Bir ömrün işığı...

 

Qarşımda böyük və mənalı bir ömür keçmiş Hacı Əlisgəndər Əhməd oğlu Yaqubov haqqında yazılan "Bir ömrün işığı" adlı kitab var... Kitabı vərəqləyirəm, vərəqlədikcə də Əlisgəndər kişinin keçdiyi mənalı həyat yolu ilə tanış oluram. Ən çox məni cəlb edən kitabın ilk səhifəsində Hacı Əlisgəndər Əhməd oğlu Yaqubovun dediyi fikirlər olur: "70 yaş... Amma sevinirəm ki, illəri havayı sovurmamışam, yaşadığım ömürdən narazı qalmağa haqqım yoxdur..." Həqiqətən də, Hacı Əlisgəndər kişinin ömür yoluna nəzər saldıqda, keçilən bu mənalı ömürə həsəd aparmaya bilmirsən.

Deyirlər ki, insan ömrü çox səhifəsi olmayan kitaba bənzəyir. Hacı Əlisgəndərin ömrü də, bu mənada, bir elin, obanın işığına, nuruna sığınmış kitabdır. 1937-ci ildə Azərbaycanımızın gözəl guşəsi olan Masallı rayonunun Yeddioymaq kəndində anadan olan Əlisgəndər Yaqubov şərəfli bir ömür yaşamış, el-oba gözündə ucalıq qazanmış müdrik bir insandır. Ömrünü mənalı, mənəviyyatlı keçirənlərdəndir Əlisgəndər kişi. Onun yaşadığı, fəaliyyət göstərdiyi cəmiyyət arasında əsil ağsaqqal nüfuzu qazanması onun yüksək mənəviyyatının göstəricisidir. Hər kəslə - istər uşaq, istər böyük, istərsə də həmyaşıdları ilə müfəssəl dil tapan Əlisgəndər kişiyə, təbii ki, bu üstünlüklər vaxtı ilə ona həyat məktəbi, həyat dərsi keçmiş ağsaqqallardan yadigardır.

Əlisgəndər Yaqubov 1969-cu ildə Ümummittifaq Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinin aqronomluq fakültəsinə daxil olub. İki il sonra təhsilini Velikiye Luki şəhərindəki (Leninqrad) Kənd Təsərrüfatı İnstitutunda davam etdirib. 1975-ci ildə alim-aqronom kimi Azərbaycana geri qayıdıb. 1975-ci ilin may ayından Krupskaya adına tərəvəzçilik-südçülük sovxozuna direktor təyin olunub. Qısa müddət ərzində sovxozu qabaqcıl təsərrüfatlar sırasına çıxarıb. Müəssisə Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin, Ali Sovetin, Həmkarlar İttifaqı Mərkəzi Şurasının və Respublika komsomolunun keçici qırmızı bayraqlarını qazanıb. Ardıcıl olaraq, "Sosializm yarışının qalibi" döş nişanı, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilib. 1973-cü ildə qırmızı əmək bayrağı, 1977-ci ildə isə oktyabr inqilabı ordenlərinə layiq görülüb.  Masallı rayon partiya komitəsinin plenium üzvürayon sovetinin deputatı seçilib. Əlisgəndər Yaqubov kənd təsərrüfatı sahəsində Ümummilli Lider Heydər Əliyevin etimad göstərdiyi, zəhmətkeşliyinə, işgüzarlığına, əmək sahəsində qabaqcıl nailiyyətlərinə görə, mükafatlandırılan dəyərli mütəxəssislərdəndir.

Xatırladaq ki, Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir, insanların qayğıları, güzəranı, əmək fəaliyyəti ilə yaxından maraqlanır, onların uğurlarını, nailiyyətlərini yüksək səviyyədə qiymətləndirirdi. Məhz belə böyük diqqət, qayğı, yüksək peşəkar təşkilatçılıq və idarəçilikdən ruhlanan Azərbaycan zəhmətkeşləri o dövrdə respublikanın, ardıcıl olaraq, 12 keçici bayraq əldə etməsinə, böyük sosial-iqtisadi nailiyyətlərə görə,  SSRİ miqyasında 12 dəfə birincilik qazanmasına müvəffəq olmuşdular.

Hacı Əlisgəndər Yaqubovun fəaliyyəti Azərbaycanın müstəqilliyinin bərpası dönəmində də dövlət rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilib. Belə ki, 2 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hacı Əlisgəndər Əhməd oğlu Yaqubov Respublikanın Əməkdar Kənd Təsərrüfatı İşçisi medalı ilə təltif olunub. Hazırda Hacı Əlisgəndər Yaqubov rayon Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyətini davam etdirir. İctimai-siyasi tədbirlərdə fəal iştirak edir. Yaşadığı cəmiyyətdə qazandığı AĞSAQQAL adı, eyni zamanda, hələ sovet dönəmində qiymətləndirilib.

Əlisgəndər Yaqubov bu gün 75 yaşında da, gənclik dövründə olduğu kimi, enerjili, gümrah görünür, xalq, cəmiyyət, dövlət naminə fədakarlıq edir. O, layiq olduğu böyük ehtiramı parlaq şəxsi keyfiyyətləri - düzlüyü, səmimiliyi, mərdliyi, el-oba təəssübkeşliyi, xeyriyyəçilik fəaliyyəti ilə qazanıb. Məhz bunun nəticəsidir ki, o yaşadığı eldə-obada böyük hörmət, nüfuz qazanıb, ağsaqqal kimi, hər bir məclisdə, xeyirdə, şərdə onun dəyərli sözünə, fikrinə ehtiyac duyulur. Ömrünün 75 illik baharında da Əlisgəndər kişi Tanrının ona bəxş etdiyi işıqlı zəkadan qidalanır. Ulu Tanrıdan Əlisgəndər kişiyə can sağlığı, uzun ömür arzulayırıq. İnanırıq ki, o, elin-obanın ağsaqqalı kimi, öz müsbət təcrübəsini hələ uzun müddət yeni nəsilə, gənclərə aşılayacaq. Həyatın bütün gözəllikləri sizinlə və sevdiklərinizlə olsun, Əlisgəndər kişi, 75 YAŞINIZ MÜBARƏK!

 

 

  RƏFİQƏ KAMALQIZI

 

  Səs .- 2012.- 25 sentyabr.- S.7.