Orta
əsrlər Azərbaycan dövlətçilik tarixində
Şirvanşahlar dövlətinin rolu
Şirvanşahlar dövlətinin yaradıcısı
Heysəm ibn Xalid Yezid ibn Məzyədin nəvələrindən
idi, ona görə də sülalə Məzyədilər
(861-1108) adlanırdı. Akademik Z.M.Bünyadov "Azərbaycan
Atabəyləri dövləti" əsərində
Şirvanın tarixinə dair geniş tədqiqat işi
aparmışdır. Z.Bünyadovun fikrincə, öyrənilməsinə
yüz il əvvəl başlansa da, Azərbaycanın
şimal-şərq hissəsinin - Şirvanın tarixi ən
az tədqiq edilmişdir.Şirvanın (və ya
Şirvanşahlar dövlətinin) digər müsəlman aləmindən
seçilib ayrılması, yerli tarixi salnamələrin
olmaması və ərəb, fars, gürcü dilindəki
tarixi əsərlərdə, Y.A.Paxomov və Ə.Ə.Əlizadənin
yazdıqları kimi, tarixi materialların azlığı -
bütün bunlar tədqiqatçıların işini məhdudlaşdırmış,
buna görə də onlar bir çox məsələləri
fərziyyələr şəklində izah etməyə məcbur
olmuşlar.
Belə təsəvvür yaranır ki, Səlcuqilər,
xarəzmşah Cəlaləddin Manqburnu, monqollar və Teymurilər
kimi qüvvətli fatehlərin hücumu ilə əlaqədar
olaraq Şirvanın adı mənbələrdə çəkildiyinə
görə bizim Şirvan haqqında məlumatımız daha
az olardı. Şirvanşahların özləri, əsasən,
mühafizəkar hakimlər olmuş, öz talelərindən
razı qalmışlar. Sanki tale onları ayırıb
müstəqil və yarımasılı bir vəziyyətə
gətirmişdi. Kənardan onlara dəyib-dolaşan
olmasaydı, onlar ehtimal ki, öz süzerenlərinə bac-xərac,
böyük məbləğdə pul, müxtəlif əmtəələr
və mal-qara verən, Gürcüstan və Dağıstan
kimi qonşularla vuruşan, barışan, qohum olan və yenidən
döyüşən ətraf torpaqların hakimlərinin həyat
tərzi ilə kifayətlənərdilər.
Qəribə burasıdır ki, Şirvanşahlar
müsəlman hakimləri idilər, ancaq Xilafətin ali
hakimiyyətinə və süzerenlələrin mülki
hakimiyyətinə tabe olmaqla yanaşı, onlar bir dəfə
də olsun müsəlmanların əsas ehkamı sayılan Məkkə
və Mədinə ziyarətinə getmək üçün
öz paytaxtlarını tərk etməmişlər.
Bütün bu deyilənlər yalnız
Şirvanşahlar dövlətinin ictimai-siyasi həyatının
ayrı-ayrı və ən çox zahiri xüsusiyyətlərini
əks etdirir. Lakin Şirvanın bizi maraqlandıran dövrdə
iqtisadi tarixinə gəlincə, bu barədə bizim biliyimiz
daha azdır. Şirvan tarixinin bizi maraqlandıran dövrünə
aid məlumatlar üçün mənbələrə
müraciət etmək daha faydalıdır.
Birinci olaraq İbn-əl-Əsirin
"Əl-Kamil" əsərinin adını çəkməliyik.
Tədqiqatçı Şirvanşahların Səlcuqilər
və başqa hökmdarlarla münasibətini
aydınlaşdıran ən çox məlumatı bu əsərdən
əldə edə bilər. Şirvana dair bir sıra
maraqlı materiallara İmadəddin İsfahani, Sədrəddin
əl-Hüseyni və Şəhabəddip ən-Nəsəvidə
rast gəlmək olar. Şirvanın iqtisadiyyat və
etnoqrafiyasına dair bəzi məlumatlar XIII əsrdə farsca
yazılmış naməlum bir coğrafi əsərdə və
həmçinin, Həmdullah Qəzvinidə vardır. Qəribə
haldır ki, Yaqut əl-Həməvi (1179-1229) kimi müəllif
Şirvan haqqında heç bir məlumat vermir. O, yalnız
belə bir məlumat verir ki, "Şirvan-Şamaxı da
paytaxtı olmaqla bir vilayətdir". Zəkəriyyə əl-Qəzvinidə
(1203-1283) deyildiyi kimi, Şirvan o dövrdə "müstəqil
və qeyri-asılı nahiyyədir və onun hakiminin adı
Axsitandır". Zirehgərana aid hissədə Qəzvini
yazır: "Qeyd edirlər ki, Şirvan hakimi qüdrətli
hökmdardır, böyük gücə malikdir, Zirehgərana
qarşı çıxmış, onu ələ keçirmək
istəmişdi, lakin onlar Dərbənd hakimlərini məğlub
etdikləri kimi, Şirvan hakimini də darmadağın etdilər".
Monqollar və monqollardan
sonrakı dövr haqqında yazan fars tarixçiləri
Şirvanın bizi maraqlandıran dövrü haqqında təqribən
heç bir məlumat vermirlər, yalnız əvvəlki ərəb
və fars müəlliflərinin dediklərini təkrar edirlər.
Şirvanın bu dövr tarixi haqqında olduqca mühüm məlumatlara
gürcü tarixi salnaməsi olan "Kartlis Tsxovreba"da
("Gürcüstanın həyatı") və
kraliça Tamarın tarixinə dair naməlum əsərdə
rast gəlmək olur.
Şirvan və
Şirvanşahlar tarixini öyrənmək üçün
Y.A.Paxomov, V.V.Bartold və V.F.Minorski çoxlu işlər
görmüşlər. Bunlardan sonuncu müəllifin mənbəşünaslıq
baxımından olan əsərləri öz məzmununa
görə nadirdir. Bu qəbilədən Hadi Həsəni də
qeyd etmək lazımdır. Fələki Şirvani və
Xaqani əsərlərinin dahiyanə təhlilini vermiş bu
müəllifin əsəri Şirvanın daxili həyatını
təcəssüm etdirmək. Şirvanşahların fəaliyyəti
haqqında nəticələr çıxarmaq və
onların mənşə və şəcərəsində
olan boşluğu doldurmaq imkanı verir.
Bir ərazi vahidi kimi Şirvan
bu dövrdə necə idi? XII əsrin əvvəllərində
Şirvan şimaldan Samur çayı, cənubdan Kür
çayı, şərqdən Xəzər dənizi ilə məhdudlaşan
bir ərazini tuturdu. Akademik Z.Bünyadov daha sonra göstərir
ki, Qərbdə Şirvanın sərhədi Şəki-Mingəçevir-Yevlax
xəttinə qədər çatırdı. Bəzən
Şirvanşahlar Dağıstan torpaqlarına Dərbənd və
Zirehgərana qədər soxula bilirdilər. Cənubda onlar
Quştəspi vilayətini, indiki Jdanov və Cəlilabad
rayonları ərazisinin dərinliklərinə qədər
özlərinə tabe etmişdilər, Qərbdə isə Azərbaycan
SSR-in indiki Gəncə, Şamxor, Qax, Zaqatala və Şəki
rayonlarının torpaqlarına qədər irəliləmişlər
(indiki Azərbaycan Respublikası - V.Ö.).
Doğrudur, Dərbənd və
Beyləqan vaxtaşırı Şirvanşahların hakimiyyəti
altına düşürdüsə, ancaq Dərbənd demək
olar ki, həmişə özünüidarə quruluşu
olan qala-şəhərdən ibarət idi. Beyləqanın isə
daxili şəhərin işlərində böyük
nüfuzu olan öz rəisi var idi. Beyləqanın tacir-sənətkar
əhalisi şəhərin muxtariyyətini qorumağa
çalışırdı. Lakin şəhər tez-tez Arran
və Azərbaycan hakimlərinin vassal
asılılığında idi.
Şirvanşahlar sülaləsinin
şəcərə cədvəlində son vaxtlara qədər
anlaşılmazlıq və boşluqlar var idi. Bizim Şirvan
tarixinin Səlcuqilər və Azərbaycan Atabəyləri
dövrü tarixinin tədqiqi yəzidilər (Məzyədilər)
sülaləsinin on beşinci şirvanşahı Fəxrəddin
Fəriburz ibn Sallar ibn II Yəzid ilə başlanır. O,
445-ci ilin səfər ayında (fevral 1053-cü il) Şirvan
taxtına çıxmışdır.
Əgər iyirmi il əvvəl
Fəxrəddip I Fəriburz haqqında əl-İsfəhani, əl-Hüseyni
və Xaqaninin əsərlərindən qırıq-kəsik məlumatlarımız
var idisə, Münəccim-Başının əsərində
saxlanmış Şirvan və Dərbəndə aid fəsillər
V.F.Minorski tərəfindən dərc edildikdən sonra və
xüsusilə V.M.Beylis tərəfindən Məsud ibn
Namdarın əsəri nəşr olunduqdan sonra bizim
Şirvanşah haqqında biliyimiz mühüm məlumatlarla
dolğunlaşdı və zənginləşdi. Məsud ibn
Namdarın əsərlərində saxlanmış material
Şirvanşah I Fəriburzun hakimiyyət dövrünü dəqiq
müəyyənləşdirmək, torpaqlarının sərhədini
təyin etmək və onun Zaqafqaziyadakı siyasi nüfuzunun
miqyasını öyrənmək imkanını verir.
I Fəriburzun atası Sallardan
başlayaraq, Şirvanşahların şəxsi adları dəyişir:
adi ərəb adları əvəzinə, Şirvanşahlar
Deyləm hakimlərinə xas olan adlar daşıyır. Bunu
bir tərəfdən, Şirvanşahların Deyləm və
Gilan şahzadələri ilə izdivacı ilə izah etmək
olar, başqa bir tərəfdən V.F.Minorskinin düzgün
başa düşdüyü və hələ ona qədər
tarixçi Münəccim-Başının (vəfatı -
1702-ci il) qeyd etdiyi kimi, sülalə "öz mənşəyinin
əsil-nəcabəti ilə öz mövqeyini möhkəmləndirmək
üçün" ərəb tayfası Şeybani ilə
qohumluğunu rədd etdi və Şirvanşahların Sasanilərlə
əlaqəsi iddiasını irəli sürdü. Onların
Kisra (Xosrov) Ənuşirvan mənşəyindən
olduqları iddiasını Münəccim-Başı da qeyd
edir. O, yazır ki, "Ənuşirvan farsların Ənuşirvan
Kəsrası deyildir, bəlkə ilkin Şeybanilər nəslindən
olan şəxsdir". Beləliklə, tədqiqatçı
və tarixçilərin (o cümlədən, bu sətirlərin
müəllifinin) "ikinci dövr"
Şirvanşahları və ya Kəsranilərinə dair
mülahizələri ola bilməz, belə ki,
Şirvanşahlar sülaləsi fasiləsiz olaraq ərəb
Yəzid ibn Məzyəd əş-Şeybanidən tutmuş
sonuncu (44-cü) Şirvanşah Əbu Bəkr Mirzə ibn
Bürhan Əli Sultana qədər mövcud olmuşdur. O,
1583-cü ilədək Şirvanı idarə etmişdir. Elə
bunun kimi də heç bir Dərbəndlilər sülaləsi
də olmamışdır.
I Fəriburz ibn Sallar hələ
atasının sağlığında dövlətin əsil
başçısı olmuşdur. O, öhdəsinə
düşdüyü çox çətin siyasi və hərbi
çətinlikləri olduqca məharətlə dəf edə
bilmişdi. Onun hakimiyyəti dövründə Şirvan bir
neçə dəfə Arranın Şəddadilər hakimiyyətinin
soyğunçu yürüşlərinə məruz
qalmışdı (1003-cü ilin mart ayından 1064-cü ilin
yanvarınadək onlar 4 dəfə Şirvana soxulmuşlar).
Şəddadid Şavur ibn Fəzl Şirvanşah I Fəriburzdən
iki dəfə, hər birində 40 min dinar, xərac aldı.
1066-cı ildə birinci dəfə
olaraq Şirvana Oğuz türkləri gəldilər. I Fəriburz
"onları Şirvandan getməyə məcbur etmək
üçün çoxlu pul xərcləməli oldu.
1066-cı il noyabrın 22-də türk Qara Təkin ikinci dəfə
Şirvana gəldi. O, dağlara və vadilərə hücum
çəkərək, oraları viran qoydu, çoxlu adam
qırdı. Şirvanı boş çölə çevirərək,
mal-qara, uşaq və qadınları özləri ilə
apardı. Oradan o, Bakuyaya tərəf yollandı. Burada da yəzidiyyədəki
hərəkətlərini təkrar etdi".
I Fəriburz türklərə
ödənc verərək onlardan yaxa qurtarmağa
çalışırdı. Lakin onlar 1067-ci ilii fevralında
Qəzvin hakimi illik 30 min dinar xərc müqabilində
türklərin yürüşlərinin qabağını kəsməyə
razılıq verincəyə qədər
özbaşınalıq törədirdilər. Fəriburz
özü də bu məsələyə kömək edərək
xalası qızını Qara Təkinə ərə verdi.
Belə görünür ki, bu
dövrdə Şirvanşahların ərazisi müasir Şəki,
Zaqatala, Qax, Balakən rayonlarının torpaqlarını əhatə
edirdi. Lakin bu zaman Kaxetiya hakimi Qaqikin oğlu II Aqsartan
(1058-1084) I Fəriburzun çətinliklərindən istifadə
edərək, Şirvanşahların torpağına soxularaq
Şəkini tutdu. Yalnız 1072-ci ilin aprelində I Fəriburz
II Aqsartandan Şəki yaxınlığındakı Maluq
qalasını ala bildi, lakin vilayətin özü
gürcülərin əlində qaldı.
1067-ci ildə gürcü
çarı IV Baqrat (1027-1072) Bərdəyə hücum edərkən
sultan Alp Arslan (1063-1072) öz qoşunları ilə ona
qarşı çıxdı. Sultan Arranda olarkən
"Şirvanşah Fəriburz onun yanına gəldi, öz hədiyyələrini
təqdim etməklə ona qulluq etməyə (əl-hədiyyə
vəl xidmə) hazır olduğunu bildirdi və 1067-ci ildəki
yürüşdə onu müşayiət etdi". Əl-Hüseyninin
verdiyi məlumata görə, Sultan qoşunu gürcüləri
darmadağın etdi, Şəki hakimi Aqsartan isə Sultana xidmət
etməyə gəldi, hətta öz mülklərini saxlamaq
arzusu ilə islamı da qəbul etdi.
Gürcü çarı IV Davidin və sultan Səlcuq Mahmudun
hakimiyyəti dövründə Şirvanın siyasi vəziyyəti
olduqca əlverişsiz idi. Bu ona gətirib çıxarır
ki, Şirvanşah III Mənuçöhr faktiki olaraq Tiflis
çarlarının himayəsi altına düşür və
ehtimal ki, buna görə də onlar həmin dövrdən
gürcü çarlarının tam ləqəblərinin tərkibinə
daxil olan şirvanşahlar ləqəbini qəbul edirlər.
Bir tarixi salnamə xəbər
verir: "Şirvanşah və Əmir Əmiran köməksiz
vəziyyətdə qaldılar, bu vaxt Şirvan mülkünə
allahın qəzəbi tutdu - yerin tərpənməsindən
Şamaxı şəhərinin divarları və
istehkamları dağıldı, orada hər şey yoxa
çıxdı. Şirvanşahın arvadı və
uşaqları da məhv oldular. Bunu bilərək onlar
başlarına kül sovurub ağladılar, ətrafa göz
gəzdirdilər, lakin heç bir köməkçi və
xilaskar tapa bilmədilər".
Bu zəlzələ 1192-ci ildə
oldu, yəqin ki, elə o vaxtda da I Axsitanın arvadı İsmətəddin
(Səfvətəddin, Səfvət əl-İslam) həlak
olmuşdur. Arvadı həlak olandan sonra Şirvanşah,
gürcü salnaməsinə görə, kraliça
Tamarın qızı Rusudana ilə evlənmək istəmiş,
lakin onun təklifi rədd edilmişdir.
Atabəy Əbu Bəkr tərəfindən
məğlub edilmiş I Axsitan və Əmir Əmiran Ömər
kömək üçün kraliça Tamara müraciət
etdilər. Onlar Tamaranın iqamətgahına gəldilər,
"Şirvanşah qohum və saray əhlinə mənsub
olduğu üçün birinci daxil oldu və təzim etdi,
öz rütbəsinə uyğun yerdə oturtdular. Sonra Əmir
Mirman daxil oldu, o, Sultanın qardaşı oğlu və Pəhləvanı
idi. Onu hörmət və izzətlə gətirib, salamdan
sonra şərəflə əyləşdirdilər".
Tamara və onun sarayı Əmir
Əmiran Ömərin atabəy Əbu Bəkrə
qarşı müharibə aparmaq təklifi ilə
razılaşıb, "qoşun toplamağa və onu təchiz
etməyə başladılar. Onlar Şirvanşaha yazdılar
ki, tabe olsun və onlara xərac ödəsin ki, Əmir Əmiran
Ömərlə birgə çıxış etməyə
hazırlaşsın".
1194-cü il iyulun 1-də
Şamxor ətrafında döyüş oldu. Bu
döyüşdə Əbu Bəkrin qoşunları
darmadağın edildi. Qələbədən sonra
gürcü sarayı ziyafət təşkil etdi. Bu məclisdə
"Əmir Mirman və Şirvanşah öz yerlərində
vassal sifəti ilə əyləşdilər". Sonra Tamar
öz qoşunları ilə "Dvinə çatdıqda xidmət
göstərmək üçün Şirvanşah onun
hüzuruna gəldi".
Müxtəlif dilli və əks
cəbhələrə mənsub olan bu iki mənbənin məlumatlarını
tutuşdurarkən, görünür ki, xırda məsələləri
çıxmaq şərtilə onlar bir-birini təkrar edir və
tamamlayır. Şirvanşahın bu dövrdəki vassal
asılılığı haqqında gürcü müəlliflərinin
məlumatı birtərəfli deyil və ərəb müəllifi
tərəfindən də təsdiq olunur. Sasanilərdən
başlayaraq Səfəvilərədək Şirvanın
tarixinə ümumi baxışdan belə nəticə əldə
etmək olur ki, Şirvan başqa qüvvətli ölkələrdən
tam və ya təqribən tam vassal asılılığında
qalmışdır. Hətta A.Bakıxanov yazır ki,
"tarixdən göründüyü kimi, Şirvanşahlar əksər
hallarda heç vaxt müstəqilliyə malik
olmamışlar, demək olar ki, həmişə qonşu
qüvvətli ölkələrin təsiri altında
qalmışlar".
I Axsitaknin ölüm tarixi məlum deyildir. Xaqaniyə
görə, İsmətəddindən iki uşağı
olmuşdur - oğlu Ədudəddin Fəriburz cavan ikən,
qızı Al Çiçək həddi-büluğa
çatmamış ölmüşdür. Nizami "Leyli və
Məcnun" əsərində I Axsitanın Mənuçöhr
adlı bir oğlunun da adını çəkir. Ehtimal ki, I
Axsitanın başqa uşaqları da olmuşdur, yoxsa əl-Hüseyni
yazmazdı ki, Şirvanşah öz qızını atabəy
Cahan Pəhləvanın oğlu Əmir Əmiran Ömərə
ərə verdi. Bundan başqa, kraliça Tamaranın
tarixçisi yazır ki, 1192-ci ildə Şamaxıdakı zəlzələdə
Şirvanşah I Axsitanın arvadı və uşaqları həlak
oldu.
I Axsitanın ölümündən sonra Şirvanın
taxtını onun qardaşı - iyirminci şirvanşah
Şahənşah tutdu. Şahənşah ibn Mənuçöhrün
sikkələri hicri 595-ci ildə (1198-1199) həkk
olunmuşdur. Burada da şərti olaraq Şirvanşah I
Axsitanın hakimiyyətinin son ilini 594-cü, ya da 595-ci ilə
(1198 və 1199-cu illər) aid etmək olar. Y.A.Paxomov Şahənşahın
adı ilə həkk olunmuş sikkələri
araşdırarkən qeyd edir: "Şirvanşah III Mənuçöhrün
oğlu və I Axsitanın qardaşı idi, taxt-tac Fərruxzadın
əlində möhkəmlənənə qədər Şahənşahın
ölümündən sonra araya nifaq düşdü. Ola bilər
ki, I Axsitanın bilavasitə xələfi mənim əvvəllər
güman etdiyim kimi Əfridun deyilmiş, məhz Şahənşah
imiş. Şahənşahı Əfridunla eyniləşdirmək
olmaz... Beləliklə, yeni bir şirvanşah - III Mənuçöhrün
oğlu, onun bilavasitə və ya ən yaxın xələflərindən
biri Şahənşah ortaya çıxır".
Qısa ikiillik (1196-1198) hakimiyyətindən sonra Şahənşahın
taxt-tacını III Mənuçöhrün böyük
oğlu - iyirmi birinci şirvanşah Zöhrətəddin II Əfridun
tutdu.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs .- 2012.- 27 sentyabr.- S. 14.