Teatrın meyarı aktyor gücü, potensialıdır

 

Müasir dövrümüzdə Azərbaycan mədəniyyət və incəsənətinə ayrılan diqqət bu sahələrdə bir sıra nailiyyətlərlə müşahidə olunmaqdadır. dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, dövlət proqramlarları bu sahələrin inkişafında xüsusi olaraq dönüş yaratmışdır.

Ölkəni bütün sahələrini əhatə edən inkişafın məntiqi nəticələri insanların həyat tərzinin, sosial rifahının, mədəni istirahətinini yüksəlməsində özünü büruzə verir. Bütün bunlarla yanaşı, paytaxtımızda, eləcə də, Azərbaycanın bir çox rayon və kəndlərində aparılan abadlıq, quruculuq işləri, mədəniyyət ocaqlarının müasir üslubda inşası, təmir və bərpası milli mədəniyyətimizin inkişafına, onun dünya miqyasında təbliğinə yollar açıb. Cənab İlham Əliyevin Sərəncamı ilə təmir olunan, müasir avadanlıqlarla təchiz edilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu istiqamədə görülən işlərin davamıdır. Teatrın binasının təmiri, bu məbəddə çalışan yaradıcı insanların dövlət qayğısı ilə əhatə olunmasının nəticəsi olaraq ötən il - yola saldığımız 2011-ci il Gənc Tamaşaçılar Teatrının həyatına bir sıra yadda qalan hadisələri yazdı.

Müsahibim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq sənəti kafedrasının müəllimi, Beynəlxalq Teatr Festivalları laureatı Nofəl Vəliyev söhbəti elə nailiyyət və uğurların gətirdiyi sevinc, qürur hissləri üzərində köklədi:

- Hər bir aktyor üçün çalışdığı teatrın maraqları əsas götürülən amildir. Təbii ki, yaradıcı insanın çalışdığı teatr onun bir ailəsi tək qəbul olunur. Bu baxımdan istənilən aktyor yaradıcı potensialını məhz çalışdığı məkanın uğurlarının yaşamasına sərf edir. Yola saldığımız 2011-ci il Gənc Tamaşaçılar Teatrının tarixinə izlər saldı. İlk olaraq deyim ki, Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Teatr Festivalına ev sahibliyi etdi. Teatrın əsas uğuru onun repertuarına daxil etdiyi yeni əsərlər və primyeralardır. Belə ki, 2011-ci ildə teatrın repertuarı Azərbaycan və dünya klassikasının böyük dramaturqlarının əsərləri əsasında zənginləşdi. Xalq artisti, rejissor Vaqif Əsədovun quruluşunda xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi səhnələşdirilərək, yeni bir səhnə həyatını yaşadı.  Teatrın baş rejissoru, respublikanın xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnə həllini tapan dramaturq Əli Əmirlinin “Mən səni sevirəm” eyniadlı əsəri əsasında “MSS” tamaşası tamaşaçı axınına səbəb oldu. Ötən ilin son zamanında dünya şöhrətli dramaturq Vilyam ŞekspirinRomeoCülyetta” əsəri əsasında hazırlanmış tamaşa da uğurlu hesab olunan nümunələrdəndir. Teatrın gənc aktyor və aktrisalarının yaradıcılıq məhsulu olan bu tamaşa böyük anşlaqla keçdi. Tamaşada rejissor gəncliyin ruhunu duyaraq, onun nəbzini sanki tutmuşdu. Tamaşanın musiqi həllində, aktyorların geyimində belə rejissor meyarlarını ortaya qoydu. Vaxtilə yaşanılan cütlüyün - Romeo və Cülyettanın problemlərini müasir gənclərin rast olduğu müəyyən məqamlarla uyğunlaşdırıb, bu günün prizmasından onun səhnə həllinin ortaya çıxmasına nail olunmuşdu. Tamaşanın ideyası, konsepsiyası bütövlükdə teatrın uğurlu alınmasına səbəb olan şərtlərdəndir. Tamaşada qarşıya qoyulan məqsəd bəşəriyyəti insanlığa sövq etmək, fərdlərin bir-birinə münasibətində ali dəyərləri ön plana çəkməkdir. Tamaşa boyu davam edən bu ideya sona qədər rejissor yozumunda uğurlu həllini tapır.

Bu gün mən mübaliğəsiz deyərdim ki, Gənc Tamaşaçılar Teatrı reklamsız şəraitdə yalnız afişaların köməyi ilə hər şənbə və bazar günləri böyük anşlaqla tamaşaları təqdim edir. Zəngin repertuara malik olan teatr V.ŞeksprinOtello”, “RomeoCülyettokimi möhtəşəm əsərləri ilə yanaşı, Çexovun, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Əbdürrəhim bəy Haqverdiyevinonlarla belə klassik dramaturqların əsərlərini səhnələşdirilib. Teatrın repertuarına nəzarət ciddi olduğundan klassik əsərlərin səhnə həyatı yaşamasına diqqət ayrılır. Dramaturq, rejissoraktyor komponentlərinin birgə sənət məhsulu olan tamaşaların məna çalarının zənginliyinin tamaşaçılara çatdırılmasına önəm yetirilir.

- Sözsüz ki, bu nailiyyətlərin yaşanılmasında dövlət tərəfindən teatrlara, mədəniyyət və incəsənət işçilərinə ayrılan diqqətin təzahürüdür. Bununla yanaşı, eləcə də, paytaxtımızda fəaliyyətdə olan üç teatrın bir ad altında fəaliyyəti səbəbdir. Bir aktyor olaraq birgə fəaliyyət sizi qane edirmi?

- Bu reallıqların hər birinin arxasında dövlət tərəfindən göstərilən qayğı özünü büruzə verir. Həqiqətən də, belədir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət ocaqlarına və bu sahədə çalışanlara böyük diqqət ayrılıb. Həm onların şəraitinin yaxşılaşdırılması, həm də maddi imkanlarının təminatına qayğı göstərilir. Prezident təqaüdlərinin verilməsi, fəxri adlarla təltiflər yaradıcı insanların fəaliyyətinə stimul verir. Bütün bunların təzahürü olaraq yaradıcı insanlar öz əməklərini məhz çalışdıqları teatrlara sərf edərək, uğurlu sənət əsərlərinin yaranmasına nail olurlar. Qeyd etdiyimiz kimi, Dövlət Gənclər Teatrının, Kamera Teatrının və Gənc Tamaşaçılar Teatrının bir ad altında fəaliyyəti, əlbəttə ki, uğurlu əsərlərin meydana gəlməsi ilə nəticələnib. Teatra baş rejissor təyin edilən C.Səlimova gənc aktyorların potensialının üzə çıxarılması və repertuar seçimində peşəkarlığını ortaya qoyur. Üç teatrın çatışmayan cəhətləri ilə yanaşı, nailiyyətləri də bu sırada cəmləşdi. Üç teatrın yaradıcı potensialı bir araya gəlmiş oldu. Əgər bir tamaşada 5-6 istedadlı və yaradıcı aktyor çıxış edirsə, artıq bu uğura qarant vermiş olur. Teatrın baş rejissorunun 50 ilə yaxın olan teatr təcrübəsi, intellektual səviyyəsi, tələbkarlığı və s. bu işlərin uğurla nəticələnməsinə səbəb olan amillərdir. Mənəvi dəyərləri əxz edən əsərlərə üstünlük verilərək teatrın repertuarına daxil edilir. H.Cavid hələ Kamera Teatrında çalışdığımız zamandan 2005-ci ildən ardıcıl olaraq teatrsevərlərə təqdim edilir. M.F.Axundovun bir sıra dramları on illiyin tamaşaları sırasındadır. Cəfər Cabbarlının “Aydın” tamaşasına yeni versiyada yanaşılaraq tamaşaçıların ixtiyarına verildi. Azərbaycan klassikasına, mənviyyatına böyük sədaqəti var.

- Bəzi hallarda sual olunur ki, tamaşaçı nəyə görə teatra gəlmir?

- Mən bir aktyor kimi deyərdim ki, tamaşaçının teatra cəlb edilməsində səviyyəli tamaşaları diqqətdə saxlanılmalıdır. Dramaturq, rejissor, aktyor və gözəl teatr binasının mövcud olması tamaşaçı axınına səbəb olan amildir. Teatr binasının gözəl olması çox əhəmiyyətli məsələdir. Bu gün Gənc Tamaşaçılar Teatrında qeyd etdiyim əsas amillərin hər biri yüksək bir səviyyədə mövcuddur. Dövlət tərəfindən istifadəyə verilmiş teatr binasının möhtəşəmliyi tamaşaçı axını üçün zəruri olan şərtlərdəndir. Dövlətin qayğısı ilə yaradılan teatr binasında gözəl tamaşaların oynanılması bizim üçün böyük bir məsuliyyətdir. Hazırda teatrda yeni nağıl tamaşası balacaların ixtiyarına verilib. Rejissor C.Səlimovanın quruluşunda Elçin Əfəndiyevin “Dolça” və “Toyuğun diri qalması” əsərləri əsasında “Buzovna kəndinin macəraları” tamaşası üzərində məşqlər aparılır. Bu ilin ilk ayında - yanvar ayının sonunda tamaşanın təqdimatı keçiriləcək.

- Repertuar seçiminin əsas mahiyyəti bizə aydın oldu. Bəs aktyor seçimində necə, hansı amillər əsas götürülür?

- Aktyor seçiminə gəlincə, rejissor bütün truppanın tamaşalarda məşğul olmasına çalışır. Yazıçı, rejissorlar fərqli olduğu kimi, aktyorlar da fərqlidir. Aktyor hər zaman teatrda öz gücünü yerini bilməyi bacarmalıdır. Öz potensialının, gücünün çəkisinə bələd olmalıdır. Təbii ki, hər kəsin bacarıq gücü meyar olaraq götürülür.

 

 

Zümrüd

 

Səs.- 2012.- 10 yanvar.- S. 12.