasanilər dövrünə aid Azərbaycan şəhərlərinin adlarına təsadüf əlunur.

İran tarixşünaslığında keçmiş sovet Sovet Azərbaycanı, müasir Azərbaycan Respublikasının ərazsini də təhrif edilmiş şəkildə təqdim olunur. Abdulla Fazili yazır ki,  qədim yunan və Roma   tarixçilərinin  verdikləri məlumata görə, müasir Sovet Azərbaycanı (indiki Azərbaycan  Respublikası-V.Ö.) ərazisi bütövlükdə, heç də, İ.Rzanın göstərdiyi kimi, alban torpağına aid olmamışdır. Strabonun verdiyi məlumata görə, Böyük Antioxun sərkərdələri-Artaksi və Zariadın dövründə Ermənistan kiçik bir ölkə idi. Böyük Antioxun məğlubiyyətindən sonra onlar  hökmdar oldular və getdikcə öz ərazilərini genişləndirdilər. Eramızdan əvvəl II əsrdə isə bir sıra qonşu ərazilərin, o cümlədən, midiyalıların əlində olan Kaspiana, Favintida və Basronedanı zəbt etdilər. Strabonun bu məlumatı göstərir ki, hər iki əyalət işğal edilənədək məhz Midiyanın tərkibində olmuşdur. Baseropeda müasir Naxçıvan ərazisinin, Kaspiana isə Mil düzünün keçmiş adı olmuşdur.

K.V.Trever Pliniyə istinad edərək yazır; "Bu tayfa (alban tayfası) Qafqaz dağlarından Kür çayına qədər məskən salıb Ermənistan və İberiya sərhədiiə kimi yayılmışdır."

 Plini albanların Qafqaz dağlarından Kür çayına, habelə, Ermənistan və İberiya sərhədinə kimi yayıldıqlarını göstərmişdir. Körünür, bu dövrdə albanlar cənubdan atropatenlilərlə sərhəd olmuşlar. Bu faktı bir sıra erməni mənbələri də təsdiq edir. Yunan və Roma mənbələrində Kaspiana (Paytakaran) adı ilə məlum olan ərazi "VII əsr erməni coğrafiyası" adlı əsərdə də həmin ad altında verilmişdir. Paytakaran inzibati nöqteyi-nəzərdən Atropaten ərazisinin tərkibində olmuşdur.

Əl-Təbərinin məlumatına görə, Azərbaycan sərhədinin başlanğıcını Əhər və Zəngan daxil olmaqla, Həmədan, axırını isə xəzərlərin Dərbəndi hesab edirlər və bu ərazidə olan on-on iki şəhəri Azərbaycan adlandırırlar. XIII əsrin tarixçisi Əmin Əhməd Razi Azərbaycanın Bakıdan Xalxala qədər uzandığını qeyd edir. XII əsr səyyahı Övliya Çələbi Qarabağı "Kiçik Azərbaycan" adlandırır.

Azərbaycan bir sıra hallarda əvvəl inzibati, daha sonralar isə coğrafi məfhum kimi hər iki hissəyə aid olmuşdur. Bu baxımdan da, Azərbaycan adının ancaq Araz çayının cənubunda yerləşən əraziyə aid edilməsi fikri inandırıcı deyildir.

İ.Rza ariləri alban ərazisinin ilk sakini hesab edir. Halbuki əlimizdə olan mənbələrdə Albaniya ərazisində müxtəlif tayfaların, o cümlədən, albanların, utilərin (udinlərin), xəzərlərin, leqlərin, qarqarların və digər etnik qrupların yaşadıqları göstərilir.

Müəllif bəzən öz fikrinin əleyhinə çıxmır.  Belə ki, o,  İbn əl-Fəqihə istinad edərək, yazır: "...Azərbaycanın sərhədi Zəncana  qədərdir. O, ərazinin şəhərləri Bərgəri, Salmas, Muğan, Xoy, Vərsan, Miyana, Mərənd, Gülsara və Bərzəidir.

Azərbaycanın şimal sərhədi haqqında İbn əl-Fəqih  yazmışdır:   "Azərbaycanın  sərhədi olan Araz və Kür çaylarıdır. Dəməli, Azərbaycanın şimal sərhədi İ.Rzanın göstərdiyi kimi Araz çayı yox, həm da Kür çayı  olmuşdur.

 Sasani dövrünün pəhləvi dilli mənbələrindən biri də "Əidərze Xosrov  (Ənuşirəvan)"dur. Həmin əsərdə I Xosrovun aşağıdakı sözləri verilmişdir: "Ölkənin şimalında olan əyalətləri və onların sakinlərini yaxından görüb tanış olmaq və şimaldan gözlənilən hücumların qarşısını almaq məqsədilə tikilmiş istehkamları yoxlamaq üçün səfərə çıxdım. Nəhayət, Həmədan və Aturpatakana (Azərbaycana) tərəf hərəkət edib. Çul, Dərbənd və Firuz-Xosrov şəhərlərinə çatdım. Köhnə şəhərləri abad etmək və sərhədləri möhkəmləndirmək məqsədilə yeni qalaların tikilməsi əmrini verdim. Xəzər xaqani bu əraziyə gəlməyimi eşidib qorxuya düşdü".

A.Fazili yazır: "Yuxarıdakı faktlara əsasən, ehtimal etmək olar ki, I Xosrov Həmədan şəhəri ilə Dərbənd arasında olan ərazini bütövlükdə Atrpatkan adlandırmışdır. Ərəbdilli mənbələrdə Bərdə və Beyləqanın Azərbaycan şəhəri olması, Azərbaycanın şərq sərhədinin Bərdədən başlanması, Azərbaycanın Bakıdan Xalxala qədər olan ərazini əhatə etməsi və habelə, Azərbaycan sərhədinin Dərbəndə kimi  gedib çatması faktlarına rast gəlmək olur.

İbn Hövqəlin yazdığına görə, bu ölkəni şərqdən Cibal və Deyləm, həmçinin, Xəzər dənizinin qərb hissəsi,  qərbdən  alanların sərhədləri.

Cəzirənin bir hissəsi, şimaldan alanlar və Qafqaz dağları, cənubdan İran sərhədləri və Cəzirənin şərq hissəsi əhatə edir. İbn Hövqəl Ərməniyyə, Aran və Azərbaycanı bir iqlim hesab edir. Ərəb coğrafiyaşünası İstəxriyə görə, Azərbaycan şərqdən Kuhistan və Xəzər dənizi, qərbdən Ermənistan və şimaldan Alan kəbk dağları, cənubdai İrak və Cəzirə ilə həmsərhəddir.

Bir sıra mənbə və tarixi sənədlər Aran və Şirvan ərazisinin hələ qədimdən Azərbaycan adlandırılmasını təsdiq edir. Hələ İ.Rzadan çox əvvəl İranın bir sıra tarixçiləri, o cümlədən, Seyid Həsən Tağızadə, Ə.Kəsrəvi, İ.Purdavud, M.Məşkur, H. Katibi və başqaları Sovet Azərbaycanının Azərbaycan adlandırılması əleyhinə mətbuatda çıxış etməyə başladılar. İ.Rza isə vaxtilə göstərdiyimiz tarixçilərin köhnə bayatılarını təkrar edir.

Araz çayının hər iki sahilində yerləşən ərazi, habelə, onun sakinləri etnik tərkiblərinə görə, tarixən bir mənşəli olmuşlar. Azərbaycan adının hər iki sahilə şamil edilməsi elmi cəhətdən düzgündür.

İ.Rza sözünə davam edərək yazır ki, "Keçmişdə ölkəsini osmanlı türklərindən müdafiə etmiş azərbaycanlılar başqa əraziyə həmii adın verilməsilə razılaşmayıb Şeyx Məhəmməd Xiyabani və onun tərəfdarlarının təklifi ilə Azərbaycanın Azadıstan adlandırılması fikrini irəli sürmüşlər". İ.Rzaya görə, Azərbaycanın Azadıstanla əvəz edilməsi fikri Arazın   şimalına   Azərbaycan     adının  verilməsilə əlaqədar olmuşdur. Halbuki müəllif həmin əsərin başqa bir yerində yazır: "Şeyx Məhəmməd Xiyabani qiyami dövründə onun yaxın silahdaşı, qocaman inqilabçı (Hacı İsmayıl ağa Əmir Xizi) Azərbaycanın məşrutə inqilabındakı rolunu, habelə, İrana azadlıq verməsini nəzərə alaraq oranı Azadıstan adlanmasını təklif etmişdir.

İ.Rza Ə.Kəsrəvinin və digər tarixçilərin Azərbaycanın adı haqqındakı fikirlərini təkrar edib xalqımızın keçmiş tarixini saxtalaşdırır. Göründüyü kimi, İran tarixşünaslığında Azərbaycan dövlətçiliyi tarixi ciddi tərif olunur.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs .- 2012.- 19 sentyabr.- S. 14.