Bu günLeyli və Məcnun” operasının ilk səhnə həyatı yaşadığı tarixdir

 

Yanvarın 12-də dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk dəfə nümayiş etdirildiyi gündür. Məlum olduğu kimi, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyev teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsası qoyuldu. Bu əsərə zaman-zaman müraciət olunmuş, bu gün də opera Azərbaycan milli sənət əsəri olaraq böyük səhnələrdə oynanılır. 1908-ci il yanvarın 12-də, soyuq bir qış axşamında Tağıyev teatrında Şərqin ilk operası “Leyli və Məcnun” 22 yaşlı Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycan xalqına bəxş edilmişdir. Elə bir insan yoxdur ki, bu məhəbbət əfsanəsinə böyük maraq və heyranlıqla tamaşa etməsin.

Xalqın professional sənət nümunəsi olan “Leyli və Məcnun”da iştirak etmiş müğənnilər, bu möhtəşəm əsəri müxtəlif quruluşlarda səhnəyə qoymuş rejissorlar, dirijorlar, xormeysterlər, rəssamlar, baletmeysterlər, konsertmeysterlər olmuşdur.

Məcnun rolunun ilk ifaçısı olan Hüseynqulu Sarabskinin adı isə əbədi olaraq tarixə həkk olundu. Məcnunu oynamağa hazırlaşan Hüseynqulu Sarabski tez-tez Üzeyir bəylə görüşür, onun yaradıcılıq göstərişlərinə və məsləhətlərinə diqqətlə qulaq asırdı. Nəhayət, bir çox maneə və çətinliklərdən sonraLeyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulur. İlk tamaşanın rejissoru Hüseynqulu Sarabski, ikinci rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi. Üzeyir bəyin özü orkestrdə skripkada ifa edirdi. Qurban Pirimov isə sədəfli tarı ilə tamaşanı müşayiət edirdi. “Leyli və Məcnun” operasının ilk tamaşası böyük müvəffəqiyyətlə keçmişdi. Ağzına qədər dolu olan salon qarşısında Məcnun rolunu oynayan H.Sarabskibaşqa ifaçılar  elə məharət göstərmişdilər ki, tamaşaçılar arasıkəsilməyən alqışlarla onları səhnənin qabağına çağırırmışdılar. Tamaşaçılar bir ağızdan “Məcnun” deyib, H.Sarabskini səhnədən buraxmaq istəmirdilər. İlk tamaşanın suflyoru Ə.RzayevTeatr və Ərəblinski” adlı xatirəsində yazır ki, xor “Şəbu-hicran”ı oxuyub qurtarandan sonra pərdə düşəndə, zaldan gurultulu alqış qopdu. Pərdə dübarə qalxanda, Məcnun - H.SarabskiMahur-Hindi” muğamı üstündə Məhəmməd Füzulinin “Yandı canın hicri ilə vəsli-ruhi yar istərəm” qəzəlini elə məharətlə oxudu ki, mən suflyor budkasında özümü unutmuşdum.

1908-ci il 15 yanvar tarixliİrşad” qəzetində tamaşa haqqında dərc olunmuş resenziyada isə FüzulininLeyli və Məcnun” poemasının da dillər əzbəri olduğu vurğulanır və həmin əsərin musiqi dili ilə səslənməsi “cavan mühərrir və musiqikar Üzeyir Hacıbəyov və realnı şagirdi Ceyhun Hacıbəyov cənabları ilə yanaşı, “NicatMaarif Cəmiyyətinin böyük xidməti olduğu göstərilir.

Tamaşanın özünə gəldikdə isə “İrşad” qəzeti səhnələrin bir qədər şairanə olmasını tövsiyə edir və ayrı-ayrı aktyorların oyunlarına da münasibət bildirir. “İrşad” Məcnun rolunun ifaçısı “müqtədir artist Sarabskinin oyununu yüksək qiymətləndirir və onun dəfələrlə alqışlandığını və öz peşəsinə olan məhəbbəti sayəsində müvəffəqiyyət qazandığını göstərir. Leyli rolunun ilk ifaçısı Əbdürrəhim Fərəcov ilk dəfə səhnəyə çıxdığı və “İrşad” qəzetinin qeyd etdiyi kimi, “belə mühüm bir vəzifəni öhdəsinə götürdüyünə görə” tamaşaçıların rəğbətini qazandığını vurğulayır.

Opera gözlənilməz müvəffəqiyyət qazandı. Hüseynqulu Sarabski ömrünün 40 ilini teatr sənətinə həsr etdi. O, bu illər ərzində silsilə rollar yaratmaqla Azərbaycan teatr sənətinin səhnəsini zənginləşdirdi. Opera sənətinin fədailərindən biri olan Hüseynqulu Sarabski təkrarolunmaz məharətlə yaratdığı Məcnun obrazı haqqında daha sonra yazırdılar: “Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı”. Bu maraqlı və yaddaqalan ifadan sonra Azərbaycan Musiqili Teatrının bütün sonrakı tamaşalarında Şeyx Sənan, Şah Abbas, Söhrab, Kərəm, Aşıq Qərib, Şah İsmayıl, Mərcan bəy, Sərvər Əsgər kimi baş qəhrəmanların maraqlı obrazlarını yaratdı.

Xüsusilə, onun Məcnun rolu əfsanəyə çevrilmişdi. Şübhəsiz ki, hamı o dövrdə “Leyli və Məcnun” operasına baxmaq imkanına malik deyildi. Xüsusilə, Azərbaycanın uzaq kənd və şəhərlərində yaşayanların Bakıya gəlib operaya tamaşa etməsi müşkül idi. Odur ki, bir çox yerlərdən arasıkəsilmədən məktub və teleqramlar gəlir, hamı “Leyli və Məcnun” tamaşasına baxmaq arzusunda olduğunu bildirir, acizanə surətdə xahiş edirdilər ki,  Sarabski Lənkəran, Şəki, Gəncə, ŞuşaTiflis şəhərlərinə qonaq gəlsin.  Məhz buna görə Sarabski 1913-1918-ci illərdə öz sənət dostları ilə “Leyli və Məcnun” tamaşasını göstərmək məqsədi ilə Qafqazın bir çox şəhərlərinə qastrol səfərlərinə çıxmışdı.

Böyük aktyor və nəğməkarın qəlbi ömrünün son dəqiqələrinədək Məcnun obrazı ilə yaşamışdır. 1945-ci il fevralın 16-da ölüm yatağında olarkən sənət dostları Qurban PirimovLeyli rolunun ifaçısı müğənni Həqiqət Rzayevanı yanına çağırmış və gözlərini Qurbana dikərək titrək səslə demişdir: “Qurban çal, son dəfə Leylini dinləmək istəyirəm”. Qurbanın tarını, Həqiqətin səsini eşidən müğənni əbədi olaraq gözlərini yummuşdu. 

Xalq Cümhuriyyəti dövründə “Leyli və Məcnun” operasının növbəti tamaşası 1919-cu il noyabrın 21-nə təsadüf edir. Artıq bir aya yaxın idi ki, Bakıda Azərbaycan Dövlət Teatrosu təşkil edilmişdir. 21 noyabr tarixli “Azərbaycan” qəzeti həmin tamaşa haqqında yazaraq, onun ilk növbədə, zahiri cəhətdən fərqləndiyini, əlbəsəyə, xora, pərdələrə, musiqiyə və baletə artıq əhəmiyyət verildiyinə oxucuların diqqətini çəkir. Qəzet “Leyli və Məcnun” operasının bu tamaşasını dəyərləndirərək yazır ki, “zahiri gözəllikcə keçən gecəki tamaşaLeyli və Məcnun” operasının tarixində birinciliyi ehraz edə biləcək bir halda idi”.

Mənbələrdə göstərilir ki, Məcnun rolunu oynamaqla məşhurlaşan H.Sarabski xəstə olduğundan həmin rolda Məmmədtağı Bağırov, Leyli rolunda isə Hüseynağa Hacıbababəyov çıxış etmişlər. Bu iki aktyor sonralar opera sənətimizin inkişafında böyük rol oynamış, istər Azərbaycan bəstəkarlarının və istərsə də rus və Qərbi Avropa bəstəkarlarının operalarında çıxış edərək Azərbaycan SSR xalq artisti kimi yüksək və şərəfli ada layiq görülmüşlər. Həmin tarixli “Azərbaycan” qəzeti H.Hacıbababəyovun Leyli rolundakı çıxışına, ümumiyyətlə, kişilərin qadın rollarındakı çıxışlarına mənfi münasibət bəsləyərək, Dövlət Teatrosunun rəhbərliyini bu, adətdən, birdəfəlik yaxa qurtarmağabu məsələyə ciddi yanaşmağa dəvət edir. Bununla belə, “Azərbaycan” qəzeti H.A.Hacıbababəyovun səsində “eşidənlərin ruhunu təsfir edə biləcək bir qüvvə” olduğunu da vurğulayır. M.T.Bağırovun isə səsinin müqabilində zəif bir Məcnun alındığını, Rza Darablının özünəməxsus bir məharətlə Nofəl rolunda Terequlovu təqlid etdiyini, lakin “istər səs, istər vəziyyət hərəkəti ilə rolunu layiqi ilə oynayabildiyini qeyd edir.

Bütün bunlar bir daha sübut edir ki, dahi Üzeyir bəy Hacıbəyovun böyük fərəh hissi ilə qeyd etdiyimizLeyli və Məcnun” operası XX əsrin əvvəllərindəki milli mətbuatımızın diqqət mərkəzində olmuşbu maraq sonrakı illərdə də səngiməmişdir. Bu sənət əsəri sonralar çox Leylilər, Məcnunlar yetişdirdi. Dünyanın bir çox ölkələrində əsər müvəffəqiyyətlə oynanıldı. Tamaşa uğurları ilə Azərbaycan opera sənətini dünyaya tanıtdı. Bu gün Azərbaycan opera sənətində yetişən Leylilər, Məcnunlar sənət eşqi ilə Məhəmməd Füzuli və Üzeyir Hacıbəyov dünyasının ilhamı olan əsəri canlandırır, hər nəslin nümayəndəsinə onun sehrindən, cazibəsindən lirik-həzin lövhələri təqdim edirlər.

Üzeyir Hacıbəyovun yaradıcılığı elə möhtəşəm qüvvədir ki, Azərbaycan musiqisinin qədim ənənələrini yerindən oynadaraq canlandırmış, xalq musiqi yaradıcılığının tükənməz imkanlarını aşkara çıxarmışdır. 104 il bundan əvvəl yaratdığı “Leyli və Məcnun” operası ilə Azərbaycan professional bəstəkarlıq məktəbinin təməl daşını qoyan Ü.Hacıbəyov hərtərəfli istedadını, biliyini, bacarığını onun inkişafına yönəltmiş və bununla da, Azərbaycan musiqisinin yüksək zirvələr fəth etməsi və dünya miqyasında tanınması üçün zəmin hazırlamışdır. Lakin Azərbaycan musiqisinin əlçatmaz zirvəsi elə Ü.Hacıbəyovun öz yaradıcılığıdır, onun yaratdığı sənət incilərinin hər biri musiqimizin şah əsərləridir  desək, yanılmarıq.

 

 

Zümrüd

 

Səs.- 2012.- 12 yanvar.- S. 12.