Heydər Əliyev Fondu - təhsilə qayğının bariz nümunəsi    

 

Müasir Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən sıçrayışlar onun simasının gündən-günə dəyişməsilə, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanması ilə nəticələnib. Bu gün Azərbaycan dünyada sözünü deməyə qadir olan qüdrətli dövlətdir. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirib. Ölkəmizin simasının bu şəkildə dəyişməsində Heydər Əliyev Fondunun rolunu da qeyd etməliyik. Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan fondun 2004-cü il may ayının 10-da rəsmi açılışı olub. Həmin zamandan 8 il vaxt keçməsinə baxmayaraq, fondun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta hüdudlarından kənarda belə əks-səda doğurmasına gətirib çıxarıb.

 

“Azərbaycanın gələcəyi bu gün təhsil alan uşaqlardan, gənclərdən asılıdır”

 

Humanizm, mərhəmət, vətənpərvərlik, xeyirxahlıq hisslərinə söykənən fəaliyyətilə cəmiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı qarşısına qoyduğu başlıca məqsəd Azərbaycanda bu sahənin müasir dövrün əsas tələblərinə uyğun səviyyəyə yüksəldilməsi, potensial kadrların yetişdirilməsindən ibarətdir. “Hər bir dövlətin sərvəti onun insan amilidir” fikrini söyləyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın gələcəyinin bu gün təhsil alan uşaqlardan, gənclərdən asılı olduğunu bildirib. Ona görə də, təhsil ölkəmizdə prioritet sahədir və onun inkişafına xüsusi diqqət ayrılır, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün bütün lazımi addımlar atılır.

Fondun prezidenti Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəlində paytaxtda internat məktəbləri və uşaq evlərində olduqdan sonra “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Respublikamızdakı uşaq evləri və internat məktəblərindəki mövcud problemlərin həll olunmasına yönəldilən proqram fondun təhsil sahəsindəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. İlkin mərhələdə aparılmış monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn 4 mühüm istiqamət: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir. Bu müəssisələrin böyük qisminin yenidənqurmaya, təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu nəzərə alınaraq, texniki dəstək istiqaməti üzrə işlərə başlanılmışdır. 50-dək uşaq müəssisəsində aparılan yenidənqurma və tikinti-təmir işləri zamanı onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması təmin edilmişdir.

 

Ardıcıl işlər, müsbət nəticələr

 

Layihənin reallaşdırılması zamanı, həmçinin, Nəsimi rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb, 1 nömrəli körpələr evi, Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi, Nizami rayonundakı 1 nömrəli uşaq evi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi, Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbi, beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi, Şamaxı internat məktəbi və bir sıra digər uşaq müəssisələri yenidən qurulmuş, sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaqları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılmışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikada məktəb binalarının vəziyyəti yoxlanılmışdır. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2007-ci illərdə 184 məktəb binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilmişdir. Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunmuşdur. “Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının verilməsi Heydər Əliyev Fondunun ənənəsidir. Fondun təşəbbüsü ilə ötən il 15 sentyabr - Bilik Günü münasibətilə Bakının bir neçə qəsəbəsində təlim-tərbiyə ocaqları da istifadəyə verilmiş, fondun prezidenti Mehriban xanım Əliyeva Bakının Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva adına uşaq bağçasının açılışında iştirak etmişdir. Ən müasir standartlara cavab verən bağça 3 yaşından 6 yaşınadək 120 nəfər uşaq üçün nəzərdə tutulmuşdur. Uşaqlar bağçada ingilis dili ilə yanaşı, bədii gimnastikanın da sirlərini öyrənəcəklər. Həmçinin, ötən il sentyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbin təmirdən sonra açılışı olmuşdur. Təmirdən əvvəl 1200 nəfərdən artıq şagirdin dörd növbədə oxuduğu təhsil ocağında məktəblilər bir növbədə təhsil almaq imkanı əldə etmişlər. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən qurulan məktəb 250 şagird üçün nəzərdə tutulmuşdur. Fizika, biologiya, xarici dil kabinetləri, kompüter otağı, geniş idman salonu olan məktəbdə tədris üçün hər cür şərait yaradılıb. İndiyədək fondun təşəbbüsü ilə 300-dən çox müasir tipli təhsil müəssisəsi tikilərək istifadəyə verilib.

 

Fondun xeyriyyəçilik missiyası

 

Fond xeyriyyəçilik missiyasını bir neçə xarici ölkədə də davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, fond tərəfindən də böyük yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayırlar. Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı da bu qəbildəndir.

Ölkəmizdə təhsilin sürətli inkişafı, gələcək nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü məqsədyönlü işlər, ilk növbədə, milli ruha söykənən vətənpərvərlik hissinin təcəssümüdür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın elmə, təhsilə xüsusi qayğısı və diqqəti, həyata keçirilmiş layihə və proqramlar bu sahənin səviyyəsini daha da yüksəltməyə imkan vermişdir.

 

 

  RƏFİQƏ KAMALQIZI

 

  Səs .-2012.- 25 sentyabr.- S. 3.