Azərbaycançılıq
və neoliberalizm
Liberalizm təkcə Qərbə xas deyil, Şərqə,
o cümlədən, Azərbaycana xas olan düşüncə
tərzidir. Liberalizmin
müasir forması olan neoliberalizmin azərbaycançılıq
ideyasına təsiri vardır.
Azərbaycançılıq
ideyasının tərkib hissəsi islam dini də liberal dəyərlərə
malikdir. Tədqiqatçı
D.İsmayılov islama birtərəfli üstünlük verənləri
və onu rədd edənləri (ateistləri) kəskin rədd
edənləri islamdakı liberal dəyərləri yüksək
qiymətləndirir: “Həm islam dinini ön plana çəkənlər,
həm də ateist mövqedən çıxış edənlər
islam dininin Qərb demokratiyası ilə, liberalizmlə, insan
haqları prinsipləri ilə əlaqəsi
olmadığını irəli sürürlər. Lakin hər iki mövqedən çıxış
edənlər yalnız təsəvvürdədirlər.
Çünki liberalizmin insanın maddi və mənəvi varlığını
üstün tutan, insanı yüksəldən, onun
ağlına güvənən fərdiyyətçilik
prinsipləri islamın insana verdiyi qiymətlə oxşardır.
Belə ki, islam əqidəsinə görə insan azad bir iradənin
daşıyıcısıdır. Allah insanı yaradarkən,
ona iradə vermiş və hərəkətlərində sərbəst
buraxmışdır. İslam dinində məcburiyyət
yoxdur. Hər bir kəsin etiqadına inamına başqası
müdaxilə edə bilməz. İslam dininin bu
yanaşması da liberalizmin azadlıq prinsipi ilə uyğun gəlir.”
“Neoliberalizm”, yaxud yeni liberalizm XX əsrdə
Avropada meydana gəlmişdir. Yeni liberallar sabit inkişaf uğrunda
dövlətin ictimai prinsiplərə geniş təsir
ideyasını müdafiə edirlər.
XX əsrin II yarısında formalaşan
neoliberalizm cərəyanı liberalizmin əsas prinsiplərinə
sədaqətliliyini saxlayaraq, bütün vətəndaşların
bərabər hüquqlu olmasını, şəxsiyyətin
hüquq və azadlıqlarını, konstitusionalizmi, təsərrüfat
həyatının əsası kimi xüsusi mülkiyyəti
və sahibkarlığı hər şeydən üstün
tuturlar. Rusiya tədqiqatçısı
Y.A.Zamoşkin “Tarixin sonu: ideologizm və realizm” əsərində
yazır: “Eyni zamanda, neoliberalistlər (F.A. Hayek, V.Oyken, V.Repke
və b.) hesab edirlər ki, azad rəqabət
avtomatik təmin olunmur. İnhisarların
yaranması, iqtisadiyyatın böhranı, inflyasiya bazar
özünütənzimləməsini pozur. Buna görə də bazar iqtisadiyyatını tənzimləmək
üçün dövlətin iqtisadiyyata müdaxiləsi
qaçılmazdır.”
Tədqiqatçıların ümumi fikrincə, neoliberalizm əhalinin
kifayət qədər geniş təbəqələrinə,
daha çox sahibkarlar təbəqəsinə arxalanan və hər
şeydən əvvəl, onların mənafeyini qoruyan siyasi partiya
ideologiyasıdır. Bu cür partiyalar bir
çox ölkələrdə mövcuddur və çox
böyük nüfuza malikdir. Məsələn,
1955-ci ildən başlayaraq uzun illər Yaponiyanın ən iri
siyasi partiyası rolunu liberal-demokratik partiya
oynamışdır. Liberallar Kanada, İngiltərə və
Avstriyanın siyasi həyatında çox layiqli yer tuturlar.
Neoliberalizm siyasi konservatizm idologiyası ilə
sıx bağlıdır. XX əsrin II yarısında neoliberalizm və
konservatizmin yaxınlaşması baş vermiş, onlar birlikdə
marksizmə və sosial-demokratiyaya qarşı birləşmişlər.
Məsələn, XX əsrin 70-80-ci illərində
ABŞ-ın ayrı-ayrı qrupları ənənəvi
klassik liberalizm ideyasını qəbul etmiş, lakin liberal
deyil, konservator adlanmışlar. Y.Zamoşkin
qeyd edir ki, 70-ci illərdə keçmiş SSRİ-də
“liberal fikir kompromissiz ideoloji mübarizə obyekti elan
edilmişdi”.
Liberalizmin əsas prinsipləri vətəndaşların
hüquq bərabərliyi, dövlətin müqavilə əsaslarında
təşkilindən ibarətdir. Son dövrlərdə liberalizm belə bir
qənaətə gəlmişdir ki, bir-birilə rəqabət
aparan peşə qruplarından, iqtisadi, dini, siyasi qruplar və
birliklərdən heç biri digəri üzərində mənəvi
üstünlüyə malik olmamalıdır.
Liberalizm siyasi sahədə antik-siyasi mədəniyyətdə
formalaşmış xalq hakimiyyəti, şəxsiyyətin
siyasi azadlıqları və hüquqlarının
tanınması ideyalarına əsaslanır. Liberalizmə görə
şəxsiyyətin mənəvi cəhətdən azad
olması onu cəmiyyət qarşısında mənəvi məsuliyyətdən
azad edə bilməz. Hüquqi dövlət şəxsiyyətin
azadlığı ilə onun sosial məsuliyyətinin vəhdəti
zəminində bərqərar ola bilər.
Liberalizmin siyasi fikir tarixində ən
böyük xidmətlərindən biri ondan ibarətdir ki,
dövləti nə fərddən, nə də cəmiyyətdən
asılı bir qüvvə kimi nəzərdən
keçirmir. Məhz elə bunun sayəsində
dövlət fərdi cəmiyyətdən, cəmiyyəti də
fərddən qorumaq iqtidarındadır.
Neoliberalizmin prinsipləri aşağıdakılardan
ibarətdir:
1) Dövlət cəmiyyətin
yalnız alətidir. O, üzərinə elə hakimiyyət
götürməlidir ki, vətəndaşların əsas
hüquqlarını - xüsusi mülkiyyətə sahib olmaq
və şəxsi təşəbbüslə
çıxış etmək, istehlakçının azad
seçmək hüquqlarını qoruya bilsin. Bu
hüquqlar isə əsil demokratiya şəraitində təmin
edilə bilər; 2) İqtisadi azadlığın
boğulması, siyasi azadlığın da yox olmasına gətirib
çıxarır. Biz dövlət
mülkiyyətini o sahələr üçün nəzərdə
tuturuq ki, şəxsi təşəbbüs fəaliyyəti
sferasından kənarda olsun və ya burada rəqabət əsas
rol oynamasın. Cəmiyyətin rifahı əsas
olmalı, əmək və kapitalın hüquq, vəzifə
və mənafeləri bir-birini tamamlamalıdır; 3) Hər
bir vətəndaş azad müəssisələrin səmərəli
fəaliyyəti üçün qarşılıqlı
qardaşlıq münasibətlərinə əməl etmək
və cəmiyyət işlərində fəal iştirak etmək
vəzifələrini həyata keçirən zaman əxlaqi məsuliyyət
hissi daşımaqdır; 4) Biz hər bir millətin
hüquqlarına hörmət edilməsi tərəfdarıyıq.
Azlıqda qalan millətlərin əsas insan
azadlıqlarından istifadə etmək hüququnu
tanıyır, onların dilinə, etiqadına, qanun və ənənələrinə
hörmət etmək tərəfdarı kimi
çıxış edirik.
Neoliberalizmə görə dövlət
iqtisadi münasibətlərin tənzimlənməsində
müəyyən dərəcədə iştirak edərək,
fəal sosial siyasət yeritməlidir. Neoliberalizm inhisarların hakimiyyətinin məhdudlaşdırılmanın,
gəlirləri dövlət sosial proqramları yolu ilə ən
aşağı təbəqələrin xeyirinə yenidən
bölüşdürülməsinin tərəfdardır.
Neoliberalizm
sosializmə qarşı mübarizədə
formalaşmışdır, amma dövlətin iqtisadi fəaliyyətə
müdaxiləsini və sosial proqramların inkişaf etdirməsini
zəruri hesab edir.
Azərbaycanlı alimlər 1938-ci ildə Parisdə
neoliberalizmin aşağıdakı iqtisadi prinsiplərinin elan
edildiyini göstərirlər: 1) Bazar təsərrüfatçılığın
ən səmərəli formasıdır. 2) İqtisadi fəaliyyət
iştirakçılarının azadlığı 3)
Dövlətin azad rəqabəti dəstəkləməsi 4)
Şəxsi təşəbbüskarlığın
qanunvericiliklə dəstəklənməsi.
Bütövlükdə, götürdükdə liberalizm tərəfdarları
bu və ya digər vaxtlarda aşağıdakı ideyaları
irəli sürüb dəstəkləmişlər:
“Azadlıq prinsipinə əsaslanan” liberalizm
azadlığı şəxsi, sahibkarın iqtisadi
azadlığı, ticarət və bazar azadlığı
kimi başa düşür. Dövlətin iqtisadiyyata
müdaxiləsini fəallaşdırmaq, xüsusi mülkiyyətin
prioritetini qeyd-şərtsiz qəbul etmək, dövlətin
sahibkarlığın inkişafı, azad rəqabət
üçün şərait yaratması, pul dövriyyəsinin dayanıqlığını, dövlət büdcəsinin, tədiyyənin
balanslaşdırılmasının təmin olunması,
inhisarların fəaliyyətinə nəzarət edilməsi və
s. ideyaları müdafiə edilirdi.
Neoliberallar “Əmək haqqının zəmanət
verilmiş minimumunun müəyyən edilməsini, ziyanlı
istehsal sahələrində qadın və uşaq əməyinin
məhdudlaşdırılmasını, xeyriyyə müəssisələri
şəbəkəsinin inkişaf etdirilməsini təklif
edirlər.
XX əsrin
sonunda liberalizm önə keçdi, neoliberalizm
inkişaf mərhələsinə qədəm qoydu.
Neoliberalizmə görə, hər bir adam
başqalarının hüququna hörmətlə
yanaşmaqla istədiyi kimi yaşamaq hüququna malikdir. Neoliberalistlər dövlətin mövcudluğundan
asılı olmayaraq, hər bir insanın əvvəldən
malik olduğu yaşamaq, azadlıq və mülkiyyət
hüququnu müdafiə edirlər. Neoliberalizm
dünyagörüşünə görə insanlar
arasında bütün münasibətlər
könüllü qurulmalıdır. Qanunla məhdudlaşdırıla
biləcək yeganə fəaliyyət - güc tətbiq etməyən
adama güc tətbiq edən fəaliyyət ola
bilər (ölüm, zorakılıq, qarətçilik,
insanların oğurlanması və fırıldaq, hiylə,
adam aldatma, dələduzluq). Neoliberalistlərə
görə, dövlət insanların hüquqlarını,
bizə güc tətbiq edəndən bizi qorumaq
üçün mövcud olmalıdır. Əgər dövlət başqalarının
hüququnu pozmayan adamlara güc tətbiq edirsə, onda o
özü hüququ pozmuş olur. Bundan
çıxış edərək libertaristlər
senzuranı, hərbi xidmətə
çağırışı, qiymətlərin
nizamlanmasını, mülkiyyətin müsadirəsini,
insanın şəxsi həyatına müdaxiləni pisləyirlər.
Politoloji ədəbiyyatda qeyd edildiyi kimi:
Liberalizmin
mühafizəkarlıqdan
əlavə yeni əleyhdarı-demokratizm meydana gəldi. Demokratizm sosializm forması
kəsb etdi. Sosializm liberalizmin əsas
müddəalarını qəbul edərək ümumiyyətlə,
şəxsi mülkiyyət hüququnu inkar etmək (kommunizm)
və ya istehsal vasitələri üzərində mülkiyyət
hüququnu inkar etmək ideyası ilə onu zəngindəşdirdi.
Əleyhdarlarla bu mübarizədə liberalizm yeni formalar kəsb
etdi, bəzən onun bayrağı altında demokratiya ilə
mübarizədə ümumi səsvermə hüququnu və
s. inkar etməyə gəlib çıxan, onun əsas
müddəalarını inkar edən adamlar toplaşdılar.
Liberalizm XX əsrdə tamamilə başqa
məna kəsb etmişdir. Ənənəvi liberalizm ilə yeni
liberalizm (neoliberalizm) ictimai quruluşun konkret- siyasi
formaları məsələsində eyni mövqedə
dayanır. Hər ikisi nümayəndəli
idarə sistemi, praktiki olaraq ümumi səsvermə və vətəndaş
azadlıqlarının təmin edilməsi uğrunda
çıxış edir. Amma istənilən
digər məsələyə münasibətdə XIX əsr
və XX əsr liberalizmi bir-birindən kəskin fərqlənir.
XIX əsrdə liberalizm yerli özünüidarəetməni,
XX əsrdə qərarların mərkəzdə qəbul
edilməsini müdafiə edirlər, XIX əsrdə siyasi
azadlıq, iqtisadi azadlıq, XX əsrdə neoliberalizmi iqtisadi- siyasi azadlıq
üçün vasitə hesab etdi.
XIX əsrdə neoliberallar xüsusi sahibkarlıq
və dövlətin minimal müdaxiləsi uğrunda
çıxış_edirdilər. XX əsrdə neoliberallar
bazara daha az inanırlar və iqtisadi fəaliyyətə
ən geniş dövlət müdaxiləsi uğrunda
çıxış edirlər. Liberalizm dəyişən
dünyanın irəli sürdüyü suallara cavab verməyə
çalışaraq, özü də dəyişir.
Neoliberalizm son dəyər kimi fərdin
(faktiki isə ailənin) azadlığını irəli
sürür. Neoliberalizmə görə, müasir dünyanın əsas
problemi müasir biliklər və texnologiyadan istifadə etmək
məqsədi ilə milyonlarla insanın səylərinin əlaqələndirilməsi
şəraitində azadlıq və fərdi məsuliyyətə
nail olmaqdır. Fərdi azadlığı
insanların bir-birindən artan
asılılığı
faktı ilə barışdırmaq.
Beləliklə, yüksəlməkdə
olan burjuaziyanın ideologiyası liberalizm kimi formalaşan
neoliberalizmin əsasında şəxsiyyətin
azadlığı, onun bütün ictimai təşkilatlara
münasibətdə öz dəyəri olması, şəxsiyyətin
həm özü, həm də cəmiyyət
qarşısında məsuliyyət daşıması,
bütün insanların özlərini reallaşdırmaq
hüququnun tanınması prinsipi durur. Neoliberalizm fərdi
azadlığı, insan şəxsiyyətinin ləyaqətini
və digər insanların əqidə və
baxışlarına dözümlülüyü müdafiə
edir. Şəxsiyyət
azadlığını insanın əsas hüquqları ilə
əlaqələndirərək fərdilik və humanizm
prinsiplərini uğurla uzlaşdırır.
Neoliberalizm iqtisadi sferada dövlət tərəfindən
qoyulan məhdudiyyətlərdən azadlıq kimi şərh
edilir. Azadlıq uğrunda
mübarizə insanın iqtisadi, fiziki və intellektual
azadlığına xaricdən qoyulan məhdudiyyətlərin
məhv edilməsi uğrunda mübarizə idi. O zamanlar
hər cür irsi hakimiyyət və silki imtiyazlar əleyhinə
çıxırdılar.
Neoliberalların əqidəsinə görə
dövlət qayda-qanunun qorunması və ölkənin
müdafiəsi ilə məşğul olmalıdır. Məhz liberalizm vətəndaş
cəmiyyəti ideyası irəli sürüb həyata
keçirir. Liberalizm və neoliberalizm azərbaycançılıq
ideyasına təsir edən bir fenomen kimi müasir Azərbaycanda
da təşəkkül tapmışdır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2012.- 11 yanvar.-
S. 10.