UĞURLU
2012 - MÖHTƏŞƏM UĞURLARA DOĞRU
Arxada qoyduğumuz 2011-ci il ölkəmiz
üçün uğurlu il olub. Belə ki, 2011-ci ildə
ölkə qarşısında duran əsas vəzifələr
öz həllini tapıb, Azərbaycanın uğurlu iqtisadi
inkişafı təmin edilibdir. Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi
inkişaf dinamikasının daha da möhkəmlənməsinə
səbəb olub, iqtisadiyyatın modernizasiyası
üçün əlverişli imkanlar yaradıb. Ölkə
iqtisadiyyatının modernləşdirilməsi, siyasi, iqtisadi
və sosial islahatların institusional baxımından dərinləşməsi,
sosial reformaların yeni mərhələyə keçid
alması makroiqtisadi məzmun təşkil edir. Geridə
qoyduğumuz ilin yekunlarına görə, makroiqtisadi vəziyyət
də sabit olaraq qalıb. Belə ki, ötən ildə
inflyasiya 8 faiz təşkil edib, əhalinin pul gəlirləri
isə 20 faizdən çox artıb. Göründüyü
kimi, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən
çox üstələyir. Ötən 8 ildə minlərlə
müəssisə, 2 mindən artıq müasir məktəb,
saysız-hesabsız səhiyyə ocaqları, olimpiya idman
kompleksləri, mədəniyyət obyektləri tikilib istifadəyə
verilib. Azərbaycanın şəhər, qəsəbə və
kəndlərində genişmiqyaslı quruculuq-abadlıq
işləri həyata keçirilib, onların siması
müasirləşib. 2011-ci il də daxil olmaqla ötən
dövrdə Azərbaycanda əhalinin rifahının yüksəldilməsi
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili iqtisadi
və sosial siyasətin əsas məqsədlərindən
birini təşkil edib. Artıq bir milyona yaxın iş yeri
açılıb, işsizliyin səviyyəsi 5,5 faizə,
yoxsulluq isə 9 faizə düşüb. Ölkədə 500
mindən artıq adamı əhatə edən Ünvanlı
Sosial Yardım Proqramı həyata keçirilir, 112 min ailə
hər ay orta hesabla 130 dollara yaxın vəsait alır. Azərbaycanın
uzunmüddətli dayanıqlı və tarazlı
inkişafının təminatında isə investisiyaların
cəlb edilməsi xüsusi önəm daşıyan amillərdəndir.
İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin
təmin edilməsi məqsədilə ölkədə
investisiya mühitinin daha da
yaxşılaşdırılması qarşıda duran
prioritet vəzifələrdəndir.
Regionlarda kompleks islahatlar və
iqtisadiyyatın şaxələndirilməsi
Keçən müddət ərzində Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən təmkinli, qətiyyətli, çevik və
mükəmməl iqtisadi strategiya nəticəsində
islahatların davamlılığı təmin edilib. Həyata
keçirilən düşünülmüş iqtisadi siyasət,
liberallaşmanın struktur və keyfiyyət baxımından
dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin
artırılması, rəqabət qabiliyyətinin təmin
olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin
əsas komponentləri olub. Dövlətimizin başçısı
tərəfindən irimiqyaslı, məqsədyönlü
islahatların ardıcıllıq və peşəkarlıqla
həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin
daha da yüksəlməsinə, valyuta rezervlərinin
artmasına da zəmin yaradıb. Təkcə ötən
2011-ci ildə ölkənin regionlarında mövcud olan
iqtisadi potensialdan səmərəli istifadə olunması,
sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və iqtisadiyyatın
tarazlı inkişafının təmin edilməsi infrastruktur
sahələrinin bərpası və genişləndirilməsinə,
yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə,
idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə
verilməsinə səbəb olub. Regionların sosial-iqtisadi
inkişafına dair ilk proqramın uğurla başa
çatmasından sonra qəbul olunmuş ikinci Dövlət
Proqramının icrasının cari 2011-ci ildə də
sürətlənməsi qeyri-neft sektorunun inkişafına,
yeni iş yerlərinin və müəssisələrin
yaradılmasına, bununla əhalinin məşğulluğunun
artırılmasına və yoxsulluğun azaldılmasına,
regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının
həcmi və keyfiyyətinin yüksəldilməsinə,
iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan
verib, bu istiqamətdə geniş imkanlar açıb. Bu ilin əvvəllərindən
başlayaraq, Prezident İlham Əliyevin bölgələrə
müntəzəm səfərlərinin və rayonlarda əhali
ilə keçirilən görüşlərinin intensiv
xarakter alması, eləcə də, yerlərdə
sosial-iqtisadi vəziyyətlə hərtərəfli
tanış olması, regionların inkişafı,
yoxsulluğun azaldılması ilə bağlı müəyyən
edilmiş strateji proqramlar üzrə konkret
tapşırıqlar və göstərişlər verməsi
proqramın icrasının və əhatəliliyinin daha da
sürətləniməsinə səbəb olub. Bu, eyni
zamanda, bir daha dövlət başçısının
regionların inkişafına xüsusi diqqət və
qayğısının, dövlət proqramlarının
icrasına birbaşa nəzarətinin göstəricisidir.
Qeyri-neft sektorunun inkişafı yeni investisiyalara
şərait yaradır
Sevindirici hal ondan ibarətdir ki, 2011-ci ildə ölkə
iqtisadiyyatının qeyri-neft sektoru böyük templərlə
artmışdır. Ötən ildə Azərbaycanda liberal
iqtisadi sistemin qurulması, sahibkarlığın
inkişafına geniş şəraitin yaradılması, zəngin
təbii sərvətlərdən və regionların
potensialından səmərəli istifadə, qeyri-neft
sektorunun inkişafı, investisiya mühitinin daha da
yaxşılaşdırılması, yerli məhsulların rəqabət
qabiliyyətinin yüksəldilməsi Azərbaycan
iqtisadiyyatının inkişafını təmin edib.
Respublikada cəlbedici investisiya mühitinin
yaradılmasının nəticəsində il ərzində
ölkəyə bütün maliyyə mənbələri
hesabına əsaslı miqdarda investisiya qoyulub. Təqdirəlayiq
haldır ki, ölkədə yaradılmış əlverişli
biznes mühiti Azərbaycan şirkətlərinin maliyyə
imkanlarının artmasına və onların yalnız ölkə
daxilində deyil, eləcə də, xarici ölkələrdə
investisiya yatırmalarına imkan yaradıb. İnfrastruktur və
sosialyönümlü Dövlət İnvestisiya
Proqramının icrası nəticəsində nəqliyyat,
kommunal, su ehtiyatları və irriqasiya, energetika və sənaye,
ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur
obyektlərinin tikintisi həyata keçirilib.
Nəqliyyat sektorunun inkişafı - yeni
təməllər, yeni layihələr...
Keçən il nəqliyyat sektoruna böyük
investisiyalar qoyulmuşdur. Azərbaycanda bu tendensiya artıq ənənəvi
mənzərəyə çevrilib. Bu sektor ölkə
iqtisadiyyatı üçün çox böyük əhəmiyyət
daşıyır. Avtomobil yolları tikilir, yeni təyyarələr
alınır. Görülən işlər çərçivəsində
Ələtdə böyük beynəlxalq ticarət
limanının təməli qoyulub, gəmiqayırma zavodunun
tikintisinə başlanılıb. Bütün bunlar
böyük sərmayə tələb edən layihələrdir.
Həyata keçirilməsi nəzərdə tutulan
bütün layihələr arasında əsas layihələr
artıq reallaşıb və ya artıq onların icrasına
başlanıb.
Bütün bu göstəricilər ölkəmizin
çox dinamik və uğurla inkişaf etdiyini deməyə əsas
verir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi
proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir.
Prezident İlham Əliyevin istiqamətləndirdiyi
bugünkü siyasəti müstəqilliyimizin dönməzliyinə
və əbədiləşdirilməsinə, ölkənin
milli inkişafına xidmət edən həmin sağlam,
möhkəm təməl üzərində qurulub. Əldə
olunan uğurları təhlil edərkən bir çox
maraqlı məqamlar özünü ehtiva edir. Bu tarixi nailiyyəti
şərtləndirən faktorlar barədə danışarkən,
ilk növbədə, nəzərə alınmalıdır
ki, Azərbaycan sürətlə inkişaf edən, müasirləşən,
böyük beynəlxalq nüfuza malik demokratik, dünyəvi
ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda qısa dövr ərzində mühüm
iqtisadi və sosial proqramlar, layihələr həyata
keçirildi, əhalinin rifah halının yüksəldilməsi,
yoxsulluğun və işsizliyin aradan qaldırılması sahəsində
böyük nəticələr əldə olundu.
Dünyanın aparıcı iqtisadi, maliyyə və reytinq təşkilatlarının
hesabatlarında Azərbaycanın nailiyyətləri yüksək
qiymətləndirilir. Dünya İqtisadi Forumu ölkələrin
rəqabət qabiliyyətliliyi ilə bağlı
hesablamalarında Azərbaycan 55-ci yerə layiq
görülüb. Bütün MDB məkanında
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə
Azərbaycan liderdir. Həmçinin, 2011-ci ilin son aylarında
dünyanın ən nüfuzlu araşdırma və sorğu
şirkətlərindən biri olan “Gallup İnternational”ın
dünyanın 51 ölkəsində apardığı “Qlobal
Ümid və Ümidsizlik Barometri” adlı sorğusuna əsasən,
Azərbaycan inkişaf etməkdə olan ölkələr
qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri
tutub. Bu da, o deməkdir ki, ölkə əhalisi gələcəyə
ümid bəsləyir, növbəti ildə rifah səviyyəsinin
daha da yüksələcəyinə inanır və ölkəmizin
2012-ci ildə inkişafına böyük nikbinliklə
baxır. Bütün bu göstəricilər sosial-iqtisadi sahədə
Azərbaycanın əldə etdiyi nailiyyətlərin
dünya səviyyəsində qəbul olunduğunu təsdiq
edir. Ötən il Azərbaycanın 155 ölkənin səsini
qazanaraq, BMT Təhlükəsizlik Şurası kimi
dünyanın ən mötəbər siyasi formatında təmsilçilik
hüququ əldə etməsi ölkəmizə böyük
etibarın, etimadın əyani göstəricisidir.
Həmçinin, 2011-ci ildə Azərbaycanın
Avropanın ən möhtəşəm musiqi müsabiqəsi
olan “Eurovision”da qələbəsi bizim gənclərimizin, cəmiyyətimizin,
xalqımızın böyük nailiyyətidir. Bu qələbə
bir daha Azərbaycanı bütün dünyaya tanıtdı,
ölkəmizə olan marağı artırdı. Əlbəttə,
qələbə, ilk növbədə, yarışmada
iştirak edən gənclərimizin yüksək istedadı,
bacarığı sayəsində mümkün oldu. Eyni
zamanda, ötən ilin aprelində Azərbaycan Prezidentinin Sərəncamı
ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramının təsdiq olunması, dekabrın
20-də isə Gənclər və İdman Nazirliyi yanında
Gənclər Fondunun təsis edilməsi Azərbaycan dövlətinin
gənclərə diqqət və qayğısının
bariz nümunəsidir. Beləliklə də, 2011-ci il
Prezident İlham Əliyevin rəhbərliyi
altında böyük inkişaf yolu keçərək,
mühüm tarixi dövrə yekun vurdu və öz
inkişafının yeni mərhələsinə qədəm
qoydu.
Rəfiqə Kamalqızı
Səs.- 2012.- 17 yanvar.- S.6.