Azərbaycan bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dünyanı təəccübləndirə biləcək layihələrə imza atdı

 

2011-ci il Azərbaycan mədəniyyəti tarixində çoxsaylı tədbirləri, sərgiləri, yubiley gecələri, forumları, konfransları, müsabiqələri, konsert proqramları və bir çox başqa mədəni hadisələri ilə yadda qaldı. Hər bir xalqı dünyaya tanıdan amillərdən biri həmin xalqın mədəniyyətidir. Ölkə daxilində və xarici məkanda keçirilən tədbirlərdə Azərbaycanın mədəniyyət və incəsənətinin nadir nümunələr təqdim olundu, bu sənət yaşadan sənətkarların yaradıcılıq irsi təbliğ edildi. İl hansı hadisələrlə yadda qaldı? Bakıda keçirilən Beynəlxalq Mstislav Rostropoviç Festivalı ölkə həyatında əhəmiyyətli hadisəyə çevrildi. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etmək idi ki, buna da nail olundu. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu beynəlxalq festival hər il ölkəmizin paytaxtında əsil musiqi bayramı kimi təşkil edilir. Yeddi gün davam edən festivalda dünyanın məşhur musiqiçiləri öz ifalarını nümayiş etdirdilər. Festival Lourens Fosterin dirijorluğu ilə dünyanın ən yaxşı musiqi kollektivlərindən olan Paris Kamera Orkestri solistlərinin konserti ilə yadda qaldı. Flamand Operasının Simfonik Orkestrinin ifasında dünya klassiklərinin əsərlərindən parçaların səsləndirilməsi Azərbaycanın musiqi aləmində əks-səda doğurdu. 

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ölkəmizdə musiqi sənətinin daha bir təntənəli zamanını yaşatdı. Festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən görkəmli ifaçılar, musiqi kollektivləri iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş festivalın milli musiqimizin professional sənətkarının adı ilə bağlı olması təsadüfi deyildi. Üzeyir Hacıbəyli Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfədir. Onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində onun əsərləri dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevə-sevə ifa olunur. Üzeyir bəyin əsərləri milli olduğu qədər də bəşəridir.  Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Üzeyir Hacıbəyli irsinin öyrənilməsinə, tədqiqinə, əsərlərinin səhnəyə qoyulmasına və ekranlaşdırılmasına xüsusi diqqət göstərilmişdir. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını da Ulu Öndər Heydər Əliyev qoymuşdur.

2011-ci ildə Bakı bir-birindən maraqlı beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etdi. Bu tədbirlərin Azərbaycan musiqisinin tanınmasında, təbliğində xüsusi çəkisi vardır. Dövlətimizin mədəniyyətə, incəsənətə göstərdiyi diqqət və qayğının göstəricisi olan bütün bu işlər Prezident İlham Əliyevin böyük səyi və təşəbbüsü ilə həyata keçirilir.

 Azərbaycan mədəniyyətinin təbliği, tədqiqi və inkişafı sahəsində böyük layihələrə imza atan Heydər Əliyev Fondunun və fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri danılmazdır. Bu baxımdan ötən ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə Azərbaycana həsr olunmuş sərgi və incəsənət ustalarının konsertini qeyd etməliyik.

 Sərgi Azərbaycanın rəmzlərindən biri olan Qız qalasına həsr edilmişdir. Ekspozisiyada 2010-cu və 2011-ci illərdə Bakıda keçirilən “Qız qalası” Beynəlxalq İncəsənət Festivallarında nümayiş etdirilən əsərlər yer almışdır. Sərgidə 18 rəssamın əsəri təqdim olunmuşdur. Bu əsərlərin hamısını bir ideya birləşdirir: dünyanın mədəni irsini qorumaq.

 Parisdə ölkəmizin bugünkü inkişafını, tarixini və mədəniyyətini əks etdirən fotosərgi də təşkil olunmuşdur. Bu fotoşəkillərlə tanış olan hər bir kəs aydın görür ki, qədim Azərbaycan, onun paytaxtı Bakı və ölkəmizin bütün regionları sürətlə inkişaf edir, gözəlləşir, müasirləşir.

 Sərgidə Azərbaycanın milli musiqi alətləri də maraqla qarşılanmışdır. Hər bir musiqi alətinin tarixi haqqında fransız dilində ətraflı məlumat verilmişdir. Bu alətlərin sərgidəki nümayişi onların məhz Azərbaycan xalqına mənsubluğunu bir daha sübut edir. Bu nümayiş həm də Azərbaycan musiqi alətlərinin dünyada təbliği baxımından da çox önəmlidir.

 Sərgi çərçivəsində Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan “Azərbaycan” nəşrinin fransız dilində versiyasının təqdimatı da keçirilmişdir. Nəşrə daxil edilən 1000-dən çox fotoşəkil ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir.

 Heç şübhəsiz ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgilər Azərbaycanı, onun tarixi, mədəniyyəti və incəsənətini nəinki fransızlara, eləcə də, bütün avropalılara daha yaxından tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı 2011-ci ilin taixinə həkk olundu. İyirimi üç gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsil musiqi bayramı yaşandı. Bu beynəlxalq festival dostluq və mədəniyyət bayramına çevrildi. Festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, ustad dərsləri, kamera musiqisiorkestr konsertləri, klassik musiqi axşamları, muğam konserti keçirildi. Bu müddətdə Azərbaycan dinləyiciləri və tamaşaçıları, Qəbələ əhalisi xoş dəqiqələrin yaşadılar. 20-dən artıq ölkəni təmsil edən dünya şöhrətli musiqiçilər festivalı möcüzəli layihə adlandırmışlar. Bu festival ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan oldu.

Ənənəvi olaraq hər il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə regionlarda keçirilən “İstedadlı uşaqlar” müsabiqəsi keçirildi. İncəsənətin müxtəlif sahələrinə diqqəti artırmaq, əhalinin, o cümlədən, gənc nəslin sənətə olan marağını daha da inkişaf etdirmək, bölgələrlə mədəni əlaqələri möhkəmləndirmək məqsədilə təşkil olunan  müsabiqənin yekun tədbiri Şirvan şəhərində keçirildi. Tədbir çərçivəsində təsviri sənət üzrə müsabiqə qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş olundu. Respublika müsabiqəsində bədii qiraət, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıqda fərqlənən uşaq, yeniyetmə və gənclərin iştirakı ilə musiqili-bədii konsert proqramı da maraqla qarşılandı.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçirildi. Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda keçirilmiş müsabiqədə  respublikanın şəhər və rayonlarından 47 rəqs kollektivi, 600-ə qədər uşaq iştirak etmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Tədbirdə 100-dən çox yerli, 20-dən çox xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak etdi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan Sərgi-Yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də, ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə  nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirildi.

Sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə təmir edilən mədəniyyət ocaqlarına aid Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Film Fondu, Azərbaycan Dövlət Rus Dram Teatrı kitablarının, digər bir sərəncama əsasən işıq üzü görən 150 cildlikDünya ədəbiyyatı” seriyasından nəşri başa çatmış kitabların kitabının təqdimat mərasimləri keçirildi, “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda simpozium,  “20 ilin ədəbi mənzərəsi” - Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa,  Taras ŞevçenkoAbdulla Tukaya həsr olunmuş ədəbi-bədii gecə təşkil olundu.

“Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Felmay Corso Moncalieri şirkəti arasında müqavilə imzalandı.

Müqavilənin müddəalarına əsasən İtaliyada Azərbaycan mədəniyyətinin təbliğ olunması ilə əlaqədar “Azərbaycanın Ənənəvi Musiqisi” adı altında altı kompakt diskdə musiqi albomlarının hazırlanması və satışının həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanın zəngin musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə layihə çərçivəsində artıq birinci - “Muğam - Azərbaycanın müqəddəs musiqisi” - diski işıq üzü gördü. Diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında Zabul segah dəsgahı, Bayatı Şiraz muğamı və təsnifi, Mahur muğam kompozisiyası, “Dilkeş” muğamı və iki xalq rəqs havaları daxil olunmuşdur. İfalar lentə alınarkən bütün müasir muğam ansambllarının özəyini təşkil edən kamança, tar, qaval, balabannağara kimi milli musiqi alətlərimizdən istifadə olunmuşdur.

 Bütün bunlarla yanaşı, mədəniyyət aləminin yaddaqalan hadisələrindən olan ölkəmizdə Avropa Şurasının ekspertləri tərəfindən təlim keçirildi. Belə ki, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun ekspertləri tərəfindən Azərbaycanın 10 rayonundan olan, mədəni irs sahəsində çalışan mütəxəssislərə təlim keçirildi. Tədbir Avropa Şurasının “Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində həyata keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin ilkin mərhələsinin icra edilməsi məqsədi daşıyırdı. Təlimdə Azərbaycanın Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarından olan nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının humanitar məsələlər üzrə müavinləri, baş memarları, rayon mədəniyyət və turizm şöbə müdirləri iştirak edirdilər. Layihə milli, regionalyerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin və onların ətraf mühitinin abidələr və ərazinin yenidənqurma və təkrar işlənməsi vasitəsilə canlandırılması və davamlı sosialiqtisadi inkişafı üçün strateji inkişaf planının həyata keçirilməsi məqsədi daşıyırdı. Bütün bunlar Azərbaycanın bir illik mədəniyyət tarixinə həkk olunan hadisələrin kiçik bir qismidir. Azərbaycan bütün sahələrdə olduğu kimi mədənyyət sahəsində də dünyanı təəccübləndirə biləcək layihələri gerçəkləşdirdi.

 

 

Zümrüd

 

Səs.- 2012.- 6 yanvar.- S. 12.