Azərbaycan
tezliklə dünyanın aparıcı turizm ölkələrindən
birinə çevriləcək
Dünyanın ən qədim
yaşayış məskənlərindən olan Azərbaycanda
bəşəriyyətin bütün dövrlərində
insan həyatı mövcud olmuşdur. Bu həqiqəti
ölkə ərazisində aparılan arxeoloji tədqiqatlar
artıq sübut etmişdir. Bugünkü bəşər mədəniyyətinin
yaranması, tərəqqisi, inkişafı, çiçəklənməsində
Azərbaycanın öz yeri, öz töhfəsi, öz
payı vardır.
Azərbaycan ərazisində
aparılan arxeoloji qazıntılar zamanı
tapılmış maddi-mədəniyyət nümunələri
göstərir ki, əcdadlarımız hələ
eramızdan əvvəl ikinci minillikdə tuncdan zərif
formalı qablar, kəsici alətlər, kəmərlər,
müxtəlif zinət əşyaları düzəldərək
onlardan məişətdə istifadə etmişlər. Xalq
yaradıcılığının tarixi və xüsusiyyətləri
özünü dövrünün məişət əşyalarında,
geyimlərində əks etdirir. Ölkəmizin ərazisində
aparılan arxeoloji qazıntılar zamanı tarixi eramızdan əvvəl
üçüncü minilliyə gedib çıxan tunc
dövrünün əvvəllərinə aid tuncdan düzəldilmiş
iynə, biz və s. məişət əşyaları
tapılmışdır. Deməli, hələ o vaxtlarda Azərbaycanın
qədim sakinləri özlərinə paltar və ayaqqabı
tikməyi bacarmışlar.
Qədim daş kitabələr,
əlyazmalar, əsrlərin dərinliklərindən yadigar
qalmış xalça naxışları, qədim tikililərin,
memarlıq nümunələrinin üzərindəki milli
ornamentlər tədqiqatçılar üçün tarixi mənbələrdir.
Xalqımızın istedadı, bacarığı, qəhrəmanlıq
nümunələri, yaradıcılıq qüdrəti
“Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Koroğlu” və
digər ədəbi abidələrimizdə təcəssümünü
tapmışdır. Rəvayətə görə, Zərdüşt
bu torpaqda dünyaya göz açmışdır.
Azərbaycan xalqı dünyaya
böyük tarixi şəxsiyyətlər, filosoflar, mütəfəkkirlər
bəxş etmişdir. Azərbaycan ustalarının metal,
keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət
nümunələri, milli mənliyimizi əks etdirən
xalçalarımız dünyanın bir çox muzeylərinin
ən qiymətli eksponatlarındandır. Təkrarsız təbiəti,
çoxəsrlik mədəniyyəti, qədim tarixi, müxtəlif
mədəniyyətlərə və sivilizasiyalara məxsus
elementləri özündə birləşdirən adət və
ənənələri olan Azərbaycan torpağı və
xalqımız ta qədimdən əcnəbilərin
marağına səbəb olmuşdur. Dünyanın ən məşhur
səyyahları, dövrünün adlı-sanlı tacirləri
Azərbaycanda olmuş, bu əsrarəngiz diyarın
şöhrətini öz məmləkətlərində
yaymışlar. Ulularımızdan dilimizdə yadigar
qalmış “həm ziyarət, həm ticarət” ifadəsi o
dövrün tacirlərinin ölkəmizə gələn ilk
turistlər olduğunu düşünməyə əsas
verir.
Azərbaycanın paytaxtı
Bakının mərkəzindəki 22 hektarlıq sahəni əhatə
edən İçərişəhərdə müxtəlif
dövrlərdə inşa edilmiş 50-dən çox tarixi və
memarlıq abidəsi vardır. Bu günədək qorunub
saxlanan abidələrə XV əsrdə tikilmiş
Şirvanşahlar Sarayını, Azərbaycan
memarlığının nadir abidəsi olan Qız
qalasını, Sınıq qalanı misal göstərmək
olar. Bakının 30 kilometrliyində yerləşən “Atəşgah”,
Azərbaycanın paytaxtından 70 kilometr aralıda qərar
tutan ən qədim və ən zəngin abidələrindən
biri, dünyada qayaüstü təsvirləri ilə
tanınan Qobustan xalqımızın ulu keçmişinin
şahidləridir.
Həyat tərzi, məişəti,
gündəlik güzəranı ilə bağlı olan xalq sənəti
Azərbaycan əhalisinin yaradıcılığında
mühüm yerlərdən birini tutur. Xalqımız həyat
təminatı üçün ta qədimdən müxtəlif
peşələrə yiyələnmişdir. Bəzilərinin
bu günümüzədək davam etdiyi həmin sənət
növlərindən, xalqın geyimindən tutmuş, təsərrüfat
həyatında, məişətində də istifadə
olunmuş, getdikcə təkmilləşdirilmiş və bu
gün də tarixi baxımdan dünyanın digər
xalqlarının da böyük marağına səbəb
olmaqdadır. İndi dünyanın ən zəngin muzeylərində
Azərbaycan xalq sənətkarlığının bir
çox gözəl nümunələri qorunub
saxlanılmaqdadır. Londonun Viktoriya və Albert, Parisin Luvr,
Vaşinqtonun Metropoliten, Romanın, İstanbulun, Tehranın,
Qahirənin zəngin muzey eksponatları içərisində
xalqımızın sənət nümunələrinə rast
gəlinir.
Azərbaycanı tarixi abidələr
diyarı da adlandırmaq olar. Tərtər çayı üzərindəki
VII-IX əsrlərə aid qədim körpü, Şəki
xanlarının sarayı, 1322-ci ildə inşa olunmuş Bərdə
türbəsi, 1186-cı ildə tikilmiş Möminə Xatun
türbəsi, Şuşa məscidi, 1078-1079-cu illərə
aid edilən Sınıq qala minarəsi və başqa abidələr
xalqımızın böyük mədəniyyətə malik
olmasından xəbər verir.
Şərqlə Qərbin
qovuşuğunda yerləşən Azərbaycanın əhalisi
hər iki sivilizasiyanın mədəniyyətlərini
özündə birləşdirmiş, bənzərsiz milli mədəniyyət
yaratmışdır. Azərbaycana yolu düşən
qonaqlar, xarici ölkə vətəndaşları, turistlər
burada Qərblə Şərqin necə
çulğaşdığından vəcdə gəlirlər.
Qədim abidələrlə yeni müasir tikililərin necə
vəhdət təşkil etdiyini ölkəmizə gələn
turistlər heyranlıqla seyr edirlər. Paytaxtımızda son
illər inşa olunmuş hündürmərtəbəli
yaşayış binalarının, Heydər Əliyev Fondunun,
Mərkəzi Bankın, yeni müasir mehmanxana və hotellərin,
Olimpiya komplekslərinin, inzibati binaların ötən əsrlərdən
yadigar qalmış, klassik memarlıq üslubunda tikilmiş Səadət
sarayının, Azərbaycan Dövlət
Filarmoniyasının, Dövlət Opera və Balet
Teatrının, Gənc Tamaşaçılar Teatrının
və s. binaları ilə necə gözoxşayıcı vəhdət
təşkil etməsi paytaxtımızın qonaqlarında və
turistlərdə xoş ovqat yaradır.
Azərbaycan
torpağının ecazkar gözəlliyi, təbiəti,
meşələri, meyvəli bağları, uca dağları,
şəlalələri, gur çayları, soyuq bulaqları,
flora və faunası, xalqın adət-ənənələri,
qonaqpərvərliyi buraya gələn qonaqları və səyyahları
heyran edir.
Ticarət etmək
üçün, dini və siyasi məqsədlərlə Azərbaycana
ayaq açan səyyahları ölkəmizə gələn
ilk turistlər adlandırmaq olar. Bu fikir Azərbaycanda turizm
anlayışının ta qədimlərə gedib
çıxdığını göstərir. Antik dövr
müəlliflərinin məlumatları bu baxımdan
böyük maraq kəsb edir. Həmin məlumatlarda göstərilir
ki, Böyük İpək Yolunun ən fəal hərəkət
traslarından biri Qafqaz Albaniyasının (Azərbaycan
Respublikasının ərazisi) ərazisindən keçirdi.
Filosof və tarixçi Strabon bu yol haqqında müfəssəl
məlumat verərək yazırdı ki, hind mallarının
böyük əksəriyyəti Orta Asiya ərazisindən
keçərək çaylarla Xəzər dənizinə,
sonra dəniz vasitəsilə Albaniyaya (Azərbaycana) və
Kür çayı ilə İberiyaya (Gürcüstana),
oradan isə Qara dənizə daşınırdı.
Məlum məsələdir ki,
yol boyu yerləşən şəhərlər əcnəbi
tacirləri və onların karvanlarını qəbul etdiyindən,
müvafiq struktura malik olmalı idi. Tədqiqatlar göstərir
ki, Böyük İpək Yolu ilə daşınan antik mallar
əvvəlcə Mingəçevirdə yerləşdirilir,
oradan isə Qafqaz Albaniyasının digər şəhərlərinə
aparılırdı. Beləliklə, əcnəbi tacirlərin
və onların karvanlarının keçdikləri
yaşayış məntəqələri inkişaf edir, sənətkarlıq,
xidmət sahələri genişlənir, həmin dövrlərin
mehmanxanaları rolunu oynayan karvansaralar tikilir və gediş-gəliş
intensivləşirdi. Ölkəmizə səyahət edən
tarixçilər və səyyahlar səyahətnamələrində
Azərbaycan karvansaraları barədə yazmışlar.
Sonralar, yəni XIX əsrin sonlarında Bakı
karvansaralarında yenidənqurma işləri
aparılmış, qonaqlar üçün komfort şərait
yaradılmış və mehmanxana kimi istifadə
olunmuşdur.
Azərbaycanda turizm hərəkatı
həmişə inkişafda olmuşdur. Lakin bu inkişafa
böyük təkan 1983-cü ildə verilmişdir. O vaxt
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
işləmiş ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə Xəzər dənizinin Azərbaycan
sahillərində Ümumittifaq əhəmiyyətli kurort
zonasının yaradılması barədə müvafiq qərar
qəbul edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin
1984-cü il 2 oktyabr tarixli qərarına əsasən,
respublikamızda 2000-ci ilədək turizmin inkişaf sxemi
qurulmuşdur. Lakin sonrakı məlum hadisələrlə
bağlı Azərbaycana həm daxili, həm də əcnəbi
turistlərin axını xeyli azalmış, bu sahənin fəaliyyətində
ciddi maneələr yaranmışdır.
Müstəqillik illərində
ölkəmizdə turizmin inkişafı yeni mərhələyə
qədəm qoymuş, inkişaf tendensiyası ölkənin
ali qanunvericilik aktlarında öz əksini
tapmışdır. 1999-cu ildə Milli Məclisdə “Turizm
haqqında” Qanun qəbul edilmişdir. 1999-cu il iyulun 27-də
ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman
imzalamışdır. Azərbaycan Prezidentinin 2002-ci il 27 avqust
tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında
2002-2005-ci illərdə turizmin inkişafına dair” Dövlət
Proqramı təsdiq olunmuşdur.
Hazırda Azərbaycanda turizm
sahəsi yüksələn xətt üzrə inkişaf edir.
“2009-2018-ci illərdə Azərbaycan
Respublikasında kurortların inkişafı üzrə
Dövlət Proqramı” ölkəmizdə yaxın gələcəkdə
turizm-kurort sahələrinin sürətli inkişafına zəmin
yaratmışdır. Vətənimizin hər guşəsində
yol infrastrukturunun yenidən qurulması, turizm-istirahət mərkəzlərinin
yaradılması, dünya standartlarına cavab verən ən
müasir mehmanxana və hotellərin inşa edilməsi, yay
turizmi ilə yanaşı, qış turizminin də sürətlə
inkişaf etdirilməsi, bütün bunların Azərbaycan
Prezidenti İlham Əliyevin göstərişləri və nəzarəti
altında həyata keçirilməsi ölkəmizin yaxın
gələcəkdə dünya turizm mərkəzlərindən
birinə çevriləcəyini deməyə inam yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən “Turizm ili” elan edilmiş 2011-ci il artıq
tarixə çevrilmişdir. Heç bir mübaliğəyə
yol vermədən ötən ili ölkəmizdə turizmin
inkişafı yolunda irəliyə doğru
sıçrayış ili kimi dəyərləndirmək
olar. “Eurovision” mahnı müsabiqəsinin 2012-ci ildə
Bakıda keçiriləcəyini də nəzərə
alsaq, yenicə qədəm qoyduğumuz ildə də
dünyanın bir sıra ölkələrindən gələcək
qonaqların bu sahədə müsbət rol oynayacaqları
şəksizdir. Musiqi yarışması ilə əlaqədar
Azərbaycana gələcək minlərlə qonaq ölkəmizin
ecazkar gözəlliyi, burada yaradılan və fəaliyyətdə
olan turizm infrastrukturu barədə öz vətəndaşlarını
məlumatlandıracaqlar. Bütün bunlar isə, şübhəsiz,
son nəticədə Azərbaycanın yaxın perspektivdə
dünyanın aparıcı turizm ölkələrindən
birinə çevrilməsinə zəmin yaradacaqdır.
Səs.- 2012.- 10 yanvar.- S.5.