İdeologiya
anlayışının mahiyyəti
Fəlsəfi-etik ədəbiyyatda “ideologiya”
anlayışı yunan sözü olub “ideya”, “fikir” və
“loqos” kimi sözlərin birləşməsindən əmələ
gələrək fikir, ideya və obraz haqqında təlim mənasını
verir. İctimai psixologiya və elmi-nəzəri şüurun
müxtəlif formaları ilə yanaşı, ideologiya da
ictimai şüurun əsas komponentlərindən biri hesab
olunur.
İdeologiya fəlsəfi,
siyasi, sosioloji, iqtisadi, əxlaqi, dini, bədii
və s. görüşlər sistemi kimi səciyyələndirilir.
“İdeologiya” anlayışı əvəzinə
“ideya” anlayışı işlətməyi
də təklif edənlər var. Bəzi
təqdiqatçılar Qərbdə ilk dəfə
olaraq ideologiyanın cəmiyyətdə zəruri
amil olması fikrinin
XVIII əsr fransız filosofları tərəfindən
E.B.Kondilyakın irəli sürdüyünü
iddia edirlər. Elə həmin əsrin
sonlarında nəşr olunan
“Düşünmək qabiliyyəti haqqında etüdlər”
kitabında fransız filosofu və
iqtisadçısı Dostuq de Trasi ilk
dəfə olaraq “ideologiya”
terminini işlətmişdir. O, 1796-cı ildə nəşr etdirdiyi
“İdeologiya ünsürləri”
kitabında bu fikri geniş şərh etməyə çalışaraq
ideologiyaya ideyalar
haqqında, hissi təcrübədən yaranan ideyaların yaranması və təkamülü
haqqında təlim, insanın tarix və
cəmiyyətə dair “fikirlərini təsdiq
edən elm” kimi
baxmışdır. Onun
davamçıları Kabanis
“İnsanın fiziki və əxlaqi təbiətinin
nisbəti”, Volney isə “Əxlaqın fiziki prinsipləri” əsərində onun fikirlərinə şərik
çıxıblar. (246, s.458-459).
Görkəmli fransız
maarifçi filosofu Helvetsi Avropa fəlsəfəsində
ideologiyanın təkmilləşməsi və qanunların kamilliyi ideyasını ön
plana çəkərək uğurlu idarəetmədə onları əsas
amillər hesab edir, fərdi
marağın dövlətçiliyin təkmilləşməsində
həlledici rol oynadığını göstərirdi.
Görkəmli hərbi xadim və sərkərdə Napoleon Bonapart cəmiyyətdə
ideologiyanın zəruriliyini ön plana çəkərək ideologiyanın
inkişafı üçün Fransa İnstitutu kimi bir qurumu
da yaratmışdı.
Avropada
ideologiyanın inkişafında klassik alman filosofları, xüsusilə Hegel müstəsna rol
oynamışdır. İdeya, ideologiya və zəka məsələləri
Hegelin əsərlərində əsas
yerlərdən birini tuturdu.
O, ideologiya və mənəviyyatın
qarşılıqlı əlaqəsi probleminə də toxunaraq mənəvi inqilabı həqiqi inqilab hesab edirdi.
Hegel ümid edirdi ki, almanlar
Fransa inqilabının müsbət məzmunundan
istifadə edərək, onların ideologiyalarındakı
ziddiyyətləri aradan qaldıraraq mənəvi
mədəniyyəti inkişaf etdirəcəklər.
Hegel “Hüquq fəlsəfəsi” əsərində
dövləti “mənəvi ideyanın, mənəvi ruhun ifadəsi” kimi səciyyələndirir
və beləliklə, cəmiyyətdə, dövlətdə
ideologiyanın önəmli yer tutduğunu göstərirdi. Klassik
alman filosofları ideologiyanı tarix və fəlsəfənin
qovuşağında mövcud olan ideyalar sistemi
kimi tədqiq edirdilər.
Marksizm fəlsəfəsi
ideologiyaya və əxlaq məsələsinə
özünəməxsus dar “sinfi”, “materialist” mövqedən
yanaşmışdı. İlk əvvəl
K.Marks və F.Engels
ideologiyanın “iqtisadi əsasa” malik gerçəkliyin obyektiv
inikası olduğunu göstərirlər.
Marksizim baniləri ideologiyanın maddi zəminə söykəndiyini, onlara uyğun gələn
əxlaq, din formalarının zahiri müstəqilliklərini itirdiyini
sübut etdilər: “Onlarda
tarix yoxdur, inkişaf yoxdur. Öz maddi istehsalı və
öz maddi əlaqələrilə
inkişaf edən insanlar
bununla yanaşı, öz
gerçəkliklərini, həmçinin, öz
təfəkkürlərini və öz təfəkkür
məhsullarını da dəyişirlər.
Həyatı şüur deyil,
həyat şüuru müəyyən edir”.
Marksizm dini və idealist fəlsəfəni
gerçəkliyin təhrif olunmuş
inikası olan ictimai şüur formaları hesab
edirdi. Marks və Engels “müəyyən sinif
və sosial qrupların yaratdıqları obyektiv gerçəkliyin təhrif olunmuş inikası
olan sosial konsepsiyaları” “ideologiya”
adlandırır, bu termini
çox dar çərivədə
işlədirlər. Onlar proletariatın ideologiyasından başqa
bütün ideologiyalara,
xüsusilə, burjua ideologiyasına “təhrif
olunmuş şüur
formaları” kimi baxır,
istismarçı quruluşa şüurlu və qeyri-şüurlu
haqq qazandıran bütün
filosofları, iqtisadçıları, tarixçiləri “burjua ideoloqları” adlandırır, burjua ideologiyasını “mücərrədçilikdə,
spekulyativlikdə” günahlandırırdılar.
Klassik
alman filosoflarından, xüsusən, ideoloji formalardan “spekulyativ, teologiyaya”, dinə
üstünlük verən Feyerbaxdan fərqli olaraq marksizm fəlsəfəsi iddia
edirdi ki, həyatın
özü kimi ictimai həyatın ideoloji
inkişaf formaları da
çoxcəhətlidir: onlar əxlaqi,
incəsənəti, dini, hüquqi
və siyasi şüuru
bu formalara aid edirdilər.
Marksizmin baniləri bəzi
ideologiyalarda, xüsusən, klassik alman fəlsəfəsində,
o cümlədən, Hegel
və Feyerbaxda “gerçəkliyin təhrif
olunmuş inkişafı ilə
yanaşı, elmi ünsürlərin də
olduğunu” qeyd edirdilər.
Onlar ingilis klassik siyasi
iqtisadının burjua ideologiyası kimi səciyyələndirsələr də, bu təlimdə, eləcə də, XVIII əsrin
fransız filosoflarının təlimlərində
“idrakının müəyyən tərəqqisini” də
görürdülər. “Alman
ideologiyası” əsərində ideologiya
geniş mənada işlənsə də,
marksist filosoflar ideologiyaya səhv olaraq cəmiyyətdə
mütərəqqi və mürtəce ictimai
qüvvələr arasında ideya siyasi mübarizə forması kimi
baxırdılar. Onlar “hakim”
və “məhkum”, “mütərəqqi” və “mürtəce”
siniflərin ideoloqlarını fərqləndirirdilər. Çox doğru olaraq Qərb filosofları marksizm-leninizm
ideologiyaya dair birtərəfli,
məhdud mülahizələrini tənqid edirlər. M.A.Lanqe “Marksizm, leninizm, stalinizm” əsərində
marksizm-leninizmi cəmiyyət haqqında qeyri-elmi “ideoloji” təlim hesab edirdi. Q.Meyo
da təsdiq edir ki, demokratik cəmiyyətdə
heç bir ideologiya hakim mövqe tuta bilməz: “Hər
bir azad cəmiyyətin
mənəvi həyatı görünür
ki, ideologiyaların mozaikası və ya etiqadlar sistemidir”.
Marksist tədqiqatçılar
isə səhv olaraq burjua
cəmiyyətində müxtəlif siyasi,
fəlsəfi cərəyanların yalnız burjua
idelogiyası kimi hakim
tutduğunu israr edirlər.
Marksizm nöqteyi-nəzərindən ideologiya antaqonist ictimai münasibətlərin müəyyən
sinfin şüurunda spesifik inikas forması, eyni zamanda, həmin
sinfin özünüdərki, müəyyən
tarixi şəraitdən bu
sinfin tutduğu yerin subyektiv ifadəsidir.
Marksistlər dövləti ilk ideoloji qüvvələrdən hesab edir. Dövlətdə
insan üzərində ilk
ideoloji qüvvə kimi
meydana çıxdığını bildirir.
F.Engels
göstərir ki, dövlət əmələ
gələn kimi dərhal cəmiyyətə
qarşı müstəqillik kəsb edir
və müəyyən bir sinfin orqanı olub möhkəmləndikcə,
həmin sinfin
hökmranlığını getdikcə daha
artıq həyata keçirməyə başladıqca, cəmiyyətə
qarşı müstəqilliyi də möhkəmlənir... Lakin cəmiyyətə qarşı müstəqil
bir qüvvə şəklinə
düşdükdən sonra, dövlət
dərhal yeni ideologiya
doğurur. (28, s. 388).
Marksizm hakim burjua
ideologiyasını tənqid etdiyi halda cəmiyyətdə bir
sinfin - proletariatın
hökmranlığını həyata keçirən anti- demokratik, totalitar ideologiya irəli sürüb həyata keçirdi.
Sovet
dövründə nəşr olunmuş bütün fəlsəfi-etik, ictimai-siyasi
ədəbiyyatda ideologiya sinfi,
kommunist (sosialist)
ideologiyası kimi səciyyələndirilir,
səhvən sosialist ideologiyasının praktikaya istiqamətverici nəzəriyyə olduğu göstərilirdi.
Hələ sovet dövründə sosialist
ideologiyası ilə “arzu olunan
gerçəklik”, nəzəriyyə ilə praktika,
sözlə iş arasında uçurum yarandığı aydın nəzərə
çarpırdı. Kommunizm quruculuğuna şübhə,
inamsızlıq, kütlələrdə ruh
düşkünlüyü sosialist ideologiyasında
ehkamçılığı, utopizmi
gücləndirir, ideologiya ilə
reallıq üst-üstə düşmürdü.
Bununla da sosialist ideologiyası həqiqi maddi
qüvvəyə çevrilə bilmirdi, çünki kütlələr onu daxilən qəbul etmirdi.
Kütlələr öz praktik
fəaliyyətlərində sosialist
ideologiyasının gücsüzlüyünü
aydın hiss edirdilər. Yalan
söz işin
reallığına, elan olunmuş
məqsəd və ideallara ciddi təsir göstərirdi. Bu
ideologiyada ideologiyaçılıq elmiliyi, partiyalılıq və sinfilik sosial məsuliyyəti,
inzibati-amirlik, ehkamçılıq, bürokratiya humanizm və
demokratiyanı üstələdi. Nəticədə
sosialist ideologiyası gerçəklikdən
uzaqlaşdı, sovet gerçəkliyinin bütün problemlərini ört-basdır və
birtərəfli mədh edən, insanların sözsüz,
kor-koranə icra etdikləri mifoloji dünyəvi,
dini elementləri özündə əks
etdirən ideologiyaya çevrildi.
Totalitarizm - hamı üçün məcburi olan
ideologiyaya və informasiya
vasitələri üzərində hökmranlığa malik qapalı sistem, təkpartiyalı,
iqtisadiyyatda xüsusi
mülkiyyətə yol verməyən ictimai bir quruluş
idi.
Totalitar ideologiya:
Ümumiliyi, əxlaqı,
demokratiyanı, fərdiyyətçiliyi məhv etdi.
Fərdi ən yaxşı
keyfiyyətlərdən məhrum etdi, onda itaətkarlıq yaratdı, mənəvi deqradasiyaya səbəb oldu.
Cəmiyyətdəki illərlə
formalaşmış milli ənənələri,
mənəvi dəyərləri sarsıtdı.
Cəmiyyətin dövlətdən
azad olmasını şərtləndirən
dayaqlarını sındırdı.
Tədqiqatçılar
ideologiyanı yanlış şüur kimi başa düşməyin
əleyhinədirlər.
Məsələn,
D.Lukaç belə hesab
edirdi ki, ideologiyalarda həyatda meydana
gələn və şüurlu seçməni,
fəal qərar qəbul etməni və onun
ardıcıl həyata keçirilməsini tələb edən
sosial əhəmiyyətli alternativ
vəziyyətlər qeydə alınır, bu
və
ya digər sosial təbəqənin
strateji səyləri mənasında sosial idealları formalaşır. İdeologiyada səfərbəredici xarakter daşıyan, ictimai
fəallığı idarə edən, dəyər
yönümləri sistemi təsbit olunur. Buna müvafiq
olaraq ideologiyada milli şüurla
bağlı olan dəyərlər təcəssümünü
tapır. İdeologiyaların şəxsiyyətin siyasi sosiallaşmasında böyük
əhəmiyyəti var. Bu
mənada, hər bir ideologiya
sosial-siyasi dünyagörüşü
kimi də çıxış edir. İdeologiya insana bir ictimai
varlıq kimi baxmaqla səfərbəredici
potensial yaradır.
Mühüm cəhət budur ki, ideologiya
sosial varlığın
dərkinə dəyərcə
istiqamətlənmiş spesifik
forma kimi sosial qrupların, etnik ümumiliklərin tarixi fəaliyyətin müstəqil
subyektlərinə çevrilməsinə
kömək edir. Buna görə də islahatlar və inqilablar dövründə siyasi qüvvələr özlərinin
ən vacib vəzifəsi kimi sosial davranışın yönüm-motivasiya modeli
ola biləcək
ideoloji konsepsiyalar işləyib hazırlamağı
vacib sayırlar.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2012.- 6 yanvar.- S. 7.